Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Millətçilik əbədi ideyadır
 
MİLLƏTƏTÇİLİK ƏBƏDİ İDEYADIR



Yeni Müsavat: - Zəhmət olmasa, oxucularımıza Ata fəlsəfi məktəbinin məramı haqqında qısa məlumat verin.

Asif Ata: - Fəlsəfənin məqsədi dünyanın mahiyyətini dərk etməkdir. Materializm adlanan, mahiyyətcə antifəlsəfə isə dünyanın mənasına daxil ola bilmir, dünyanı maddiyyatla eyniləşdirir. Buna görə də Asif Ata fəlsəfəsi materializmin tam əleyhinədir. Fəlsəfə tarixində, o cümlədən ruhaniyyat tarixində idealizm cərəyanı da var. Ancaq idealizmdə də məna birtərəfli götürülür. Onu yalnız ağılla, zəka ilə bağlayırlar, bərabərləşdirirlər, əslində isə məna zəkadan artıqdır. Ona görə də Asif Ata fəlsəfəsi nə materializmdir, nə də idealizm, ancaq idealizmə daha yaxındır. Fəlsəfə tarixində ruhaniyyat, din də var. Dinin özünün məqsədi mahiyyətə varmaq olsa da, təəssüflər olsun ki, yalana tapınır: cənnətə, cəhənnəmə, qismətçiliyə. Asif Ata fəlsəfəsi bu nöqteyi-nəzərdən dinin iki yaxşı cəhətini qəbul edir: müqəddəsliyi və mütləqliyi, ancaq dinin xurafatını qəbul etmir.

1-ci ideyamız Mütləqə İnamdır. Bu həm fəlsəfədir, həm ruhaniyyat, həm də inam. Dünyanın dünyadan artıq, böyük, yüksək olan mənası var. Dünya mahiyyətcə mütləqdir, əzəlidir, əbədidir, sonsuzdur, kamildir, ancaq təzahürcə nisbidir, ötəridir, keçicidir.

Nisbiliyin olmasının özü göstərir ki, Mütləq var. Əgər sonsuz olmasaydı, biz sonlu haqqında nəyə əsasən danışa bilərdik? Əgər əbədi olmasaydı, biz keçicilikdən danışa bilməzdik.

Dünya nə qədər pis günə düşsə də, məhv olmayacaq, çünki onun mənası özündən artıqdır. Bu nikbinlikdə heç bir yalan yoxdur. Həyat nə qədər çətin olsa da, pis olsa da, məhvə məhkum olsa da, məhv olmayacaq, çünki məna qoymaz onu məhv olmağa.

İkinci. Bu, təzə ölçü yaradır. Bəşər bu ölçü ilə yaşasaydı, indi başqa günə çıxmışdı. Ya mütləq olan var, ya da heç nə. Nisbi yoxdur.

Üçüncü. İnsanın başqa canlıdan fərqi ondadır ki, onun imkanı var öz Mütləqinə çatsın, dağın, ağacın buna imkanı yoxdur. Çünki onların ruhu yoxdur. İnsan isə doğrudan da, Nəsimi demişkən, Allah ola bilər. Əgər özü ilə döyüşə bilsə.

Heç bir dahi insan özünə layiq yaşamayıb, heç kəs özünü tam ifadə eləməyib. Özümüznən qəbrimizə ən çox könlümüzü aparırıq. Ruh nə deyilən şeydir? Mütləq İdrak, Mütləq İnam, Mütləq Mənəviyyat və Mütləq İradənin vəhdəti! Biz ölürük, ruh qalır. Yəni Mütləq İnam qalır, Mütləq İradə qalır, Mütləq Mənəviyyat qalır, Mütləq İdrak qalır.

Dünya insanın içindən başlayır. Dünyada nə varsa, hamısını insan özü doğur. Heç bir şərait insanı doğa bilməz. İnsan şəraiti doğur, ondan artıq olur. İnsanın doğduğu nə varsa, özündən çox aşağı olur. Bu da onun bir fəlakətidir.

Biz istəyirik Azərbaycan yüksək fəlsəfi səviyyəyə qalxan Vətən olsun. Təzə inam, idrak, mədəniyyət daşıyan insanlar, heyrətamiz şəxsiyyətlər Vətəni. Bu fəlsəfə, bu İnam ətrafında fəaliyyət göstərən Ocaq var. Ocaq özündə 50-yə qədər Övladı birləşdirir.

Biz respublikanın çox yerlərinə gedirik, görüşlər keçiririk, haysız-küysüz; əqidəmizi yayırıq. «Məbəd» adlı dərgi hazırlamışıq. Bənzərsizliyimizi, müqəddəsliyimizi, əlçatmazlığımızı göz bəbəyi kimi qoruyuruq. Azərbaycanda nə baş verirsə izləyirik. Ruhani İntibah üçün yaşayırıq və buna hazırıq.

«Y.M.» - Sizin fəlsəfədə «qərbçilik», «şərqçilik» bölgüləri varmı?

Asif Ata: - Qərbçilik – fəlakətdir. Qərb kamilliyə qarşıdır, Qərb maddiyyatçıdır, Qərb seksomandır. Qərb nədir – Ziqmund Freyd. Ona baş əyirlər. Nə deyirdi Freyd? O deyirdi ki, insanın nəyi varsa, onun mahiyyəti seksdir, libidodur, cinsi münasibətdir. İnsan ən murdar cinsiyyətçidir. Lakin əxlaq qoymur o istədiyi kimi hərəkət etsin. Əxlaq qoymur çoxu cinsiyyətçilik etsin. Özünü ifadə edə bilmədiyi üçün daxili aləmin qaranlıq bir guşəsində həmin o libido, o sekslik, o yırtıcılıq, o itlik qalır. Daha burada nə vətənsevərlik, nə də qəhrəmanlıq var. Neyləyirsənsə, o seksdir. Budur Avropanın gəlib çıxdığı murdar fəlsəfə! İnsanın insanı belə alçaltması olarmı? Ancaq biz gözümüzü dikmişik Qərbə, çünki koruq.

Özümlü Şərq həm də bizim dördüncü ideyamızdır. Şərq bir zaman müəllim idi. İndi Şərq sanki özündən qorxur. Özü-özünü müsəlman adlandırır, özünü qərbçi adlandırır, Qərb oyunu oynayır, Qərb musiqisinə bənd olur. Cəlaləddin Rumisini itirib, Kantın arxasınca düşüb. Şərq və dünya ona görə bu günə düşdü ki, Şərq özünün səlahiyyətini, müəllimliyini itirdi, təqlidçilik yoluna düşdü və dünyanı tapşırdı maddiyyatçı Qərbə.

Biz istəyirik ki, Azərbaycan təzələnsin, Azərbaycan Şərqin Məkkəsi olsun. Mənim ömrümün ən böyük arzusu odur ki, özüm görəm məbədimizin açılmasını, təzə İnam Məbədinin, fəlsəfi Məbədin; Dünyanın və Şərqin özünə qayıtmasını və bütün dünyanın gəlib bizdən (Şərqdən) öyrənməsini. Mən qəti əminəm ki, biz mahiyyətcə müəllimik. Bizim formulamız «Türkçülük, Şərqçilik, Dünyəvilik»dir.

«Y.M.» - Bizi çox zaman millətçi olduğumuza görə tənqid edirlər və bunun əksinə olaraq Azərbaycanlılığı ortaya atırlar.

Asif Ata: - Millətçilik bir vaxtlar mənə də verilmiş ittiham idi. «Müsavat» Partiyasının başqa partiyalardan fərqi bir neçədir.

Birinci. Sosial-demokratizm (bütün cərəyanları ilə birgə) ictimai bərabərlik məsələsindən yapışıb. Yəni bütün siniflər ictimai cəhətdən bir-birinə bərabər olsunlar. O dövrdə (XX əsrin əvvəllərində – red.) «millət-millət» deyən çox idi. Sosial-demokratlardan fərqli olaraq, «Müsavat» yeganə partiya idi ki, millətçiliyi, dövlətçiliyi milli bərabərlik səviyyəsinə qaldırdı. Bu cəhətdən o nə daşnaklara, nə gürcü menşeviklərinə, nə də sosial-demokratlara yaxındır. Çox təəssüflər olsun ki, «Müsavat» Partiyası haqqında verilən yazılarda bu açılmır.

İkinci. Pantürkizm-türkçülük. Türkçülük müsavatçılardan çox əvvəl başlayıb. Böyük türkçü Ziya Göyalp, Əli bəy Hüseynzadə və başqaları bu sahədə çox iş görüblər. Ancaq türkçülüyün partiyası Kamalın partiyası yox, Rəsulzadənin partiyasıdır.

«Müsavat» bütün Şərqdə, bütün Avropada yeganə əsil türkçü və əsil millətçi partiya idi. Elə bu indi də belədir. Sizin çiyninizə çox ağır bir yük düşür.

Üçüncü. Millətçi üçün sinfi döyüş, sinfi yırtıcılıq, canavarlıq əvəzinə siniflərin tədricən ləğv olunması əsasdır. Müsavatçılar heç də demirdilər ki, mülkədar əla şeydir. Heç də demirdilər ki, kapitalist yaxşı işdir. Onlar kapitalist yox, ziyalı idilər. Onlar belə hesab edirdilər ki, öldürməknən, boğazlamaqnan deyil, tədricən kapitalizm aradan qalxmalıdır. Mən də bu fikirdəyəm. Ona görə də millətçiliyimiz bizim səmamızdır, göyümüzdür, fəxrimizdir.

«Y.M.» - Millətçiliklə Azərbaycanlığı qarşılaşdırırlar.

Asif Ata: «Azərbaycan» sözü bizim dini mahiyyətimizi ifadə edir, daha bizim etnik və xəlqi mahiyyətimizi ifadə etmir. «Azərbaycan» sözü bizim Zərdüştlüyümüzü ifadə elədiyi üçün bizə əzizdir. Ancaq bizim etnik mayamızı təşkil etmədiyi üçün bizim başımıza oyun aça bilər. Gözəl addır və bunu obraz kimi saxlamaq lazımdır. Ancaq bizim adımız Türkel olmalıdır, çünki biz türkük. Midiya dövründə də türk olmuşuq, hərçənd onu İqrar Əliyev kimilər danırlar. Biz türkük. Türk və Türk millətiyik. Kim necə başa düşür-düşsün. Biz Türk Aləminin bir hissəsiyik. Bu baxımdan, islam bizə çox ziyan vurub. Bizə XIX əsrin sonuna qədər müsəlman deyirdilər. Bu isə millətin adını itirirdi. Çox vaxt özümüz öz qədrimizi bilmədik. Nizami Gəncəvi kimi dahi fars dilində yazıb. Çünki sarayda fars dilində danışırdılar.

Mən də «azərbaycanlı, azərbaycanlığımız» yazıram. Bu ona görə belədir ki, Türk Dünyası hələ birləşməyib və biz də şərti olaraq onu (xəritə nöqteyi-nəzərindən) ayırırıq.

«Y.M.» - Azərbaycanda yaşayan milli azlıqları türklərə yaxınlaşdıran, doğmalaşdıran Vətən birliyi, din birliyi, kültür yaxınlığı, qohumluq əlaqələri və s. var – bunlar bizim hamımızın birgə mənafeyimizi təşkil edirlər.

Asif Ata: - Əlbəttə, Vətən birdir, biz qaynayıb-qarışmışıq, bizi bir-birimizə bağlayan mənafeyimiz birdir. Ancaq bunlarla yanaşı, biryolluq biz də, ləzgilər də, kürdlər də niyə özümüzü gizlədək? Biz türküksə, niyə türklüyümüzü gizlədək? Biz açıq şəkildə deməliyik biz türkük, bura Türküstandır. Ancaq türk heç zaman ağa olmayıb, başqa xalqın düşməni olmayıb, Türk ağalıq eləsəydi, OSMANLI heç indi də dağılmazdı. Utana-utana birləşmək, özünü gizlədə-gizlədə hibridləşmək yoxdur! Mən türkəm, sənin necə görmək istəməyindən asılı olmayaraq, mən buyam.

«Y.M.» - Sizcə, Türk milləti öz tarixi boyu hansı səhvləri edib?

Asif Ata: - Türk öz tarixində üç böyük səhv edib. Birinci, peyğəmbərini vermədi, buna bütün imkanı ola-ola. Bunun əvəzində başqa peyğəmbərlərə işlədi.

Məhəmməd peyğəmbərin belə bir sözü vardı: harada bir asi görürəm, türkümü göndərirəm, o saat hamı məni eşidir… Böyük bir kitab yazmaq olar ki, ərəb xəlifələrinə, ümumiyyətlə, islama türklər nə vermiş və nə almışlar. Təəssüf ki, çox şey verib, olduqca az şey almışlar.

İkinci səhvi odur ki, bir-birini sevmədi – qardaş qardaşın gözünü çıxartdı.

Üçüncü, qılınca çox yer verdi, qılıncı çox oynatdı. Dünyaya sahib olmaq olmaz – özünə sahib olmaq olar. Teymurləng də türk idi, Nəimi də. Nəimi yolunu getmədi Teymur…


«Y.M.» - Müsavatçılığa bir ideologiya kimi münasibətiniz necədir?

Asif Ata: - Birincisi, mən istərdim ki, mənim müsavatçı dostlarım öz ideyalarının düşmənləri tərəfindən oğurlanması ilə yumşaq desək, barışmasınlar. Siz o partiyanın nümayəndəsisiniz. Sizin icazəniz olmadan o bayrağı almamalıydılar.

Başladılar Bayraqdan və əqidələrinizdən istifadə etməyə. Həmçinin hökumət elə təbliğat aparır ki, Məmməd Əmin Rəsulzadəni partiyadan ayırır, hiss edirsinizmi, onu qaldırırlar, ondan başqa bir adamın adını çəkmirlər. Bu biclikdir. Bunu hiss edirsinizmi siz? Mən də Rəsulzadəyə birinci növbədə hörmət edirəm, onu bir nömrəli ziyalı hesab edirəm. Ancaq bu, siyasi bir tryukdur, belə şeyi unutmayın. Çalışın «Müsavat» Partiyasının özü haqqında, onun ideologiyası, əməlləri haqqında yazılsın.

İkinci. Türkçülük, islamçılıq, qərbçilik ideyalarının birliyi məsələsinə diqqət yetirin. Burada qaş qayıran yerdə göz tökmək olmaz. İslamçılıqla türkçülük doğrudanmı birləşib? Nə vaxt o birləşib? İslamçılıq türkçülüyə nə xeyir verib?

Üçüncü. Qərbləşmək bizə nə verə bilər? Doğrudanmı demokratiya belə gözəl şeydir? Əgər bax bu iki məsələ ilə bağlı özünüzü bir az tənqid etsəniz, mən sizinlə razı olaram. Qalan bütün məsələlərdə «Müsavat» Partiyasını özümüzə çox yaxın hesab edirəm. Bu partiya böyük işlər görə bilər. İntəhası çox böyük sintez işi aparmaq lazımdır. «Müsavat»ın səhvlərini təkrar etməmək lazımdır.

Bununla bərabər, 20-ci əsrdə Azərbaycanda millətçi hərəkat olubsa, o yalnız «Müsavat»la bağlı olub. İndi də onun ideologiyasının imkanları çoxdur və Azərbaycan xalqı, ümumiyyətlə, bütün Türk Aləmi müsavatçılıqdan qidalana bilər: «Müsavat»ı muzeyə vermək olmayacaq. Millətçilik əbədi bir ideyadır.

«Y.M.» - Qəzetimizə nə arzulayardınız?

Asif Ata: - Sizin qəzetinizə, partiyanıza ləyaqət arzulayıram. Gerçəkliyin təsirinə düşməyin, qoy gerçəklik sizin təsirinizə düşsün. Zamanın təsirinə düşməyin, qoy zaman sizin təsirinizə düşsün. Şəraitin təsirinə düşməyin, qoy şərait sizin təsirinizə düşsün. Mühitin təsirinə düşməyin, qoy mühit sizin təsirinizə düşsün.

Xoşbəxtik, çünki yükümüzdən böyük fərəhimiz yoxdur!



Müsahibəni apardı:

Rövşən Məmmədli.


 
  Bugün 13 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol