Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Özümlük-Özgəlik
 
nsanları bir-birinə bərabər saymadan onların bir-birindən fərqini dərk etmək olmaz. Fərqlilik Bərabərlıq üzərində bilinir. *** Bürokratiya – çoxrəislik, çoxkağızlıq, Ruhsuzluq deməkdir. Nə qədər Dövlət Var – Bürokratiya yaşayacaq. Çünki Ağalıq – Bürokratiya Tələb eləyir. Nökərlik – Bürokratiya Tələb eləyir. Təbəqəlik – Bürokratiya Tələb eləyir. Özgələşmə – Bürokratiya Tələb eləyir. Bürokratiya aradan qalxsa – Dövlət məhv olar. 20 Ümid günü, Şölə Ayı, 17-ci il.Bakı. İyun. 1995-ci il. *** Təbiətdəkiləri Təbiət idarə eləyir – İnsanı özü. Bu, İnsanın ilkin Azadlığıdır ki, cəmiyyət onu İnsanın əlindən alır. *** İdrak Ağalığı – əslində Ağa İdrakıdır. İdrak Nökərliyi – əslində Nökər İdrakıdır. İdrak Təbəqəliyi – əslində Təbəqə İdrakıdır. İdrak Özgəliyi – əslində Özgə İdrakıdır. *** İnsan Təbiətin Təzyiqindən çıxa bildi – cəmiyyətin Təzyiqindən çıxa bilmir. Təbiətin Təzyiqindən çıxmaq üçün – Adam olmaq kifayət idi; cəmiyyətin Təzyiqindən çıxmaq üçün İnsan olmaq gərəkdir. *** İnsan öz İnsaniliyiylə – Təbiətdən Fərqlənir. Təbiət İnam tanımır, İdrak tanımır, Mənəviyyat tanımır, İradə tanımır. İnsan öz İctimailiyiylə Təbiəti Davam etdirir... Ağalıq – Təbiətdəki Yırtıcılığın Davamıdır. Nökərlik – Təbiətdəki Zalımlığın Davamıdır. Təbəqəlik – Təbiətdəki Yadlığın Davamıdır. Özgələşmə – Təbiətdəki Yağılığın Davamıdır. İnsan – cəmiyyətdə Özündən Aşağıdır. Cəmiyyət – İnsanın əksilməsidir... *** Xalq Kimisə – Hakimiyyətə seçirsə – bunun nəyi Hakimiyyətdir? Seçilmək – Hakimiyyətdir, Seçmənin nəyi Hakimiyyətdir? *** Qoy cəmiyyət qalsın – ancaq Ağalıq olmasın, Nökərlik olmasın, Təbəqəlik olmasın, Özgəlik olmasın – onda əslində cəmiyyət də qalmaz. *** Başları bu qədər Boş olanların – Yerişləri niyə belə Ağır olsun? *** İctimai Portret. Sifətində Təkəbbürdən başqa Ağırlıq Yoxdur. *** İnsanın Təbiət tərəfindən İdarə edilməsi Fikri – İnsanı əksildir. Təbiətin İnsan tərəfindən İdarə edilməsi Fikri – Təbiəti əksildir. *** Dağıdıcı nə varsa o gec-tez dağılmalıdır. Şopenhauerə görə Dağıdıcı və Şər güc olan Dünya niyə özünü dağıtmır? *** İdraksız və Şər İradənin İşi Dağıtmaqdır. Belə olduqda O, Dünyanı niyə Dağıtmır və onu necə yaradıb; və ümumən İdraksız və Şər İradə nə yarada bilər? *** Kantda – İnsanı Təbiət İdarə eləyir; Dövlət Təbiətin iradəsini ifadə eləyir: beləliklə də Kantda Dövlət – Təbiətləşir və Əbədiləşir. *** İnsan Təbiətdən Adamlıq səviyyəsi aldı, həmin səviyyə onu cəmiyyətləşdirdi; həmin səviyyədən çıxmaq istəyir – İnsan ola bilmir. Özünə sahib ola bilmir – Cəmiyyət ona sahib olur. *** İnsanı cəmiyyət İdarə etdiyindən – İnsan İnsaniliyə çata bilmir. İnsan özünü İdarə eləyəndə – İnsaniliyə çatacaq. *** Bütün canlılar Həyatda özlərini Aşkarlayır; İnsan özünə çatır. *** Hər istədiyini eləyən Adam – Azad deyil – İnsaniliyin istədiyini eləyən Adam – Azaddır. Naqis istəyə Yetən Adam – Əsarətə Yetir əslində. Kamil istəyə Yetən – Azadlığa Yetir. İnsaniləşməyən – Azad olmur. Bu səbəbdən də Dünyada Azad Adam çox azdır. *** Hal. Ləyaqəti özünə sığışdırmır. *** Şopenhauerdə Dünya İdraksız və Şər İradəni ifadə edir. Kantda və Hegeldə Dünya nə qədər İdraksız görünsə də – əslində İdrakidir. Materializmdə Dünya cismaniliyi ifadə edir. Bu iddiaların heç birində Dünyanın Mütləqiliyi Təsdiq olunmur... İdraki olmaq – hələ Mütləq olmaq deyil. Mütləqi dərk etmək – ifadə etmək, əks etdirmək – hələ Mütləqin özü olmaq deyil. Köhnə filosofların bir çoxu Dünyada Allah üçün Yer qoyurlar. “Dünya özü Mütləqdir!” Həqiqətinə gəlib çıxan Filosoflar Yox dərəcəsindədir. *** Adamda İnsandakılar da Var – Heyvandakılar da... Adamda İnsandakılarla Heyvandakılar Döyüşür. Həmin Döyüşdə İnsan Qələbə çalanda Adam İnsan olur; Heyvan Qələbə çalanda – Adam Heyvan olur. *** Cəmiyyət – Mədəniyyətə sahib olsa – Mədəniyyət Ağalaşar, Nökərləşər, Təbəqələşər, Özgələşər. Xoşbaxtlıqdan Cəmiyyət Mədəniyyətə tam Sahib ola bilmir. Mədəniyyət – İnsaniliyə xidmətini davam etdirir... *** İnsan ömrünün bir Mənası Var – Mənaya çatmaq. Cəmiyyət İnsanı bu Mənadan Ayırır – ömrü Mənasızlaşdırır. Ağalıqda – Məna Yoxdur. Nökərlikdə Məna Yoxdur. Təbəqəlikdə Məna Yoxdur. Özgəlikdə Məna Yoxdur. *** Demokratiya – nəhəng Aldanışdır. Pulçuluq əsasında Xalq hakimiyyəti nə deməkdir? Siyasətçilik əsasında Xalq hakimiyyəti nə deməkdir? Dinçilik əsasında Xalq hakimiyyəti nə deməkdir? *** Heyvan – bəsit və yeknəsəqdir. İnsan – Mürəkkəb və qarışıqdır. Heyvan – Heyvandan ibarətdir; İnsan – Adamlıq səviyyəsində İnsandan və Heyvandan ibarətdir. Bu səbəbdən də o, İnsaniliyə çata bilmir. İnsan Adamlıq səviyyəsini ötə bilmədən İnsaniliyə çata bilməz. Özündəki Heyvandan Ayrılmadan – İnsan ola bilməz. 21 Dözüm günü, Şölə Ayı, 17-ci il.Bakı. İyun. 1995-ci il. *** İnsan Həyatının Mahiyyəti – Cəfəng deyil. İnsaniliklə Cəmiyyət arasında Təzad – cəfəngdir. İnsanın İnsaniliyindən Ayrılmış surətdə Cəmiyyətdə əsrlər boyu Yaşaması – cəfəngdir. Cəmiyyət – özü cəfəngdir. *** Berdyayev Şəxsiyyəti cəmiyyətə qarşı qoyur ki, onu Dinə bağlasın. Cəmiyyət Əsarətindən çıxan Şəxsiyyət Din əsarətinə düşür. Filosofun Şəxsiyyət Özümlüyü haqqında Fikri havadan asılı qalır. Cəmiyyət tərəfindən İnkar edilən Özümlük – indi Din tərəfindən inkar edilir... *** Hegelə görə Tarixin Mahiyyəti – Azadlıqdır. Əslində Tarix – ən çox Əsarət Azadlığıdır. 26 Arzu günü, Şölə Ayı, 17-ci il.Bakı. İyun. 1995-ci il. *** İnsanın Ağaya çevrilməsi – onun İnsanilik qarşısında günahıdır. İnsanın Nökərə çevrilməsi – Onun İnsanilik qarşısında günahıdır. Ağa–Nökər münasibətləri – Günahdır. Cəmiyyət – həmin münasibətlər əsasında qurulub; o, İnsanın günahıdır. *** Berdyayevdə İnsaniliyi İlahilik müəyyən eləyir... və beləliklə də Şəxsiyyətin əsas xassəsi olan özümlük rədd olunur. Cəmiyyətin sərəncamından çıxarılan Şəxsiyyət Dinin sərəncamına verilir. Özümlüyü şəxsiyyətin əsası sayan filosof şəxsiyyəti özümlükdən məhrum eləyir. *** Dövlətin Rəiyyət üçün Yarandığı – Yalandır. Dövlət – Rəiyyət Yaradandır – Dövlət olmasaydı – Rəiyyət olmazdı. Dövlət – İnsanı Rəiyyətləşdirir, Rəiyyəti – İnsanlaşdırmır. Dövlət – Rəiyyət Yaradır ki, Yaşasın. Dövlət – Rəiyyət Yaratmasa – Yaşamaz. *** İnsan İnsan üzərində Ağalıq eləmir, – Ağa nökər üzərində Ağalıq eləyir; – yəni İnsan Ağalıq üçün İnsaniliyindən keçib – Ağaya çevrilir; həm də başqasını İnsaniliyindən keçdirib – Nökərə çevirir. Beləliklə də Ağalıqda İnsan Yüksəlmir – Alçalır; çünki İnsaniliyindən Ayrılır. 27 Ümid günü, Şölə Ayı, 17-ci il.Bakı. İyun. 1995-ci il. *** Freyd İnsanda ən güclü İnstinkti – Şəhvət (Libido) sayır. Əslində isə İnsanda ən güclü və ən dağıdıcı İnstinkt – Ağalıqdır... Cəmiyyəti Ağalıq instinkti yaradıb – həmin instinktdə yaşadır. İnsanlaşma – Ağalıq instinktinə qarşıdır, onun nəticəsində cəmiyyət aradan qalxacaq – Xəlqi Birliklə əvəz olunacaq. *** Özüylədöyüşdə ən çətin Əməl – Mənfi instinktlərlə döyüşdür. Mənfi instinktlərlə döyüşə bilməyən – özüylə döyüşdə qələbə çala bilməz. *** Dövlət Ruhaniləşdikcə – aradan qalxacaq. *** Dövlətin yaratdığı nizamda insanilik yoxdur, – bu səbəbdən də o, Mahiyyətcə nizamsızlıqdır. İnsanilik olmasaydı – Dövlət nizamına ehtiyac olmazdı. İnsanilik olmadığından Dövlət nizamına ehtiyac yaranır. Dövlət Nizamını İnsanilik əksikliyi yaradır. *** Dövlət Ağalıq Ehtirasından yaranıb – Ağalığı yaşadır. Dövlət Ağalıq Qaydası yaradıb. Ağalıq – Nökərlik yaradıb – Nökərliyi yaşadır. Dövlət Nökərlik Qaydası yaradıb. Ağalıq – Təbəqəlik yaradıb – Təbəqəliyi yaşadır. Dövlət Təbəqə Qaydası yaradıb. Ağalıq – Özgəlik yaradıb – Özgəliyi yaşadır. Dövlət Özgəlik Qaydası yaradıb. *** Dövləti – Xidmət saymaq – Yalandır. Ağalıq xidməti olmur. Nökərlik xidməti olmur. Təbəqəlik xidməti olmur. Özgəlik xidməti olmur. Dövlət – Adamlara xidmət eləmir; Adamlardan özünə xidmətçi yaradır. *** Dövlət – Xalqı Təmsil eləmir; – Xalq üzərində öz Ağalığını Təmsil eləyir. *** Marksistlər Dövləti – Bir sinfin başqa sinif üzərində Ağalığı sayırlar. Əslində isə Dövlət – Bütün Siniflərin Ağasıdır. Ağalıq – Dövlətin əsasıdır. Bu səbəbdən də İnsanilik baxımından Dövlət – əsassızdır. *** Dövlət – Ümumi Xeyiri ifadə eləmir; Ümumilik üzərində Ağalıq Faydasını ifadə eləyir. *** Aristotelə görə Dövlət Xeyirxah və xoşbaxt Həyata xidmət eləyir. Deməli – Ağalıq adlanan Şər – Xeyirə xidmət eləyir. Təbəqəlik adlanan Şər – Xeyirə xidmət eləyir. Nökərlik adlanan Şər – Xeyirə xidmət eləyir. Özgəlik adlanan Şər – Xeyirə xidmət eləyir... Dövləti Xeyirləşdirməklə – Aristotel Şəri Xeyirləşdirir əslində. 29 Mərhəm günü, Şölə Ayı, 17-ci il.Bakı. İyun. 1995-ci il. *** Şopenhauerdə Dahilik – İnsanın özünü – Dərk etdiyində Unutması, İtirməsidir. Əslində isə Dahilik – İnsanın Dərk etmə vasitəsiylə özünün Mahiyyətinə Yetməsidir. Bu səbəbdən də Dahilik – Obyektivlik olduğu dərəcədə – Siubyektivlikdir. Burada özünüitirmə – özünütapmaqdır əslində. *** Hegel – gerçəklikdə baş verən nə varsa – Zəruri sayır; Quldarlığı bəşər tarixinin Zəruri mərhələsi hesab edir. Bu Zərurətçilik – əslində Qismətçilikdir. Hegel Rasionalizmi – Dinə xidmət eləyir və sonradan marksizm dininin Təməlinə çevrilir. *** Mədəniyyət cəmiyyəti pozmur – cəmiyyət mədəniyyəti pozur. *** Ümumi Xüsusini məhdudlaşdırmır – Zənginləşdirir, – onu Mahiyyətə, Mənaya Yüksəldir. Mücərrəd – Xüsusini məhdudlaşdırır; onu Bütövlükdən Ayırır. Ruhanilik – Ümumilikdir. İctimailik – Mücərrədlikdir. Ruhanilik – Zənginlikdir. İctimailik – Yoxsulluqdur. *** Dövləti yaşadan – İnsani naqislikdir. Adam İnsan olmayınca – Dövlət yaşayacaq. *** Təbii Həyat – Ruhani Həyat. Süni Həyat – İctimai Həyat. *** Hobbsda Dövlət “Hamının Hamıyla Davasından” xilas olmaq üçün yaranıb. Əslində Dövlətin yaranmasıyla “Hamının Hamıyla Davası” aradan qalxmadı, o, yalnız Biçimini dəyişdi. Onu – yalnız İnsanlaşma aradan qaldıra bilər. İnsanın Dövlətə Ehtiyacı olmayanda, “Hamının Hamıyla Davası” aradan qalxacaq. *** İnsanların Təhlükəsizliyini qorumaq üçün yaranan Dövlətdən İnsan – öz Təhlükəsizliyini qorumalı olur. İnsanlar öz Təhlükəsizliyini Adamlardan qoruyurlar. İnsanların Təhlükəsizliyini İnsanlar qoruyurlar. Dövlət İnsanlardan öz Təhlükəsizliyini qoruyur. *** Hobbsda Dövlət – Adamların özlərinə sahib olmaq haqqından keçmələri sayəsində yaranır. Özünə sahib olmaq haqqından keçmək – İnsaniliyə ziddir. Beləliklə Dövlət – əslində İnsaniliyə zidd qurumdur. İnsanlaşma – Dövləti aradan qaldırmaqdır; insanın özünə sahib olmaq haqqı bərqərar olmalıdır; insan – İnsaniliyə çatmalıdır. *** Dövlətin Elmə Yiyələnməsi – Elmi Yiyəsiz qoydu... *** Kantda – Predmet İnsandan kənarda olduğu dərəcədə Həqiqidir. Berdyayevdə – Predmet İnsanla əlaqədar olduğu dərəcədə Həqiqidir. Əslində isə – İdrak Həqiqəti Dərk etdiyi dərəcədə İnsanidir; – Həqiqət – Mahiyyətcə İnsanidir. 30 Qismət günü, Şölə Ayı, 17-ci il.Bakı. İyun. 1995-ci il. *** Cəza Qorxusunun yaratdığı Yaxşı Adam – Pis Adamdır əslində. Çünki Qorxaqlıq – Pislikdir. Mükafat Həvəsinin yaratdığı Yaxşı Adam – Pis Adamdır əslində. Çünki Yaxşılıq – özü Mükafatdır. Cəmiyyət Pis Adam yaradır əslində. *** Fransız maarifçiləri Zəkaya inanırdılar, amma Zəka Daşıyıcısı İnsana o qədər də İnanmırdılar; – Allah Uydurmasını Zəruri sayırdılar. İnsanı Zəkadan Ayırırdılar. Zəka Fəlsəfəsi yaradan Kant – İnsanı Əyri Ağac adlandırırdı. Zəkaçılar Pis İnsançıydılar əslində. *** Maraqsızlıq Fəlsəfəsi – Yalandır. İdrakın – Mənaya çatmaq marağı var. Həqiqət – İdrakın Mənaya çatmaq marağını ifadə edir. İnsanın İnsaniliyə çatmaq marağı var. Kamillik – İnsanın İnsaniliyə çatmaq marağını ifadə edir. 1 Od Ayı, Murad günü, 17-ci il.Bakı. İyul. 1995-ci il. *** Siyasi İnteqrasiyaçıların (Birləşdiricilərin) açıq demədiyini Nəzəri İnteqrasiyaçılar deyirlər. “Roma klubu” nümayəndələri İnteqrasiyanı milli suverenliyə qarşı qoyurlar; Dünyəvi Birliyi milli müstəqilliyin ləğviylə bağlayırlar; millətlər Birliyi əvəzinə – millətsizlik Birliyi arzulayırlar; bununla da İnteqrasiya Həşirinin əsil üzünü açıb göstərirlər. *** Dində İnsan Dünyaya Əzəli Günahkar kimi gəlir. Onun Borcu – Əzəli Günahkarlığından Xilas olmaqdır. Əslində – İnsanın ən Böyük günahı – özünü Əzəli günahkar saymasıdır. İnsanın ən Böyük günahı – Dindir əslində. *** Milli Şüur – Milli Özümlüyün Dərki. *** Kapitalizmə İnam – İnsaniliyə İnamsızlıqdır... Pulçuluqda İnsanilik yoxdur. *** Şopenhauer adi adamları – təbiət fabrikinin məhsulları adlandırırdı. Əslində o, adamlara cəmiyyətin gözüylə baxırdı: cəmiyyət insanı əşyadan ayırmır... İfrat fərdiyyətçi olan filosof – insana münasibətdə əsil cəmiyyətçi kimi çıxış eləyirdi... *** İngilis siyasətini – Şekspir Yazmayıb. Amerika siyasətini – Uitmen Yazmayıb. Rusiya siyasətini – Tolstoy Yazmayıb. Şekspiri sevən – İngilis Siyasətini sevməli deyil. Uitmeni sevən – Amerika Siyasətini sevməli deyil. Tolstoyu sevən – Rusiya siyasətini sevməli deyil. *** Böyüklər kiçiklərlə Birləşirlər ki, kiçiklər Böyüməsinlər; – yaxud Böyüklərin kölgəsində Böyüsünlər. *** Millətçilik – Milli Yağılıq deyil, Milli Özümlükdür... Milli Özümlük – İnsaniliklə bağlıdır. İnsani Yağılıq olmur. Yağı İnam olmur. Yağı İdrak olmur. Yağı Mənəviyyat olmur. Yağı İradə olmur. Zəbtçilik, Qəsbçilik – Millətçilik deyil. Yırtıcılıqda – İnsanilik yoxdur. *** Dində İnsan Dünyaya gözü kölgəli gəlir ki, Allahın kölgəsində dolansın. İnamda İnsan Dünyaya gözü açıq gəlir ki, özünü görsün. *** Xalqlar – Bəşər Fərdləri. *** Böyük ölkələr – Beynəlxalq Siyasətin Ağaları. Kiçik ölkələr – Beynəlxalq Siyasətin Rəiyyəti. *** Əxlaq Üç əsas Ümumbəşəri Sərvət tanıyır: Xeyir, Ədalət, Həqiqət. Bu sərvətlərin heç birinə Siyasət vasitəsiylə nail olmaq olmaz. Siyasətin Xeyiri Faydadır: Ədaləti – Mənfəətdir. Həqiqəti – Yalandır. Ümumbəşəri Sərvətlərə əsaslanan Siyasət – siyasətin ölümü olardı. Belə siyasət yoxdur. Onu – Uydururlar. Ümumbəşəri Sərvətlərə əsaslanan Siyasət Yalanı – özü Siyasətdir. Əslində Siyasət Mənəviyyata qarşıdır, onda öz ölümünü görür; özünü ondan qoruyur – həm də öz əzəli Yalançılığından əl çəkmir; mənəvi görünmək istəyir. *** Dünyəvi liderlik. Öz milli mənafeyini Dünyəvi mənafe kimi təqdim etmək imtiyazı. *** Şopenhauer Dahilərdən xüsusi Təbəqə yaradır, əslində Dahilik – Təbəqəliyin inkarıdır. *** Həqiqət üçün Həqiqət – əslində Mahiyyət üçün Həqiqət deməkdir. Çünki Həqiqət – Mahiyyətin ifadəsidir. – Mənanın ifadəsidir. – Əzəlinin ifadəsidir. – Əbədinin ifadəsidir. – Sonsuzluğun ifadəsidir. – Kamilliyin ifadəsidir. *** Özümlük olmayan yerdə – Birlik yoxdur. Əşyaların Birliyi yoxdur – cəmi Var. Cəmiyyət İnsanları Əşyalaşdırır; bu səbəbdən də ictimai Birlik uydurmadır; cəmiyyət – cəmlik yaradır, Birlik yaratmır. *** Fərdilik – Xudbinlik deyil – Özümlükdür. Özümlük – İnsaniliklə bağlıdır. Xudbin İnsanilik olmur. Xudbin İnam olmur. Xudbin Mənəviyyat olmur. Xudbin İradə olmur. Xudbinlik – Mahiyyətcə Fərdsizlikdir. *** Sokratın “Özünü Dərk et” çağırışı əslində “özünün bilməzliyini dərk et” demək idi. “Özünün Bilməzliyini bil!” – deyirdi Sokrat. Bil ki, bilmirsən! Bu səbəbdən də Sokratın çağırışında “özünü dərk etmə”nin özü yox idi: onun vasitələrindən biri – bilməzliyin dərki var idi. Əslində özünü dərk etmək – İnsaniliyə Yetməkdir; – Yəni İnama, İdraka, Mənəviyyata, İradəyə çatmaqdır. Özünü dərk etmək – özünü bilməkdir, bildirməkdir. *** Xalqlar, ölkələr bir-biriylə İnsanilik Səviyyəsində, Həddində, Səddində siyasət aparmalıdırlar. Ancaq İnsanilik səviyyəsində, Həddində, Səddində Siyasət olmur; Siyasət – İnsanilik tanımır əslində. Bu səbəbdən də bəşərin Siyasətdən asılı olması – onun faciələrindən biridir; bu Asılılıqda Bəşər öz Mahiyyətiylə Yadlaşır. Siyasətin Mənəviyyatla əvəz olunması – Bəşərin əsas Vəzifələrindən biridir; onun öz Mahiyyətinə, Mənasına çatması Əməlidir. *** Siyasətdə Bir Xeyir Var – Udmaq. Bir Şər Var – Uduzmaq. *** Elita – Hökumətaltı Ağa. Rəiyyətüstü Nökər. 2 İnam günü, Od Ayı, 17-ci il.Bakı. İyul. 1995-ci il. *** Dində İnsan Dünyaya Fəlakət Timsalı kimi gəlir və Allahın Mərhəmətiylə ondan çıxa bilir. Əslində isə İnsanın ən böyük Fəlakəti – özünü Fəlakət Timsalı saymaqdır. Bundan sonra o, Din Fəlakətinə düşdü və ondan çıxa bilmir. *** Bodler Əhvalatı. Şəri Poeziyada Vəsf elədilər: – Şəri Xeyir Biçimində Vəsf elədilər. *** İdraksız Əxlaq olmur; Əxlaqsız İdrak olur. Əxlaqsız İdrak – Şərdir. İdrak Əxlaqa çatır; həm də Əxlaqdan Ayrıla bilir. İdrakın Əxlaqa çatması – Xeyirdir, İdrakın Əxlaqdan Ayrılması – Şərdir. İdraksız İnam olmur – İnamsız İdrak olur. İnamsız İdrak – Şərdir. İdrak İnama çatır, həm də İnamdan Ayrıla bilir. İdrakın İnama çatması Xeyirdir, İdrakın İnamdan Ayrılması – Şərdir. İdraksız Mənəviyyat olmur – Mənəviyyatsız İdrak olur. Mənəviyyatsız İdrak – Şərdir. İdrak Mənəviyyata çatır, həm də ondan Ayrıla bilir. İdrakın Mənəviyyata çatması – Xeyirdir; İdrakın Mənəviyyatdan Ayrılması – Şərdir. İdraksız İradə olmur; İradəsiz İdrak olur. İradəsiz İdrak – Şərdir. İdrak İradəyə çatır, həm də ondan Ayrıla bilir... İdrakın İradəyə çatması – Xeyirdir; İdrakın İradədən Ayrılması – Şərdir. *** Nitşeçilər üçün İnsanın İnsanilikdən böyük Düşməni yoxdur və Məqsəd İnsanı İnsanilikdən Azad etməkdir. Həmin Əməli Nitşe “Həddən Artıq İnsani” adlandırır. İnsanilikdən Azad olmuş İnsan – Fövqəlinsana çevrilir. İnsanilikdən Azad olmuş İnsan – Gələcəyin insanı sayılır. Əslində isə İnsanın İnsanilikdən Böyük Yüksəkliyi Yoxdur; və Yırtıcılıqdan, Vicdansızlıqdan Böyük Düşməni yoxdur; və bu səbəbdən də Fövqəlinsan – İnsanın həddən artıq İnsansızlaşmasıdır. *** Nitşeçilik – Fəlsəfənin Xəstələnməsidir. Xəstəlik vasitəsiylə Həkimlik – Bəşəri sağaltmadı, Həkimləri xəstələndirdi. *** Nitşe Xristianlıqda İnsanilik görür və bununla da Onu İdealizə eləyir. Əslində Nitşe xristianlıqla döyüşmür – İnsaniliklə döyüşür və bu səbəbdən də Xristianlığa Ziyan vura bilmir. *** İnsanın Əxlaqla Döyüşü – Vəhşilikdir. Bu Vəhşilik Siyasətdə başladı, Fəlsəfədə davam etdi. *** Nitşeçilər – Əxlaqsız möhtəşəmlik diləyirdilər. Əxlaqsız Möhtəşəmliyin Zəlillik olduğunu bilmirdilər. *** Nitşe özünün Zamanla döyüşünü dəfələrlə elan edir. Əslində isə o, Zamanla döyüşmür; Zamanın Döyüşdüyüylə – Əxlaqla döyüşür. Zamanın istəyi üçün – Əxlaqsızlıq üçün Döyüşür. *** Makkiavellidə, Nitşedə – Əxlaq – Əmələ mane olur. Əslində Əxlaq – Bədəmələ mane olur. Əxlaqın mane olduğu Əməl – Bədəməldir. *** Albert Şveyser İnsanın Təbiət üzərində Zərurətdən kənar olan Zorunu cinayət adlandırır. İnsanın Təbiət üzərində Zor Zərurəti əslində Təbiətin və İnsanın Faciəsidir; Təbiətin ölüm təhlükəsidir; İnsanın Təbiətin ölümü nəticəsində Yox olması Təhlükəsidir. Texniki Tərəqqi – Zəruri Zor Tərəqqisidir əslində. O gec-tez Səngiməlidir ki, Təbiət məhv olmasın. Mənəvi Tərəqqi – Maddi Tərəqqini Ram eləməlidir. *** Dinə görə İnsan öz gücüylə günahdan xilas ola bilməz. Ona Allahın mərhəməti gərəkdir. Din – Taleyi özündən asılı olmayan İnsan uydurur ki, onu xilas eləsin. Dində Xilaskarlıq İddiası Talesizlik üstə qurulur. *** İnsanın Mahiyyətində Şər yoxdur – Təzahüründə Şər var. Şər İnam olmur – Din Şəri olur. Şər İdrak olmur – Elm Şəri olur. Şər Mənəviyyat olmur – Mənəviyyatsızlıq Şəri olur. Şər İradə olmur – Şər İradəsi olur. *** “İnsan İnsanın canavarıdır!” deyiblər Filosoflar. “İnsan İnsanın Allahıdır” deyiblər. İnsan özünün Allahı olmayınca – İnsanın canavarı olacaq. *** Şəraiti Adam yaradır – Şərait Adamlığı yaşadır; İnsan Şəraiti ötür – İnsaniliyə çatır. *** Mütləqçilik üstə Tərbiyə gərək. İnsançılıq üstə Tərbiyə gərək. Vicdançılıq üstə Tərbiyə gərək. İradəçilik üstə Tərbiyə gərək. *** İnsanın Yaxşılığı ən çox Pis Şəraitdə bilinir. Pis Şəraiti Ötməsində Bilinir. Pis Şəraiti Ötüb, İnsaniliyə çatmasında Bilinir. İnsanı Şərait yaratmır – Şəraiti İnsan yaradır. *** İnsan – cəmiyyətin məhsulu deyil – Alətidir. İnsan – İnsaniliyin məhsuludur.

Daha sitene birden fazla ziyaretçi göndermiş olan hiç link yok!



Ben de katılmak istiyorum:
Web sitenin başlığı
Web sitenin URLsi
Websitenin tasviri
Adın
E-mail adresin
Websitenin reklam banneri (Büyüklük: 88 x 31 piksel)

 
  Bugün 11 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol