Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Ömrüm günüm
 

(ASİF ATA)
ÖMRÜM – GÜNÜM
(3-cü Müqəddəs Kitab)
Bakı – 6

İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.
Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.
Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.
Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.
Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

GÜNƏŞLİ GÜNLƏRİM

Dağların başından boylanır, çayların sularında oynayır, düzlərə səpələnir, sifətlərə qonur Günəş.
Günəş rəngində görünür Dünya!
Günəş rənginə boyanır Günlərim!
Ürəyimdə günəş mahnısı doğur.
Günəş ahəngli günlərim yaranır!
BAHARLI GÜNLƏRİM

Çaylar daşır, ağaclar pöhrələnir, çiçəklər açır, düzlər yaşıla bürünür, meşələr yarpaqlanır, səma ulduzlanır, aylanır. Ömrə bahar gəlir. Günlər bahar fərəhinə qərq olur.
YOLLU GÜNLƏRİM

Görəsən qayaların boynuna dolanan, kəndi kəndə, şəhəri şəhərə calayan yolların sonu varmı?
Yoxsa, o məni hara çağırır?
Sonsuzluğa!
Qəlbimdə Sonsuzluq ehtirası aşıb-daşır, yollara qarışır!
ÇAYLI GÜNLƏRİM

Çay danışır, eşidirsənmi?
Sahillərə hekayət nəql edir.
Gecənin qoynunda səslənən etirafı anlayırsanmı?
Həyəcanlı nəşə vücudunu sarsıdırmı?
Ürəyin oyaqdımı?
SƏMALI GÜNLƏRİM

Səmada nə var ki, məni belə cəlb edir, cəzb edir?
Səmada Yüksəklik var.
Qəlb Yüksəkliyə müştaqdır!
Gecədə nə var ki, məni belə cəlb edir, cəzb edir?
Gecədə Sirr var.
Qəlb Sirrə müştaqdır!
Ulduzda nə var ki, məni belə cəlb edir, cəzb edir?
Ulduzda Məchulluq var.
Qəlb Məchulluğa müştaqdır.
Ayda nə var ki, məni belə cəlb edir, cəzb edir?
Ayda Şəfqətli Bakirəlik var.
Qəlb Bakirəliyə müştaqdır.
DAĞLI GÜNLƏRİM

Gözlərimin qabağında dayanan, məndən uca, mənə doğma!
Sakit, məğrur, qorxmaz!
Şimşək nərildəyir – gözünü qırpmır.
Tufan qopur – gözünü qırpmır.
Başına qar qonur – dinmir.
Ayağının altında dərələr fəryad qoparır – dinmir, nəsillər gəlib-gedir – dinmir.
Mənəviyyatıma hakimdir. Sükutuyla, Vüqarıyla, Qorxmaz¬lığıyla!
SƏHƏRLİ GÜNLƏRİM

Dan yerinin qızarması – ürəyimi titrədir.
İlk səs, ilk səda, ilk xışıltı – ürəyimi titrədir.
Günəşin aynamıza qonması – ürəyimi titrədir.
Körpənin yuxudan oyanması – ürəyimi titrədir.
Evlərdən bir-bir, iki-iki başı papaqlının çıxması – ürəyimi titrədir.
Quzuların mələşməsi – ürəyimi titrədir.
Anaların balalardan qabaq oyanması – ürəyimi titrədir.
Xoruzun ilk banı – ürəyimi titrədir.
Otağıma daxil olan ilk bahar mehi – ürəyimi titrədir.
Kəndimizin səhər qəribliyi – ürəyimi titrədir.

YAĞIŞLI GÜNLƏRİM

Düzlərin, meşələrin, yolların üstünə şığıyan, arxlara dönüb çaylara axan, təbiəti bəsləyən, əzizləyən, bəzəyən, Göylə Yeri birləşdirən yağış – heyranınam!
Səni dinləyirəm, duyuram, anlayıram.
Qohumumsan!
MEŞƏLİ GÜNLƏRİM

İtirdim ağaclarında, səsində, nizamında, boyunda, buxununda, qüssəndə!
Tapılırdım mənanda!
KƏNDLİ GÜNLƏRİM

Bir ovuc torpaq. İki dağ arasında. Arxası meşə. Ortasında çay axır. Həsrəti ürək oynadır.
Bir sıra dam. DÜNYA BOYDA DOĞMALIQ.
ÇIRAQLI GÜNLƏRİM

Axşamlar evlərdə çıraq yandırardılar.
Çırağın işığı həyalıydı, zərifdi, təbəssümə bənzəyirdi.
Çıraq yananda – evlərdə ülfət yanırdı.
BAĞÇALI GÜNLƏRİM

Alma ağacı dostum idi!
Gilas ağacı dostum idi!
Armud ağacı dostum idi!
Bağçam üçün darıxardım!
Bağçamla görüşəndə sevincim yerə-göyə sığmazdı.
Ağac deyildi bağçam – insandı!

YAYLAQLI GÜNLƏRİM

Düzlə, dərəylə, meşəylə, gecəylə, ayla, ulduzla bir yerdə yaşamaq!
Möcüzəli duyğular, möcüzəli səslər, möcüzəli rənglər!
Ülviləşən iqlim.
Dəyədə oturub dünyanı qəlbində görmək!
NƏNƏLİ GÜNLƏRİM

Orta boylu, sarıyanız qadındı.
Gündə beş dəfə namaz qılardı.
Ağlamaqdan gözləri tutulmuşdu.
Qızını itirmişdi – ağlamışdı.
Ərini itirmişdi – ağlamışdı.
Oğlunu itirmişdi – ağlamışdı.
Çarqatının qırağında mənə şirniyyat gətirərdi.
Əlləri qabar-qabar idi.
Ağlayanda tək ağlayardı.
Qapını bağlardı, heç kəsi evə buraxmazdı.
110 il yaşadı.
İnanırdı ki, əri və oğlu qayıdacaq.
Qayıtmadılar.
Babam yadımdadır.
Qaranlıq bir gecədə məni çiynində uzaq bir yerdən kəndimizə gətirdi.
Bağçamızda işləyərdi, yorulanda əlləriylə alnının tərini silərdi.
Axşamların birində evimizə hərbi qiyafəli bir adam daxil oldu, çayımızı içdi və babamı apardı...
Nənəmi çox istəyərdi.
Qoca vaxtlarında da bir yerdə yatardılar.
Həyatımda nənəm kimi dözümlü adama rast gəlmədim.
Doğruçu adama rast gəlmədim.
Mehriban adama rast gəlmədim.
Çalışqan adama rast gəlmədim.
Ağsaqqal adama rast gəlmədim.
Bir vaxtlar düşünürdüm ki, əvəzsiz adamlar gərək ölməsin.
Yaxşı nənə əvəzsiz idi.
O, ölməməliydi!
QÜRUB ÇAĞLI GÜNLƏRİM

Qaranlıq çökür yollara, çəmənlərə, sifətlərə.
Qüssə çökür varlığıma.
ƏMİLİ GÜNLƏRİM

Deyirdin – günəşin şüasıdır, evimizi işıqlandırır.
Deyirdin – bulaqdır, suyundan içirik.
Deyirdin – axar çaydır, düzlərə səpələnən.
Deyirdin – şaxəli ağacdır, göylərə ucalan.
Deyirdin – şimşəkdir, namərd başına çaxılan.
Deyirdin – dağdır, – dözümlü, düşüncəli, dönməz.
Təbiətə bənzəyirdi.
Hamıya lazım idi: cavana, qocaya, məzluma, qoçağa, kişiyə, qadına.
Təbəssümlüydü.
Sözlü-söhbətliydi.
Başı mərəkəliydi.
Sevilirdi.
Ay işığında evimizə əmi arvadı gəldi.
İmarətimizdə işıq çoxaldı.
Əmim ən böyük fərəh idi.
Ən böyük qılıq idi.
Ən böyük qayğı idi.
Ən böyük qeyrət idi.
Qardaş canlıydı.
Ata canlıydı.
Ana canlıydı.
Yengə canlıydı.
Qohum canlıydı.
Adi orta məktəb müəllimi idi.
Torpağa bənzəyirdi.
Çiçəyə bənzəyirdi.
Kəndimizdə əmimin açmadığı qapı yox idi.
İsitmədiyi ürək yox idi.
Anadangəlmə havadar idi.
İki mərtəbəli ev tikdirmişdi, qardaşı üçün, qardaşının balaları üçün.
Dərdi böyük idi...
Bayramsayağı geyinməzdi, sürgündəki bacısını gözləyərdi.
Kəndimizdə ən zarafatcıl adam sayılardı.
Həyatımda onun kimi ciddi adama rast gəlmədim.
Adı Xalid idi.
Müharibəyə getdi, gəlmədi.
Kəndimizin Xalid dövrü bitdi...
NƏSİLLİ GÜNLƏRİM

Atamın babası Hacı Alı Əfəndi 19-cu əsrdə Qazaxın Daş Salahlı kəndindən Ermənistanın Çaykənd kəndinə köçür.
Hacı Alı Əfəndinin İbrahim, Hacı Əhməd Əfəndi və Molla Məhəmməd adlı üç oğlu varmış.
Atam Qasım Əfəndiyev – Molla Məhəmmədin oğludur.
Qaraqoyunlu tayfasındanıq.
Anam – Növrəstə Əfəndiyevanın atası – Hacı Alı – Qazaxlıdır.
Babalarımın hər ikisi ruhani silkinə mənsub idilər.
Müqəddəsliyə tapınırdılar.
Yeri-göyü yaradan Allaha, o dünya xurafatına inanmıram.
Ancaq Müqəddəsliyə inanıram.
Bu cəhətdən babalarıma oxşamışam.

DAVALI GÜNLƏRİM
QARA KAĞIZ

Fəlakət adlanan qara quzğun dimdiyində kəndimizə qara kağız gətirərdi.
Dünənki 18 yaşlılardan kimsə itkin düşərdi.
Bir evdə çıraq keçərdi, – bütün kənd zülmətə qərq olardı.
Bir evdə matəm səslənərdi, – bütün kənd ağlardı.
Çayın səsi eşidilməzdi yas səsindən.
Analar ağlayardı.
Qayalar anaların səsinə səs verərdi.
Yerdən göyə insan ahı qalxardı.
ƏMİ ARVADI

Qapını ehmallıca örtdü. Getdi. Bir daha qayıtmadı.
Əmim Xalidin keçmiş arvadı.
İlk dəfə xəyanətlə üzləşdim.
Dağlar gözümdə kiçildi.
Meşələr gözümdə seyrəldi.
Səma gözümdə daraldı.
Kəndimizi tanımadım.
SƏKİL İT

İtə yem lazımdır. Yem isə yoxdur.
Kənddə aclıqdır.
Qonşuda aran buğdası var, ət var, ağ çörək var.
Kolxoz sədri firavanlığın yeddi qatındadır.
Gəlmələr, getmələr, qonaqlar, badələr, bəzəkli çöhrələr, qırmızı gözlər...
Kənddə müsibətdir.
Qonşuda bayramdır.
Səkil it qonşu həyətindən yığılmır.
Yallanır. Yemlənir.
Evə qayıtmır.
Kolxoz sədrinə bu pələngə bənzər it çox lazımdır.
Onun həyətində qorumalı nemətlər çoxdur.
Bizi daha eşitmir Səkil it, səsimizə məhəl qoymur.
“Satdın bizi, Səkil it, haram yemə, Allah sənə lənət eləsin!”
Nənəmin tüfəngindən açılan güllə Səkil iti yerə sərir.
Murdar olur Səkil it.
RAYKOM KATİBİNƏ MORUQ

Məktəbi bağladılar. Uşaqları səfərbər elədilər.
“Raykom katibinə moruq yığmalısınız!” dedilər.
Çantalandıq.
Yoxuşa dırmandıq.
Çantanı moruqla doldurduq... və çantadakını son dənəsinə qədər mədəmizə boşaltdıq.
Bu, bizim – kənd uşaqlarının ədalətsizliyə qarşı üsyanı idi.
Məktəbdən qovulduq.
YARALILAR

Ayda bir, ildə bir kəndimizə davadan yaralılar qayıdardı.
Yaralıların başına yığılardılar.
“Mənim balamı gördünmü?” – deyərdilər.
Analar üçün davanın ünvanı bir idi.
Yaralılar analara istənilən cavabı verə bilmirdilər.
Narahat olurdular, yaralarının sızıltısı artırdı.
Biz yaralıları yamsılayardıq.
Əlimizi əyri tuturduq, axsayırdıq, gözümüzü qırpırdıq.
O dövrdə bizim üçün gözəl görünmək – şikəst görünməyə bərabər idi.
BAĞ OĞRULARI

Gecənin birində bağdakı almalarımızı yığıb apardılar.
Deyirdilər ki, kimsə əsgər gedir, ona lazımmış.
Sarsıldım.
Əsgər getmək – yaxşı işdir.
Ancaq bağ oğrusu olmaq – rəzalətdir.
Nənəm almaları əsgər getməyən, arxada qalan nəvələri üçün bəsləyirdi.
Qarğış elədi nənəm əsgər gedənə – səhərə qədər hiddətlə, həyəcanla, inamla; və mən Nənəmi qınamadım.
DÜNYALAŞMAQ

Meşələrin arasından, dərələrin üstündən, çayların yanaşı¬ğından keçirdik.
İşıqla qarşılaşırdıq, izlə qarşılaşırdıq.
Kəndimiz daxilimizdə böyüyürdü, dünyalaşırdı.
ŞƏHƏRLİ GÜNLƏRİM
PATEFONDA ÇALINAN MUSİQİ

Patefonda musiqi çalındı və mən təzədən çaylara qovuşdum, səmalara ucaldım, düzlərə üz tütdüm.
Musiqini mən şəhərdə dinləyirdim.
Ancaq o, məni kəndə aparırdı.
Patefon şəhərliydi, musiqi – kəndli.
Meşələrin qoynunda bu musiqi daha gözəl səslənərdi.
Çayın səsinə qarışardı, ayla bir doğardı, günlə bir çıxardı.
Şəhərdəydim, əslində isə kənddəydim.
ŞƏHƏR BAĞI

Uca çinarlar. Qaynaşan insanlar. Gəzintilər. Qəhqəhələr. Pıçıltılar. Sevdalar. Geyimlər, gecimlər. Şəkillər. Salamlar. Alqışlar.
Qarmon səsi...
İşıqlar. Gecənin qoynunda gündüz.
Rəqs meydançası.
İnsan baharı.
Yeni cəzb. Yeni çağırış.
DARVAZALI MƏHLƏ

Ailənin özünəməxsusluğu, sirri, möcüzəsi, xatirələri, ənənəsi, həmdəmliyi, həyanlığı.
BALACA KƏND

Ümumidə itməmək. Şəhərdə öz yerini tapmaq.
Münasibət ciddiyyəti. Taleyə çevrilən ünvan.
KÜÇƏ

Həm ünsiyyət məkanı, həm də qəbahət meydanı.
Qonşuluq, həm də düşmənçilik.
Həmdəmlik, həm də yırtıcılıq.
Həm salam mehri, həm bıçaq zəhmi.
Həm söhbətxana, həm də qumarxana.
Həm şəhərə aparan, həm dustaqxanaya salan yol.
Cazibədar, təhlükəli, məkrli!
TRAMVAY

Həm sürət, məsafə, həm də oyun, sirk, qoçaqlıq.
Şəhər əfsanəsi.
KÖRPÜYLƏ TƏKLİKDƏ

Körpüdən şəhərə baxırsan...
Ömrünün sabahı səndən uzaqlarda...
Sən cavan, körpü qoca.
Hər şey qabaqda.
Arzularına qapılırsan!
ATA

Gülüşünü görməzdim.
Gülüşünü sındırdılar.
Atasını apardılar.
Bacısını apardılar.
Əmisi oğlunu apardılar.
Ömrünün yönünü dəyişdilər.
Bacısı oğlunu stolun üst başında oturtdurardı.
Özü üçün yaşamırdı.
Bizim üçün yaşayırdı.
Kimini oxudurdu, kimini böyüdürdü, kimini evləndirirdi.
Evinin qapısını açmışdı insanların üzünə.
Öyünməzdi.
Özü haqqında danışmazdı.
Özünü görməzdi.
Müharibə başlanan günü pəncərəmizi örtdü.
Sonra əsgər paltarı geydi. Qatara minib getdi.
Müharibədən qayıtdı və yenə də özünü unutdu.
Əmisi oğlunu düşündü.
Bacısını düşündü.
Əmisi nəvələrini düşündü.
Məni düşündü.
Qardaşımı düşündü.
Bilikliydi – bunu bildirmirdi.
Qabiliyyətliydi – bunu bildirmirdi.
Tələbələrinin sevimlisiydi – bunu bildirmirdi.
Qayğılıydı atam, – Qasım müəllim, – bunu bilirdik.
Qayğıdan nəşələnirdi atam, – Qasım müəllim, – bunu bilirdik.
Sevincini kəsdilər atamın.
Qardaşsız qoydular atamı.
Ata oldu başqalarına atam!
Qardaş oldu başqalarına atam!
Sevinc payladı başqalarına atam!
Az şey aldı həyatdan, çox şey verdi həyata!
Amansız oldu həyat atama qarşı.
Atam həyatdan küsmədi!
Gülüşünü qaytarmadılar atamın!
Heç kəsin gülüşünə sahib olmadı atam!
ANA

Axşamlar ehmallıca, atamı, qardaşımı oyatmadan məni geyin¬dirərdi, kinoya aparardı.
İohann Ştraus haqqında film göstərirdilər.
“Vena meşəsinin valsı” yaranırdı ekranda.
Araba səsləri quş səslərinə qovuşurdu, məhəbbətli məqam¬lar göz önündən keçirdi.
Meşə nağıl danışırdı.
Mənim ən böyük nağılım isə yanımdakı anam idi, onun mehri idi.
Axşamlar ağ rəngli çarpayıma yanaşardı, danışardı, gülərdi, bəxtiyarlığın zirvəsinə yüksələrdim.
Yayda qaynı Xalidlə bağçaya qonardılar, cəh-cəh vurardılar.
İlk dəfə Dilicanda gördüm anamı. Uzaqdan üstümə yüyür¬dü, bağrına basdı, sevincimin həddi-hüdudu yox idi.
Girdə sifət, alçaq boylu, qara qaş, qara göz cavan anaydı – anam!
Xalid əminin toyunda yengə idi, gəlinin yanında gəlirdi.
Elə bilirdim dünya mənimdi!
Musiqiliydi, şeirliydi, nəğməliydi anam!
Bayatılar, laylalar, şikəstələr vurğunuydu!
Dava zamanı nənəm ağlayardı, anam oxuyardı.
Ana kimi oxuyardı.
Biz böyüyərdik – anamın sifətində qırışlar artırdı.
Biz böyüyürdük – anamın gülüşləri dəyişirdi.
Biz böyüyürdük – anam boydan kiçilirdi.
Xəstələnirdim – xəstələnirdi!
Qüssələnirdim – qüssələnirdi!
Ayağımıza tikan batırdı – ürəyi qanayırdı.
Günah işlədirdim – günaha batırdı.
Döyülürdük – döyülürdü.
Söyülürdük – söyülürdü.
Bizi özümüzdən yaxşı duyurdu.
Günlərin birində başımı qaldırıb gördüm ki, anam qocalıb.
Bilmədim günlər necə keçdi, illər necə ötdü!
Cavan anam necə qocaldı!
MƏKTƏB

Səma yox idi məktəbimizdə.
Günəş yox idi məktəbimizdə.
Çay yox idi məktəbimizdə.
Kənd yox idi məktəbimizdə.
Ürəyi riqqətə gətirmirdi məktəb.
Xəyalı qanadlandırmırdı məktəb.
Fizikadan danışırdılar – fizikanı söndürürdülər.
Riyaziyyatdan danışırdılar – riyaziyyatı söndürürdülər.
Ədəbiyyatdan danışırdılar - ədəbiyyatı söndürürdülər.
Tarixdən danışırdılar – tarixi söndürürdülər.
Ölü ciddilik vardı məktəbimizdə.
Ölü bilik vardı məktəbimizdə.
Ölü nizam vardı məktəbimizdə.
Bayırda həyat vardı. İçəridə həyat ölmüşdü.
Bayıra həsrət çəkilirdi.
Bayırda dirilirdik.

PAYTAXTLI GÜNLƏRIM
AĞCAQAYINLAR ARASINDA

Göyrüşümə bənzəyir.
Çinarım tək uca.
Meşələrim tək nizamlı; qışda qar ətəkli, yazda yaşıl libaslı, yayda kölgəli, payızda qüssəli.
Küləklə təmasda, mübahisədə, dalaşda. Səmaya can atan.
Ağcaqayınlar arasındayam. Kəndimizə qayıtmışam.
DAHİLƏR ARASINDA

Ayıq vaxtı olmazdı. Çünki gələcəyin dahisiydi.
Küçə qadınlarına mərhəmdi. Çünki gələcəyin dahisiydi.
Restoranlarda hayqırardı. Çünki gələcəyin dahisiydi.
Kitab oxumazdı. Çünki gələcəyin dahisiydi.
Söyüşdən yorulmazdı. Çünki gələcəyin dahisiydi.
Borcunu qaytarmazdı. Çünki gələcəyin dahisiydi.
Müxtəlif adamları müxtəlif vaxtlarda sevərdi. Çünki gələcəyin dahisiydi.
Cinsi əlaqəni insani münasibətin zirvəsi sayırdı. Çünki gələcəyin dahisiydi.
Qanorar dəlisiydi. Çünki gələcəyin dahisiydi.
İmzasını hərarətlə öpürdü. Çünki gələcəyin dahisiydi.
Çətin idi mənim üçün dahilərin arasında yaşamaq.
İçkipərəst deyildim, küçə qadınlarıyla dostluq etmirdim, söyüş söymürdüm, borcumu vaxtında qaytarırdım, əxlaqı müqəddəs sayırdım, restoranlarda gecələmirdim, şəhvət hərisi deyildim, kitabı sevirdim.
Artıq idim dahilər arasında.
İyrəndim “dahilər”dən.

ƏDƏBİYYAT TƏDRİSİ

Şairlərin ayaqqabısının tozu diqqətlə öyrənilirdi.
Asqırığı, tüpürcəyi, dərin təhlil obyektinə çevrilirdi.
Sifətindəki sillə yeri – tarixi hadisə sayılırdı.
İşrətliləri – Məcnunlaşırdı.
İşvəkarları – Məryəmləşirdi.
Zəifliyi – qüdrətləşirdi.
Xəyanətləri – sədaqətləşirdi.
Bütün şairlər – başdan-binadan inqilabçı idilər; hamısının məqsədi ideal cəmiyyət qurmaq imiş, despotizmi kökündən qopartmaq imiş!
Əyyaşlıq edəndə belə şairlər – pir oğlu pir olurlarmış!
Varlı olanda belə şairlər – yoxsul olurlarmış!
Qorxudan əsəndə belə şairlər – qorxmaz olurlarmış!
Qumar oynayanda belə şairlər – ibadət zirvəsinə ucalır¬larmış!
Qadınına xəyanət edəndə belə şairlər – mənəviyyatın üst qatına yüksəlirlərmiş!
Mənsəbə yalmananda belə şairlər – vüqar taxtında qürrə¬lənirlərmiş!
Ədəbiyyat dərsində ədəbiyyatdan bezirdim.
“Görəsən dünyada şairlərdən də pis adam olubmu?” – deyirdim.
FƏLSƏFƏ TƏDRİSİ

“Birinci materiyadır” – deyənlər – materialistlərdir.
“Birinci şüurdur” – deyənlər – idealistlərdir.
Materialist düz deyir; idealist yalan danışır.
Dünya, Həyat, Cəmiyyət üç qanun əsasında inkişaf edir: əksliklərin mübarizəsi və vəhdəti qanunu, kəmiyyətin keyfiy¬yətə keçməsi qanunu və inkarı inkar qanunu əsasında.
Cəmiyyətin inkişafı – istehsal qüvvələriylə istehsal münasi¬bətləri arasında ziddiyyətlə bağlıdır.
Həmin ziddiyyət inqilabi yolla: köhnə iqtisadi münasi¬bətlərin yeni iqtisadi münasibətlərlə əvəz olunması yoluyla aradan qalxır.
Proletariat kapitalist sinfini ləğv edir, siyasi hakimiyyətə sahib olur və ideal cəmiyyət yaradır.
Bütün bəlaların başı – xüsusi mülkiyyətdir.
Xüsusi mülkiyyət ictimai (ümumi) mülkiyyətlə əvəz olunanda bütün problemlər həll olunacaq, bərabərlik, qardaşlıq, ədalət bərqərar olacaq.
İndiyə qədər olan fəlsəfə labüd şəkildə müasir, yeni, vahid fəlsəfəni yetirmək üçün yaranıb.
Müasir fəlsəfəyə zidd nə varsa – cəfəngiyyatdır.
Həqiqət birdir, o da bizdədir.
Başqa həqiqət axtaranlar – heyvərə və canidirlər.
Yalnız və yalnız...
Fəlsəfə tədrisində fəlsəfə qurtarırdı.
ÖZÜMÜNKÜLƏR

Biri deyirdi: Cansızdır.
O biri deyirdi: Kitab adamıdır, həyat adamı deyil.
Başqası deyirdi: Fərdiyyətçidir.
Digəri deyirdi: Səliqəsizdir!
Biri deyirdi: Özünü bilikli göstərir.
O biri deyirdi: Cavanlığını qurban verir.
Başqası deyirdi: Oxumaqla dahi olmaq istəyir.
Digəri deyirdi: Yəqin vergisinə inamı yoxdur.
Biri deyirdi: Boydan balacadır.
O biri deyirdi: Lütün biridir.
Başqası deyirdi: Nəzakət qaydalarını bilmir.
Digəri deyirdi: Özündən razıdır.
Gündə yüz yol məni asırdılar, kəsirdilər özümünkülər.

KİTABXANA

Hegeli oxuyurdum. Kəndimizi görürdüm.
Platonu oxuyurdum. Kəndimizi görürdüm.
Tolstoyu oxuyurdum. Kəndimizi görürdüm.
Füzulini oxuyurdum. Kəndimizi görürdüm.
Nəsimini oxuyurdum. Kəndimizi görürdüm.
Musiqi tarixini oxuyurdum. Kəndimizi görürdüm.
Rəssamlıq tarixini oxuyurdum. Kəndimizi görürdüm.
Dünya tarixini oxuyurdum. Kəndimizi görürdüm.
Vuruldum kitablara.
Unutdum özümü, şəhəri, institutu, özümünküləri.
Özümü təzədən oxudum, təzədən tapdım.


HİDDƏTLİ SƏSLƏR

- Komsomoldan çıxarılsın!
- İdealistləri oxuyur.
- Dərsə gəlmir.
- Bizi saymır.
- Özünü böyük sayır.
- Dili acıdır.
- İntizamsızdır.
- Laureatları ələ salır.
- Sifətində istehza var.
- Çıxarılsın.
- Qovulsun.
- Bizə bənzəmir...
NÖVBƏDƏ DURANLAR


Dünya Matəm işindəydi.
Stalin ölmüşdü.
Şəhər mərhumla vida növbəsinə durmuşdu.
Uşaqlı, qocalı, qadınlı, xəstəli, şikəstli bütün şəhər.
Növbədə gecələyirdilər, səhəri açırdılar.
Bir-birini itələyirdilər.
Ölənlər də vardı. Heç kəsin ölümü görünmürdü.
Stalinə yas saxlayırdılar.
Stalinin ölümü ildırım tək insanlar vurmuşdu.
Unutmayacaqlar yəqin ki, rəhbərini növbədə dayananlar!
Əziz tutacaq hörmətini rəhbərinin növbədə duranlar!
Qoymayacaqlar “çirkaba qərq eləsinlər xatirəsini rəhbərin!
Kəsəcəklər “rəhbəri tarixdən silməyə çalışan” əlləri!
Öləcəklər rəhbərin ləyaqəti naminə!
Meyidini “murdar qəsddən” qoruyacaqlar...
TƏLƏBƏLİ GÜNLƏRİM
MÜƏLLİMLİK

Füzulidən danışırdım tələbələrimə.
Nəsimidən danışırdım tələbələrimə.
Bayrondan danışırdım tələbələrimə.
Şekspirdən danışırdım tələbələrimə.
Mənəviyyatdan danışırdım tələbələrimə.
İdrakdan danışırdım tələbələrimə.
Sifətlərə çökdüm, gözlərə çökdüm, ürəklərə çökdüm, talelərə çökdüm.
MÜDİR

– Salamı soyuq verirsən, bala.
İnstitutun sütunuyam.
Sən hələ anadan olmayanda mən külüng çalırdım elm yolunda.
Ehtiyatlı ol biziynən...
Sənin kimilərinin çoxunun belini qırmışam.
Ürəyindən bizə dərs demək keçir, nədi?
Çox öyrənməlisən hələ bizdən.
O günkü məruzəndən də faşizm iyi gəlir.
– Sizin danışığınızdan da idiotizm iyi gəlir, qocaman sütun.
KATİB

Axsayırdı. Ancaq şəstli görünürdü.
Başını yuxarı tutardı.
Bütün vücudu “Məni tanıyın!” – deyirdi.
Məkrdə güclüydü, çünki məhəbbətsizdi.
Ləyaqəti tapdamağı sevərdi.
Məkriylə qorxuzardı.
İtaətə salmağı sevərdi.
İşçiləri kölə görmək istəyirdi.
Zərbəni birdən vururdu, bütün gücüylə vururdu, gözlənil¬məz şəkildə və gözlənilməz tərəfdən vururdu.
Miqyaslı, müasir, savadlı, mahir qatil idi.
İşdən qovdururdu İnstitutun ləyaqətini qorumaq bəhanə¬siylə.
Düşmənini sıradan çıxarırdı əxlaq bəhanəsiylə.
Rəqibini yolundan kənara atırdı ədalət bəhanəsiylə.
Əqidəsi hakimlik, ağalıq idi, ancaq əqidəli görünürdü.
Daxili qara idi, sifətində süni işıq parlayırdı.
Şəhvətli idi, zahid görünürdü.
Əlacı olsaydı, ətrafındakıları cansız əşyaya, masaya, stula, təbaşirə çevirərdi.
İstədiyini tam həyata keçirə bilmirdi.
İçəridən yanırdı, ancaq büruzə vermirdi.
Sifətinə ikrah yaradan bir gərginlik qonurdu.
Özünü gizlətməli olurdu.
Kabus olmaq istəyirdi – bacarmırdı.
Mənə: partiya üzvlüyünə layiq deyilsən – dedi.
Sənin kimilərin üzvü olduğu partiyaya girmək istəmirəm! – dedim.
REKTOR

Kabinetindəki stolu dəfə çevirmişdi. Vaxtaşırı səsləndirirdi. Tələbələrinə deyirdi ki, bircə kərə gəlin yanımdan nazlana-nazlana keçin, bəsimdir. Qoca kişiyəm. Qiymətləriniz məndə!
“Həyat adamıdır!” – deyirdilər.
“Hər üzünə var” – deyirdilər.
Tədris kitablarının tarixindən yazlb alim olmuşdu. Müəllimlərinə qandırırdı ki, rüşvət alın, amma qədərində, ləyaqət çərçivəsində.
Boğaz boydan aşağıdır.
Elə yeyin ki, həmişə yeyəsiniz.
Dəli-dolu müəllimləri pullandırıb kurortlara yollayırdı.
Ağızlarını qapayırdı.
Adına Rokfeller deyirdilər – qürrələnirdi.
Balaca rüşvətxorları tutdururdu. İnstitututn şərəfini qoru¬yurdu.
Hörmətliydi, izzətliydi.
Dünyanın yarısını gəzdi.
Evladlarına, nəvəsinə, nəticəsinə, qohumuna, qərəvəsinə yaradı.
Onları evli-eşikli, varlı-dövlətli, rütbəli, vəzifəli elədi.
Nümunəyə çevrildi.
“Kişi belə olar” – dedilər.
Pərəstişkarları artdı.
“Ağa gəldi, Ağa getdi, Ağa buyurdu” – dedilər.
Öləndə də meyidinin üstünə gələnlər çox oldu.
Küsənmədim Ağanın ağalığına.
Heç saydım Ağanın ağalığını.
Əvvəl mənə güldülər.
Sonra Ağanın institutundan uzaqlaşdırdılar.

İCLAS

Katib olmaq istəyirdilər.
Partiya prinsipiallığından danışırdılar.
Varlanmaq istəyirdilər.
Partiya prinsipiallığından danışırdılar.
Rütbə qazanmaq istəyirdilər.
Partiya prinsipiallığından danışırdılar.
Kimisə itirmək istəyirdilər.
Partiya prinsipiallığından danışırdılar.
Təzə qəhrəmanlar peyda olurdu.
Tələbəsini zorlamaqda ittiham olunan müəllim özünü gö¬rün¬¬mə¬miş inadla, məharətlə, hərarətlə müdafiə edirdi.
İclas iki cəbhəyə bölünərdi.
Döyüş şiddətlənərdi.
Ya müttəhim qələbə çalardı, ya da ittihamçılar.
Ancaq sonda mütləq zəfər əhvali-ruhiyyəsi bərqərar olardı.
Əli bala batmayan qrup əli bala batan qrupa şiddətli siyasi ittihamlar yağdırardı.
Digər qrup əks hücuma keçərdi. Gurultu qopardı.
Döyüşlərin arasında yuxarının qərarı müzakirə edilərdi və yekdilliklə qəbul olunardı.
Hesabat-seçki yığıncağında seçilən təzə başçı indidən yer cənnətinin nəşəsiylə xumarlanırdı.
YENİLİKÇİ

Köhnə basketbolçu paytaxtda alim olub gəlmişdi.
– Yenilikçisən – dedim.
– Necə yəni?
– Sübut elədin ki, ən istedadsız adam belə alim ola bilər.

QƏBUL İMTAHANI

Dəstə-dəstə, sıra-sıra adam düzəldərdilər, “partiya kitabçama and olsun!” – deyirdilər.
Müştərilərinə zorla qiymət yazdırırdılar, “partiya kitabçama and olsun!” – deyirdilər.
İmtahan vərəqələrini dəyişdirirdilər, “partiya kitabçama and olsun!” – deyirdilər.
Adamsızları kəsirdilər, “partiya kitabçama and olsun!” – deyirdilər.
 
  Bugün 6 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol