Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Bədiyyat
 

(ASİF ATA)
BƏDİİYYAT
İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.
Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.
Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.
Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.
Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).
ŞEİR

Uzaq, dəbdəbəli yalandan – uzaq!
Ürəyi qəfəsə salandan – uzaq!
Boynuna saç kimi dolanıb, birdən –
Səni ilan kimi çalandan – uzaq!

Vüqardır kişinin dünyada varı,
Vüqarla sağalır könül qübarı,
“Ya şöhrət, ya vüqar!” – dedi zəmanə,
Şöhrətdən əl çəkib tutdum vüqarı.

Kamal meyvəsini dərən istərəm,
Canını eşqinə verən istərəm,
Cismimi cismində görən çox oldu,
Ruhumu ruhunda görən istərəm!

Dünyamı axtardım mən Yer üzündə,
Tapmadım, murazım qaldı gözümdə.
Dolaşdım aləmi əli çıraqlı –
Axırda dünyanı tapdım özümdə!

“Qarğa bülbül oldu”, - desələr, - inan!
“Alaq sünbül oldu”, - desələr, - inan!
Səbirli bəşərin dözüm kasası
“Qızıl qanla doldu!”, - desələr, - inan!

Palçıq üstə çıxdı, dağ altda qaldı,
Şikəst üstə çıxdı, sağ altda qaldı,
Zəmanə nehrəsi tərs çalxalandı,
Ayran üstə çıxdı, yağ altda qaldı.

Dünyadan yaraşıq yaman azaldı,
Ürəklərdən işıq yaman azaldı,
Bulanıq sulara qərq oldu aləm –
Adamlar çoxaldı, İnsan azaldı.

Könül yarasını bağlayan yoxdur,
Kədərdə sel kimi çağlayan yoxdur,
Yaman günə saldı zaman insanı –
Ölünün üstündə ağlayan yoxdur.

Dünyadan qadınlıq isməti getdi!
İnsanın insana həsrəti getdi!
Ürəyi tərk etdi müqəddəs heyrət –
Aşiqin Məcnunluq qisməti getdi!

Yaltaqsan – məğruram – üstünsən məndən!
Zülmətsən – mən nuram – üstünsən məndən!
Şərinlə məşhursan şeytan içində -
Xeyrimlə məşhuram – üstünsən məndən!

Həyatdan bezirəm – səni görəndə,
Əzaba dözürəm – səni görəndə,
Qaçıram insandan əlli-ayaqlı,
Sərgərdan gəzirəm – səni görəndə!

Ali hiddətini öldürdün, yazıq!
Ülvi nifrətini öldürdün, yazıq!
Ruhunu basdırıb qara torpağa –
Özünü dünyada sağ bildin, yazıq!

Hərislər içində ülfət acı yox!
Məhəbbət dərdlisi, dost möhtacı yox!
Uzaq səmalardan pay umur insan –
Ürəyin ürəyə ehtiyacı yox!

Alovlu ürəyə yer tapılmayır!
Müqəddəs diləyə yer tapılmayır!
Göz üstə yeri var haram çörəyin –
Tək halal çörəyə yer tapılmayır!

Sevinc qəmə dönüb qanlı yaş oldu!
Dostlar düşmənlərlə cığırdaş oldu!
Övlad atasına qənim kəsildi,
Qardaş qardaşına qara daş oldu!

Kədərlə qaynayıb qarışmaq gərək!
Dözümdə dağlarla yarışmaq gərək!
Fərəhli xəbərlər döymür qapını –
Qəmli xəbərlərə alışmaq gərək!

Qışdan gün istədik, buzdan – hərarət,
Könüldən – sədaqət, dildən – həqiqət,
Qəbahət bağçası gül bitirmədi –
Bitirdi cəhalət, riya, səfalət!

Tar-mar könüllər tez abad olur,
Dünən qəmə batan bugün şad olur,
Yaman dəyişkəndir dünyanın halı –
Səhər doğma olan – axşam yad olur.

Kədər dəniz kimi dalğalansa da,
Sinəmin üstündə od qalansa da,
Dözəcək bəlaya, cəfaya könlüm –
Əzab nehrəsində çalxalansa da.

Yazın məlahəti tər güldə yaşar!
Yerin bərəkəti sünbüldə yaşar!
Həqiqət alovu, ədalət eşqi –
Həyatda sönsə də - könüldə yaşar!

Özünə dayaqsan – güclüsən məndən!
Əcnəbi sayaqsan – güclüsən məndən!
Həya əsiriyəm əzəldən bəri –
Həyadan uzaqsan – güclüsən məndən!

Duyğunun əzəli gərəkdir mənə!
Nəsimi zəfəri gərəkdir mənə!
Hərcayi fərəhlər qəlbimə yaddır –
Füzuli kədəri gərəkdir mənə!

Namərd istəyinə çatdı dünyada,
Mərdin yorğun baxtı yatdı dünyada,
Gəda zadəganlar, cahil loğmanlar,
Qarabaş xanımlar artdı dünyada.

Həqiqət libası geyindi Yalan,
Doğruluq timsalı bilindi Yalan,
Heyrəti tükənmiş sönük gözlərə -
Həqiqətdən gözəl göründü Yalan!

Zəmanə küləyi tərs əsir indi,
Həmzələr pambıqla baş kəsir indi,
Səma qaranlığa, çay bulanlığa,
Insan heyvanlığa tələsir indi.

Nəsimi heyrəti sözündə yoxdur,
Nəimi İşığı üzündə yoxdur.
“Şərqin övladıyam” – söyləmə, qafil, -
Zərdüşt qığılcımı gözündə yoxdur!

Qədim cəfakeşlər sırasındayam,
Bilmirəm tarixin harasındayam.
Bugünün insanı olmadım heç vaxt –
Dünənlə sabahın arasındayam!

Şübhə ümid ilə durdu üz-üzə,
Ruhun təlatümü döndü dənizə,
Şübhəylə zülmətə qərq oldu ürək –
Ümidlə zülmətdən çıxdı gündüzə!

Öyrəndik hər ayın, ilin dilini,
Neçə möcüzəli sirrin dilini,
Unutduq gözəllik əlifbasını –
Dağların, çayların, gülün dilini!

Duyğu var – şəlalə selindən gəlib!
Səda var – harayın zilindən gəlib!
Adam var – fitnənin əkiz qardaşı,
Elə bil İblisin belindən gəlib!

İnsaflı quldursan – çapqın deyilsən!
Mülayim cəlladsan – azğın deyilsən!
Dəhşətə gətirmir günahın səni –
Qeyrətdən uzaqsan – satqın deyilsən!

Meyvə bağdan qaçdı, yarpaq budaqdan,
İşıq gözdən qaçdı, kəlmə dodaqdan,
Aləmi bürüdü qorxu kabusu –
Gül çəməndən qaçdı, sular bulaqdan!

Hər addımda yüz cinayət görür könlüm!
Murdar əməl, qara niyyət görür könlüm!
Əl çəkməyir yenə qadir İnamından –
Sabah adlı saf ülviyyət görür könlüm!

Alçaqlarla danışmağı bacarmıram!
Qəbahətə alışmağı bacarmıram!
Təmasdayam Məhəbbətlə, Sədaqətlə -
Xəyanətlə barışmağı bacarmıram!

Ulduz olub dan yerində alışaydım!
Dəniz olub sahillərlə danışaydım!
Toxum olub düzlərinə səpiləydim!
Bulud olub göylərinə qarışaydım!

Yazın körpə nəfəsinə vurulmuşam!
Şəlalənin gur səsinə vurulmuşam!
Səmaların kövrək axşam mahnısına,
Meşələrin qüssəsinə vurulmuşam!

Müdrik xeyir savabına tələsiyir,
Aşiq – ürək cavabına tələsiyir,
Quş uçuşa, qoç döyüşə, şam atəşə,
Cəllad insan əzabına tələsiyir.

Şər zülməti ağuşuna aldı səni.
Qara qəlbin yaman günə saldı səni.
Öldürmədin daxildəki düşmənini –
Xəbisliyin ilan olub çaldı səni.

Uzaqda yox, yaxındaymış – uzaqlıq!
Ömrümün hər anındaymış – uzaqlıq!
Baxışların yadlığını görəndə -
Anladım ki, yanımdaymış – uzaqlıq!

Müdrikliyi naşılardan öyrənmişəm.
Eşqi – gözüyaşlılardan öyrənmişəm.
Əylənməyi – naqislərdən, nacinslərdən –
Qəmlənməyi – yaxşılardan öyrənmişəm.

Fil görünən milçəkləri bəyənmirəm!
Div görünən böcəkləri bəyənmirəm!
Cinayətin, həqarətin bəslədiyi –
Riyalı ağbirçəkləri bəyənmirəm!

Damla-damla qəlbə dolur – biganəlik!
Sükutuyla ruhu yorur – biganəlik!
Səssizliyə, hissizliyə sığmayanda –
Nifrət olur, lənət olur – biganəlik!

Zəmanə hiddətlə dindirdi məni!
İdrak gəmisinə mindirdi məni!
Əzab ocağında yandırdı-yaxdı –
Kədər dənizində çimdirdi məni!

Dövran qul istəyir – qul olmaz İnsan!
Yoxuşlu yollarda yorulmaz İnsan!
Göy yerə tökülər, çaylar tərs axar,
Zəmanə yanılar – yanılmaz İnsan!

El gözündə şərafətli görünürlər.
Güc önündə dizin-dizin sürünürlər.
Yaz gələndə qəbahətlə bəzənirlər.
Qış düşəndə xəyanətə bürünürlər.

Ölülər gözlərdə diri göründü.
Cılızlar sözlərdə iri göründü.
İnamı söndürən bu cəhalətdə -
Böyük fəlakətin sirri göründü.

Müqəddəs diləyə yaradı könlüm,
Ömrümə yüz ömür caladı könlüm,
Qəbahət qışının bəd vədəsində
Məhəbbət ocağı qaladı könlüm.

Musiqi barmaqla çalınan deyil!
Ölçü qalıbına salınan deyil!
O, ruhun göylərə qovuşmasıdır, -
İlahi məqamdır – adi an deyil!

Mətanət mərdanə duruşda qaldı,
Əzəmət canballı yerişdə qaldı,
Əsillik tərk etdi zaman səddini –
Böyüklük tükəndi – səriştə qaldı.

Gözəllik sarayı söküldü getdi,
Saf sular çaylara töküldü getdi,
Qəbahət dünyanı elə tutdu ki,
Günəş də göylərdən çəkildi getdi.

Hiylə rəzalətlə yarışan zaman,
Fitnə xəyanətə qarışan zaman,
Həqiqət yox oldu utandığından,
Cəhalət kürsüdən danışan zaman!

Gün istədik – kölgə verdi bizə dünya!
Hiddətimiz sığışmayır sözə, dünya!
Nə zamandır axtarırıq, tapmayırıq –
Xəcalətdən görünməyir gözə dünya!

Lənət qarğış meydanında xırdalandı.
Şöhrət alqış meydanında xırdalandı.
Zəfər təbil həşirində, harayında –
Hünər yarış meydanında xırdalandı.

Təbdən süzülməyən sözə inanma!
Nurla bəzənməyən üzə inanma!
Könül dünyasının dərinliyində
Möcüzə görməyən gözə inanma!

Üzündəki qəmli həyəcan nədir?
Gözlərindən axan bu leysan nədir?
Ruhun ülfətinə can atır cahan –
Əcəlin əlində ölən can nədir?

Dərdini qəlbinlə bölə bilərsən!
Onunla danışıb-gülə bilərsən.
Çovğunlu-şaxtalı qış günlərində
Günəşi qəlbində görə bilərsən.

Şahinlər səmaya uçacaq yenə!
Qaranlıq işıqdan qaçacaq yenə!
Amalı nurlular, qəlbi doğrular
Bağlı qapıları açacaq yenə!

İşıq gözdən ayrı düşdü.
Duyğu sözdən ayrı düşdü.
Qəlb ölkəsi parçalandı –
Həya üzdən ayrı düşdü.

Gənclik gülü solasıdır,
Qüssə qəlbə dolasıdır,
Fikir mənim var-dövlətim,
Məzar evim olasıdır.

Ürək yaman nadinc olub!
Adi sevinc gülünc olub!
Möhnət özü – bəxtiyarlıq!
Kədər özü – sevinc olub!

Məni düzgün qanan var ki!
Yerim dardır – səmam var ki!
Əzablıyam – sabahlıyam!
Dərdim çoxdur – davam var ki!

Nəşəlisən – Sevdalıyam!
Bəzəklisən – Mənalıyam!
Rütbəlisən – Qüdrətliyəm!
Dövlətlisən – Dünyalıyam!

Alçaq böyük sayıldı.
Parlaq sönük sayıldı.
Xain sədaqət əhli,
Sadiq dönük sayıldı.

Barmaq əli aldadır.
Dodaq dili aldadır.
Aldatmaq əyyamıdır –
Bülbül gülü aldadır.

İstədin – bacarmadın!
Qarıdın – qocalmadın!
Sevindin – sevilmədin!
Yüksəldin – ucalmadın!

Böyüdürəm – kiçilirsən!
Damla-damla içilirsən!
Yaxşılığa çağırıram –
Yamanlığa seçilirsən!

Zorla körpə danışmaz!
Zorla meyvə yetişməz!
Zorla dünya dağılar,
Zorla dünya dəyişməz!

Bəd igidlər işkəncəsi.
Şad meyidlər işkəncəsi.
Lal söhbətlər fəlakəti,
Yad öyüdlər işkəncəsi!

Yalan sözlər qələbəsi.
Sırtıq üzlər qələbəsi.
Xəbis gözlər qələbəsi.
Əyri düzlər qələbəsi.

Tərcümə zamanlar,
Tərcümə yalanlar,
Tərcümə lisanlar,
Tərcümə insanlar.

Bənzəməmək qəribliyi,
Bəzənməmək qəribliyi,
Dəbdəbəli qəbahəti
Bəyənməmək qəribliyi!

Duyğuvari duyğular,
Qayğıvari qayğılar,
Fikirvari fikirlər,
Yanğıvari yanğılar.

Uca dağlar “cinayəti”!
Üzü ağlar “cinayəti”!
Min meyidin arasında
Nadir sağlar “cinayəti”!

Zəlil ayıqlar.
Məzlum sayıqlar.
Miskin dayaqlar.
Şikəst ayaqlar.

Naxır sevinci!
Cahil sevinci!
Zail sevinci!
Paxıl sevinci!

Ali kədər azlığı.
Ruhi zəfər azlığı.
Pərvanələr azlığı,
Divanələr azlığı!

Vaxt gələcək!
Baxt güləcək!
Kor görəcək!
Lal dinəcək!

Kor görsədir.
Kal öyrədir.
Küt qandırır.
Lal söylədir.

Ağlın kor,
Qəlbin kar,
Ruhun lal –
Xoş iqbal!

Ölü dirilər!
Quduz sürülər!
Cərgəli cərgəsizlər!
Ölkəli ölkəsizlər!

Canlıya oxşayan kölgələr!
Sahibə oxşayan kölələr!
Diriyə oxşayan meyidlər!
Kölgəyə oxşayan ölkələr!

Günəş göyün üzündə.
Məna – ömrün izində.
İşıq – mərdin gözündə,
Dərman – dərdin özündə.

Yolda qəza gözləyirəm.
Zordan cəza gözləyirəm.
Sonsuz qəzəb meydanında
Sonsuz əzab gözləyirəm.

Haqq kimiyəm – qocalmıram!
Xalq kimiyəm – qocalmıram!
Ay dolanır – il dolanır –
Dağ kimiyəm – qocalmıram!

İşıqda axtarma – gözündə axtar!
Cığırda axtarma – izində axtar!
Səadət çiçəyi diləsə könlün –
Həyatda axtarma – özündə axtar!

Alçalmısan doyunca!
Əl çalmısan doyunca!
Əzəmətli fırfıra,
Həşəmətli oyuncaq!

Dağlar mənim qardaşım!
Çaylar mənim sirdaşım!
Göylər mənim qohumum!
Yollar mənim yoldaşım!

Mərdi nalan öldürür.
Düzü yaman öldürür.
Fikri nadan öldürür.
Sözü yalan öldürür.

Şimşək yoxdur gurultuda,
Nalə yoxdur bağırtıda,
Hər görünən olan deyil,
İşıq yoxdur işıltıda.

Yaşayıram həyatda,
Bir nişanda, bir adda –
Təhlükəylə oyunda,
Ölümlə zarafatda.

Ucalardan ucayam!
Qocalardan qocayam!
Böyüklərdən böyüyəm –
Özümdən balacayam!

Fəlakətdən güc alıram,
Mətanəti dost sayıram,
Kiçildirlər – böyüyürəm,
Alçaldırlar - ucalıram.

Göy sənindir – qanad mənim!
Zor sənindir – inad mənim!
Qüvvətlisən – qüdrətliyəm!
Gün sənindir – həyat mənim!

Aldadanda – aldanmısan!
Aldanışa inanmısan!
Aldatmırsan, aldanmırsan!
Yuxudaydın, oyanmısan!

Cəza tapır güclünü.
Qəza tapır güclünü.
Əzab tapır güclünü.
Savab tapır güclünü.

Can qorxuya əsirsə,
Ürək tir-tir əsirsə,
Dizlərin titrəyirsə, -
Özündən ayrılmısan!

Vahiməli gözündə
Düşmən dağa dönürsə,
Ümid odu sönürsə, -
Özündən ayrılmısan!

Çirkabı bəzədilər,
Günahı gözədilər,
Hamıdan ləyaqətli,
Hamıdan gözəldilər!

İnsan harda gizlənib?
Vicdan harda gizlənib?
İman harda gizlənib?
İnam harda gizlənib?

Çirkabdan azad oldum.
Günahdan azad oldum.
Riyadan azad oldum.
Boyadan azad oldum.
Körpəydim, yaşa doldum!

Yaxşıya yağı dünya,
Yamanın dağı dünya,
Sənə ölü gərəkdir,
Neynirsən sağı, dünya!

Qorxaq qorxur cəsarətdən,
Xain qorxur sədaqətdən,
Nadan qorxur həqiqətdən,
Qəddar qorxur ədalətdən.

Su – bulağın günahı.
Söz – dodağın günahı.
İz – ayağın günahı.
Nur – çırağın günahı.

Çirkab – bulaq hakimi.
Yalan – dodaq hakimi.
Axsaq – ayaq hakimi.
Zülmət – çıraq hakimi.

Bulud çöküb gözlərə,
Günah çöküb üzlərə,
Çirkab çöküb sözlərə,
Qar ələnib izlərə.

Zülmət ziyaya güldü,
Riya həyaya güldü,
Külək qayaya güldü...
Ürək dünyaya güldü!

Kölə - azad göründü.
Kədərli – şad göründü.
Zəlilləşən dünyada
İgidlər yad göründü.

Dərdə düşən ağlamaz!
Sinəsini dağlamaz!
Bahar mütləq gələcək –
Qış baharı saxlamaz!

Yadlıq - ərzin işində,
Lovğanın yerişində,
Saxtanın gülüşündə,
Zamanın gedişində.

Çiçəklər sinə dağlar,
Sellər nərildər, çağlar,
Külək dil deyib ağlar!
Qartalsız qaldı dağlar!

Göy imdada çatmadı,
Yatanı ayıltmadı.
Gələnlər gedər oldu,
Gedənlər qayıtmadı.

Qaranlıqlar söküldü.
Torpağa nur töküldü,
Ölüm gecə gəlmişdi, -
Səhər çağı çəkildi!

Qartal göydə süzmədi,
Maral dağda gəzmədi,
Ruh cəfaya dözəcək –
Bəlkə bədən dözmədi!

Nurdan duruydu bulaq,
Dağdan uluydu bulaq,
İnsana həmdəmoldu –
Dərddən qurudu bulaq!

Zəlil deyil – dəlidir.
Zəli deyil – dəlidir.
Zail deyil – dəlidir.
Qafil deyil – dəlidir.

Titrəyə-titrəyə sevinir,
Titrəyə-titrəyə öyünür,
Titrəyə-titrəyə söyülür,
Titrəyə-titrəyə döyülür.

Yalanı sevməmişəm,
Yamanı sevməmişəm,
Olmayanı sevmişəm –
Olanı sevməmişəm.

El yiyəsi, sayma məni!
Çöl yiyəsi, sayma məni!
Zor yiyəsi sayma məni!
Diri-diri soyma məni!
Öz yerinə qoyma məni!

Çirkabla salamlaşdım!
Günahla salamlaşdım!
Niqabla salamlaşdım!
İnsandım – adamlaşdım!

Ormanlarda böyümüşəm,
Xırmanlarda döyülmüşəm,
Adi gündə söyülmüşəm,
Çətin gündə sevilmişəm.

Bağladılar gözünü,
Dağladılar sözünü,
Tanımadın dünyanı –
Tanımadın özünü.

Qaya uçur – görən yox,
Çıraq keçir – görən yox,
Karvan köçür – görən yox,
Ölüm biçir – görən yox.

Bəd çağlarla görüşdüm,
Qorxaqlarla görüşdüm,
Alçaqlarla görüşdüm,
Qaçaqlarla görüşdüm.

Ucalar alçaq oldu,
Sağlamlar naçar oldu,
Qeyrət məqamı gəldi,
Qoçaqlar qaçaq oldu.

Qorxaq deyil – dəlidir!
Alçaq deyil – dəlidir!
Yaltaq deyil – dəlidir!
Sarsaq deyil – dəlidir!

Gəlirlər – heç olurlar.
Ölürlər – heç olurlar.

Çirkabda doğulanlar!
Günahdan yoğrulanlar!
Qorxuda qovrulanlar,
Namusdan qorunanlar!

Azğınlıqla barışdıq,
Pozğunluqla barışdıq,
Quzğunluqla barışdıq,
Mütilərlə yarışdıq.

Can verənlər yaşayır!
Xalqsevənlər yaşayır!
Haqq deyənlər yaşayır!
Qəm yeyənlər yaşayır!

İlan daxilimizdə,
Yalan daxilimizdə,
Yaman daxilimizdə.
Dərman daxilimizdə.

Həyatın yükü – yalan!
Çirkabın kökü – Yalan!
Günahın ilki – Yalan!
İdrakın çirki – Yalan!

Əzab qoruyur məni.
Qəzəb qoruyur məni.
Qəza qoruyur məni.
Cəza qoruyur məni.

Surətində sünilik.
Ülfətində sünilik.
Qüdrətində sünilik.
Xilqətində sünilik.

Zaman düşdü yadıma,
Cavan düşdü yadıma,
Yaman düşdü yadıma,
Çatmadı imdadıma.

Zülmün qaşı çatıldı,
Mərd namərdə satıldı,
Düzlərə dolu yağdı,
Dağlara daş atıldı.

Dərdə dərman dərd olur,
Dərd dərmandan mərd olur,
Həmdərdi olmayana –
Dərd özü həmdərd olur.

Zülmətdə alış, könül!
Günəşlə yarış, könül!
Həmsöhbət tapmayanda
Özünlə danış, könül!

Sabah öləcək gecə,
Nura dönəcək gecə,
Söz yığır ürəyinə,
Nə vaxt dinəcək gecə?

Gecənin ömrünə baxt
Dərd yazıb varaq-varaq,
Nə dinir, nə danışır,
Gecədə dözümə bax!

Könül dağlayır gecə!
Yara bağlayır gecə!
Hamı aşkar ağlayır –
Pünhan ağlayır gecə!

“Qəlbim qəmə yar oldu,
Günüm ahu-zar oldu,
Rəngim ağ idi bir vaxt,
Dərd çəkməkdən qaraldı”.

Neçə dəfə sinəm üstə çökdü ölüm,
Son məqamda pəncəsini çəkdi ölüm,
“Qoy yaşasın!” – dedi – hələ, arzuludur!
Həm sərtlikdə, həm mərdlikdə təkdir ölüm!

Davadayam – düyündəyəm!
Vətənimlə - bir gündəyəm!
Vətənimdə - sürgündəyəm!

Arif oldum aqillərin dünyasında!
Zərif oldum adillərin dünyasında!
Hərif oldum zaillərin dünyasında!
Qərib oldum cahillərin dünyasında!

Mən cəfanı sevmişəm!
Səfa qoy sənin olsun!
Dərdim dünyadan böyük,
Dərdsiz düşmənin olsun!

Cəsarətdən ayıldı,
Həqiqətdən ayıldı,
Ədalətdən ayıldı,
Yetkin insan sayıldı.

Ədalətə ölüm yardır,
Haqq ölümə tərəfdardır,
Bütün bəşər günahkardır,
Günah varsa – cəza vardır!

Xəbis ilqarlı olmur,
Həris vüqarlı olmur,
Vicdansızdır varlılar –
Vicdanlı varlı olmur.

Qarlı dağlar aşmışam!
Sellər kimi daşmışam!
Qışda yaşa dolmuşam –
Yazda cavanlaşmışam!

Köpükləşən dünyamız!
Kəpəkləşən dünyamız!
Kötəkləşən dünyamız!
Köpəkləşən dünyamız!

Sevdalı sevdasızlar!
Sədalı sədasızlar!
Həyalı həyasızlar!
Atalı atasızlar!

Ürəkli ürəksizlər!
Diləkli diləksizlər!
Gərəkli gərəksizlər!
Köməkli köməksizlər!

Korsan – xəbərin varmı?
Karsan – xəbərin varmı?
Kalsan – xəbərin varmı?
Lalsan – xəbərin varmı?

Ölüdür – sağ görünür.
Qaradır – ağ görünür.
Çəpərdir – bağ görünür.
Çınqıldır – dağ görünür.

Yalan dərdik – bar yerinə,
Yalan sevdik – yar yerinə,
Yalan yedik – bal yerinə,
Yalan tapdıq – var yerinə.

Yalan gəzdi qayalarda,
Yalan axdı dəryalarda,
Yalan bitdi səhralarda,
Yalan çaxdı səmalarda.

Sağ ol, bədən, odlanmadın!
Sağ ol, ağıl, aldanmadın!
Sağ ol, ürək, dayanmadın!
Qızıl qana boyanmadın!

Sağ ol, dodaq, yarılmadın!
Sağ ol, ayaq, yorulmadın!
Sağ ol, səbr, daralmadın!
Sağ ol, ömür, qırılmadın!

Sağ ol, vüqar, əyilmədin!
Sağ ol, inam, döyülmədin!
Sağ ol, vicdan, söyülmədin!
Ayaqlara sərilmədin!
 
  Bugün 20 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol