Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Siyasi xilasımız-GÜNEY AZƏRBAYCAN
 
SİYASİ XİLASIMIZ – GÜNEY AZƏRBAYCAN




Elişıq ATALI: Mövcud vəziyyətdə, Atanın dediyi kimi, Güney Azərbaycanın üç böyük düşməni var – İslamçılıq, Farsçılıq və Qərbçilik. Ata bu fikirləri necə açıqlayardı?

Asif Ata: Ürəyinizdə Günəş olsun! Güney Azərbaycan ümumi Azərbaycan məsələsinin ən mühüm, ən zəruri tərəfidir, cəhətidir. Əgər Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsə və Vahid Azərbaycan yaranmasa, Azərbaycanın gələcəyi dumanlıdır (yumşaq şəkildə desək). Güney Azərbaycan Quzey Azərbaycanla birləşəndə sayca böyük, dünya siyasətində müəyyən olunacaq Böyük və Qüdrətli bir ölkə yaranır. Siyasi dünyanın öz məntiqi var. Siyasi dünya dahi tanımır, say tanıyır, iqtisadiyyat tanıyır, silah tanıyır. Böyük dünya Füzulini görmür. Böyük dünya Füzulisi olmayan ölkələrin böyüklüyü hesab olunur. Böyük dünya Nəsimini görmür, texnikanı görür. Böyük dünya kəmiyyət görür, keyfiyyət görmür. Buna görə də Güney Azərbaycanla Quzey Azərbaycanın birliyi Azərbaycanın dünyada rolunu, yerini dəyişdirir (yaxşı və böyük mənada). Və Azərbaycan hansısa böyük bir ölkənin kölgəsi olmur, hansısa bir dövlətin təsirində, dairəsində yaşamır. Onun müstəqilliyi əsil olur. Və özünü müstəqil dövlət kimi təsdiq edir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Güney Azərbaycan həm də ənənə Azərbaycanıdır. Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi Səttarxanlığın Füzuliliklə birləşməsidir, Cəngavərliklə Ruhaniyyatın Birləşməsidir. Və sonuncu, Güney Azərbaycanla Quzey Azərbaycanın (əslində bir Azərbaycanın) təsdiqi, Qafqazda Azərbaycanın rolunu dəyişdirir. Qafqazda nə Gürcüstanın, nə də mənfur Ermənistanın Azərbaycan kimi arxası və dayağı yoxdur. Biz bundan istifadə etməsək, naşı olarıq. Nə Gürcüstan, nə də o birilər dənizə axmır, onlar hamısı balaca göllərdir. Sən isə Güney Azərbaycana axırsan – Güney Azərbaycan da sənə axır. Bütün Azərbaycan Türk Aləminə axır. Təəssüf ki, bu hadisə hələ ki, mahiyyət səviyyəsində qalır, aşkarlanıb təsdiq olunmayır. Başqa tərəfləri də var, ancaq bu müsahibədə bütün məsələləri həll etmək olmaz. Üç məsələyə görə Güney Azərbaycan problemi Azərbaycanın bir nömrəli əsas siyasi tərəfidir. Bizim başqa ruhani, idraki məsələlərimiz çoxdur, amma siyasi nöqteyi-nəzərdən Güney Azərbaycan problemi əsas problemdir. Mən elə bilirəm ki, bunları deməyə ehtiyac vardı. Buna görə də Ata Ocağı daim Güney Azərbaycan haqda düşünür və düşünməliyik. Bu bizim əsas məqsədimizdən irəli gəlir. Azərbaycan İnam Azərbaycanı, İdrak Azərbaycanı, Mənəviyyat Azərbaycanı, İradə Azərbaycanı, İnsanlaşma Azərbaycanı, həm də Quzey Azərbaycanla Güney Azərbaycanın birliyi Azərbaycanıdır. Bu fikirləri ağzımızda, ürəyimizdə yaşadırıq və bu əməlimizin əsas istiqamətverici qüvvələrindən biridir.

İndi isə keçək sənin suallarına. İslamçılıq qismətçilikdir. Qismətçilik Güney Azərbaycanın üsyan ruhuna tamamilə yaddır. Allah sənin özümlüyünü yaşadır, sənin İdrakını, Mənəviyyatını, İradəni qismət həll edir. Yəni əslində səni idrakından, inamından, mənəviyyatından, özümlüyündən ayırır. Qismətçilik olan yerdə ruhun azadlığından danışmaq olarmı? Kimin xeyrinədir qismətçilik? Qismətçilik hakimlərin xeyrinədir, farsların xeyrinədir. Əgər sən pis günə düşmüsənsə, əgər sən İranın bir vilayəti səviyyəsinə enmisənsə, bu belə də olmalıdır, qismətin bu imiş. Budur sənin islamçılığın. İslamçılıq çox gərəkdir, çox lazımdır İran hakimlərinə, bütün mollalara, indiki mənəvi və ruhani ağalara. Nə qədər qismətçilik var, bir o qədər sənin əsarətin var, nə qədər qismətçilik var, sənin azadlığın yoxdur. Bir məntiq var, bir iradə var sənin bilmədiyin, görmədiyin, səni bu günə salan ilahi bir iradə var. Sənin nə haqqın var onun hökmündən çıxasan?! Bəlkə bunun özü bir hikmətdir… Bu səbəbdən də islamla döyüşmədən, ruhani səviyyəyə qalxmadan, insanın özünün özümlüyünə çatmadan, insan özünün daimi bir fikrinə yetmədən, çatmadan heç bir əməl həmin nəticəni verməyəcək. Hətta sən qələbə çalsan belə, bu qələbənin böyüklüyü, qeyri-adiliyi heç olacaq. İslamçılıq ümumən dünyanın gözdən salınmasıdır. O dünya əsil dünyadır, bu dünya fani dünyadır. Ona görə də nə üçün sən döyüşəsən, mübarizə aparasan, quruluş yaradasan – fanidir bu onsuz da, puçdur bu dünya – mənasızlaşır bu dünyada yaşamaq da, döyüşmək də, azadlıq da, böyüklük də. Bu dünya, olsa-olsa, o dünyaya heç giriş də deyil. O dünya var, cənnət var, cəhənnəm var, mükafat var.

İslamçılıq – bəndəlikdir. İnsan Allahın kölgəsidir, quludur. Bütün qalan ağalıq elə bundan gəlir. Göydə Allah, yerdə hökmdar, hakim, ağa. Ağa olan yerdə nökər, nökər olan yerdə özgələşmə, təbəqələşmə…

Və ikinci düşmən farsçılıq adlanır. İslam bir zaman ərəbçilik idi və bütün dünya ərəbindi. Və bütün dünya cəfəngləşdi, dünya qul bazarına çevrildi. Dünyanın çox hissəsində hərəmxana eybəcərliyi yarandı, xəlifət murdarlığı yarandı. Nəinki islam ümumi mənada özgəçilikdir, özgə dildə verilən inamdır həm də. Ən çox bu saat farsçılıqdır. Fars kommunizmin məhvindən sonra, ölümündən sonra, daha doğrusu, təsəvvürlərdə ölümündən sonra dünyanın əsas ruhani mərkəzi olmaq iddiasındadır. Xomeyninin fəlsəfəsidir, yəqin ki, bilirsiniz. Dünyəvi islam dövləti yaratmaq istəyirdi. İran inqilabı onun əvvəli idi, başlanğıcıydı. Ona addım-addım, hal-hal bütün dünya lailahə-illəllah deyəcəkdi. Bax bu cəhətlərə görə böyük arzuyla yaşayan İrandakı azərbaycanlılar, Azərbaycan vətənpərvərləri əvvəl ruhaniləşməlisən ki, dindən ayrılmalısan ki, farslaşmayasan. Ruhani əməl olmalıdır əvvəl. Bu işdə biz də siznənik həmişə, siz bizi tanımayanda da biz sizinləydik, Asif Ata Ocağı, onun övladları. Əgər bu olmasa, əgər yalnız və yalnız silahlı döyüş olsa – yalnız və yalnız qiyam, üsyan, hətta inqilab olsa belə – azdır. İnqilab məğlub olacaq. Bu mənim qəti fikrimdir, mən bunu illərlə düşünmüşəm. Ocaq ona görə Ocaqdır ki, onda ruhanilik birincidir, qalan nə varsa, ikincidir. Gərək özün içəridən böyüyəsən, içəridən dəyişiləsən. Yalnız yaxşı adamlar yaxşı cəmiyyət qura bilər. Yalnız yaxşı adamların qurduğu cəmiyyət həmişə yaxşı olaraq qala bilər, yaxud da ki, uzun müddət yaxşı ola bilər. Pis adamların, zəif adamların, naşı adamların qurduqları nə varsa, hansı gözəl şüarlarla bəzənsə də, son nəticədə naqis olacaq. Vaxtınızı alıb sizə inqilab dərsi demək fikrində deyiləm, yadınıza salın Fransa inqilabını, yadınıza salın Səttarxanın fəlakətini, yadınıza salın fəlakətli demokratik hərəkatı – Pişəvərinin faciəsini. Məncə, aydın oldu ki, niyə islamla döyüşmək lazımdır.

Farsçılığın sox tərəfləri var. Farsçılığın bir mənası var: Azərbaycan adlanan ruhani hadisə yoxdur, Azərbaycanlılar türk deyillər. Azərbaycanlılıar elə farsdırlar. Əsil Azərbaycan Şimalda da yoxdur. İran var. Midiya dövründə də İran olub. Zərdüşt fars olub, bütün bunlar hamısı iranlıdır. Sonradan iranlılar türk dilinə keçiblər, türkləşiblər və s. Bu aydındır ki, nə dərəcədə yalandır, ona görə də buna xüsusi diqqət yetirmirəm. Amma fəlakət ondadır ki, bu fəlsəfə təkcə fəlsəfə olaraq qalmır. Bu saat o xüsusi bir hal yaradıb, xüsusi psixologiya yaradıb. Dörd nəfər, beş nəfər gedib farsda böyüyüb, Xamneyi olur. Və bu ideya süni şəkildə gerçəkləşir. Azərbaycanlı öz dilini bilmir, amma İrana qulluq edir. İranın başçılarından olur. Şirnikləndirirlər camaatı, farslaşın, gəlin Xamneyi olun. Budur məsələ. Bizdə də belə Azərbaycanlılar var və bu Azərbaycanlılar vasitəsilə Azərbaycanın özünün farslaşması yəqin ki, haradasa bir həyat faciəsidir. Burada da bəziləri var, deyirlər biz Azərbaycanlı deyilik, belə bir millət yoxdur, biz farsıq. Lakin əsas fəlakət üçüncü məsələdir. İran kimi böyük bir məmləkəti parçalamaq olarmı? Bax, budur məsələ. Niyə siz özünüzün Qarabağınızı əldən vermirsiniz, biz Təbrizi necə əldən verək? Təbrizsiz Tehran olar? Əsas bundan yapışıblar. Mən onları fəhmlə hiss edirəm. Və eləcə hər bir Güney Azərbaycan hərəkatı dəhşətli bir xəyanət kimi qələmə verilir, şərh olunur və lənətlənib damğalanır. Həm də mollalar tərəfindən kafirlənir. Bu da pis təsir edir. Artıq sən bir türk kimi yox, Azərbaycanlı kimi yox, böyük bir Şərq ölkəsini parçalayan bir cinayətkar kimi qələmə verilirsən. Bu çox böyük təlqindir, açıq demək lazımdır. Bütövlük bütövlük üçün deyildir. Bütövlük insanilikdən ayrılırsa, o, parçalanmalıdır. Böyük bir xalq məhv olur, özgələşir, dilindən olur, mədəniyyətindən olur, mənəviyyatından olur az qala, ləyaqətindən olur. Ayrılmır ki, hansısı bir qurum bütöv qalsın! Buna inanmaq üçün gərək hədsiz dərəcədə avam olasan. Əsil iş avamlığa qarşı durmaqdır. Və sonra İranla Qərb arasında gizli döyüş gedir. Sən Azərbaycanın müstəqilliyi uğrunda döyüşəndə kafirə xidmət edirsən. Mollalar nə qədər avam olsalar da, onlarda özünü mühafizə güclüdür, güvvətlidir, böyükdür. Onlar hakimiyyətdən getməzlər. Və beşinci, mollalara qarşı müxalifət baş qaldırır orada. Və Azərbaycanlılarla demokratları birləşdirirlər, sonra deyirlər siz kafirlərə qulluq edirsiniz, bir olursunuz ki, islam ləğv olunsun. Kafirlikdir bu, allahsızlıqdır və s. Bu cəhətdən da farsçılıqla döyüş həqiqi olmalıdır, hünər tələb edir. Mən hiss edirəm ki, indi ordakı bizim qardaşlarımız da bilirlər ki, ruhani döyüş siyasi döyüşü qabaqlamalıdır!

Qərbçiliklə islamçılıq qoşadır. Bunu anlamırlar. Zahirən bunlar bir-birinə ziddir, amma mahiyyətcə Qərbçilik həyasızlığı islam qapalılığını alışdırır. O tərəfdə azad hərcayilik, bu tərəfdə mömin əsarət. Burda əsarət pərdələnir – namus, qeyrət kimi. Orada hərcayilik pərdələnir – azadlıq kimi. Çox təəssüf ki, bunu başa düşmürlər, elə bilirəm ki, düşən də var, amma daha yaxşı başa düşmək lazımdır. Qərb Şərqi kölələşdirir. Şərq artıq yox dərəcəsindədir. Bütün dəyərlər demək olar ki, Qərb dəyərləridir. Parlamentçilik, pulçuluq. Kapitalizmdə azadlıq pərdəsi altında pulçuluq azadlığı var, əxlaqsızlıq azadlığı var. Qərb o günə düşüb ki, onun idealı Freyddir, Nitsşedir. Amansız Nitsşe, həyasız Freyd. Ona görə də islama qarşı döyüş o zaman döyüş olacaq ki, bu həm də Qərbçiliyə qarşı döyüş olacaq. Əgər qərbçiliyə qarşı döyüş yoxsa, onda islamçılığa qarşı döyüş natamdır. Bəlkə heç döyüş də deyil. Burada ikiliyin birliyi var. Çox böyük məsələdir bu. Yalançı azadlığı rədd eləməyən, əsarəti rədd eləyə bilməz. Əyər əsarət yalançı azadlığa çevriləcəksə, onun özü ən böyük əsarətdir. Həyasızlıq ən böyük əsarətdir. Yalnız kamil olan azaddır. Bu işlərdə sizdən çox şeylər gözləyirəm. Biz də həmişə sizinlə olmuşuq və olacağıq.

Elişıq: Ata, bildiyimiz kimi, XX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən bir neçə inqilab oldu. Bu inqilabların məğlubolma səbəblərini bilmək istərdim.

ATA: İnqilabların məğlub olmasının birinci səbəbini demək olar ki, dedik. Ruhani təməli olmadan, əməlli-başlı ruhani döyüş getmədən Güney azərbaycanlıların sosial-demokratiyaya uymaları idraki əskiklik yaratdı. Lakin təkcə bu yox, Güney azərbaycanlılar ümum-İran hərəkatının ən fəal, ən cəsur və ən istedadlı adamları oldular. Ümum-İrana qulluq elədilər, özlərinə yox. Bütöv İran hərəkatı yarandı, pis mənada. Lakin bütün İran hərəkatının canı, məğzi, onun ucalığı, onun fədakarlığı Təbrizdə yarandı, Güney Azərbaycanda yarandı. İranı böyüdən, tarixə salan azərbaycanlı Səttarxan oldu. Lakin məşrutə tərəfindən öldürülən də Səttarxan oldu. Müstəqil Azərbaycan ideyası olmadı. Müstəqil Azərbaycan ümum-İran hərəkatından ayrı, özünəməxsus yaranmadı. Əsas məqsəd aydınlaşmadı. Belə fikirləşdilər ki, ümum-İran məşrutəsi həm də Azərbaycan azadlığı deməkdir, Azərbaycana azadlıq verəcəkdir. Fikirləşmədilər, düşünmədilər ki, necə ola bilər ki, möhtəşəm bir ölkə iddiasıyla yaşayan, özünün bir hissəsini o dərəcədə böyüdəcək ki, özü kiçilsin. Məyər o başa düşmədi ki, imperiya nə deyilən şeydir? Əgər imperiyanın bütün hissələri, hamısı güclüdürsə, varlıdırsa, azaddırsa, mütəşəkkildirsə, onda imperiyanın sabahı yoxdur. İmperiya o vaxta qədər yaşayır ki, onun tabeliyində olanlar zəif, qeyri-azad yaşayırlar. Həmin məsələ Xiyabani dövründə də oldu. Xiyabani də müstəqil Azərbaycan ideyasını bütöv İran ideyası ilə birləşdirdi. Onu da öldürdülər, məhv elədilər. Pişəvəri hərəkatında Güney Azərbaycan ideyası var idi, lakin ümum-kommunizm və sosializm ideyası ilə bir yerdə. Burada da müstəqil Azərbaycan yox idi, gərək indikilər bunu bilsinlər və öyrənsinlər. Bilsinlər, agah olsunlar ki, İranın sabahında nə baş verir-versin, bütün demokratik qüvvələrin heç birini rədd etmədən, inkar etmədən müstəqil Azərbaycan hərəkatı yaranmalıdır, Uluyurd hərəkatı yaranmalıdır, adını mən indidən deyirəm. Ruhani döyüşdən sonra, ruhani dəyişmədən sonra, ruhani kamilləşmədən sonra ikinci ideya müstəqil Azərbaycan hərəkatıdır. Əyər bunu eləsəniz, qalib gələcəyik. Lakin indidən deyirəm, tələsməyin. Bu saat qiyam, üsyan fikrində olmayın. Qiyam, üsyan, beş nəfərin, on nəfərin olmamalıdır. Qiyam, üsyan, ümumiyyətlə hərəkat bütün xalqın olmalıdır. Lakin xalq dəyişməlidir! İndiki xalqnan yox, sabahkı xalqnan, inamlı xalqnan, idraklı xalqnan, mənəviyyatlı xalqnan, iradəli xalqnan və qüvvətli xalqnan Azərbaycan azad olacaq. Müdriklik lazımdır. Xalqı ayağa qaldırmaqdan əvvəl, xalqı ayaq üstə qoymaq lazımdır. Biz niyə qaldırmırıq bu saat xalqı? Gecə-gündüz işləyirik. Biz xalqı dəyişdiririk, hal-hal, addım-addım, görüşlərimizlə, kitablarımızla, Ocaqçıların özləriynən. Gələcək Azərbaycan Ocağın içindən çıxır. Ona görə də Ata böyük tələbkardır və kamillik bizim idealımızdır. Əlbəttə, bu saat mənim Evladlarım heyrətamız dərəcədə fərqlidirlər. Bununla kifayətlənmirik. Beləliklə, xalq inamın nə olduğunu biləcək, İnama, İdraka, Mənəviyyata, İradəyə yetəcək. İndi bu saat məktəblərdə, yerlərdə, qəzetlərdə döyüşmək lazımdır, ürəklərə, fikirlərə daxil olmaq lazımdır. Adamlardan insan yaranmalıdır. Adamdan insan yetirmək lazımdır. Əyər bunu etsəniz, buna çox vaxt aparsanız, onda bütün məsələlər çox tez həll olunacaq. Ən çətini budur – Xalq Yaratmaq!

Elişıq: Ocağımızın əsas ideyalarından biri də Müstəqil Vətən ideyasıdır. Bu ideyada Güney Azərbaycanın mövqeyi necədir?

ATA: Nə qədər ki, Azərbaycan parçalanıb, Güney Azərbaycan İrandadır, onda Azərbaycanın müstəqilliyindən ciddi danışmaq olmaz. Necə xalqdır ki, onun bir hissəsi parçalanıb, məgər parçalanan xalqı müstəqil saymaq olar? Mən bu məntiqi anlamıram, sən saqqalanmısan, həm də müstəqilsən. Özünüz bilirsiniz ki, Ata indiki formal müstəqilliyi də inkar eləmir. Çünki bu da olmaya bilərdi. Döyüşsüz-filansız bu bizə verildi. Amma bu hələ müstəqillik deyil. Bizim iki müstəqilliyimiz var – müstəqil Bayrağımız və müstəqil himnimiz və bir də azdan-çoxdan müstəqil olan prezidentimiz. Ancaq Azərbaycanın bu dərəcədə Qərbdən asılı dövrü olmayıb. İki nöqteyi-nəzərdən məsələnin müstəqilliyə dəxli var. Parçalanan xalq müstəqil ola bilməz, indiki dövrdə azsaylı xalqlar müstəqil ola bilməz. Yeddi milyon azdır Azmanlar içində, böyük balıqlar kiçik balıqları yeyən vaxtı. Bəli, Güney Azərbaycan məsələsi müstəqillik məsələsinin canıdır.

Elişıq: Ata, bəs dünyanın bugünkü siyasətində Güney Azərbaycanın yeri varmı?

ATA: Dünya deyəndə Qərb başa düşülür (Qərbdən başqa dünya yoxdur ki). Qərbin Güney Azərbaycan adlı problemi yoxdur. Amma haradasa onun ümumdünya, ümum Şərq siyasətində Güney Azərbaycanın yeri var. Bu da ondan ibarətdir ki, Güney Azərbaycan İranla döyüşsün. İranı zəiflətsin, Amerikanın düşməni zəlil olsun, amma özü böyüməsin. Özü böyüməsin, ayrılmasın. Elə bu gün döyüşə-döyüşə İranı yıxsın. Ancaq özü Quzey Azərbaycanla birləşib böyük bir ölkə yaradıb, ağanın vəziyyətini çətinləşdirməsin. Tək elə bizə yox, kürdlərə qarşı da o cürdür. Qoy kürdnən Türkiyə döyüşsün, türk çox ağ eləməsin, özünü Amerikaya bərabər saymasın. Ona görə də Qərb Güney Azərbaycan məsələsinin əleyhinədir. Zahirən bunlar oxşardır. Ona görə də Güney azərbaycanlılar bunları bilməlidirlər ki, onları kürdlərin gününə salmasınlar. Kürdləri qızışdırırlar, kürdləri öldürürlər ki, Türkiyəyə desinlər ki, özündən çıxma. Sabahları kürdü daha da silahlandıraram, sənin başına oyun açar. Məni eşit! Budur dünyanın münasibəti. Bizimkilərin də münasibəti – münasibətsizlikdir. İndiki iqtidarın xarici siyasəti xariciləşmə siyasətidir. Bütün ölkələrnən dost olur. Nə deməkdir bütün ölkələrlə dost olmaq? Bu o deməkdir ki, heç kəsnən dost deyiləm. Qərbnən, Amerikaynan necə dost olmaq olar? Yalnız və yalnız Güney Azərbaycanı qurban verməklə. İqtidar bugünə bağlı yox, bugünün əsiridir. Onda bugündən kənara çıxmaq, reallığı ötmək yoxdur. Bir şeyi bilməli ki, siyasət reallıq imkanıdır, tələbidir. Azərbaycan xalqı tələb etməlidir ki, İranla dostluğu Güney Azərbaycanın bahasına eləməsin. Ona görə də nə dünyaya bel bağlayın, nə Qərbə, nə də ki indiki iqtidara. Güney Azərbaycan uğrunda mübarizə aparanlar Rusiya ilə Qərb arasındakı münasibətləri yaxşı dərk eləməlidirlər. Rusiya İran meyillidir, Qərb İrana qarşıdır. Bu situasiyadan, vəziyyətdən istifadə etmək olar. Mən sizi əmin edirəm ki, böyük ölkələr kiçik ölkələrlə rəqabətdə və münasibətdə dar məqamda gec-tez birləşirlər. Rusiya da, Qərb də Azərbaycanın tərəfində deyil. Buna görə də iki qüvvənin arasında olmaq siyasətindən indidən əl çəkin, heç nə verməyəcək. Amerika sizə guya kömək edəcək, nə kömək eləyəcək indi dedim. Elə kömək eləyəcək ki, İran zərər çəkəcək, amma Azərbaycan da qələbə çalmayacaq. Güney Azərbaycanlılar özləri eləsinlər, özləri də bəhrələnsinlər, Asif Ata Ocağından bəhrələnsinlər.

Qaranlıqlar Yarılsın!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!



Asif Atayla Ruhani Təması hazırladı:

Elişıq ATALI.

10 Çiçək Ayı, 18-ci li. Bakı.

(Aprel, 1996).


 
  Bugün 21 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol