Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Mənalar
 
Qar Ayı, 7- il

Cibimdə ideya qəpik-quruşu gəzdirirəm. İdrak dilənçilərinə paylamaq üçün.

Cavanlıqda balaca qazançalar qaynadardım. İndi Böyük Qazan qaynadıram.

Vəsiqələrlə yarpaqlananlar.

Bağçasında meyvə bitmir dahi bağbanın.

Avgi tövləsindən cənnət törəyəcək!..

Fəal olduğu qədər fəaliyyətsiz!

Özgəsinin gözünə girmək üçün öz gözünü çıxardanlar!

Kölə məğrurluğu!

Beyinlərini Həqiqətin üzünə bağlayanlar!

Azanların azğınlığından olmaz!

Dartışanlar cəmiyyəti!

Yaşamamaq üçün yaşayanlar!

İdrak yalına o qədər alışıb ki, idrak çörəyinə ehtiyac hiss eləmir.

Başı qapazlı qadınlar başı qapazlı kişilərlə əvəz olundu.

Sünilik o qədər çoxalıb ki, təbii görünür.
Təbiilik o qədər azalıb ki, süni görünür.

Doğruluq oğurlandı!

“Düz gedən – düz gedir”. (Qorxaq fikir)
“Düz gedən – düz görür”. (Müdrik fikir)

Bir vaxt ziyalının başını kəsirdilər, çünki baş var idi. Indi ziyalının başına sığal çəkirlər, çünki baş yoxdur, saç var.

“Xarici dili bilirəm!” – deyib lovğalanır.
“Xaricilər dilimi bilirlərmi?” – bunun qeydinə qalmır.

Zurna bağırır ki, “Sağ qalmışam!”
Saz çığırır ki, “Sağ qalmışam!”
Tar səslənir ki, “Sağ qalmışam!”
Kaman dillənir ki, “Sağ qalməışam!”
Sağ qalmaqlarına heyrətlənirlər.
Köçəri Ayı, 7-il

İyirminci əsr: Xalqın keçid dövrü – ya özü olacaq, ya məhv olacaq.

Rəngim – İşıq, Rəmzim – Ocaq, Bayrağım – Vicdan, Yarağım – İnam.

Təlxəklərin dilində Həqiqət təlxəkləşir.

Yuxu – təxəyyülün sərgüzəştləri.

Həvəs – qabiliyyət qasidi.

Mütləqlik – xeyirlikdir. Mütləq şərdə – mütləqilik yoxdur.

Zor həddi: Zorla ictimailəşdirmək olar, insanlaşdırmaq olmaz!

Dövlət hipnozu: Tikdirir – tikən görünür.

Müəllimlər: Varidat – kasıblıq ləyaqətini qandırır, kasıblıq – varidat ləyaqətsizliyini qandırır.

Bəşər təkallahlıqdan bütpərəstliyə yuvarlandı.

Ədəbiyyatın tərbiyə etdiyi nəsil ədəbsiz olur.

Bəşər hələ də idrak zirvəsinə dərədən baxır.

Bəşəri dilbirlik bəşəri birdillik deyil!

Sənəklərinin suyu axır.

Marksın görmədiyi: Heç şey heç kəsin olmayanda hər kəs heç şey olur.

“İctimai dəniz”in beyni köpükmüş!..

Yaralı başda təzə dəlləklik.

Fil yüyürmür – yeriyir. Dovşan yüyürür.
Fil cəmdəkli dovşan – gülüncdür.

Yeriyəndə geri qalan, yüyürəndə quyuya düşən.

Yad iqtisadiyyat bəhrə vermir.
Yağı dövlət sevilmir.

Təzə xətt: Qoyunlaşmanın dovşanlaşması.

Təzə inam: Yad iqtisadiyyat doğmalaşacaq.
Yağı dövlət seviləcək!

Rəsmi Allah olmur, rəsmi şah olur.
Allah qeyri-rəsmi olur.

Yuxarının iti olur ki, aşağının canavarı olsun.
Günəş Ayı, 8-il.

Sürüdən çıxmaq.

Mütləq sual: “Özünlə öz evinə nəyi aparacaqsan?”
Nəyi saxlamısan ki, aparasan.

Qadağanlar: Qabağa baxma – uçurumu görərsən! Yuxarıya baxma – alçalmağını görərsən! Geriyə baxma – özgələşməyini görərsən!

Zəmanəylə təmas: “Əlçatmazlıq, müstəqillik, bənzərsizlik.

Təzə Zenonçuluq: Axillesin çata bilmədiyi tısbağa addımı.

Amal həyatiləşmir, həyat amallaşır.
Amal – Həyatdan yüksək, Həyat – Amala yüksələn.

Keçirirlər! Bəşər böhran keçirir, ölkə böhran keçirir, elə bu səbəbdən də hərcayi yubileylər keçirirlər!

Saray Xəlqaniləri!

Çevrilmələr: Humanizm – total yadlaşma. Kollektivizm – yad birlik. Beynəlmiləlçilik – ardıcıl özgələşmə.

Təklik zəruriliyi:
Müasir söhbət – qeybətə bulaşmaq.
Müasir dostluq – xəyanətlə üzləşmək.
Müasir məhəbbət – cinsi təmasla girələnmək.

Naşılıq: Sükutun dilini bilmirlər.

Yalan: “Möhtəşəm maddiyyat yaradıram ki, möhtəşəm mənəviyyat yaransın!”
Doğru: “Möhtəşəm maddiyyat yaradıram ki, möhtəşəm hakimiyyət yaransın!”
Yalan: “Son nəticədə insana xidmət edirəm!”
Doğru: “Son nəticədə insana xəyanət edirəm!”

Fərq: Demokratik cəmiyyətdə davranış sərbəstliyi alınır, totalitar cəmiyyətdə heyvərəliyə çevrilir.

İctimai Həyat – adamları ruhani həyatdan ayırır.

Yadlaşma səviyyəsi: Cəmiyyətdən oğurladığını haram saymır.

Nəticə: Kütləvi azadlıq əvəzinə – kütləvi oğurluq.
Azad qadın əvəzinə – yarımqadın.
Yeni insan əvəzinə – köhnə adam.

Həyat – ucalıqdan endirən.
Amal – ucalığa qaldıran.

Vəziyyət: Adamı sevmirlər, insanı tapmırlar.

Təhlükə: Bir nəfər təzə adam yaratmadıqları halda, təzə bəşəriy¬yət yaradacaqlar!..

Platonizm: Bu gündə yaşayan mən deyiləm, kölgəmdir.

İnsanı görmək üçün hamını görmək lazım deyil, daxilindəki Mütləqi görmək kifayətdir.
İnsanı sevmək üçün hamını sevmək lazım deyil, daxilindəki Mütləqi sevmək kifayətdir.

Tarixi yadlıq: Ərəb havasına yatdı, Qərb havasına oynadı, öz havasını çalmadı.

“Ürəklərdə ruhaniyyat odu sönüb” – deyirsən.
Sönmüşlərin halına yanmısanmı?

Yadlaşan yaddaş.

Səciyyələr: İtaətkar xalq – iradəsizləşən xalq, intizamlı xalq – iradəli xalq, azad xalq – qüvvətli xalq.

Həyat bağçasında Mütləq Ağacı bitməyib.
Çiçək Ayı, 8-il

Görünmə: Mənfi adi görünür, müsbət əcayib.

Utanmamaq dərsi: Özgə dilini bilmir – utanır, öz dilini bilmir – utanmır.

Atasızlar – anasızlar:
Atasız olmurlar, çünki Atalı deyillər.
Anasız olmurlar, çünki Analı deyillər.

Münasibət: Kiçiyi kiçildir – kiçik görünmək üçün.

Ucalan alçalmır. Alçalan ucalmır.

Böyüklüyə əyilməyən – kiçikliyə əyilir.

Yoxlar nə çoxdur!

Həyat məhəbbəti öldürür, Amal – yaşadır.

Romantik həyat olmur, romantik xəyal olur və Amala çevrilir.

Həyat çirkabını Amal suyuyla yumaq olar, həyat suyuyla yox.

Məzlum xalqa məğrurluq daha çox gərəkdir.
İşıq Ayı, 8-il

Hər bir fabrik – antiinsanidir.
Hər bir zavod – antiinsanidir.
İri sənaye – quldarlıqdır.

İctimaiyyətçi cəmiyyətdə hamı cəmiyyətin kirayəçisi olur.

Realist xətt – təslimçilik.

İdealist dərinliyi, materialist dayazlığı.

Nisyədən böyük nəqdi yoxdur!

Asan yol – yalan yol.
Çətin yol – doğru yol.
İmkansızlıq böyüklük imkanı yaradır.

Ruhani təcrübə – saflıq.

Uzağı görən – Amalı görür.
Yaxını görən – Həyatı görür.

Əyildikcə əyrilir.

Öküz kimi sürüldü, qoyun kimi qırıldı, dovşan kimi yüyürür.

Korlar, karlar, lallar arasında görmürlər, eşitmirlər, dinmirlər.

Ətalətin ölümü – sabitlik.

Gədalıq çoxalanda ədalıq da çoxalır.

“Cəsarət”. Oynadılır, oynadan görünür.

Qorxu qorxağın qənimidir, qorxmazın qulu.

Yalanlar: Rəyasətpərəstin milli qüruru,
şöhrətpərəstin məğrurluğu,
kolxozçu mülkiyyəti,
fəhlə hakimiyyəti.

Antihumanizm – hamı insandır!
Humanizm – hamıda insan var.

Özümlük: İnsanla məşğulam, xalqla məşğulam, Sabahla məşğulam, Amalla məşğulam.

Meyar: Olanlardan yüksək, olmayan dərəcədə.

Şairdən peyğəmbər düzəldən xalq məzlumdur.
Aşıqdan peyğəmbər düzəldən xalq məzlumdur.
Məzlum xalqa məğrur Ata gərəkdir!

Heçlik çoxdur və bu səbəbdən də hər şey olmaq lazımdır!

Hər şey ola bilmirsənsə – heç şey olduğunu dərk elə!

Zora əyilirlər – zoru əymirlər!

Zəruri çağırış:
Qorxaqlığınızdan qorxun!
Naşılığınızdan daşının!
İnamsızlığınıza inanmayın!
Məzlumluq zülmündən qurtarın!

Mülkiyyətdən məhrum olan adam cəmiyyətin pişiyinə çevrilir.

Fərq: Həyat yaradır ki, öldürsün.
Amal yaradır ki, yaşatsın.

Zəruriyyəti tarix yaratmır, şəxsiyyət yaradır. Şəxsiyyət təkcə hərəkat yaratmır, həm də onun zəruriliyini yaradır.

Köhnəlik tarixin çiynində həyatdan gedir.
Yenilik şəxsiyyətin çiynində həyata gəlir.

Alçağı yüksəyin düşməni saymaq – alçağı yüksəltməkdir.

Şəri şərlə (özünə bərabərlə) məğlub etmək olmaz. Şəri xeyirlə (özündən üstünlə) məğlub etmək olar.

Xüsusi aktivçilik – ətalətin təzahürü.
Tələsmək – gecikmənin təzahürü.

Fərq: Həyat eşqi – özünümühafizə.
Amal eşqi – özünütəsdiq.

Sosializm sağçılığı – antidemokratizm.

Möminə: Allahı Göydə axtarırsan, Göyü niyə özündə axtarmır¬san?!

Qabıqdan çıxır ki, dünyanı qəlibə salsın.

Həyat – Amal:
Həyat – çirkabdan yaranan, çirkab yaradan.
Amal – çirkabdan qurtaran, saflıq yaradan.
Həyat – Amal yaratmaq imkanı yaradır, onun ruhani dəyəri bundadır.

Amal baxımından həyat naqisdir. Bu səbəbdən də Amaldan qorxur.

Kamil dəyişmir, çünki köhnəlmir!

Zamanla ayaqlaşmaq üçün axsaq olmaq gərək!
Zamanla dostlaşmaq üçün satqın olmaq gərək!
Zamanla barışmaq üçün vicdanla savaşmaq gərək!

Şölə Ayı, 8-il

Elə bilirdi ki, möhtəşəmdir, bildi ki, məzlumdur.
Elə bilirdi ki, xoşbəxtdir, bildi ki, bədbəxtdir.
Elə bilirdi ki, haqlıdır, bildi ki, haqsızdır.
Elə bilirdi ki, böyükdür, bildi ki, kiçikdir.
Bildi ki, bilmirmiş!

Boynu yoğun, qarnı yekə, yerişi məğrur – “bəxtiyar” bir qul!

Adamdakı İnsanı sevirəm!

Məxluq yaratdılar, adını “yeni insan” qoydular.

Palçığa batır ki, təmiz qalsın!

Quruluşu dəyişə bilirlər, insanı dəyişə bilmirlər.

Danışmaq əvəzinə miyoldayır, mırıldayır, fısıldayır.

Torpaq hamılaşdı. Hamı torpağa tamarzı qaldı.

Total çinovniklik:
Kolxoz sədri – dövlət məmuru.
Yazıçı – dövlət məmuru.
Alim – dövlət məmuru.
Rəis – dövlət məmuru.
Katib – dövlət məmuru.

Siyasi sabitlik – qorxulu sakitlik!
Yoldaş, yolun hanı?

İntibah istiqaməti: Antiinsani quruluşun daxilində başlayır, həmin quruluşu devirir, yeni quruluşa davam edir.

“Şair xalq” laylası: Xalqa ədəbiyyatçı şüuru aşılayırlar, filosof şüuru aşılamırlar, siyasətçi şüuru aşılamırlar.

Məğlubiyyət – naşı qələbəsi,
Qələbə – müdrik məğlubiyyəti.

Fərəh – müdrik kədəri,
Kədər – naşı sevinci.

Nəşə – naşı müdrikliyi,
Əzab – müdrik nəşəsi.

İctimai çevriliş həddi:
Burjuyluğu ləğv etmək üçün burjuyu insana çevirmək gərəkdir.
İctimai çevriliş bunu bacarmır. Burjua sinfini ləğv edir, birjuyluğu saxlayır.
Feodalizm quruluşunu ləğv etmək – feodallığı ləğv etmək deyil. Feodallığı ləğv etmək üçün feodalı insana çevirmək gərəkdir. İctimai çevriliş bunu bacarmır. Feodal sinfini ləğv edir, feodallığı saxlayır.

İctimai cəza həddi:
Quldurluğu ləğv etmək üçün qulduru insana çevirmək lazımdır. İctimai cəza bunu bacarmır, qulduru cəzalandırır, quldurluğu saxlayır.

Müasir məziyyətlər: Kölə olduğu dərəcədə “məğrurdur”. Oğru olduğu dərəcədə “doğrudur”. Çirkli olduğu dərəcədə “təmizdir”.

İdeal idealsızlıq: Hamının maddi tələbatı tam ödəniləcək! Bu o demək deyil ki, ədalət bərqərar olacaq, həqiqət qalib gələcək, adam insanlaşacaq...

“Elmi baxış”: İnsani münasibətləri iqtisadi münasibətlərlə izah edirlər.
Mahiyyəti təzahürlə izah edirlər!

Özünə oxşamasaydın, necə oxşanardın?!

“Heç kəsim yoxdur!..” Bəs özün özünə kəs deyilsən?

Həyatilik – qeyri-kamillik. Amallıq – kamillik.

Sevgi: Amalı sevdiyimdən, həyatı sevmədim. Həyatı sevsəydim, Amalı sevməzdim.

Böyüklük Amallıqdır. Ona bərabər böyük tanımıram.

Ruhlanmaq – həyatdan yuxarıya qalxmaq!

Səadət, yəni ləyaqət!

Şöhrət: Böyüklüyün kölgəsi, kiçikliyin kölgələndiyi...

Təqlidçilik – təslimçilik.

Yapon hadisəsi: Yaponlar Avropalığı yaponlaşdırdılar, başqaları isə avropalaşdılar.

Yeni təbəqələr: Mənəvi gədalar, mənəvi qarabaşlar.

İdeya – varlığın Günəşi. İdealizm – idrakın Günəşi.

Zəif – təqlid edir, güclü – mənimsəyir.

İt kimi hürmək istəmirsənsə, içindəki iti öldür. Canavar kimi ulamaq istəmirsənsə, içindəki canavarı öldür.

Bu günün ən böyük səhvi ondadır ki, özündən başqa sabahı tanımır.

İnsaniyyəti cəmiyyətin boyuna biçməkolmur, insanın boyuna biçmək olur...

Adam – Həyatında neçə gün insan olur, görəsən?


30 Arzu günü.
Od Ayı, 8-il

Ləyaqət əlifbası: Yoxsulluqdan utanmamaq, bu gündən beşəlli yapışmamaq.

Köləlik irsiyyətə çevrilir və nəsildən nəsilə keçir.
1 Ümid günü.

Şər əməli: İslam Şərqin belini əydi, avropalaşma Şərqin belini qırdı.
2 Dözüm günü.

Bədiiyyatpərəstlik ehtirası alışdırırlar ki, siyasi idrakı söndürsünlər.
Babəki Nizaminin kölgəsində gizlədirlər.

Tarixi elə yazırlar ki, bu gününə şükür deyəsən.

Elmi ad, dərəcə, rütbə, vəzifə səhrasında idrak bulağı axtarıram.

Azərbaycan dilində danışmırlar, ancaq onu “öyrənirlər”, “öyrədirlər”.
Gözəl həyatımızın eybəcərlikləri...

Portret: Məğrur gödəni var, kölə ürəyi.

İri portvelli: O boyda portveldə bir beyinlik ağıl yoxdur...

Oyuncaq hakimlər azğınlıqla, rüşvətlə, nəşəbazlıqla oyuncaqlığın əvəzini çıxmağa çalışırlar.

Etiraf: Hamı adamdır, yəni heç kəs insan deyil!

Dövrlər: Ruhani dövrümüz – Zərdüşt.
Cəsarət dövrümüz – Babək.
Ağsaqqal dövrümüz – Qorqud.
Fədakar dövrümüz – Nəsimi.
Hikmətli dövrümüz – Muğamat.
Məhəbbətli dövrümüz – Füzuli.
Haraylı dövrümüz – Saz.

Zamanla ayaqlaşmaq olar, qanadlaşmaq olmaz.

Düz yeriyəndə yıxılır.

Həyata elə sərməst olublar ki, Amala ayıla bilmirlər.

İmtina: Əli aşından da keçdi, Vəli aşından da.

Nə istəyirsən bu yazıq həyatdan – özündə nə var ki, sənə nə versin?!

Həyata başları elə qarışıb ki, Amala vaxt tapmırlar.

Ağzını açanlar çoxaldıqca qulağını açanlar azalır.
Ləyaqət: Hırıldayanlar çoxalıb, gülənlər azalıb. Zarıyanlar çoxalıb, ağlayanlar azalıb.

Qərb sürüyə getməkdən çəkinmir...

Şərqşünaslıq: Şərqə Qərbin gözüylə baxmaq.

Kəlməni adamın ağzında kəsirlər...

Özümü sevmirəm, özümdəkini sevirəm.

Təbiət insanı nəzərə almır, cəmiyyət də eləcə.

Xarici düşməni məğlub edən məzlum xalq.

Özü yazıq olduğu üçün hamıya yazığı gəlir.

Şöhrət qəlyanını hərarətlə sümürür, qəlyanda isə tənbəki çox azdır.

Hamı öz ağlına inanır, heç kəs başqasının ağlına inanmır.

Həyat eşqi – yaşamaq üçün yaşamaq.
Amal eşqi – yaşamaq üçün yaşamamaq.

Səfeh – səfehliyin nə olduğunu bulmir.
Bunu bilmək üçün ağıllı olmaq gərək!

Təbiət insanda öz imkanlarından kənara çıxır.
Bəşərin faciəviliyi bundadaır.

Həyat: Daim yaradır və daim öldürür. Daimi yaratmır ki, öldürməsin və yaratmaqdan qalsın.

Vəziyyət: Xarici heyvanı öldürə bilən bəşər daxili heyvanı öldürə bilmir.

Həyat yalansız yaşaya bilmir.
Amal yalanla yaşaya bilmir.

Möcüzə: Cəmiyyətə bulaşmaq və təmiz qalmaq!

Rütbə böyüklüyü: Rəsmi Kaliostroçuluq (kələkbazlıq).

Rəsmiləşən xəlqilik: Ölən xəlqilik.

Fəhlə aqibəti: Xilas olmadan – xilaskar olmaq!

Həyat – adam komediyası, insan faciəsi.

Müasir Azərbaycan – Anti Azərbaycan.

Müasir saray – gədaxana!

Vətənsiz gödənlilər!

Biclərin (Ataları bilinməyənlərin) bicliyi (kələyi).

Küçələrimizi bivec adlarla murdarladılar.

Şər süniliyi sevir, xeyir təbiiliyi.

Özgə dildə danışır ki, sayılsın!

Şəhvət – Həyatın verdiyi səadət.
Qeyrət – Amalın verdiyi səadət.

Şairlər – ya şahların, ya peyğəmbərlərin, ya da həyatın xidmətçiləri.

Kişinin yanında kişi gəzər, kişi tapılmasa, kişi tək gəzər!

Təskinlik: Balaca olduğum üçün böyüyəm.

Özgələşmə: “Böyüklük özgədədir” inamı.

Sadiqlik sədəqəsi.

Həyat doludur: – Kimlə?
Boşalır: – Kimlə?

Şəhvət – cinsi nəşə əsarəti.

Bu günün olmayan:
Bu gündə İnam var.
Amal var.
Dağlar var.
Çaylar var.
Səma var.
Günəş var.
Bu gündə ülvi nə varsa, bu günün deyil, əbədiyyətindir.

Yeni təbəqə: Mənəvi proletariat.

Səfehlər çoxaldıqca dəlilər azalır.

Həsədsizlik:
Qocalıram – sən ki boy atırsan!
Əksilirəm – sən ki yüksəlirsən!
Gedirəm – sən ki qalırsan!

Niyə gəldin, niyə gedirsən?
Gəldim ki, görüm, duyum, anlayım!
Nə gördün?
Gördüm ki, Amaldan başqa həyat yoxdur!
Nə duydun?
Duydum ki, Amaldan başqa həyat yoxdur.
Nə anladın?
Anladım ki, Amaldan başqa həyat yoxdur.
Çünki Amal Həyata sığmır.

Təbiətin şah əsəri – bəşər!
Bəşərin şah əsəri – insan!

Koroğlunun dəliləri – vurğunları!

Heyvanlaşan: Cütləşməkdən başqa cütlük tanımır.

Görümlər: Ağlın gördüyünü göz görmür.
Ruhun gördüyünü ağıl görmür.

Ruhani zadəganlıq: Maddi yoxsulluqdan başlayır.

Bir insan yetirmək bir quruluşu devirməkdən çətindir.

İnsan dəyişməsə – dünya dəyişməz!

Bəşəri fəlakət: Özünə yaxınlaşmamış özündən uzaqlaşdı!

Nikbinlik: “Həyat azdır!” – ideyası.

Xalqı sevmək – əhalini bir nəfərə qədər sevmək deyil. Xalqı sevmək – Haqqı sevməkdir.

Həyat çayında çimən çirklənməyə bilməz!
Qəbahət üçün ölməsən – ləyaqət üçün dirilməzsən!

Müasir Azərbaycan – anti Babək.
Müasir Rusiya – anti Tolstoy.
Müasir Dağıstan – anti Şamil.

Yalanın qapısını tay-tay açıblar bəşərin üzünə. Həqiqətin qapısını bağlayıblar.

“Yetkinlik”: Yalan danışmaqdan çəkinmir.

Yalanı elə danışır ki, doğru görünür. Doğrunu elə qatışdırır ki, yalan olur. Yalanla Həqiqət arasında fərqi unutdular.

Yalanla yallananlar.

Bugünkülərə bənzəmirəm – bundan da böyük bəxtiyarlıq varmı?!

Adam ola bilmirlər, məxluqlar!
Fərəh quraqlığına düşdü ürəklər.
Od tutub yandılar.

Məziyyət: Maksimal ləyaqət, minimal imtiyaz.

Demokratiya oyunu: Hamı hakimlik edəndə hamı məzlum olur.

Həyat insanı yaşatmır – dolandırır.
İnsanı yaşadan Amaldır.

Dünya baş-ayaq olanda ayaq baş olur, baş ayaq.

Həyatın üzünü Amal ağardır...

Mənəvi sanitariya: Beyni hərcayi fikirlərdən, ürəyi hərcayi duyğulardan təmizləmək.

Makarenko: – Pedaqogika Lısenkosu.
Qürub Ayı, 8-il

İlişmələr: Pedaqogika Makarenko ehkamına ilişib, psixologiya Pavlov ehkamına ilişib.

Hay-həşirdə səsmi eşidəcəksən?
Qaçhaqaçda yolmu görəcəksən?
Aldanışda həqiqətmi tapacaqsan?

Nəticə: “Qoparılıb atılan” nə varsa – yenidən cücərir. Əkilən nə varsa – bəhrə vermir.

Çevrilmələr: İnamsız – inama inanmır!
İdraksız – idraka inanmır!
Mənəviyyatsız – mənəviyyata inanmır!
İradəsiz – iradəyə inanmır!

İnamsızın inamı – inamsızlıq!
İdraksızın idrakı – idraksızlıq!
Mənəviyyatsızın mənəviyyatı – mənəviyyatsızlıq!
İradəsizin iradəsi – iradəsizlik!

İctimai mülkiyyət: iqtisadiyyat və əhali.

Geriliklər: İdraki gerilik – marksizm.
İctimai gerilik – sosializm.
İqtisadi gerilik – ictimai mülkiyyət.

Naxırda fərdilik olmur, xüsusilik olmur.
Sürüdə fərdilik olmur, xüsusilik olmur.
Heyvanlar arasında fərdilik olmur, xüsusilik olmur. Fərdilik olmayanda, xüsusilik olmayanda insaniyyət də olmur.

Şərq-Qərb: Bədənini pünhan saxlayanda ruhaniyyat odu yanır.
Bədənini çılpaq saxlayanda ruhaniyyat odu sönür.
Bədəndə aşkar edilməli bir şey yoxdur.
Bədəndə pünhan saxlamalı şey çoxdur.

Kollektivçilik: Pünhan xudbinlik.
Fərdiyyətçilik: Aşkar mənəmlik.

Əmələgəlmə: Bədən heyvandan əmələ gələ bilər.
Ruh heyvandan əmələ gələ bilməz.

Poeziya – Həyata sarılan,
Fəlsəfə – Amala tapınan.

Rəsmiləşən cəsarət qorxur.
Rəsmiləşən həqiqət aldadır.
Rəsmiləşən tənqid tərifləyir.

Həyatın tərbiyəsizləşdirdiyi...

Həyat adamı – Amaldan keçən.
Amal İnsanı – Həyatdan keçən.

Uyğunluq: Qananlar – Yananlar.

Zamançı: Məxluq dilində danışır,
Adam dilində kəkələyir,
İnsan dilini bilmir.

Şərə bulaşmamış xeyiri bəyənmir...

Həyat bulağında çay suyu qaynayır.
Amal çayında bulaq suyu axır.

Qaşda, gözdə, nazda, qəmzədə, qamətdə ülvilik axtarmaq – naşılıqdır.
Poeziya bu naşılığı əbədiləşdirir.

Cismanidə ülvilik yoxdur.
Yalnız ruhani olan ülvidir.

Təbiətdə insan öz ruhunu oxuyur.

Pasport – kölə damğası.

Kollektivçilik antixəlqiliyi.

Fərdiyyətçilik antifərdiliyi.

Yaralarım – yaraqlarım.

Həyat kitabını oxuyub qurtardım. Onda heç bir məna tapmadım... Amal kitabını yazmağa başladım.

Dəlilər azaldıqca səfehlər çoxalır.

Hamıya hörmət eləmək – hörmətsizlikdir.
Hörmət – mənəvi taxtdır. Onda hər kəs əyləşə bilməz!

Adam adama rast gəlir, ancaq insan insana çox az rast gəlir.

Çətinliklərdən çətinlik çəkmirəm.

Hamı ac qalanda belə, yaltağın yalı var.

Yaxşının qazancı – yaxşılıq!
Pisin qazancı – pislik!
 
  Bugün 22 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol