Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Yeddi içsəs
 

(Asif Ata)
YEDDİ İÇSƏS
AZƏRBAYCANIMIZ –
AZƏRBAYCANLIĞIMIZ
ZƏRDÜŞTLÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ

1
Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.
Ancaq Mənanı xarici gözlə görmək olmaz.
Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar.
Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində.
Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var.
Azərbaycanımızın Birinci Böyük Fərəhi – Zərdüştçülükdür.
Azərbaycanımızın İkinci Böyük Fərəhi – Xürrəmdinlik – Babəklikdir .
Azərbaycanımızın Üçüncü Böyük Fərəhi – Dədə Qorqudluqdur – Ağsaqqallıqdır.
Azərbaycanımızın Dördüncü Böyük Fərəhi – Hürufilikdir – Nəimilik–Nəsimilikdir.
Azərbaycanımızın Beşinci Böyük Fərəhi – Füzulilikdir.
Azərbaycanımızın Altıncı Böyük Fərəhi – Muğamdır.
Azərbaycanımızın Yeddinci Böyük Fərəhi – Sazdır.
Azərbaycanımızın Birinci Böyük Kədəri – Midiyanın Süqu¬tudur.
Azərbaycanımızın İkinci Böyük Kədəri – Babəkin Qətlidir.
Azərbaycanımızın Üçüncü Böyük Kədəri – Çaldıran Fəla¬kətidir.
Azərbaycanımızın Dördüncü Böyük Kədəri – Türkmənçay Yırtı¬cılığıdır.
Azərbaycanımızın Beşinci Böyük Kədəri – Milli Hökumətin devrilməsidir.
Azərbaycanımızın Altıncı Böyük Kədəri – 20 Yanvardır.
Azərbaycanımızın Yeddinci Böyük Kədəri – Xocalı Faciəsidir.
Azərbaycanımızın sabahını – Ocaqda, Ocaqçılıqda görürük; Atalıqda, Evladlıqda.
Mütləqə İnamda görürük.
Ruhani cəmiyyətdə görürük.
Müstəqil Vətəndə görürük.
Özümlü Şərqdə görürük.

Azərbaycan Ruhunun izharını Zərdüştçülüyümüzdən başlayı¬rıq.

2
Zərdüştçülükdə peyğəmbərlik başlayır: Vəcd, Vəhy, Eşq, Ehti¬zaz vasitəsiylə İnam yaratmaq, İnamı Ağıllara, Ürəklərə, Aqibətlərə həkk etmək Əməli.
Zərdüşt Peyğəmbərliyi yarananda Budda yox idi, Musa yox idi, İsa yox idi, Məhəmməd yox idi.
Zərdüşt Peyğəmbərliyində Qismətçilik yox idi, Təskinlik yox idi, Cənnət-Cəhənnəm, Huri-Pəri miskinliyi yox idi.

3
Zərdüştçülükdə Hürmüzd İşığıyla Əhrimən qaranlığı arasında Döyüş var; İşıq Allahı – Hürmüzd Qaranlıq Allahı – Əhrimənlə Yerdə, Göydə döyüşür, İnsanın Daxilində – Fikirdə, Duyğuda, İra¬dədə, Əməldə döyüşür; Hürmüzd İşığı gərəkdir Dünyaya – Qaran¬lıqları Yaran – İşıqlanmalıdır Dünya.
Fəlakət Səadətlə İşıqlanmalıdır; Həsəd Heyrətlə, Qorxu Cəsarətlə, Həqarət Ləyaqətlə, Hərislik Səxavətlə, Dönük¬lük Sədaqətlə, Zülm Ədalətlə, Hərcayilik Müqəddəsliklə.
İşıqla Qaranlıq Təzadından Dünya ikiləşib.
İkilik aradan qalxmalı, Hürmüzd Əhrimən üzərində qələbə çalmalıdır, çalacaq; qaranlıq Dünyadan çəkiləcək, Dünya işığa qərq olacaq.

4
İşıqla Qaranlığın Döyüşü İnsanda baş verir;
İnam adlı Hürmüzd – İnamsızlıq adlı Əhrimənlə döyüşür;
Xalislik Naqisliklə, Müdriklik Naşılıqla, Saflıq Günahla, İnsa¬nilik Heyvaniliklə döyüşür.
Daxili Aləm İşığa qərq olur, Dünyanı İşığa qərq edir. İnsan İşıqlandıqca Dünya İşıqlanır.
İnsan – İşıq Yoluna düşür, İşıq Yolu olur.

5
Dodaq Yalandan təmizlənir, Beyin Xurafatdan təmizlənir, Əl Haramdan təmizlənir.
Təmiz Söz, Təmiz Fikir, Təmiz Əməl yaranır.
Zərdüştə böhtan atıb onu Zinalıq təbliğində günahlandırırlar: Zinalıqla Təmiz Əməl Tələbi biri digərini inkar edir.
Zərdüştdə Cənnət-Cəhənnəm, Allah xofu tapırlar: Cənnət-Cəhənnəm Hürmüzd Qələbəsinin labüdlüyüylə, Dünyanın özündə (o Dünyada yox!) yaranacaq İşıq səltənəti İnamıyla bir araya sığmır; Qorxu – Hürmüzd hünərinin İnkarıdır.
Zərdüştü sonrakılar bədnam eləməyə və özümləşdirməyə – özünə bənzətməyə cəhd göstəriblər.

6
Od – Zərdüştdə İşıq Rəmzidir. Atəşpərəstlər, əslində İşıqpə¬rəstlərdir.
Zərdüşt Odu – Qaranlıq yaran Oddur, Prometey Odu – isidən. Od – Yanmaq Rəmzidir.
Yanmasan – İşıqlanmazsan, Təmizlənməsən – Dünya İşıqlanmaz, Təmizlənməz.
Od çirk götürmür, çirki yandırıb yox eləyir.
Oda səcdə – İşığa səcdədir.
Od qorumaq – əslində İşıq qorumaqdır.
Azərbaycançılıq – əslində İşıqçılıqdır.

7
Zərdüştdə Bədən Ruhdan asılıdır.
Bədəni urvata mindirən ruhdur.
Ruhdan məhrum olan Bədən urvatsız olur.
Amansız səslənir bu İdeya.
Ruh Zərdüştdə cismani enerji deyil – İdrakdır, Mənəviyyatdır. İnsan öləndə Bədən İdraksızlaşır, Mənəviyyatsızlaşır.
Zərdüştdə ölü bədənə hörmət yoxdur – ölünün O Dünya Yolu yoxdur; o «Axirət Dünyası»na heç nə aparmır, ölü bədən heç olur.
Misir xurafatına (ölünün mumiyalanması) qarşı çevrilmiş bu fikirdə gələcək xurafatların inkarı var.

8
Dinlərin hamısı Xeyir–Şər təzadı əsasında qurulub. Xeyir–Şər Təzadı Hürmüzd–Əhrimən İkiliyinin Təzahürüdür.
Dini ikiliyin (Dualizmin) canı Zərdüştçülükdür.

9
Dinlər Xilaskarlıq – Messiyaçılıq İdeyası əsasında qurulub. Messiyalar – Dini xilaskarlar – Hürmüzd çeşidləridir.
Ən məşhur Hürmüzd İsadır – Əhrimənlə döyüşdə çarmıxa çəkilən, ancaq «ölməyən, dirilən, qayıdacağı gözlənilən».
Musa, Məhəmməd timsalında da Hürmüzd canlandırılır – şəxsiyyətlər əfsanələşir.

10
Buddaçılığın Əsası – Daxili Təmizlik İdeyasıdır – İmtina vasitəsiylə Ruhu ram etməkdir.
Bu ideya Zərdüştün Təmizlik Yolunun davamıdır: – İfrat davamıdır, istəklərin inkarıdır – ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır.
Zərdüştdə İnsan naqis istəklərindən əl çəkirdi, Buddada bütün istəklərindən.
Zərdüştün Məqsədi – Hürmüzd Dünyasıydı, Buddanınkı – Nirvana – Mütləq Ruhani Sakitlik.
Zərdüştdə Təmizlənmək – Yanmaq idi, Buddada – sönmək.
Zərdüşt Odundan Budda külü törədi!..

11
Platonçuluq – İdeyalar – Əşyalar təzadına əsaslanır: Platonda Həyat – İdeyanın kölgəsidir.
Bu fikirdə Hürmüzd – Əhrimən, İşıq – Qaranlıq ikiliyinin təza¬hürü görünür.

12
Dialektika (Heraklit, Hegel) əksliklərin – təzadların, ziddiyyət¬lərin döyüşü və vəhdəti əsasında qurulub.
Bu ideyada Zərdüştçülük duyulur.

«Dünya – təzadlar döyüşüdür!» – dialektikanın dediyi bu fikri əvvəl Zərdüştlük deyib.
Fərq ondadır ki, Zərdüştdə Əksliklər Vəhdəti yoxdur – yalnız əksliklər Döyüşü var və həqiqət bizcə Zərdüştün tərə¬fin¬dədir.
Təzadlar bir yerdə olanda belə, Bir olmurlar!

13
Babək Fərəh dini yaratmışdı.
Babək fərəhində Hürmüzd İşığı yanırdı.
Babək özündə Şirvin gəzdirirdi, bu, Şirvin adlanan Hürmüzd idi.
Babək Hürmüzdlük eləyirdi – Əhrimənlə döyüşürdü.

14
Sufilər Eşq Əhli idilər, İlahiliyə Atəşin Eşq bəsləyirdilər. Odluy¬dular, Eşq Odunda alışıb-yanırdılar. İşıqlıydılar.
Aşiqlikdə – Təmizlənirdilər, Şəriətləşirdilər, Mərifətləşir¬dilər, Təriqətləşirdilər: İşıqlı hallar keçirirdilər – İşıqlanırdılar – İlahiliyə qovuşurdular.
Hürmüzd İşığıydı həmin Eşq – Qaranlıqları Yaran Odlu Əməl.

15
Kimdir Zərdüşt, kimindir Zərdüşt?
Midiyalıdır, Midiyanındır – Azərbaycanlıdır, Azərbayca¬nındır.
Yeni eradan əvvəl VI əsrdə indiki Cənubi Azərbaycanda hə¬yata gəlmiş, yaşamışdır.
Əsərlərinin çoxu Makedoniyalı İsgəndər tərəfindən yandırıl¬mış, yandırılmayanlar – Pəhləvi dilinə tərcümə olunmuşdur.
Midiyanın Süqutundan sonra Əhəmənilər dövründə Zərdüştlük İranın dövlət dini olub.
Midiyadan – Azərbaycandan Dünyaya İşıq saçıb Zərdüşt.
Zərdüşt – Azərbaycanındır, Şərqindir, Dünyanındır.

16
Zərdüştlüyə qayıtmağa çağırmırıq.
Hürmüzd İşığına qovuşmağa çağırırıq.
Əzəli Ocaqlığımıza çağırırıq.
 
  Bugün 16 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol