Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Yol-Ata sözü
 

YOL. ATA SÖZÜ
(3-cü Müqəddəs Kitab)


DOĞMALARIMA

Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.
Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var…
Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.
Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündənkeçmə Ülviyyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvələrlə Yarışı, Babəkin tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sarsıdan Ruhu, Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.
Sizin Ruh Dünyanızda Zərdüştün Hürmüzdü, Füzulinin Məcnunu, Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinası, Muğamın Ülvi Ehtizazı var…
Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağsaqqallıq, Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənənəsi, Qədimliyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.
Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi anlarsınız.
Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.
Dünyasızlarla döyüşün – Dünyanızı təsdiq etmək üçün!
Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.
Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz!

OCAQ MƏRAMI

Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır.
Ocaq həmin Ehtirasdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz Nifrət yaşayır.
Ocaq həmin Nifrətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi sərvətlərə sönməz Məhəbbət yaşayır.
Ocaq həmin Məhəbbətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir pərəstiş yaşayır.
Ocaq həmin Pərəstişdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Bütöv, Parlaq, Gözəl İnsan Şəxsiyyətinə Çağırış yaşayır.
Ocaq həmin Çağırışdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Hərarətli və Dərin, Əzəmətli və Zərif, Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyil yaşayır.
Ocaq həmin Meyildən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Qeyrət ilə Alçaqlıq, Ləyaqət ilə Qəbahət, Cəngavərlik ilə Mənəvi Zəlillik, Vətənpərvərlik ilə Vətənsizlik döyüşür.
Ocaq bu Döyüşün ön sırasındadır!
Dünyada, Həyatda, Xalqımızda Yanar Zəkanın Övladı olan, Dünya Fikrinin Mahiyyətini özündə təcəssüm etdirən, Bədiiyyatla nəfəs alan, Mənəviyyatı Həqiqət Odunda təmizləyən Qanadlı, Hissiyyatlı, Cəsarətli İdraka zəruri Ehtiyac yaşayır.
Ocaq həmin Ehtiyacdan yaranmışdır!
XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz həmin Bayrağı başımızın üzərinə qaldırırıq.
İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə öz zəifliyi üzərində qələbə çala bilər.
İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən böyük borcudur. Bütün çirkinlikləri daxildən silib atmaq olar. Pisliyin bəraət imkanı yoxdur…
Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz məqsədi sayır.
Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsızlıq, yırtıcılıq, bədbinlik, eybəcərlik təbliğ edən “sənət”ə qarşı ikrah hissi yaşayır.
Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüşündə ardıcıl, amansız olacaqdır.
Dünyada, Həyatda, Xalqımızda müasir əxlaq, müasir gözəllik, müasir həyat tərzi libasına bürünmüş, öz Əsilliyindən, Qədimliyindən, Xəlqi Mahiyyətindən ayrılmış təcavüzkar, fəal, azğın qüvvələr yaşayır.
Onların puç və zərərli əqidəsini Ocaqda yandırıb külə döndərmək lazımdır.
Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.
Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.
Biz Qərb solçuları kimi gələcəklə keçmiş arasında uçurum görmürük, “ya gələcək, ya keçmiş” demirik.
Biz belə hesab edirik ki, müasir İnsanın Qəlbində Məcnun Alovu yaşamalıdır, Nəsimi Ənəlhəqqi səslənməlidir, Zərdüşt İşığı parlamalıdır, Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.
Biz mədəni bədbinlərin “İnsan məhv olur” – hay-küyünə inanmırıq.
İnsan öz böyüklüyünə qayıda bilər, qayıtmalıdır və Ocaq bu ümumbəşəri tarixi vəzifəyə xidmət edir.
Biz geriyə yox, irəliyə gedirik.
Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.
Biz Bəşərin Ülvi Ruhunu Ürəyimizdə gəzdiririk. Həmin Ruh bizi Müqəddəsləşdirir və biz bu Müqəddəsliyi Dünyaya, Həyata, Xalqa qaytarırıq.
Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, Mehr, Məhəbbət bəzəyir Dünyanı, Qeyrət, Namus cilalayır Mənəviyyatı, Fikrə Ənginlik, Duyğuya Təravət bəxş olunur.
İnsan öz üzərində çaldığı qələbəni bayram edir.

Biz azərbaycanlıyıq, Şərq dünyasının bir hissəsiyik.
Muğamlarımızla, Şerimizlə, Adət-Ənənələrimizlə Şərqə bağlıyıq, Füzulilərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafizlərə qohumdur.
Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq. İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəltmişik.
Şərqin ikinci Füzulisi yoxdur, Muğamları da ən kamil şəkildə biz qoruyub saxlamışıq və ifa etmişik.
Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt qərbçi olmamışıq. Sənətimizdə, Fəlsəfi Fikrimizdə, Musiqimizdə təsdiq olunan Ruh – Hərarətli, Müdrik Şərq Ruhudur.
Biz həm də türkdilli xalqların bir hissəsiyik. Ancaq bu xüsusiyyətimizi bütün Şərqə qarşı qoymuruq.
Biz türkdilli xalq olsaq da, ən çox Şərqi xalqıq. Bizim Mənəviyyatımızda ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz hamıya bəllidir.
Belə bir xalq özünəməxsus Mənəviyyat Fəlsəfəsi yaratmalıdır. Tarix onun qarşısında bu vəzifəni qoyub.
Ocaq həmin Zəruriyyətdən yaranıb!
Füzulilərin, Nəsimilərin, Muğamatın, Sazın, Şərq Ruhunun, ümumən Dünya İdrakının davamı olan Mənəviyyat Fəlsəfəsini Ocaq mütləq yaradacaq!
Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.
Dünyanın Aqibəti İnsanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya yaratmağa qadirdirlər.
Azərbaycanın sinəsində yanan bu Ocaq Xalis, Qeyrətli, Pak İnsanlar yetişdirəcək, Gözəl İnsan yaratmaqla Gözəl Dünyaya xidmət edəcək.
Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın!
Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!
Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız – Məqsədimizə bərabər olsun!
Ocağın Müqəddəs Ruhu sönməzdir!
Bakı, 1980-ci il.

OCAQÇININ HƏYAT TƏRZİ
1.ÖZÜ İLƏ DÖYÜŞ

Dünyanı, İnsanı, Həyatı dəyişən, Kamilləşdirən, Ülviləşdirən Ocaqçı öz Mənəviyyatında, İdrakında yaşayan eybəcərliyi, naqisliyi, natamlığı öldürməlidir.
Ocaqçının qazandığı ilk Qələbə – özünün üzərində çaldığı Qələbə olmalıdır.
Ocaqçı bilməlidir ki, bəşər övladı Məxluq kimi dünyaya gəlir, Adam kimi mövcud olur, İnsan kimi yenidən doğulur.
Məxluqun başqa canlılardan fərqi azdır. O, cismani tələbləri ödəyir, nəsil artımında iştirak edir, Həyata uyğunlaşır, özünü qoruyur, ibtidai nəşələrdə səadət tapır. Təbiət tərəfindən bəxş olunan nadir Qüdrət – Ağıl həmin məqsədlərə xidmət edir. Dostluq əvəzinə faydalı ünsiyyət, Məhəbbət əvəzinə şəhvani asılılıq, Vətənpərvərlik əvəzinə məişətsevərlik yaranır.
Məxluq üçün Vicdan, Həqiqət, Fədakarlıq, Ülviyyət yoxdur.
Məxluq Dünyanı, Bəşəri, Vətəni görmür. Çünki Mənəvi Aləmi dardır, Qəlbi sönükdür, İdrakı cılızdır.
Məxluq özünü dəyişdirməyə can atmır, çünki özünü tanımır, özünə qayıtmır, öz əsil Mahiyyətinə yaddır. O, daim bayağı fəaliyyətdədir. Onun öz daxili Dünyasına enməyə meyili, həvəsi, vaxtı yoxdur. O, bəsit həyat axarında adi bir damladır.
Məxluq İradəsini, Ağlını, Mənəviyyatını cılız cismani mövcudluğa qarşı qoymağa cəhd göstərmir. Çünki bu mövcudluqdan kənara çıxa bilmir, ona pərçimlənir.
Məxluq özünün indiki vəziyyəti ilə kifayətlənir, bayağı Həyatın meyvələri ona dadlı gəlir, çünki başqa meyvə tanımır və tanımaq istəmir, başqa meyvənin olacağına inanmır.
O, Dünyadan yalnız cismani faydalanır. Məxluqun başını qaldırıb Dünyaya baxmağa vaxtı və ehtiyacı olmur.
Özünü dəyişdirmək üçün özünü öyrənməlisən.
Məxluq özünə heç yaxınlaşmır da.
Ali Duyğulara tələb yaranmır. Çünki hissiyyat div yuxusuna qərq olub.
Dəhşətli bir naşılıq törəyir. Günəş – bədəni isidən səma cismi, Torpaq – qarnı doyduran mətbəx, Vətən – birgəyaşayış yeri, Çay – böyük hovuz, Dağ – torpaq, daş və gil yığımı sayılır.
Məxluqun taleyi yoxdur, çünki Mənliyi yoxdur.
Məxluq Zəmanənin daxilində olsa da, Zəmanəni görmür, çünki Zəmanədən fərqlənmir.
Məxluq Əqidə tanımır, çünki heyvaniliyi xoşbəxtlik sayır.
Məxluq İdrak tanımır, çünki şüur onun cismani tələblərini tam ödəyir.
Məxluq Müqəddəslik tanımır, çünki heyvanilik səddini aşa bilmir.
Ocaqçı Qəlbində, Düşüncəsində, Həyat Tərzində təzahür edən məxluqluğa qarşı ardıcıl şəkildə vuruşmalıdır.
O, anlamalıdır ki, Mənəvi naqislik öz-özünə aradan qalxmır, Kamilliyə nail olmaq istəyən şəxs Daxili Aləmin dərin qatlarına enməli, oradakı çirkabı Ürəkdən silib atmalıdır.
Ocaqçı Həyat Dəftərinə özünün səciyyəvi müsbət və mənfi cəhətlərini, özü ilə döyüşün nəticələrini yazmalıdır.
“Mən bu gün necə yaşadım, hansı mənfi keyfiyyətlərdən xilas ola bildim?”
“Mənəvi Kamilləşmə Yolunda hansı yeni addımlar atmalıyam?”
“Dostluğum, Məhəbbətim əsildirmi?”
“Yalana, saxtalığa meyil etmirəm ki?”
“Vətən haqqında düşünürəmmi?”
“Qəlbimdə xəbislik ilanı yatmır ki?”
“Bu gün hansı xeyirxah iş gördüm?”
“Əqidəm uğrunda ölməyə hazırammı?”
“Əzabdan, cəzadan qorxmuram ki?”
“Başqasında özümü görə bilirəmmi?”
(Bu qəbildən olan suallara cavab Həyat Dəftərində əks olunur və hər altı aydan bir Ocağa təqdim edilir, Ata tərəfindən qiymətləndirilir.)
Ocaqçı bilməlidir ki, İnsan Həyata kamil, nöqsansız gəlmir, Təbiət insanı İdeal səviyyədə yaratmır. Ona görə də şəxsiyyət özünü yenidən yaratmalı, ardıcıl şəkildə dəyişdirməli, İdeala yaxınlaşdırmalıdır.
Yalnız özü ilə amansız döyüşən, özü üzərində yüksələn şəxs Ocaqçı adına layiq ola bilər!
Özü ilə Döyüş qurtaran yerdə Ocaqçılıq Ləyaqəti qurtarır.
Adam – Məxluqdan üstün, İnsandan aşağıdır. Məxluqdan fərqli olaraq, Adamda Ruhani Gözəlliyə, Yüksək Həyat Tərzinə meyil var. Ancaq həmin meyil güclü ehtiras səviyyəsinə qalxmır. Çünki Ali hisslərlə yanaşı, Adamın bulanıq daxili aləmində çirkin, cılız duyğular da yaşayır.
Adam – Vətəni sevir, ancaq Vətən yolunda Əzaba qatlaşmır, Ölümə getmir, çünki Vətənsevərliyi ömrün mənasına çevirməyib, güclü İradəyə malik deyil, Mənəviyyatını qorxu kabusu bürüyüb, yetkin mətanətli Şəxsiyyət deyil.
Adam – Müqəddəsliyi qiymətləndirə bilir, ancaq Müqəddəsliyə qovuşa bilmir. Çünki Ruhani Qüdrət sahibi deyil, xilqətində Böyüklük yoxdur.
Adam – Məhəbbətə, Sədaqətə biganə qalmaz, ancaq çətin anda Məhəbbətdən, Sədaqətdən qaçar. Çünki Məhəbbətlə yanaşı, daxilində Xudpəsəndlik də yaşayır.
Adam – Dostluğa can atar, lakin onun ağırlığını çiynində gəzdirə bilməz. Çünki çiyni zəifdir.
Adam – Əxlaqi Təmizliyi bəyənər, ancaq hərcayi ehtiraslarını cilovlamağa iradəsi çatmaz, Əxlaqsızlıq bataqlığına yuvarlanar.
Adam – ani Cəsarət göstərər, fəqət sonra Qorxu hissinin pəncəsində çabalayar, Qorxaqlığı İgidliyini üstələyər.
Adam – Qəhrəmanla, Fədakarla, Özündənkeçənlə bir neçə addım yol gedə bilər, ancaq yarı yoldan qayıdar.
Adam – əsil İdraka, Sənətə biganə qalmaz, ancaq süni və bəsit sənəti, İdrakı da sevər, onlara daha çox bağlanar.
Adam – Təmənnasızlığı qiymətləndirər, ancaq şəxsi həyatında ondan qaçar.
Adam – eybəcər mühitə lənətlər yağdırar, ancaq mühitlə təmasda özünü onun timsalı kimi aparar və son nəticədə mütiləşər, Üsyanından, Hiddətindən heç nə qalmaz.
Adam – Leyli axtarar, Məcnun olmaq istəməz, Böyüklük axtarar, Əzab istəməz, ölçülü yaşayar, ona görə də yaşamaz.
Adamda – müsbət keyfiyyətlər mənfi keyfiyyətlərlə qaynayıb qarışar, öz qüdrətini itirər.
Ocaqçı öz Mənəviyyatında, İdrakında, Həyat Tərzində Adam natamlığını, naqisliyini aradan qaldırıb, İnsan Kamilliyinə çatmalıdır.
İnsan – Müqəddəsliyə, Həqiqətə, Vətənpərvərliyə, Qəhrəmanlığa, Bəşərsevərliyə, İdeala, Məhəbbətə, Qədimliyə, Ruhani Ülviyyətə, Cəngavərlik Siqlətinə qəlbdən bağlanan, ömrünü Yüksək Arzulara həsr edən, Səadətini onda tapan Şəxsiyyətdir.
Ocaqçının Məqsədi İnsan olmaqdır!
Bunun üçün o, özüylə daim mübarizə etməlidir.
Ocaqçı Ürəyindən Qorxu duyğusunu silməlidir.
Ocaqçı Mənəviyyatından Paxıllığı qovmalıdır.
Ocaqçı Əxlaqından Heyvani Şəhvaniliyi murdar yük kimi atmalıdır.
Ocaqçı Bədxahlığı Daxili Aləminə qoymamalıdır.
Ocaqçı tənbəllik, fəalsızlıq eybəcərliyini məhv etməlidir.
İradəsizlik Ocaqçının qəddar düşmənidir.
Namus bəndini aşan ehtirası ürəyə qoymazlar.
Ocaqçı Mənəviyyatında Müxənnətliyə yer yoxdur.
Dilində Yalan gəzdirən Ocaqçı lənətə layiqdir.
Ocaqçının saxta Fərəhə ehtiyacı yoxdur. O, araq, şərab adlanan murdarlığı dilinə vurmur, mənəvi zəlillərin pənah gətirdiyi içki ehtirasını rədd edir.
Ocaqçı İdrakından lüzumsuz bilikləri atıb, dəyərli bilikləri saxlamalıdır.
Müqəddəslik duyğusunu Mənəviyyatının əsasına çevirməyən şəxsdən Ocaqçı olmaz.
İnsan olmaq çətin peşədir!
İnsan sözü əsil qiymətini itirib. Ocaqçı onun ləyaqətini bərpa etməlidir.
Özü ilə döyüşən Ocaqçı Ocaqdan güc alır.
Ocağa müraciət edir.
Ocaqçının Ocağa Səhər Müraciəti belə olmalıdır:
“Ocağım, Ülvi Qüdrətini məndən əsirgəmə!
Mənə kömək et!
Heç bir naqisin təsirinə düşməyim, pis hərəkətə yol verməyim, ürəyimdə çirkin duyğular oyanmasın.
Xeyirə xidmət edim.
Kamillik Yoluyla gedim.
Sənə layiq olum.
Kömək et mənə, Ocağım!”

Ocaqçının Ocağa Günorta Müraciəti belə olmalıdır:
“Səhərimi başa vurdum.
Saf Ürəklə, Təmiz Niyyətlə.
Sən istədiyin kimi.
Mənəviyyatıma çirk qonmadı.
Hərəkətlərimdə qəbahət olmadı.
Xeyirə qulluq göstərdim.
Şəri yaxına buraxmadım.
Kamillik Yolunda büdrəmədim, çünki səninləydim”.

Ocaqçının Ocağa Axşam Müraciəti belə olmalıdır:
“Ürəyimdə İşıq yandır, Ocağım, Qaranlıqlar çəkilsin!
İradəmə güc ver, daxilimdəki Çirkabları əritsin!
Saflığına bir addım da yaxınlaşdım.
Sabahıma apar məni!
Mənimlə ol!
Yoxuşlarda büdrəməyim!
And içirəm, Sabahım bu günümdən daha Kamil olacaq!”

Ocağından bir an da ayrılmayan Ocaqçının özü ilə döyüşdə qələbə çalacağına Ata İnamı böyükdür!
2. HƏYATDAKI EYBƏCƏRLİKLƏ DÖYÜŞ

Ocaqçının ən böyük düşməni – Vətənsizlikdir.
Vətənsizlik – Xalqına İnanmamaq, Xalq Ruhuna, İdrakına yad olmaq, özgələşmək deməkdir.
Vətənsizlik – Qərbi yamsılamaq, təqlid etmək və bu miskinliklə öyünmək, onu müasirlik, qabaqcıllıq timsalı saymaqdır.
Vətənsizlik – Kökündən, Qədimliyindən, Tarixindən ayrılmaq, süniləşmək, müflisləşməkdir.
Vətənsizlik – Xəlqi Düşüncəni, Mənəviyyatı – gerilik, ibtidailik nişanəsi saymaq qəbahətidir.
Vətənsizlik – ardıcıl, təcavüzkar, açıq əxlaqsızlıqdır, əxlaqsızlığı hörmətə mindirmək cəhdidir.
Vətənsizlik – fəndgirliyin, mənsəbpərəstliyin, minsifətliyin, mədəni alçaqlığın, nəcib cəlladlığın həyatımıza müdaxiləsidir.
Vətənsizlik – idealsız, antixəlqi, yarışərq, yarıqərb, müti və pozğun ziyalı qrupunun, elitasının peyda olmasıdır.
Vətənsizlik – sadə Vətən övladlarına təşəxxüslü və saxta münasibətdir.
Vətənsizlik – taleyini, səadətini, gələcəyini özündə yox, özündən uzaqlarda axtarmaq bəlasıdır.
Ocaqçı Vətənsizliklə həmişə, hər yerdə vuruşmalıdır. Əgər Ocaqçının yanında Vətənsizlik təbliğ olunursa və o, bədnam əqidəni ifşa etmirsə, onun Ocaqçı adını daşımağa haqqı yoxdur.
Əgər bu və ya digər əsərdə Vətənsizlik əlaməti görünürsə, Ocaqçı ona öz münasibətini mütləq bildirməlidir.
Ocaqçı Vətənsizlik haqqında Ocağın fikrini xalqa şərh etməlidir.
Ocaqçı öz mühitini Vətənsizlik çirkabından təmizləməlidir.
Ocaqçı olan yerdə Vətənsizlik toxumu bar verə bilməz.
Ocaqçı Vətənsizlik adlanan yağı ilə bir an da barışmamalıdır.
Həyat – Ocaqçı üçün Vətənsizliklə döyüş meydanına çevrilməlidir.
Ocaqçı öz Həyat Dəftərində bu sözləri yazmağa haqq qazanmalıdır: “Mən Vətənsizliklə həmişə döyüşürəm”.
Vətənsizliklə Mübarizənin çeşidləri müxtəlifdir.
Müəllim dərslərində, qələm əhli əsərlərində, işçi müəssisələrdə, tələbə auditoriyada, yataqxanada Vətənsizliyi ifşa etməlidir, Vətənsevərliyi təbliğ etməlidir.

Ocaqçının ikinci düşməni – Məhəbbətsizlikdir.
Həyatımızda İnsana Məhəbbət azalıb, İnsan Ləyaqəti tapdanır.
Müqəddəslik duyğusunun sönməsi nəticəsində İnsani əlaqələrdə Gözəllik, Şeiriyyət yoxa çıxmaqdadır. İnsana Heyrətli münasibət tükənir. Sevgi ucuzlaşıb, bayağılaşıb, nəşəsevərlik aşiqliyi üstələyir.
Övladın Valideynə, Qadının Ərə, Bacının Qardaşa münasibətində biganəlik, soyuqluq, yadlıq görünür. Həyat Gözəlliyini, Cazibədarlığını itirir. Nəsimilərin, Füzulilərin atəşin, ehtizazlı Ruhu ürəkləri tərk edir.
Qəddarlıq, Yırtıcılıq, didib-parçalamaq Ehtirası Dünyanı bürüyüb.
Qeyrətsizliyə, İsmətsizliyə, Xəyanətə qarşı Nifrət duyğusu azalıb.
Qəbahətə alışmaq təhlükəsi meydana çıxıb.
İnsan öz böyüklüyündən ayrılmaqdadır.
Ocaqçı dəhşətli Məhəbbətsizlik çirkabının Ürəklərə axmasına biganə baxa bilməz. O, Məhəbbət uğrunda, İnsan uğrunda döyüşməlidir.
O, ətrafındakıları başa salmalıdır ki, Məhəbbətsizlik Həyatın normal vəziyyəti deyil, xəstə vəziyyətidir.
Məhəbbətsiz İnsan heç yarıminsan da deyil. Məhəbbəti itirən Dünya Antidünyadır.
Ocaqçı Məhəbbətsizlik Kahinlərinin çürük fikirlərini ifşa etməli, Xalqı murdar təsəvvürlərin təsirindən xilas etməlidir.
Ocaqçı Ümumdünya, Şərq və Azərbaycan İdrakının, Bədiiyyatının Qüdrətini Məhəbbətsizliyə qarşı qoymalı, Ülvi Gözəllik vasitəsilə mənfur eybəcərliyi rədd etməlidir.
Ocaqçı Məhəbbətsizliklə həm də öz şəxsi Həyatında vuruşmalıdır.
Məhəbbətsizlik səfsəfəsinə uyana Ocaqda yer yoxdur!
Ocaqçının üçüncü düşməni – Yalandır!
Yalanın çeşidləri çoxdur, ancaq o, hər çeşiddə eybəcərdir.
Yalana tapınan Həyat – Ölən Həyatdır!
Ocaqçı hər cür Yalanla döyüşməlidir:
Müəllimin dilindən çıxan Yalanla.
Kitabda yazılan Yalanla.
Tərif şəkilli Yalanla, yaxud tənqid şəkilli Yalanla.
Yalançı Məhəbbətlə, Yalançı Mədəniyyətlə.
Yalançı Alimliklə, Yalançı Şairliklə.
Rütbələrin pərdələdiyi Yalanla.
Yalançı Andlarla.
Yalançı Qəhrəmanlıqla.
Yalançı Heyranlıqla.
Yalançı Xalqsevərliklə.
Yalançı Savadla.
Yalançı Bəşərsevərliklə.
Yalançı Sənətlə.
Yalançı Qeyrətlə.
Yalançı Gözəlliklə.
Yalançı Sədaqətlə.
Ocaq Yalanı Həyatdan qovmalıdır!
Ocaq Yalana alışmaq bəlasını dəf etməlidir!
Dünyada Yalana alışanlar, Həyatı Yalansız təsəvvür edə bilməyənlər var. Onların düşüncələrini tar-mar etmək gərəkdir!
Çünki bədbinlik zəlilliyi Yalana müqavimətsiz qələbələr gətirir.
Ocaqçı sübut etməlidir ki, Yalana heç cür bəraət qazandırmaq olmaz, əsil Həyatın Yalana ehtiyacı yoxdur, Yalan heç vaxt Bəşəriyyətə gərək olmayıb, Yalana tapınmaq – əxlaqsızlıqdır, Yalanın yayılması Mənəvi Böhran əlamətidir.
Ocaqçı göstərməlidir ki, Yalan vasitəsilə əldə edilən Nailiyyət əslində Məğlubiyyətdir, çünki burada İnsani Ləyaqət məhv olur.
Ola bilsin ki, Yalançının Qəbahətini heç kim bilməsin, ancaq özü bilir. Ləyaqətini qurban verir, sonra Ləyaqətsizliyə alışır və Mənən ölür.
Ocaqçı ətrafdakılara başa salmalıdır ki, Yalançı Ziyalı – Tüfeylidir, çünki İdraka, Həqiqətə, Vətənə heç nə vermir.
Onun Rütbəsi parlaqdır, Ağlı yox.
Ocaqçı sübut etməlidir ki, Yalançı Sənət – Sənət deyil, çünki onda Təbii Hiss və Ağıl yoxdur, Oyun var.
Ocaqçı Söz ilə İş arasında Əlamətlə Mahiyyət arasında olan fərqi görməli və göstərməlidir.
Ocaqçı böyük Sözlərin kiçik Niyyətlərə qurban verilməsinə dözməməlidir.

Ocaqçının digər düşməni – Ədalətsizlikdir.
Nə üçün Pislər Yaxşıları üstələyə bilsinlər?
Nə üçün Yaltaqlar, Azğınlar Həyat nərdivanına dırmaşa bilsinlər?
Nə üçün Sünilik Təbiiliyi kölgədə qoysun?
Nə üçün Təmiz Yoxsul olsun, Pozğun – Varlı?
Niyə Əyyaş, Qeyrətsiz, Vətənsiz – Namuslunun, Fədakarın Taleyini həll eləsin?
Niyə vəzifəyə və pula hörmət – Ağıla və İstedada Hörməti geridə qoysun?
Niyə Müqəddəslik məsxərəyə qoyulsun, Eybəcərlik dağ başına çıxsın?
Niyə armudun yaxşısını ayı yesin?
Niyə özünə bənzəmək Qəbahət sayılsın?
Niyə Mütilik Sədaqət sayılsın?
Niyə Mənsəbpərəstlik Dahilik hesab olunsun?
Tüfeylilər niyə bu qədər çoxalıb?
Ənənəni inkar etmək niyə Qəhrəmanlıq adlandırılsın?
Bu kimi suallar Ocaqçının Qəlbində səslənməlidir.
Ocaqçı Ədalətsizliyin Qənimi olmalıdır!
Ocaqçı bilməlidir ki, Ədalətin tapdanması – Dünyaya, Həyata, İnsana İnamın alçaldılması, İnsanın Həyatdan küsməsi, Gözəlliyin təhqir olunması deməkdir.
Ədalətsizlik – yalnız ürəkləri qanatmır, Həyatı Zülmətə qərq edir, Şəri yüksəldir, Xeyri alçaldır.
Ədalətsizlik bərqərar olubsa – deməli, Həyatın təbii axarı, Ahəngi pozulub. Bəşəri təhlükədən xilas etmək üçün Ədaləti bərqərar etmək lazımdır.
Ocaqçı həmişə və hər yerdə Ədalətsizliyi ifşa etməli, onun mənfur simasını açıb göstərməli, başqalarında buna qarşı dərin Nifrət duyğusu yaratmalıdır.

Ocaqçının ardıcıl düşmənlərindən biri də – Meşşanlıqdır.
Bütün təbəqələrə sirayət edən bu eybəcərlik – Həyatda güzərandan, məişət nemətlərindən başqa heç nə tanımır. İdeal Niyyətlər, Ali Duyğular ona yaddır.
Meşşanlıq harada peyda olursa, orada nasiranəlik, bəsitlik, qanadsızlıq hökm sürür.
Əgər Meşşan işçidirsə, onu işin Gözəlliyi yox, Qazançı maraqlandırır.
Əgər Meşşan elm adamıdırsa, onu İdrakın verdiyi Səadət yox, İmtiyazlar cəlb edir.
Əgər Meşşan musiqiçidirsə, onu ifa etdiyi sənətin Mahiyyəti yox, tamaşaçıların alqışı düşündürür.
Əgər Meşşan vəzifə sahibidirsə, onu Xalqın mənafeyi yox, mənsəb pillələri cəlb edir.
Meşşan Həyat tərzini görəndə elə bilirsən ki, müqəddəs kitablar yazılmayıb, Qəhrəmanlar ömürlərini İdeallarına qurban verməyiblər, dahi sənətkarlar Ülvi Duyğuları vəsf etməyiblər.
Meşşan üçün Dünya – böyük masadır. Meşşan həmişə özünü böyük masa arxasında hiss edir. Meşşan üçün yaşamaq – yemək, geymək, var-dövlət yığmaq, gün görməkdir.
Vətən haqqında düşünmək, Bəşərin dərdinə qalmaq, Ali Duyğularla yaşamaq – meşşan Həyat tərzinə yaddır.
Meşşan yaşamır, dolanır.
Dünyadan təcrid olur, əsil Həyatı görmür. Ancaq öz Həyatını əsil Həyat sayır. Onu təbliğ edir. Onunla öyünür.
Ocaqçı bilir ki, İnsan Dünyaya var-dövlət yığmaq, kef çəkmək üçün yox, Müqəddəs İdeallara xidmət etmək üçün gəlib. Dünyada ən böyük xoşbəxtlik Fədakarlıqdır, geyim əsiri olmaq – quyruğu ilə qürrələnən quş olmaq kimi bir şeydir. Ömrü dolanmağa həsr eləmək – amalsızlıqdır, məişətə yapışıb qalmaq – ölməkdir.
Ocaqçı anlayır ki, Meşşan öz əhvali-ruhiyyəsini Həyatın bütün sahələrinə yayır. Dünyada Ticarətçi Meşşanla yanaşı, Xanəndə Meşşan da var, Tələbə Meşşanla yanaşı, Akademik Meşşan da var, Sürücü Meşşanla yanaşı, Şair Meşşan da var.
Ocaqçı onu dərk edir ki, Meşşanlıq mikrobu daxili aləmə bəzən gizli daxil olur. Mənəviyyata gözlənilməz şəkildə sirayət edir.
Bu səbəbdən də Ocaqçının Həyat Dəftərində “Mən Meşşanlıqdan azadammı?”, “Meşşanlıqla daxilimdə vuruşurammı?” sözləri əhəmiyyətli yer tutmalıdır. Ocaqçı daim özünü yoxlamalı, Mənəviyyatını Ruhani Həkim gözü ilə müayinə etməli, onu təmiz saxlamalıdır.
Ocaqçı bilir ki, Meşşan öz həyat tərzinə bəraət qazandırmağa ciddi cəhd göstərir. “Dünya beş gündür, mən bir də həyata gəlməyəcəyəm, Dünyadan nə aparacağıq?” – Meşşanın dəlilləri bunlardır.
Ocaqçıya gün kimi aydındır ki, əsil nəşə İdeal Niyyətlərin, Ülvi Arzuların, Duyğuların, Düşüncələrin Mənasıyla yaşamaqdır.
Dünya beş gündürsə, Ömür qısadırsa – Xeyir İşığı salmağa, Ali hisslərə qovuşmağa tələs!
Ölümə məhkumuqsa – Ömrümüzü Ölümsüz İdeallara həsr edək!
Dünya və tarix miqyasında kiçiyiksə – Bəşərin Möhtəşəm Qəhrəmanlıq, İdrakilik, Mənəvi Ülviyyət Ənənəsinə qovuşaq!
Xoşbəxtlik diləyiriksə – Müqəddəs Ehtirasların çağırışını dinləyək, ona qovuşaq!
Sevinc istəyiriksə – Özündənkeçmə Yüksəkliyinə tapınaq!
Ocaqçı öyrətməlidir ki, Meşşan – Həyati Fərəhlərin ən bəsitiylə, ibtidaisiylə kifayətlənir.
Meşşan Həyatında Mənəvi Gərginlik çatışmır, ona görə də o, Gözəllikdən məhrumdur.
Ocaqçı əmindir ki, əsl İnsani Həyat Meşşanlığın ürəklərdən, ağıllardan silinməsini tələb edir.
Ocaqçı özünü Meşşanlığa qarşı döyüşən Cəngavər saymalıdır.

Ocaqçının qəddar düşmənlərindən biri də İnamsızlıqdır.
Bu eybəcərlik özünü ən çox Müqəddəsliyin inkarında büruzə verir.
İnamsızlar üçün Dünyada Pərəstişə, Heyrətə, Məhəbbətə layiq heç nə yoxdur: Anaya səcdə qılmaq olmaz, çünki o, adi bioloji varlıqdır, təbiətin iradəsinə tabe olur, Övlada Məhəbbəti – təbii instinktlərin təzahüründən başqa bir şey deyil.
Sevgidə də Müqəddəslik yoxdur, çünki çılğın Heyranlığın arxasında adi cinsi tələbat durur.
İnamsız – nə Körpə Gülüşündə, nə Musiqi Sədasında, nə Qəlbin Riqqətində, nə Təxəyyülün Qanadlı Uçuşunda, nə Gözəlliyin Çağırışında, nə İnsanın Tanrılarla Yarışında, nə İdeal Həsrətində, nə Fədakarlıq Şeiriyyətində Böyüklük görmür.
Ocaqçı bu mənfur əhval-ruhiyyəni kökündən qoparıb atmalıdır, Həyatda, Mənəviyyatda, İdrakda Müqəddəsliyi bərpa etməlidir.
Vətən, Məhəbbət, Əqidə, Gözəllik, Ədalət, Bəşərsevərlik, Həqiqət, Qeyrət, Sədaqət – Müqəddəsdirlər!
Bunu inkar edənin heyvandan fərqi yoxdur, çünki onda ən müdhiş qəbahətə belə haqq qazandırmaq olar.
Satqınlığını təmizə çıxararsan, deyərsən ki, dünyada Mütləq heç nə yoxdur, ona görə əqidəmi ildə bir neçə dəfə dəyişirəm. Yaltaqlığını müdafiə edə bilərsən, deyərsən ki, qeyrətsiz də yaşamaq olar, Mütləq Mənəvi Kamilliyə inanmadığım üçün Mənəviyyatsızlığımı günah saymıram.
Əxlaqsızlığın da səni narahat etməz, deyərsən ki, Əxlaq buxovdur, ondan xilas olmaq günah deyil.
Qeyrətsizliyinə də səbəb tapa bilərsən, deyərsən ki, can şirindir. Müqəddəslik inkar olunanda ən murdar cinayətə belə, haqq qazandırmaq olar.
Müqəddəslik itən yerdə Şər ağacı bitir. Buna görə də İnamsızlıqla mübarizə bir an da dayanmamalıdır!
Ocaqçının eybəcərliklə döyüşü çətin, davamlı və gərgindir. Ancaq Ocaqçı cəngavərlik Yoluna Fərəhlə qədəm qoyur, çünki fəaliyyətinin gərəkliyinə, zəruriliyinə, ali mənasına tam inanır.

3. BUGÜNƏ MÜNASİBƏT

Ocaqçı Bugünü Sabaha aparan Yol kimi qiymətləndirir.
O, Bugünü Sabahın hissəsi sayır.
Ocaqçı Bugünü Gözəllik nümunəsi, İdeala uyğun hadisə hesab etmir. O, Bugünün adiliyini, nöqsanlılığını, natamlığını görür.
Ocaqçı Bugünün Mənasına Sabahın Zirvələrindən baxır və görür ki, Bugün Sabah qarşısında cılızdır, naqisdir, qeyri-kamildir. Buna görə də o, Bugünü təkmilləşdirməyi, Sabahı yaxşılaşdırmağı öz məqsədi sayır.
Ocaqçı Bugündə Sabahın Övladı kimi yaşayır.
O, Bugünün bəsit şüurunda hökm sürən təsəvvürləri rədd edir, müasir qəbahəti damğalayır.
Sabah Ocaqçının nəzərində Bugündən yerdən göyə qədər fərqli olmalıdır, onunla təzad təşkil etməlidir.
Bu baxımdan, Sabah Bugünün inkarıdır. Ancaq həmin inkar Bugünün daxilində başlayır. Bu səbəbdən də Bugünkü Həyatın eybəcərliyiylə döyüş Sabahkı Dünyanın yaranmasına xidmət edir.
Ocaqçı başqalarından fərqli olaraq, Bugündə Sabahkı Əxlaq, İdrak, Mənəviyyat əsasında yaşayır və öz Həyat Tərzini müasir Həyat Tərzinə qarşı qoyur.
Ancaq o, bununla Bugünə misilsiz xidmət göstərir, onu çirkabdan qurtarır, ona Ülvilik gətirir.
Bu baxımdan o, Bugünün həm düşməni, həm də dostudur.
Düşmənidir, çünki Bugünə xas olan eybəcərlikləri qamçılayır, ifşa edir, rədd edir.
Dostudur, çünki İnsani Həyatın Ali Mahiyyətinə xas olan Ülvi Keyfiyyətləri Bugünə gətirir, Həyatı Çirkinlikdən təmizləyir.
Ocaqçı onu da bilir ki, Çirkabdan təmizlənən Dünya artıq Bugünkü Dünya olmayacaq.
Ocaqçı Bugündə Gözəl nə varsa, özüylə Sabaha aparır.
Bununla da Bugünkü Naqisliyə son qoyulur.

<-Geri

Devam->



Kendi linklerini ekle:
Linkin başlığı:
Linkin URLsi:
Sınıf:
Açıklama:
 
  Bugün 26 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol