Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Atalıq xilqəti
 
Atalıq Xilqəti
Kəndliyim
(I Fəsil)

Birinci fikirlərimi kəndliyim üstə deyirəm. Evimizin qarşı tərəfində qaya. Gözünü açanda qaya görürsən. Qayanın başına yollar dolanır, qayanın başına yağış yağır, dolu düşür. Ancaq qaya tərpənmir, sabitdi, qaya vüqarını pozmur, qaya özü olur. Heç zaman qaya yağışlanmır – yağış yağsa da belə, dağın dağlığında yağışlıq olur. Dolu ağacları qırır, amma dolu dağın başına dəyir və geri çəkilir.
Evimizin üst tərəfində qaya. Həssas bir körpə ürəyi – qayayla danışan (ürəyində danışan, təbii ki). Və qaya ilə təmas yaradan, özü də daim qayaya küsənən. Bu, onu çox mənada yalqız eləyirdi, tənha eləyirdi. Heç kəs dağı inkar eləmirdi, amma heç kəsin gözündə dağ bu qədər açılmırdı. Uşaq başa düşürdü ki, daha doğrusu, hiss eləyirdi ki, bu dağ yalnız daş deyil, yalnız maddiyyat deyil. Bu dağ nəsə hikmətdi, mənadı. Lakin onun mənası nədi, hikməti nədi, bunu hansı dildə oxumaq olar, bunu hansı sözlə demək olar, izah eləmək olar bu mənanı?! Çox belə içəridə, daxildən güclü bir ehtiras, vücudu titrədən, narahatlıq yaradan, qeyri-adiliyə çağıran gözəl bir əhval ki, bunu sözlə ifadə eləmək çox çətindir. Bu qayanın üstünlüyü, qayanın səsi – qayalıq. Deyə bilmərəm ki, məndə o dövrdə filosofluq başladı indiki mənada. Bircə onu deyə bilərəm ki, qayanın qayadan böyük mənası mənə çatdı, ürəyimə çatdı. Bəlkə ağlıma çatmadısa da, ürəyimə çatdı. Hədsiz dərəcədə xoşbəxt idim ki, belə bir qayalı kənddə yaşayıram. Və bu Qaya ilə Göy arasında elə bir ahəng var! Axşam düşəndə Qaya kölgələnir, sonra Göydə Ay doğur, ulduzlar doğur. Elə bil bunlar dağın başına qonur. Hədsiz dərəcədə həyəcanlı idim, hədsiz dərəcədə zəngin duyğuluydum, duyğularım axar çay kimi daxilimdə axırdı. Lakin kimə deyəsən bu fikirləri?! Onda başa düşürdüm ki, bu fikirlər deyiləsi deyil. Təəssüf ki! Anlamazdılar...
Dağın aşağısıyla çay axırdı – şırıltıyla, daim dəyişkən. Çayın yaz vaxtı olurdu, payız vaxtı olurdu, qış vaxtı olurdu. Çay danışırdı. Mən qəti əmin idim ki, bu söhbətdi, danışıqdı. Bu eşqdi, bu izhardı – demək istəyir dağa. Dağla Çayın nəcabəti yaranırdı xəyalımda. Xəyal da məni aparırdı. Lakin yenə də gətirib çıxarırdı əfsanələrdən mənaya: niyə Çayla Dağ arasında belə bir uyğunluq olsun?! Nəsə, bu dünya sirli bir şeydi – kobud dünya görünəndən artıqdı. Məgər söhbət ondadır ki, dağda dağlıq var, dağda nə bilim, metal var? Məndə olan o daxili ruhaniyyat pərvazlanırdı – xüsusilə axşamlar, gecələr...
Çay həm də bizim kəndi iki hissəyə bölürdü. “O tay” deyirlər, “bu tay” deyirlər... Səhər o başdan o taydan bu taya danışırdılar. Çox doğma bir danışıq idi. Telefon danışığından yerdən göyə qədər fərqlənən. Belə bir qəribə dünyaya düşmüşdüm – qayalı və çaylı. Yaşamaq istəyirdim. Dünyaya gəlməyimə hədsiz dərəcədə minnətdar idim. Nə gözəl şeydi bu həyat, yaşamaq, insanlarla yanaşı Qayanın olması... Bu cür bu “dünyanın mənası dünyadan artıqdır” ideyasının rüşeymləri mənim qəlbimə çatdı. Yox, dünya görünən deyil, dünya bu deyil. Dünyanın görünəndəkində görünməzlik var. Təbiidir ki, bəlkə bu sözlərlə deyilmirdi, amma duyğuların axarı, duyğuların ahəngi bunu deyirdi. Daha doğrusu, bunu duyğular deyirdi, hisslər deyirdi, həyəcan deyirdi, fərəh deyirdi, qanad deyirdi.
Evimizin üst tərəfində təpə var idi. O təpədən uzun bir meşə yaranırdı – təpə üstə. O təpə mənim başımın üstəydi həmişə. Üzüm dağa olurdu, başımın üstündə də təpə olurdu. Təpənin də üstündə meşələr olurdu. Bu, möcüzəni lap artırırdı. Meşələr, o yerlər hamısı elə bil göylə birləşirdi. Adama elə gəlirdi ki, göy də burdadı, bu meşənin içindədi. Bu, məni lap dəhşətə gətirirdi. İçimdə mahnılar öz-özünə oxunurdu. Çıxırdım təpəyə, bəzən yoldaşlarla, amma onlar öz aləmlərindəydilər, mən də öz aləmimdə. Lap təpənin yuxarısından bütün kəndimiz görünürdü. Elə doğma görünürdü mənə o kənd zirvədən! Tüstülər görünürdü. Axşamüstü çıxırdım (“qaranlıq qarışanda” deyirdilər bizdə) tamaşa eləməyə. Orda çıraq yanırdı bütün evlərdə. Necə bunlar bir-birinə oxşayırdılar! Necə doğmaydılar! Çıraq, qaya, meşə... Bax, belə, məndə filosofluq belə yarandı – öz-özünə. İntəhası, burda bir ziddiyyət də ondan ibarət idi ki, bütün bunları heç kəsə deyəmməzdim. Hiss eləyirdim ki, heç kəs mən deyəni deməyəcək, soyuq bir şey deyəcəklər, qıracaqlar qanadı. Ona görə özümə qapılmalı olurdum.
Ondan sonra, kəndimizdən başqa kəndlərə yollar gedirdi. Uzun-uzun yollar idi. Yolların qırağında yenə də balaca təpələr olurdu və dağlar olurdu. Yollar da bir-birinə calanardı. Qəribə-qəribə zəncir halqası yaranırdı, əl-ələ verirdilər, qol-qola gəzirdilər, yallı gedirdilər yollar – dəhşətli dərəcədə bir-birinə doğma. İstəyirdim ki, o yollara nəsə yaxşı bir söz deyəsən, onlara bir nəğmə qoşasan, onları bir oxşayasan, bağrına basasan, deyəsən: “A yollar, bilirsənmi ki, sən mənim üçün nəsən?!”
Həm də kəndimizdə kolxoz var idi, həm də kəndimizdə kənd soveti var idi, kəndimizdə kolxozun briqadiri var idi, kolxozun hesabdarı var idi. Bütün bunlar hamısı o dağa qarşıydı, o yola qarşıydı, o fikirlərə qarşıydı. Hamısı kobud, hamısı murdar, hamısı ictimai – yamaq kimi. Səhər o başdan bağırırdılar: “İşə gəl, işə gəl, a köpək qızı!” Az qalırdım ki, bağıram, qışqıram: “A korlar, a itlər, görün bir Çay nə danışır, görün bir Qaya nə danışır!” Elə bilirdim ki, mənə yəqin dəli deyəcəklər.
Bütün bu ictimai həyat hamısı kəndə qarşıydı. Kəndin gözəlliyinə qarşıydı, qürub çağına qarşıydı. Hamı, bəzən müharibədən qalanlar qadınların başına min oyun açırdılar – kolxoz sədrləri, kəndxudalar... Kimsə başqa qadınların qapısını döyürdü. Çox pis təsir eləyirdi mənə.
Və həmin kənddə də ilk sevgi yarandı, qəribə bir vəziyyətdə. Bunu sevgi adlandırmaq da mümkün deyil, amma hər halda o yaranmışdı. İndi başa düşürəm ki, həmin qayanın möcüzəsiydi o, təbiətin möcüzəsiydi o, meşənin möcüzəsiydi, tək o bir qadına olan deyildi o. Günlərin bir günündə bizə bir qız gəldi (deyəsən kürd idi, bizim evdə qalan bir kirayəçinin bacısı idi), onunla mən bir-iki dəfə söhbət elədik, bizim bağçada. İntəhası, o söhbətə Qaya daxil olurdu, o söhbətə Çay daxil olurdu, o söhbətə Göy daxil olurdu, o söhbətə yollar daxil olurdu. Söhbət birdən də çözələnirdi, çözələndikcə ipəkləşirdi, ipəkləşdikcə nurlaşırdı, nurlaşdıqca Göyləşirdi. Və o qız bir gün qaldı, çıxıb getdi rayona. Mənim bir dostum var idi. Dedim, gərək biz gedək rayona. Niyə gedək? Çünki orada O Qız var idi. Hardadır? – Heç bilmirəm, gərək axtaraq. Həmin o qayanın romantikası, həmin o dağın romantikası... Qız elə bilirdi hamısı odur, səhv eləyirdi, həmin o halın hamısı bir yerdə – bu olmalıydı.
Getdik rayona düşdük. Hara gəlmişik? Pulumuz da az... Yaxşı bir divanəlik. Və küçə-küçə də qızı axtarırdıq. Bilmirdik haradadır. Sifəti yadımdadı, təbii ki. Bir də təsadüfən gördük – eyvanda gördük. Əliylə dedi ki, gedin. Qərəz, mən onunla görüşə bilmədim. Amma axşam mənim məktubum ona çatdı. Təbiidir ki, bu məhəbbət elə burda da qurtarmalıydı, çünki o qızın zahirindən başqa nə dağa oxşarlığı vardı, nə də qayaya. Çox adi qız idi zahirən. Onun arzusu o idi ki, mən prokuror olam. Təsəvvür eləyirsənmi, prokuror olmalıydım mən.
Qaya, dağ hara, bu hara? Nəyə lazım imiş bu? Hər halda, o axtarış, o gecələr, onun birdən-birə gəlməsi, birdən-birə itməsi – bunlar hamısı, belə bir hal – o qayalıq, o çaylıq, o dağlıq, o sirr, o sehr – bu da həmin o “Dünyanın mənası dünyadan artıqdır” ideyasına çox uyğun gəldi. Hələ mən indi də deyirəm ki, Qızla bizim görüşümüz qızın özündən çox artıq idi... Sonra isə mənim gözümdə o qalmadı, o Qaya qaldı, o Dağ, o Meşə qaldı – onun bir hissəsi qaldı və mənim o gecələrim qaldı... Mənim məktubumu alandan sonra, məktubuma cavab yazandan sonra yenə biz gecə gözəl bir yerdə görüşdük – cəmi on dəqiqə, ya on beş dəqiqə. O gəldi və getdi. Bu cür onun gözlənilmədən gəlməsi, gözlənilmədən getməsi – o da yenə həmin o mən deyən dünya idi, o kəndin aləmiydi.
Ondan sonra fəlakətlər gəldi. Xəbər verdilər mənim babamın 35-ci ildə tutulmasını – bunu öyrəndim. Kənddəkilərin fəlakətini gördüm. Əmim getdi əsgərliyə, gəlmədi. Nənəmin ağlamaqdan gözü tutuldu. Bax, bu cür çox güclü təzad yarandı – xeyir və şər ideyası. Və bütün bunlar hamısı bir yerdə, mənim məktəbdə oxumağım, dərsdən qaçmağım, dərsi sevməməyim... Dərsdə qaya yox idi, dərsdə çay yox idi. Həsrət başladı məndə. Otururdum, deyirdim, niyə mən burda otururam? Bu saat mən qaya dibində olmalıyam, çay qırağında olmalıyam... Nədir bu? Dərs deyə bilmirlər. Dərsi gərək elə keçəsən ki, ordan dağ çıxsın. Bəzən deyirdim də bunu müəllimlərə. Günlərin bir günü bizə bir marksizm-leninizm müəllimi gəldi. Mən də uşaq olsam da, maraqlanırdım. Başladı proletar diktaturasından dəm vurmağa. Mən də bilirəm axı, proletar kimdi. Proletar, yəni fəhlə. Dedim ki, bağışlayın, proletar diktaturası deyirsiz, bax, orda bizim süpürgəçi var – onun diktaturasıdı? Dedi: “Səsini kəs!” Və bu “səsini kəs” hələ də qulaqlarımdadır, elə bərk dedi ki, onun ayrı sübutu-filanı yox idi. Mən başa düşdüm ki, Dünya özünün mənasından çox ayrılıb. Yenə deyirəm, bu sözlərlə yox, duyğularla, həyəcanla. Belə-belə düşdüm bu Məna yoluna. Məna yoluna məni gətirdi kəndimiz, kəndçiliyimiz. Kəndimizdə bir də mənə çox təsir eləyən sadə adamların çox böyük dözümü və çox böyük doğmalığı oldu. Orda hər bir adamın ömrü fəlakət idi. Bizim kənddə qoşalaşırlar, sonra da üçləşirlər.
Bizim kəndin adı Çaykənd idi. Qaraqoyunlu dərəsi deyirlər. Bizdən yuxarıda bir kənd, ondan aşağıda Bəryabənd adında bir kənd, bizdən aşağıda gözəl bir kənd – Qaraqaya kəndi. Qaraqaya kəndiylə də bağlı mənim bir eşqim olub, onu deyəcəm. Ondan sonra Çaylar, ondan sonra Polad kəndləri və s. Kəndlərin ən gözəli bizim kənd idi, – Çaykənd. Həmin dövrdə mənim ikinci bir halım oldu, duyğularımın durulması – buna eşq demək olmaz. Hədsiz dərəcədə mənim duyğularım durulmuşdu. O da yenə zahirən çox adi bir şey idi. Biz Qazaxdan gəldik – Çayqarışan deyilən bir yer var, ordan piyada gəldik kəndimizə qədər, mən cavan bir qadınla. Yenə də həmin o ağaclar, yenə də həmin o meşələr, yenə həmin o dağ. Bunlar hamısı yaratmışdı bizim o ünsiyyətimizi, sonra o qara qaya. Ora mən hər gün gedib-gəlirdim. Beləcə görmək, ayrı heç nə. Çünki mən onu görmək üçün getmirdim axı, əslində mən o dağı, o çayı görmək üçün gedirdim. Hər nə eləyirdimsə, o, olanın özündən artıq olurdu. Sifətdə mən elə şeylər axtarıb tapırdım ki, o, çaya oxşayırdı, dağa oxşayırdı. Təbiət məndə hədsiz dərəcədə insaniləşirdi. Sevdiyim sifətlərdə mən təbiət görürdüm. Sonra mən Darvinin əsərlərini oxuyanda iyrəndim. Guya insan meymundan əmələ gəlib. İnsanda hər şey var. İnsan dağdan əmələ gəlib, daşdan əmələ gəlib, çaydan əmələ gəlib, göydən əmələ gəlib. Beləliklə də, kəndimiz mənim duyğular məktəbim oldu. Əgər sonradan mənim çox zəka məktəblərim oldusa da, duyğu məktəbim mənim kənd oldu. Orda heç bir xüsusi əhvalat-filan olmadı, amma hal oldu – hədsiz dərəcədə. Kənd məni özümləşdirdi. Kənd məni açdı – nəyim vardısa duyğu aləmində. Eyni zamanda, kənd mənlə camaat arasında indiyə qədər davam eləyən təzadı da yaratdı. Təbiətin mənim gördüyüm qadirliyi, insanların ayrı-ayrı yaxşı cəhətləri və adamların balacalığı, təbiətdən uzaq olması, görməməsi, adiliyi... Bunlar məndə yaranmadı ancaq. Belə... Mən kənddəki ağaclarla bir yerdə böyüdüm.
 
  Bugün 23 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol