Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Müqəddəslik
 


MÜQƏDDƏSLİK
(21-ci Müqəddəs Kitab)


1. MAHİYYƏTƏ YETMƏK

Müqəddəslik – Hadisənin Mahiyyətə Yetməsidir.
Gerçəklik səviyyəsində Hadisə Mahiyyətə Yetmir – Mahiyyət Hadisədən Artıq olur, Böyük olur, Yüksək olur.
Bu səbəbdən Müqəddəslik Gerçəkliyi ötür, Qeyri-Adiliyə yüksəlir.
Qeyri-Adi Hadisə özünə Qeyri-Adi Münasibət Yaradır – İnsanlar Müqəddəsliyə tapınırlar.
2. ALİ HƏYAT MÜQƏDDƏSLİYİ

Həyat Müqəddəsliyə Yetmir.
Həyatda hər şey Nisbidir – Nisbi Müqəddəslik olmur.
Həyatda hər şey Dəyişkəndir – Dəyişkən Müqəddəslik olmur.
Həyatda hər şey Ziddiyyətlidir – Ziddiyyətli Müqəddəslik olmur.
Həyatda hər şey Keçicidir – Keçici Müqəddəslik olmur.
Ali Həyat – Müqəddəsliyə Yetir, çünki Mütləqiliyə Yetir.
Ali Həyat – Mütləq Xeyir deməkdir.
Mütləq Xeyir Müqəddəsdir – Əbədidir, Sonsuzdur, Bütövdür.
Həyatda Xeyir Şərə qarışır.
Mütləq Xeyir Şərin Mütləq İnkarı deməkdir.
Həyat Xeyrini Adam yaradır; Ali Həyatdakı Xeyri İnsan yaradır.
Xeyirli Hadisələrin heç biri Xeyirin Mənasına Yetmir; yalnız Mütləq Xeyir Hadisəsi Xeyirin Mənasına Yetir, bu səbəbdən də Müqəddəsləşir.
İnsanın Məqsədi – Həyatı Ali Həyata Yüksəltməkdir; bu Məqsəd özü Müqəddəsdir, – yəni Mənaya Yetməkdir.
Ali Həyat – Mütləq Ədalət deməkdir.
Həyatda Mütləq Ədalət olmur – Nisbi Ədalət olur: – Dəyişkən, Natam, Keçici, Sonlu.
Həyatda Ədalət – Ədalətsizliyə qarışır; Ədalətli hadisələrin heç biri Ədalətin Mənasına Yetmir; Yalnız Mütləq Ədalət hadisəsi Ədalətin Mənasına Yetir, bu səbəbdən də Müqəddəsləşir.
Həyat Ədalətini Adam yaradır, Ali Həyatdakı Ədaləti İnsan yaradır.
İnsanın Məqsədi – Mütləq Ədalətə Yetən Ali Həyat yaratmaqdır; bu Məqsəd özü Müqəddəsdir, – yəni Mənaya yetməkdir.
Ali Həyat – Mütləq Həqiqət deməkdir.
Həyat – Mütləq Həqiqət tanımır; Nisbi Həqiqət tanıyır: – Dəyişkən, Keçici, Natam, Sonlu.
Həyatda Həqiqət Yalana qarışır; Mütləq Həqiqət – Yalanın Mütləq İnkarıdır.
Həyatdakı Həqiqətlərin heç biri Həqiqətin Mənasına çatmır, yalnız Mütləq Həqiqət Hadisəsi Həqiqətin Mənasına çatır, bu səbəbdən də Müqəddəsləşir.
Həyat Həqiqətini Adam yaradır, Mütləq Həqiqəti İnsan yaradır.
İnsanın Məqsədi – Mütləq Həqiqətə Yetən Ali Həyat yaratmaqdır; bu Məqsədin özü – Müqəddəsdir.
Ali Həyat – Mütləq Kamillik deməkdir.
Həyat Mütləq Kamillik tanımır; Nisbi, Natam, Keçici, Dəyişkən, Sonlu Kamillik tanıyır.
Həyatda Kamillik Naqisliyə qarışır; Mütləq Kamillik Naqisliyin Mütləq İnkarıdır.
Həyatdakı Kamilliklərin heç biri Kamilliyin Mənasına çatmır, yalnız Mütləq Kamillik Hadisəsi Kamilliyin Mənasına çatır; bu səbəbdən də Müqəddəsləşir.
Həyat Kamilliyini Adam yaradır, Mütləq Kamilliyi İnsan yaradır.
İnsanın Məqsədi – Kamilliyə Yetən Ali Həyat yaratmaqdır; bu Məqsədin özü – Müqəddəsdir.

3. İNAM MÜQƏDDƏSLİYİ

İnam – İnsanın Mənaya qovuşması, onu Aqibətə çevirməsidir.
İnsan – İnamda Mənayla birləşir.
Gerçəklik səviyyəsində İnam olmur – İdrak olur. İdrak Mənanı dərk edir; Mənaya qovuşmaq üçün o, özündən Artıq olmalıdır – Mənəviyyatla Birləşməli, İradəylə Birləşməlidir.
İnamda İdrak Mənəviləşir, İradələşir;
İnam Dünyaya, Həyata, İnsana Məna Baxışı yaradır: Mütləqilik – Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik Baxışı.
İnam Ötəridə Əzəlini görür, Keçicidə Əbədini görür, Sonluda Sonsuzu görür, Qeyri-Kamildə Kamili görür; Həyatda Ali Həyatı görür; bu səbəbdən də Ötəriylə, Keçiciylə, Sonluyla, Qeyri-Kamillə, Həyatla barışmır.
İnam Dünyaya, Həyata, İnsana Məna Qiyməti yaradır – Nisbini Mütləq ölçüsündə, Ötərini Əzəlilik ölçüsündə, Keçicini Əbədilik ölçüsündə, Sonlunu Sonsuzluq ölçüsündə, Qeyri-Kamili Kamillik ölçüsündə Qiymətləndirir.
İnam Dünyaya, Həyata, İnsana Məna Hökmü izhar eləyir: Həyatı ötmək – Ali Həyata yetmək; Adamı ötmək – İnsana yetmək; Nisbini ötmək – Mütləqə Yetmək.
İnam İnsanda Mütləq İnsani Hal yaradır: Mütləqlə Bir olan Fikir, Duyğu, Əməl, Ömür – Mənayla Təmizlənən, Xalisləşən, Müqəddəsləşən Eşq.
İnam – Mütləq Nikbinlik yaradır.
Dünyanın Mütləq Mənasına İnam – Dünyaya İnam demək olur.
İnsanın Mütləq Mənasına İnam – İnsanın Kamilləşmə Qüdrətinə İnam demək olur.
İnam – Müqəddəsliyə Yetmək Zəruriliyi yaradır.
Müqəddəs – Müqəddəsliyə çağırır.
Müqəddəsliyə çatan – Müqəddəsliyə çatdırır.
Müqəddəslik cəzbində Adam İnsanlaşır.
İnamla Birləşən – təzədən Yaranır.
İnamda İnsan Yaranır.
Müqəddəslik İnsan yaradır.
4. İNSAN MÜQƏDDƏSLİYİ

İnsan Mahiyyətcə Müqəddəsdir, çünki Özündə Mütləqilik gəzdirən və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır – Mənaya Yetməyə qadirdir.
Gerçəklik səviyyəsində İnsan Müqəddəsliyə Yetmir, çünki Adamlıq – Nisbiliyin, Keçiciliyin, Qeyri-Kamilliyin təsdiqi olur.
İnsaniliyə çatan İnsan – Müqəddəsdir.
İnsan – özünə çatanda Müqəddəs olur.
İnsan üçün Özünə çatmaq – əslində Mənaya çatmaqdır, Özünə çatmaq – İnama çatmaqdır, İdraka çatmaqdır, Mənəviyyata çatmaqdır, İradəyə çatmaqdır.
İnam – İnsanın Mütləqiliklə Birliyidir.
Bu baxımdan yalnız Mütləq İnam – İnamdır;
Nisbi İnam – İnamsızlıqdır əslində.
İnsan Mütləq İnam əsasında özünə çatar, yəni Müqəddəsləşər.
İdrak – Mütləqiliyin Dərkidir.
Bu baxımdan yalnız Mütləq İdrak – İdrakdır;
Nisbi İdrak – İdraksızlıqdır əslində.
İnsan Mütləq İdrak əsasında özünə çatar, yəni Müqəddəsləşər.
Mənəviyyat – Mütləqilik halıdır.
Bu baxımdan yalnız Mütləq Mənəviyyat – Mənəviyyatdır;
Nisbi Mənəviyyat – Mənəviyyatsızlıqdır əslində.
İnsan Mütləq Mənəviyyat əsasında özünə çatar, yəni Müqəddəsləşər.
İradə – Mütləqilik Əməlidir.
Bu baxımdan yalnız Mütləq İradə – İradədir; Nisbi İradə – İradəsizlikdir əslində.
İnsan Mütləq İradə əsasında özünə çatar, yəni Müqəddəsləşər.
İnsan Özündə Mütləq gəzdirir, bu səbəbdən də onun Təzahürü ötmək imkanı var.
Təzahür İnsanı özündən eləyir əslində.
Özünə yetmək üçün Mənaya yetməlisən.
İnsan Müqəddəsliyi – İnsan özümlüyüdür əslində - Yetməli, Çatmalı.
5. YURD MÜQƏDDƏSLİYİ

Yurd – Məkan Mütləqiliyidir, yəni Məkanın Mənaya Yetməsidir; bu səbəbdən də Müqəddəsdir. Qeyri-Yurd səviyyəsində Məkan Mənadan Aşağıdır; Nisbidir, Keçicidir, Qeyri-Kamildir; Yurd səviyyəsində Məkan Mənayla birdir, bu səbəbdən də Müqəddəsdir.
Qeyri-Yurd səviyyəsində Məkana münasibət də Nisbidir, Keçicidir; Yurd səviyyəsində Məkana münasibət Mütləqdir: Yurdda İnsanla Məkan Birləşir, İnsan – Məkanı, Məkan – İnsanı ifadə edir; İnsanın Məkana münasibəti Müqəddəsləşir.
Yurdda Məkan Ruhani Mahiyyət kəsb edir – İnamlaşır, İdraklaşır, Mənəviyyatlaşır, İradələşir; Məkan – İnam Yurdu olur, İdrak Yurdu, Mənəviyyat Yurdu, İradə Yurdu olur – İnsanlaşır.
Yurdda Məkan öz gerçək məzmunundan Artıq olur, Böyük olur, Yüksək olur; – Yurdda Məkan təzə Məzmun kəsb edir; Məzmun Mənaya Yetir – Müqəddəsləşir.
Yurd – Xalq Mütləqiliyidir; yəni Xəlqi Birliyin Mənaya çatması, Müqəddəsləşməsidir.
Xəlqi Birlik – Mütləq Birlikdir; yəni Mənaya əsaslanan Birlikdir; İnama, İdraka, Mənəviyyata, İradəyə əsaslanan Birlikdir, Gerçəkliyi ötən Birlikdir – bu səbəbdən də Müqəddəsdir.
Qeyri-Xəlqi Birliklər – Gerçəklik əsasında yaranır, bu səbəbdən də Mənaya yetmir;
Yalnız Mütləq Birlik Mənaya yetə bilər.
Yurd – Xəlqi Birlik Məkanıdır, yəni Müqəddəs Birlik Məkanıdır.
Yurd Müqəddəsliyi Mahiyyətcə Cəmiyyətə qarşıdır; Cəmiyyət Yurd Müqəddəsliyinə Yaddır:
Ağalıq Yurd Müqəddəsliyinə Yaddır; Nökərlik Yurd Müqəddəsliyinə Yaddır; Təbəqələşmə Yurd Müqəddəsliyinə Yaddır; Özgələşmə Yurd Müqəddəsliyinə Yaddır, – Yurd Müqəddəsliyini Cəmiyyət Yadlığından, Yağılığından qorumaq gərək olur.
Yurd Müqəddəsliyi Mahiyyətcə Dinə qarşıdır: Din – Yurd tanımır, çünki İnsan tanımır, Xalq tanımır – Bəndə tanıyır; Dində Məkan Allah Mülkiyyətidir; Din əslində Allahdan və Allaha qulluq eləyənlərdən başqa Müqəddəs tanımır; Məkanın Mütləq Mənası Dinə yaddır; Dində Mütləq Birdir – Allah; Allahdan başqa nə varsa – Nisbidir; yəni Müqəddəs deyil.
Bu səbəbdən də Müqəddəsliyi Dindən qorumaq gərək olur.
6. YALANÇI MÜQƏDDƏSLİKLƏR

Hakimiyyətdə – Müqəddəslik yoxdur, çünki Ağalıq Mahiyyətsizlikdir əslində; – o, İnama qarşıdır: İnam – İnsaniliyin Təsdiqidir, Ağalıq – İnkarı; İdraka qarşıdır: İdrak – Həqiqətin Təsdiqidir, Ağalıq – İnkarı; Mənəviyyata qarşıdır: Mənəviyyat – Vicdanın Təsdiqidir, Ağalıq – İnkarı; İradəyə qarşıdır: İradə – Azadlığın Təsdiqidir, Ağalıq – İnkarı.
Hakimiyyət Xeyirə qarşıdır – Xeyir Ağası olmur, Şər Ağası olur.
Hakimiyyət – Ədalətə qarşıdır – Ədalət Ağası olmur, Ədalətsizlik Ağası olur.
Hakimiyyət Həqiqətə qarşıdır – Həqiqət Ağası olmur, Yalan Ağası olur.
Ağalıq Mənaya Yüksəlmir – Mənasızlığa Yüksəlir.
Hakimiyyətə İnam – İnamsızlıqdır əslində.
Ağalığı İdraki saymaq – İdraksızlıqdır əslində.
Ağalıqla barışmaq – Mənəviyyatsızlıqdır əslində.
Ağalığa xidmət – İradəsizlikdir əslində.
Hakimiyyəti Müqəddəs saymaq – Müqəddəslik üzərində Ağalıqdır, onu İnsaniliyə qarşı qoymaq, – yəni inkar etməkdir.
Dövlətdə Müqəddəslik yoxdur, çünki Zorda Müqəddəslik yoxdur; Zorakı İnsanilik olmur – İnam olmur, İdrak olmur, Mənəviyyat olmur, İradə olmur; Xeyir olmur, Ədalət olmur, Həqiqət olmur.
Zorakı İnam – İnamsızlıqdır.
Zorakı İdrak – İdraksızlıqdır.
Zorakı Mənəviyyat – Mənəviyyatsızlıqdır.
Zorakı İradə – İradəsizlikdir.
Zorakı Xeyir – Şərdir.
Zorakı Ədalət – Ədalətsizlikdir.
Zorakı Həqiqət – Yalandır.
Dövləti Müqəddəs saymaq – Müqəddəsliyə qarşı Zorakılıqdır, onu özünə qarşı çevirmək, inkar etməkdir.
Dində Müqəddəslik yoxdur, çünki Qismətçilikdə Müqəddəslik yoxdur; Qismətçilik – İnsaniliyə qarşıdır – yəni Xeyirə, Ədalətə, Həqiqətə, İnama, İdraka, Mənəviyyata, İradəyə qarşıdır; Qismətçilik İnsanı özündən ayırıb, özgəyə tapşırır.
Dində Müqəddəslik yoxdur, çünki Cəfəngiyyatda Müqəddəslik yoxdur; cəfəng Xeyir olmur; – Həqiqət olmur, Ədalət olmur; Din Mənasızlıq Zirvəsidir – Cəfəng İnam olmur, İdrak olmur, Mənəviyyat olmur, İradə olmur.
Dində Müqəddəslik yoxdur, çünki Qorxuda Müqəddəslik yoxdur; Mənalı Qorxu olmur, Qorxu İnamı olmur – Qorxu İdrakı, Mənəviyyatı, İradəsi, Ədaləti, Xeyiri, Həqiqəti olmur.
Dində Müqəddəslik yoxdur, çünki İtaətdə Müqəddəslik yoxdur.
İtaət İnamı olmur – İnamsızlığı olur.
İtaət İdrakı olmur – İdraksızlığı olur.
İtaət Mənəviyyatı olmur – Mənəviyyatsızlığı olur.
İtaət İradəsi olmur – İradəsizliyi olur.
İtaət Xeyiri olmur – Şəri olur.
İtaət Ədaləti olmur – Ədalətsizliyi olur.
İtaət Həqiqəti olmur – Yalanı olur.
Hakimiyyət Müqəddəsliyini rədd etmək – Müqəddəslikdir.
Dövlət Müqəddəsliyini rədd etmək – Müqəddəslikdir.
Din Müqəddəsliyini rədd etmək – Müqəddəslikdir.
23 Qismət günü, Od Ayı, 15-ci il. Bakı.
(İyul, 1993-cü il).
 
  Bugün 7 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol