Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Adamdan insana
 
ASİF ATA


ADAMDAN İNSANA
(40-cı Müqəddəs Kitab)
İNSANLAŞMAQ

Zəmanə İnamını–İnamsızlıq saydım.

İnam yaratdım.

Zəmanə İdrakını-İdraksızlıq saydım.

İdrak yaratdım.

Zəmanə Mənəviyyatını-Mənəviyyatsızlıq saydım.

Mənəviyyat yaratdım.

Zəmanə İradəsini-İradəsizlik saydım.

İradə yaratdım.

Zəmanə Amalını-Amalsızlıq saydım.

Amal yaratdım.

Zəmanə Əməlini-Əməlsizlik saydım.

Ocaq qaladım.

Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı-İnsanlaşmaqdadır.

İnsanlaşın-İnsanlaşdırın…

.
Şölə ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

.
1.

Özündəki Canavarı öldürmək-Cəmiyyətdəki Canavarlığı öldürməkdir.

Özündəki Canavarı öldürmürsən-Cəmiyyətdəki Canavarlığı yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki Canavarı öldürmək-Ölkələrarası Canavarlığı öldürməkdir.

Özündəki Canavarı öldürmürsən-Ölkələrarası Canavarlığı yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***

Özündəki Tülkünü öldürmək-Cəmiyyətdəki Tülkülüyü öldürməkdir.

Özündəki Tülkünü öldürmürsən-Cəmiyyətdəki Tülkülüyü yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki Tülkünü öldürmək-Ölkələrarası Tülkülüyü öldürməkdir.

Özündəki Tülkünü öldürmürsən-Ölkələrarası Tülkülüyü yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***
Özündəki İlanı öldürmək-Cəmiyyətdəki İlanlığı öldürməkdir.

Özündəki İlanı öldürmürsən-Cəmiyyətdəki İlanlığı yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki İlanı öldürmək-Ölkələrarası İlanlığı öldürməkdir.

Özündəki İlanı öldürmürsən-Ölkələrarası İlanlığı yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***

Özündəki Ağanı öldürmək-Cəmiyyətdəki Ağalığı öldürməkdir.

Özündəki Ağanı öldürmürsən-Cəmiyyətdəki Ağalığı yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki Ağanı öldürmək-Ölkələrarası Ağalığı öldürməkdir.

Özündəki Ağanı öldürmürsən-Ölkələrarası Ağalığı yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***
Özündəki Nökəri öldürmək-Cəmiyyətdəki Nökərliyi öldürməkdir.

Özündəki Nökəri öldürmürsən-Cəmiyyətdəki Nökərliyi yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki Nökəri öldürmək-Ölkələrarası Nökərliyi öldürməkdir.

Özündəki Nökəri öldürmürsən-Ölkələrarası Nökərliyi yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***
Özündəki Təbəqəni öldürmək-Cəmiyyətdəki Təbəqəliyi öldürməkdir.

Özündəki Təbəqəni öldürmürsən-Cəmiyyətdəki Təbəqəliyi yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki Təbəqəni öldürmək-Ölkələrarası Təbəqəliyi öldürməkdir.

Özündəki Təbəqəni öldürmürsən-Ölkələrarası Təbəqəliyi yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***
Özündəki Yağını öldürmək-Cəmiyyətdəki Yağılığı öldürməkdir.

Özündəki Yağını öldürmürsən-Cəmiyyətdəki Yağılığı yaşadırsan.

Cəmiyyət adamdan başlayır-onu İnsandan başlamaq gərək.

Özündəki Yağını öldürmək-Ölkələrarası Yağılığı öldürməkdir.

Özündəki Yağını öldürmürsən-Ölkələrarası Yağılığı yaşadırsan.

Ölkələrarası münasibətlər Adamdan başlayır, onları İnsandan başlamaq gərək.

***
2. AZADLIQ QAYDASI

Adamdakı Canavardan Azad olmaq.

Adamdakı Tülküdən Azad olmaq.

Adamdakı İlandan Azad olmaq.

***

Cəmiyyətdəki Ağalıqdan Azad olmaq.

Cəmiyyətdəki Nökərlikdən Azad olmaq.
Cəmiyyətdəki Təbəqəlikdən Azad olmaq.

Cəmiyyətdəki Yağılıqdan Azad olmaq.

***

Ölkələrarası Ağalıqdan Azad olmaq.
Ölkələrarası Nökərlikdən Azad olmaq.

Ölkələrarası Təbəqəlikdən Azad olmaq.

Ölkələrarası Yağılıqdan Azad

olmaq.

***
Dindən Azad olub-İnama Yetmək.

Cəfəngiyyatdan Azad olub-Həqiqətə Yetmək.

Həqarətdən Azad olub-Mənəviyyata Yetmək.

Heysizlikdən Azad olub-İradəyə Yetmək.

***
Qaydasız Azadlıq-Əsarətdir.

Azadlıqsız Qayda-Qaydasızlıqdır.

Azadlıq Qaydası gərək Dünyaya.

İnam Qaydası.

İdrak Qaydası.
Mənəviyyat Qaydası.

İradə Qaydası.

.
3. ÖZÜMLƏŞMƏ DÜNYALIĞI

.

Dünyaya qatılmaq-Özümlüyünü itirməkdir.

Dünyadan təcrid olmaq-Dünyanı itirməkdir.

Hər ikisi bir bəladır.

Özümləşməlisən ki, Dünyaya gərək olasan.

***
AĞIL-DUYĞU

.

“Qızğın Ürək-Soyuq Ağıl”-anlayışı Siyasi Psixoloji Səthilikdir əslində.

Ağıl Duyğulu olur, Duyğu ağıllı;

Soyuq Ağıl isitmir, üşüdür. Üşüdən Ağıl-Həqiqətə yetmir.

Duyğulu Ağıl-Səthi Ağıl deyil-Qanadlı Ağıldır.

Duyğusuz Ağıl-Dərin ağıl deyil-Qanadsız Ağıldır.

Duyğusuzluq-haradasa Ağılsızlıqdır.

Ağılsızlıq-haradasa Duyğusuzluqdur.

Ağıl-Dünyanı isidir.

Ağıl olmasaydı, Dünya İnsanı dondurardı.

***

5. VƏTƏNSEVƏRLİK-HAKİMİYYƏTSEVƏRLİK

.

Hakimiyyətsevərlik-əslində Vətənsevərliyə Ziddir.

Hakimiyyətsevərlikdə Vətən-Məqsəd olmur, Vasitə olur.

Hakimiyyət Məqsəd olur-Vasitə olmur.

6.

Millət-əvəzsizdir, bənzərsizdir.

Milləti-millətlə əvəz etməzsən.

Quruluşu quruluşla əvəz edərsən-etməlisən.

Siyasi Yönü Siyasi Yönlə əvəz edərsən-etməlisən.

Millət Etnos Birliyi, Aqibət Birliyi və Mədəniyyət Birliyidir.

Xalq-Millət deməkdir.

Millətdən kənarda xalq yoxdur.

***

“Vətən-mənafe ifadəsidir”-demək səhvdir.

Vətən özü ən böyük mənafedir.

Vətən-vasitə deyil, məqsəddir.
7.

Başqasından aldığını özündə Əritməlisən ki, Başqasında Əriməyəsən.

Milli təməli möhkəmləndirməlisən ki, Başqasında Əriməyəsən.

Milli Təməli Zəiflətmə Yoluyla irəliləmək-əriməyə doğru irəliləməkdir.

***
8.

Dünya Birliyi-yalnız ölkələr müxtəlifliyi, özünəməxsusluğu əsasında yarana bilər.

Müxtəlifliyin, özünəməxsusluğun məhvi bahasına yaranan Dünya Birliyi əslində Zəbtçilikdir.

Dünya ölkələrinin sürətlə, inadlı, ardıcıl surətdə eyniləşdirirlər-Təzə Zəbtçilik imkanı genişlənir.

.
9.MÜƏSSİSƏLƏŞMƏ-İNSANLAŞMA

.

Din-Məscidlərdə, Kilsələrdə Müəssisələşir.

İnam-Müəssisələrə sığmır-Ömürlərdə, Aqibətlərdə Yaşayır.

Rəsmi Elm-Akademiyalarda, İnstitutlarda Müəssisələşir.

İdrak-Müəssisələrə sığmır-Ömürlərdə, Aqibətlərdə Yaşayır.

Rəsmi Əxlaq-Siyasi İdarələrdə, Qurumlarda Müəssisələşir.

Mənəviyyat Müəssisələrə sığmır-Ömürlərdə, Aqibətlərdə Yaşayır.

Rəsmi Fəallıq-Hakimiyyət Təşkilatlarında Müəssisələşir.

İradə-Müəssisələrə sığmır-Ömürlərdə, Aqibətlərdə Yaşayır.

Rəsmilik-Cəmiyyətlə Müəssisələşir.

İnsanilik-Cəmiyyətə sığmır-Ömürlərdə, Aqibətlərdə Yaşayır.
10.

Cəmiyyəti Meyar saymaq-Ağalığı meyar saymaqdır, Nökərliyi meyar saymaqdır, Təbəqəliyi meyar saymaqdır, Yağılığı meyar saymaqdır.

Cəmiyyəti meyar saymaq-Meyarsızlıqdır əslində.

.
11.XEYİRÇİLİK-ŞƏRÇİLİK

.

“Xeyirdən Şər törəyir”-deyirlər.

“Xeyir biçimində Şərdən-Şər törəyir”-demək gərək.

Şər Xeyir biçimində görünə bilir.

Xeyir Şər sayıla bilir.

Xeyir-Xeyirdir, Şər-Şərdir.
12.

Həyat Ağacı-Xeyir kökündən yaranıb.

Şər Həyat Ağacına sarılıb-açılmır.

Adamlar Şəri Həyat Ağacından aça bilmirlər, qopara bilmirlər.

Bu səbəbdən də Həyat Ağacı İnsaniliyə Yetmir.
13.

Şəri Əbədi bilirlər-Şərsiz Həyata inanmırlar Dualistlər (İkilikçilər).

Əslində isə Həyatın Şərsizlik İmkanı var-Gerçəkləşməmiş.

Adamın İnsanlıq İmkanı gerçəkləşdikcə, Həyatın Şərsizlik İmkanı gerçəkləşəcək.
14.

Xeyirə xidmət eləyən görünürlər-mənsəbə xidmət eləyirlər-Xeyiri mənsəbləşdirirlər.
Xeyirə xidmət eləyən görünürlər-Varidata xidmət eləyirlər-Xeyiri Varidat Alətinə çevirirlər.

Xeyirə xidmət eləyib Vəzifələnirlər, Təltiflənirlər, Vəsiqələnirlər.

Xeyirə xidmət eləyən görünürlər-Xudbinliyə xidmət eləyirlər.
Xeyirdən Qazananlar artdıqca-Xeyirçilik azalır.

Xeyirin Xeyirdən Böyük mükafatı Yoxdur.

Xeyiri Mükafatlandırmaq-onu Əksiltməkdir.
15.

Əksliklər heç bir zaman Bir olmurlar.

Onlar bir yerdə olurlar-Bir olmurlar.

Xeyiri Xeyir eləyən-Şərsizlikdir.

Əksliklərin Vəhdəti-Dialektik Uydurmadır.
16.

“Bir dövrdə Həqiqət olan-başqa dövrdə Yalan olur”-deyirlər.

Yalan olan Həqiqət-Həqiqət deyil, Yalandır; başqa dövr onun Yalanlığını aşkara çıxarır.

“Bir dövrdə Yalan olan-başqa dövrdə Həqiqət olur”-deyirlər.

Həqiqət olan Yalan-Yalan deyil, Həqiqətdir; başqa dövr onun Həqiqətliyini üzə çıxarır.
17.

“Həyat Dəyişir, bu səbəbdən də Düşüncə dəyişir”-deyirlər.

Düşüncənin Həyatı Dəyişdirməsini bilmirlər.

“Düşüncə Həyatı dəyişir və Həyatı dəyişdirdikcə özü də dəyişir”-demək gərək.
18.

Gerçəklikdə Təsdiq Nisbiliyi var.

Gerçəkliyin Mahiyyətində, Mənasında Təsdiq Mütləqliyi var.

Gerçəklikdə İnkar Nisbiliyi var.

Gerçəkliyin Mahiyyətində, Mənasında İnkar Mütləqliyi var.

Bu səbəbdən də Gerçəklik Həqiqətin meyarı ola bilməz.

Həqiqətin Meyarı-Gerçəkliyin Mahiyyəti, Mənasıdır.
19.

Gerçəklik səviyyəsində İnkişaf olmur.

İnkişaf-Gerçəkliyi ötməkdir.

Avantürist-Gerçəkliyi görmür, bu səbəbdən də onu ötmür.

Gerçəkliyi ötmək üçün onu görmək gərək.

Opportunist-Gerçəkliyin arxasında qalır.

Müdrik-Gerçəkliyi görür ki, onu ötsün.
20.

Hadisənin Səbəbi-Mahiyyətdir.

Hadisə Mahiyyətdən yaranır.

Mahiyyət Hadisənin-Özümlüyüdür.

Bu səbəbdən də hadisə Yaranır, Yaradılmır, yəni hadisəni özgə yaratmır, hadisə özündən yaranır.
21.

Ziddiyyətçilərə (Dialektiklərə) görə, həyatı Ziddiyyətlər irəli aparır.

Ziddiyyətlər olmasa, həyat irəliləməz.

Əslində isə Həyatı Ziddiyyətlərin aradan qaldırılması irəli aparır.

Həyat Ziddiyyətsizlik Yönü əsasında irəliləyir.

***

Ziddiyyətsizlikdən Qorxmaq, Qaçmaq Xurafatı yaşayır Ziddiyyətçi (Dialektik) Şüurunda.

“Ziddiyyət olmasa, Dünya Dayanar, Donar”-deyirlər.

Əslində isə Dünya Axarını Ziddiyyət yaratsaydı, Ziddiyyətlərin aradan qaldırılması belə Zəruri, belə Təbii, belə Qaçılmaz olmazdı.

Bəşərin Ziddiyyətlərlə Döyüşməmək Məqamı olmayıb.

Ziddiyyətlə Döyüş gərəkliyini-Ziddiyyət gərəkliyiylə Eyniləşdirirlər; Yağını Yağıyla Döyüşdə Eyniləşdirirlər, Doğmalaşdırırlar.

***

Kamilliyi, Nöqsansızlığı, Ziddiyyətsizliyi hərarətlə inkar edənlər var.

“Ziddiyyətsizlikdə İnsan inkişafdan qalar, donar”-deyirlər.

Əslində isə Ziddiyyətsizlik Tam, Qəti, Bütöv inkişafdır.

Kamillikdə İnkişaf qurtarmır, başlayır. Burada İnsan Bütövlük üstə inkişaf edir, Bütöv inkişaf edir.
22.

Dünyanın ən Mənasız, Mahiyyətsiz vəziyyətində belə-Dünyanın Mənasına, Mahiyyətinə inanmaq gərək.

Ən Amansız, ən Hökmlü, ən Zəhmli Şəraitdə, Mühitdə, Zamanda, Cəmiyyətdə belə Şəraitləşməmək, Mühitləşməmək, Zamanlaşmamaq, Cəmiyyətləşməmək-Özümləşmək gərək.

Daxili Hakimə-Vicdana tapınmaq, Xarici Hakim tanımamaq gərək.

Təmənnasızlığı Yaşatmamaq-Təmənnasız yaşamaq gərək.

Gedişata qarşı dayanmaq-onda axmamaq, onu nizamlamaq gərək.
23.

Ruhunu İblisə verirsən ki, Cavanlığını Qaytarsın, Güclənəsən, Zənginləşəsən, əslində isə Ölürsən; Ruhsuzluq ölümdür. Ölürsən ki, Diriləsən-Ruhunu İblisə verirsən ki, İblisdən can alasan.

İblis sənə gərək olur-Ruhsuz yaşayırsan.

Ölürsən-Yaşayan görünürsən.

Avropa Faustluğunda Ucalmır, Enir. Artmır, Əskilir.

Mefistofel Fausta gərək olursa, Faust Mefistofelə əl açırsa, Qüdrət Ruhsuzluqdan yaranırsa, deməli, İnsan dəhşət qarşısındadır.

Göte bu dəhşəti görmədi-Faşizm onu göstərdi.

***
Don Juan qadınları aldadır və bununla da ad qazanır, alqışlanır, vəsf olunur, operalaşır, poemalaşır.

Qadınlığa qarşı iyrənc həqarətdən vəcdə gəlirlər.

Don Juan Məharətinə, Fərasətinə heyran olurlar.

Qadınlığı alçaldan ucaldılır.

Ruhsuzluğu Güc sayırlar.

***
Don Kixotda İdealçılığa güldülər.

Əslində İdealçılıq heyrətə layiqdir.

Yel dəyirmanıyla döyüşən Don Kixot-Gülüncdür.

Amma Şər Azmanlarıyla Döyüşmək-Ləyaqətdir.

Şərin Azmanlığını bilə-bilə onunla Döyüşmək Əzmi, Cəsarəti, İnamı, İnadı-Gözəldir.

Servantes Don Kixota təkcə gülmür, həm də ona heyran olur. Servantesin Don Kixota heyran olmağa İdrakı çatır.

“İdealçılıq Bəsit Dünyada Gülünc olub”-bu dəhşətli faciə Servantesi ayıldır.

***

Bodler Şər çiçəklərini tərənnüm elədi.

Ona qədər Xeyir çiçəkləri tərənnüm olunurdu.

Bodler çiçəkləri Şərləşdirdi.

Sonralar “Şər estetikası” Avropaya yayılmağa başladı, amma Şər çiçəklərində gözəllik açılmadı, ən nəfis bədiyyat belə Şəri gözəlləşdirmədi.

Ən gözəl libasda belə Şər eybəcər bilindi.

***
Freyd İnsan üzərində hərtərəfli Şəhvət Ağalığı uydurdu-İnsan Şəhvət əlində Oyuncağa çevrildi.

Ruhanilik-Cismaniliyə qurban verildi.

Heyvanilik-İnsani Mahiyyət əvəzi oldu.

Ruh-bədəndə itirildi.

***
Nitşe Adamdakı Amansızlığı, Mərhəmətsizliyi, Hakimiyyət Ehtirasını vəcdlə vəsf etdi.

“Mərhəmət İnsanı kiçiltdi”-deyə çığırdı.

Guya Mərhəmət Dünyada aşıb-daşırmış.

Guya Amansız Fövqəlinsan Qatilliyi Dünyanın Xilasıymış.

Guya İnsaniliyin əskilməsi-İnsanın Artmasıymış.

***

Avropa Üstünlüyü-Dillər əzbəridir.

Avropa Əskikliyi-Sükuta qərq olub.

Əslində Avropa Əskikliyi yaşayır Dünyada-Ruhsuzluq Təhlükəsi.

***
İnsanı Göründüyündən, Bilindiyindən, Olduğundan Artıq Saymaq gərək.
İnsanı Göründüyündən, Bilindiyindən, Olduğundan Artıq Çağırmaq gərək.
İnsanı Göründüyündən, Bilindiyindən, Olduğundan Artıq ola bilməsinə İnanmaq gərək.
Köçəri Ayı, 18-ci il. Bakı.
Fevral 1997-ci il.
 
  Bugün 28 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol