Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Uluyurd hərakatı
 
ULUYURD HƏRƏKATI




– Müqəddəs Ata, Azərbaycanın ictimai-siyasi vəziyyəti ilə bağlı Ata Fikrini bilmək istəyirəm.

Ata: Ürəyinizdə Ata Günəşi Olsun!

Ümumən bu seçkiyə münasibətdə müxalifət özünü idiot kimi apradı. Məyər o bilmirdi ki, onu məğlub edəcəklər? Məyər o bilmirdi ki, yüz adamın içində üç nəfər heç xoruz banı da deyil? Dünən onlar dedilər ki, seçkiləri boykot eləyək, fikirləşdim ki, heç olmasa bir qeyrətləri oldu. Səhərisi İsa Qəmbər atır özünü seçkiyə. Və bilmirmi ki, hakimiyyətə də elə bu lazımdı? Burunlarından o tərəfi görə bilmirlər. Belə müxalifət olmaz ki! Niyə əl çəkmirlər? Partiyalarını niyə bağlamırlar? Bundan sonra neyləyəcəklər bunlar? Utanmaz-utanmaz çıxış eləyirlər parlamentdə. Bilmirsən ki, parlament prezident altıdı? Parlament-zad yoxdu? Onu mən yazmışdım «Müxalifət»də. Çox hiddətlidir Ata, müxalifət məni çox əsəbiləşdirir. Məsələn, Sosial-Demokrat Partiyasının başqa partiyalardan fərqli bir əqidəsi yoxdur. Nəyə lazımdır o partiya? Hardadı sosial-demokratiya? Sosial-demokratiyanın canı odur ki, kapitalizmdən istifadə eləyib gec-tez sosializmə gəlib çıxmaq. Bunun əvəzində bilmirlər heç nəylə məşğuldular? Yoxdu əqidə! Gah maarifçi… Maarifçilik axı sosial-demokratiyanın işi deyil! Yaxşı işdi maarifçilik, ancaq bundan ötrü xüsusi partiyalar var, hərəkatlar var. Onların bircə şöhrətpərəstliyi qalıb, başqa heç nələri qalmayıb; o da balaca.

Azərbaycana Uluyurd hərəkatı lazımdır. Deyəcəyəm nə üçün. Partiyamı olacaq, ya nə, hər halda Asif Ata Ocağı deyil bu. Ya da ki, bu, Hərəkatmı olacaq?.. O sizdən asılıdır. Nə üçün mən bunu deyirəm?

Azərbaycan problemi uzun illər boyu həll olunmayacaq. Atanın işi ayrı işdir. Biz Azərbaycan Göyüyük. Yeri mən deyiləm. Nə baş verəcək Ataya görə? Qarabağ ermənilərinə muxtar respublika statusu nağdıdır. Müxalifət lap zəncir gəmirsin, mənası yoxdur. Rusiya, Amerika və Azərbaycan arasında bu, həll olunub. Erməni də bir az naz eləyəcək; özü də naz eləyir ki, biz burdan əl çəkməyək. Onun da ürəyindəndir. Muxtar Respublika, üstəlik Laçın dəhlizi – Qarabağın erməniləşməsi deməkdir. Onlar elə muxtar respublika düzəldəcəklər ki, onun elə adı muxtar Respublika olacaq. Əslində isə addım-addım, hal-hal öz «Böyük Ermənistan» arzularına doğru yeriyəcəklər. Harda siyasət keçəcək – siyasət, harda keçməyəcək – silah. Sülh yalnız tənəffüs olacaq.

İkinci. Lap Qarabağ problemi həll olunsa da – Azərbaycan xariciləşib. Heç zaman biz belə qeyri-müstəqil olmamışdıq. Qapıları elə açmışıq ki, qapı özü də yoxdur. Qapısız dövlət! Bütün məsələləri xaricilər həll eləyirlər və xaricilər də müxtəlifdir. Biri-birini inkar eləyənlər burda birləşir. Çox pis haldır. Biri-biriylə rəqabətə girənlər Azərbaycanda birləşir. Azərbaycan karvansaralaşıb. Elə bir ölkə yoxdur ki, onun atı karvansaraya bağlanmasın. Hədsiz dərəcədə, bəzən gülünc, bəzən faciəli bir qeyri-müəyyənlik var. İranın başçısı Vilayəti gəlir bura. Başlayırıq Vilayətiyə yalmanmağa, onun səhərisi də İsrailin kitabını alırıq. Və deyirik ki, belə də lazımdı bütün ölkələrlə. Hamıyla dost olanın dostu olmaz. Hamıyla dost olanın çoxlu düşməni olur. Görəcəksiniz, beş ildən sonra Azərbaycanı çox ağır günlər gözləyir. Əvvəlki şüarlarla heç nə eləyə bilməzsən. Müstəqillik, demokratiya nədi – gördü də camaat!..

Üçüncüsü, ən əsası SSRİ təhlükəsi artır. Bütün ölkələrin üstünə kölgə düşür, Azərbaycanın xüsusilə. Mütləq kommunistlər bu dəfə də olmasa, bir neçə ildən sonra hakimiyyətə gələcəklər Rusiyada. O gələn kimi buradakı kommunist də… Özünüz bilirsiniz də kommunist kimdi. Kommunistdə millətçilik yoxdu. Kommunist SSRİ-çidir.

Bütün bunları həll eləyən, buna qarşı duran qüvvə bu saat yoxdur…

Yurdumuzda Uluyurd Hərəkatı yaranmalıdır. Üç məsələ ilə bağlı. Onda ömür daha da mənalı olacaq. Bu işin çox böyük xeyri olacaq. Ulu Yurdumuzu bərpa eləmək! Buna illər yox, əsrlər lazım olacaq! Təəssüflə deyirəm! Asan gəlirdi hamıya: meydana çıxdın, qurtardı. Ata da əlindən gələni edəcək; əgər ehtiyac hiss olunsa məsləhətə, o hazırdır. Bu saat bu lazımdır. Bütün partiyalar ləğv olunsun, bircə partiya, hərəkat qalsın – Uluyurd. Yurdumuz əldən gedir. Heç zaman Yurdun fəlakəti, Yurdun əldən getməsi indiki qədər reallaşmamışdı. Qəribə də gəlsə. Çox belə əcaib səslənsə də – sülhün bərpasından sonra Azərbaycanın vəziyyəti çətinləşəcək.

Və dördüncü.

Sən əgər erməniyə onun silahına görə, bir az da deyək belə – sənin zəifliyinə görə muxtariyyat statusu verirsənsə – onda bəs talışa niyə vermirsən? Talış axı çoxdur ermənidən, Qarabağ ermənisindən. İqtidar da özünü hamılıqçı kimi aparmaq istəyir. Neylədiyini bilmir. Konsepsiya yoxdur. Müəyyən bir fundament yoxdur. Təməlsiz siyasət: nə olar-olar! Başdan-ayağa risk. Və buna qarşı kim durdu? Sosial-Demokrat Partiyası heç bilmir neyləsin; lazımsızdır, bütün partiyalar artıqdır. Uluyurd partiyasına, Hərəkatına ehtiyac var. Bu, partiyadan artıq olacaq. Bu, Hərəkat olacaq. Özü də uzun ömürlü. Azərbaycan problemi çox uzunömürlü məsələdir. Gəl indi açıq deyək. Nəyimiz bizim müstəqil oldu? Heç nə! İqtisadiyyatı biz 30 illiyə verdik Qərbə! Özü də əməlli verdik! Özü də fundamental verdik! Hər şeyi – əsasımızı, təməlimizi verdik. Və siz bunu yaxşı bilirsiniz. Özü də otuz ildən sonra kim deyə bilər ki, onlar burdan çıxıb gedəcəklər? Nə vaxt Qərb hansı ölkədən özü çıxıb, öz xoşuyla çıxıb?

… Mən 30 il müəllim olmuşam. Qərbi də xüsusi şəkildə öyrənmişəm. Qərb İrana bu cür soxulmadı? Müsəddiqin başına o gəlmədi? Elə ondan sonra başladı bütün bu inqilablar.

… Hindistanı götür. Hindistanda balaca bir «Ost İndiya» kimi başladı fəaliyyətə bu şirkət. Sonra «Ost İndiya» hamısını aldı. Bundan ötrü Qandi hərəkatı lazım oldu. 40 il. Getmirdi. İntəhası bizim iqtidara bu lazımdı: Cəhənnəmə olsun məndən sonra. Hakimiyyətə o lazımdı. Klintona da bu lazımdı. Bu belə. İqtisadiyyatımız.

Xarici siyasətimiz başdan-ayağa xariciləşmə siyasətidir. Hansı problemi özün həll eləyirsən?

Mədəniyyətindən danışmağa dəyməz. Hələ cəmi neçə ildi Qərbləşmə gedir bizdə, həyasızlıq, qəribə bir birləşmə alınır: islam qapalılığı, qaranlığıyla Qərb həyasızlığı! Televizora baxmaq olmur.

Bütün buna qarşı Ocaq öz işini görür. Siz də öz işinizi görün.

Tayfaçılığa qarşı hansısa bir yerliçiliyi qoymaq tayfaçılığı əbədiləşdirməkdir. Gərək tayfaçılığa qarşı nə qədər mücərrəd görünsə də, millətçiliyi qoyasan. Onda yalnız tayfaçılığa qələbə çalmaq olar. Onlar naxçıvanlıdır, bunlar ermənistanlıdır… Yerliçilik əsasında yaranan nə varsa, o gec-tez gedib çıxacaq istəsən də, istəməsən də tayfaçılığa… Lap içində nə olur-olsun! Üzdə bu olacaq. Aşkarda bu olacaq. Bir tayfaçılığa qarşı o biri tayfaçılıq. Naxçıvanizmə qarşı Qarabağçılıq və s. Amma mən dediyim Uluyurd Hərəkatı ideyası – o ideya başdan-ayağa millətçilik olacaq. Bu ideya çox çətin də olsa o, bu saat partiya üçün, hərəkat üçün yeganə yoldur.

Azərbaycan əldən gedir. Azərbaycanın bərpa olunması çox uzun prosesdir. Sülhdən sonra vəziyyət daha da çox gərginləşəcək. Mürəkkəbləşəcək. Mənim fikrim belədir.

Olan ziyanlardan nəticə alın. Siz Atadan cavansınız: niyə belə oldu? Qardaş kimiydiniz: öpüşürdünüz. Nooldu? İnsan olmadı. Əsil əqidə adamı olmadı.

…Mənə altı dəfə zəng elədilər ki, gəl meydana. İndi mən bunu açıq deyə bilirəm. Altı dəfə! Dedim ki, mən meydan adamı deyiləm. Meydandan heç nə çıxmayacaq. Görürsünüz, heç bu məsələni demirlər! Yazmırlar! Getmədim.

Əsas o oldu ki, Azərbaycan İdeyası meydanda başladı, meydandan kənarda boğuldu. Ayrı ideyalar gəldi: hakimiyyət, var-dövlət, özümü harada görürəm… Balaca-balaca adamlar özlərini böyük saydılar. Pənahın adı nə idi? Nə idi o? O laborant. Gəldi birdən-birə ictimai xadim oldu. Siyasət bəzən balacaları böyüdür. Amma tam yox: beş gün, on gün. Sonra nə varsa, hamısı uçub gedir.

Amma Uluyurd İdeyası – karyerist bura gəlməyəcək; burda vəzifə yoxdur; burda, doğrudan da fədakarlıqdan başqa heç nə yoxdur. Ona görə də belə bu ideya ətrafında adamlar az olsun, Atanın ətrafındakı kimi. Əməlli qaymaq olacaq: beş nəfər olacaq, amma qaymaq olacaq. Beş milyondansa beş nəfərin olması daha yaxşıdır. Və tədricən o, arta bilər. Adı da ki, çox yaxşıdır: Uluyurd Hərəkatı. Ağlıma gəldi, axşam gəldi. Məndə Ocaq İdeyaları birdən-birə gəlir. Amma o, illərnən hazırlanır. Bu, elə bir İdeyadır ki, çox təəssüflə onu deyirəm; bu bir ilin söhbəti olmayacaq. Beş nəsil, on nəsil, bütün nəsillərin işidir bu! Yurd Azərbaycanda çox çətin qurulacaq, amma mütləq qurulacaq.

A. Hüseynov: Ata, bəs maliyyə məsələsini necə həll etməli?

– Maliyyə məsələsi. Camaatla yaxşı dil tapmaq lazımdır. Camaatla danışmaq lazımdır. Lap kənd-kənd gəzmək lazımdır. Camaat görəcək ki, sənin ayrı heç bir imtiyazın yoxdur, sən doğrudan da Uluyurd İdeyasıyla yaşayırsan. Yeddi milyonun hərəsi 1 manat versə, bəsdir. Niyə gedib ondan-bundan almalısan? Ataya baxmayın. Ocağa olmaz belə şey. Amma Uluyurdçu bunu eləyə bilər.

Bu mənim tam inandığım ideyadır. Bir dəfə də ətraflı söhbət eləmək olar. Bu İdeyadan ötrü yaşamağa dəyər. Yoxsa Sosial-Demokrat Partiyası, ideologiya… O Sosial-Demokrat Partiyası iki adamdı da ümumbəşəri mənada. Brandı verib – o da öldü getdi. Heç nə qalmadı. Bir də Palme. İsveç. Bunlardı da!..

İkinci internasional. 40 ildən çoxdu – nə verib, söhbətdən başqa? İsveç də həmçinin. Avstriyada da onlar məğlub oldular. Amma Uluyurd elə ideyadır ki, bunsuz bir saat da yaşaya bilməzsən.

…Hələ ki, Ata səhv eləməyib və eləməyəcək də. Qərb özünün öz dairəsini aşıb dünyalaşmasıyla özünə çox böyük ziyan verdi. 85-ci ilə qədər Qərbin dünya ilə əlaqəsi vardı, amma bu dərəcədə də öz dairəsini aşıb dünyaya sel kimi çağlamamışdı. Hər halda Qərb öz Qərbliyində qalırdı, müəyyən bir nizam vardı, müəyyən bir qanun vardı, müəyyən bir dairə vardı. O dairədən də SSRİ qoymurdu bunu çıxmağa. Və təbiidi ki, bu dairədə onun Şərqə münasibətində də müəyyən bir məhdudluq vardı. Çin kimi dağ durmuşdu bunun qabağında, sonra SSRİ adlanan imperiya durmuşdu bunun qabağında. O dövrdə İran Xomeynisi kimi çox eybəcər olsa da – güclü nəsə bir qüvvə durmuşdu bunun qabağında. İndi ki, SSRİ çəkildi, bu sevindi uşaqcasına və başladı necə var, o cür yeriməyə. Özünə nəzarətsiz-filansız. Vaxtını deyə bilmərəm. Bu, Qərbin sonudur. Atanın fikirlərinin doğruluğunu görəcəksiniz. Qərbi bundan sonra balaca-balaca lokal məğlubiyyətlər gözləyir. O lokal, balaca məğlubiyyətlər böyüyüb böyük bir məğlubiyyətə çevriləcək. Çünki hər bir işin, adicə bir orqanizmin, əşyanın öz nizamı var. Həddi var. Qalmalısan bu həddə. Hətta gözəllik də belə. Hədd aşılanda adam eybəcər olur. Elə deyilmi? Burda da həmçinin hədd aşıldı. Qərb indi heç bir müqavimətə rast gəlmədən bu gün təyyarəyə minib Çinə gedə bilər, ordan yüyürüb Qazaxıstana gələ bilər, ordan Türkiyəyə, nə istəyir ayağının altındadı bu dünya! Ona görə də ayağının altından yer qaçır. Rusiya indi ilan vəziyyətindədir. Rusiya fısıldayır. Kəndçiyik, bilirik də, ilan fısıldayanda deməli o, sancacaq. Əvvəl Rusiya axmaqcasına elə bildi ki, bütün bu Qorbaçovşina bunun xeyrinədir. Stalin gedəcək, totalitarizm olmayacaq, azadlıq olacaq… Qorbaçovşinanın nə olduğunu dərk etmədilər. Qərb də yaxşıdı: orda azadlıq var, demokratiya var. Hər bir kəs özü mülkiyyət sahibi olacaq. Vauçer var. Uşaqdı o, xalq uşaqdı! Neyləyəsən?! Amma Ata o dövrdə «Qorbaçovşina əks-inqilabı» kitabını yazdı. Orda hamısı var. Və buna görə də çox sevindi, filan elədi, Qorbaçovu lap dahi saydı, yadınızdadırmı? Hər şey təzəydi, Qorbaçov hamıyla danışır, get-gəl… Çox böyük hay-həşir, çox böyük sensasiya deyirlər buna. Hay-küy əmələ gəldi. İndi ayılıb! İndi ilan ayılıb. Jirinovski dəlidir! Dəlidi, amma dəlilərə qarşıdı. O səfeh qərbçiliyə qarşıdı. Bu saat əyər «Rusiya nədir?» halını desən, antiqərbdir. Hətta Yeltsin özü də hakimiyyəti saxlamaq üçün yavaş-yavaş özünü başlayıb guya ki, millətçi kimi göstərməyə. Və burdan da Qərbi rus ilanı – Rusiya onu sancacaq. Kefi istəyən kimi.

İndi keçirik Şərqə. Şərqi indi bax, gərək bu vəziyyətdə təhlil eləyək. Və belə olduqda Şərqsiz keçinə bilməzsən. Qərb özünü xilas eləmək üçün Şərqdən yapışmalıdır. Rusiya özünün o zəhərini tökmək üçün burdan yapışmalıdır. Və söhbət ondan gedir ki, Qərb nə qədər imkanı var – Qərbləşdirsin Şərqi, rus nə qədər imkanı var – ruslaşdırsın Şərqi. Və fəlakət ondadı ki, bunlara qarşı çıxış eləyənlər olur islamçılar. Ən səfeh adamlar, ən murdar adamlar! İndi yazıq Şərq qalıb islamla Qərb arasında! Zənnimcə, Şərq ölkələrində Uluyurd Hərəkatları olacaq.

Şərq həm qərbləşir, həm ruslaşır, lakin içəridən bizdəki kimi daxildən də Uluyurdçuluq baş qaldıracaq. Məsələn, Türkiyədə. Türkiyədə qaldırıb yəqin ki. Çünki Alp Arslan Türkeş bir şey eləyəmmir. Bütün hər yerdə təzə millətçilik baş qaldıracaq. Buna reaksiya kimi. Axı biz inanmırıq ki, orda da heç kəs yoxdu. Belə dəhşətdə, Azərbaycanda 5–6 nəfər var hər halda. Orda da yəqin var. Altdadı da – bizim kimi, qərbləşmə, ruslaşma artdıqca – bu, artıq var – iki qoçun biri-biriynən davasından üçüncü qoç qələbə çalmalıdı. Mənə görə təbiidi, bir 50–60 il bu, davam eləyəcək. Bəlkə də belə çətin olmazdı. Bir var başlayanda millətçi kimi başlayasan. Başlandı bir xaos kimi; hərə ağzından bir şey dedi. Bəli, mən yenə o fikirdəyəm ki, o dövrü keçirmədik – millətçilik dövrünü – bu, bizim çətinliyimizi artırdı. Mən demirəm ki, onunla biz öldük. Yox, ölmədik. Amma daha yaxşı olacaqdı. Bir neçə il itirdik. Nə qazandıq? Elə bil ki, 85-ci ildən əvvəlki dövrdə talantlı adamlar daha çox idi…

– Ata, maraqlı söhbət üçün təşəkkür edirəm.

Ata: Qaranlıqlar Yarılsın!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Daxilinizdəki Mütləq Sizə Yar Olsun!



Söhbəti apardı: Abil Hüseynov.

6 Günəş ayı, 18-ci il. Bakı.

(Mart, 1996).
 
  Bugün 2 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol