Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Ocağımız-Ocaqçılığımız
 
OCAĞIMIZ – OCAQÇILIĞIMIZ




Dövrümüzün bu ziddiyyətli, böhranlı günlərində müxtəlif təşkilatlar, cəmiyyətlər yaranır. Azərbaycanda heç bir təşkilata, heç bir cəmiyyətə oxşamayan, qarışmayan bir Ocaq şölələnir…



R.Elqızı («Dədəm Qorqud» qəzetinin əməkdaşı): Azərbaycan «Ocağ»ın duyumunda necə dəyərləndirilir?

Asif Ata: Azərbaycan Şərqin ən dərin və ən parlaq ifadəsidir: Zərdüşt İşığıdır, Babək Əyilməzliyidir, Dədə Qorqud Ağsaqqallığıdır, Hürufi Ənəlhəqliyidir, Füzuli Eşqidir, Muğam Ehtizazıdır, Saz Cuşudur, həm də Fəlakətlərdən fəlakətlərə addımlayan Faciəvi mənadır – Midiya süqutudur, Babək qətlidir, Çaldıran Fəlakətidir, Türkmənçay Dağıdır, 28 Apreldir, 20 Yanvardır. Ocaq – Ruhani İntibah Amilidir; Mütləqə İnam, Özüylədöyüş, Ruhani Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq Müqəddəsliyidir; İnsanlaşmaq – İnsanlaşdırmaq əməlidir. Azərbaycanda Yalansız İnam Mərkəzi yaratmaq İqtidarıdır. Şərq Ruhaniyyatının Bərpasıdır; Mütləqçilik Fərəhidir – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə Carçılığıdır.

R.Elqızı: Bəs Azərbaycanın xilas yolunu nədə görürsünüz?

Asif Ata: Azərbaycan həqiqətən müstəqil olmalıdır. İttifaq Boyunduruğundan xilas olmalıdır – İqtisadi İttifaq Boyunduruğundan, Təzə Siyasi İttifaq boyunduruğundan – Qərb boyunduruğundan, – təzə kapitalizm boyunduruğundan xilas olmalıdır.

Dirçələn Dini Cəfəngiyyat boyunduruğundan xilas olmalıdır.

Azərbaycana Köklü, Qəti Ruhani İntibah gərəkdir: İnam, İdrak, Mənəviyyat, İradə İntibahı. Azərbaycan Qəti, Köklü şəkildə özümləşməlidir. Təqlidçilik Boyunduruğunu sındırmalıdır. Azərbaycanın Xilası Uzun və Çətin Yoldur; ancaq haqq yoludur: Azərbaycan təcriddən qorxmamalıdır; Dünya çirkabına bulaşmamalıdır; özü özü üçün Dünya olmalıdır – bunu bacarsa, Xilas ola biləcək, – bacarmasa, Yalançı Xilaskara təzədən düçar olacaq – təzə Uçurumlara düşəcək.

R.Elqızı: Dünənimiz, Bugünümüz, Sabahımız haqqında Ata sözü.

Asif Ata: İslama qurşandıq – Ruhani İqtidarımızı itirdik. Dövlətsizliyə qapıldıq – Siyasi İqtidarımızı itirdik. Özgələşdik, Ögeyləşdik – Qoltuğa alışdıq.

Həşirli Dəstələrə qoşulduq – qabaqcıllaşdıq – özümüzdən qaçdıq.

İndi Yenidənqurmaya havalanmışıq, Demokratiya havasına oynayırıq: yağışdan çıxıb yağmura düşdüyümüzü hiss eləmirik; ayağımızın altındakı Uçurumu görmürük; yenə də üzümüzü Özgəyə tutmuşuq; yenə də əks-sədayıq, öz səsimiz yoxdur.

Azərbaycan öz İnamını, İdrakını, Mənəviyyatını, İradəsini tapmasa – Dünyanın arxasına düşsə – məğlub olacaq, Azərbaycan özümləşə bilməsə – özgələşəcək.

R.Elqızı: Ocaq ideya uğrunda mübarizə aparır. Həmin ideyalardan biri də Mütləqə İnam İdeyasıdır.

Asif Ata: Mütləqə İnam – Dünyanın Dünyadan böyük – Mütləq mənasına İnam deməkdir.

Həyatın Həyatdan böyük – Mütləq mənasına İnam deməkdir.

İnsanın İnsandan böyük – Mütləq mənasına İnam deməkdir.

Gerçəklikdə hər şey Nisbidir.

Ancaq Gerçəkliyin Mənası Mütləq olmasaydı – heç nisbilik anlayışı da olmazdı.

Mütləqə İnam – Nisbiylə barışmamağa çağırır; nisbi ədaləti, nisbi həqiqəti, nisbi Xeyri – Yoxluq sayır. Mütləq Ədalətə, Mütləq Həqiqətə, Mütləq Xeyirə çağırır.

Mütləqə İnam – İnsandakı Mütləqə inanır və Mütləqləşməni İnsanın əsas Ruhani Məqsədi sayır.

Mütləqə İnamda – Yalan yoxdur – O dünya, cənnət, cəhənnəm xəyalatı, hürü, pəri mükafatı, Qismətçilik xurafatı, Alın Yazısı, Yeri-Göyü yaradan Allah xofu, vahiməsi yoxdur.

Mütləqə İnam Şərq Ruhundan yaranıb, ancaq heç bir Ruhani Yönü təqlid eləmir: Buddizm, Sufizm, Hürufilik ideyalarıyla təmasda olub, ancaq onları təkrar eləməyib: Mütləqə İnam həqiqətən Təzə İnamdır – Yalansız, Xülyasız, Qorxusuz – əsil humanizmdir. Mütləqə İnamda – İnsan – Dünyanın, Həyatın Məna daşıyanıdır…

R.Elqızı: Valideynlərindən biri rəhmətə gedən kimi övlada yetim deyirlər. Hər gün bu yetimliyin acısını-ağrısını duyur. Vay o gündən ki, ölkə, cəmiyyət atasız, dədəsiz ola. Atanın Türk elində dədəlik ideyasına münasibəti.

Asif Ata: Türk elində Ağsaqqallıq – Müdrikliyin, İlahiliyin və Cəngavərliyin Vəhdəti sayılır.

Yunanlar Filosoflara necə baxırdılarsa, Semitlər Peyğəmbərlərə necə baxırdılarsa – Türklər də Ağsaqqallara elə baxırdılar: Dədəlik – müqəddəsləşmişdi.

Dədə – Zəka və Vəhy sahibiydi. Söz deyirdi – Saz çalırdı, həm də Qeybdən xəbər verirdi. Dədəlik Ruhani ölçüydü – Dədələrə Səcdə qılırdılar. Təəssüf ki, Dədəliyimizi itirmişik: indi öpülməli əl də çox azdır, öpməli dodaq da.

R.Elqızı: «Dədəm Qorqud» haqqında Ata sözü.

Asif Ata: «Kitabi-Dədə Qorqud» – Dədələrin harayıdır. «Hanı Bəy Ərənlər» – deyib haray salır Dədələr.

«Gəlimli-gedimli dünyanın» apardıqlarına ağlayırlar.

Türk Ruhunun Yoxuş mərhələlərindən biridir «Kitabi-Dədə Qorqud» – adlaya bilmədiyimiz…

Dədələrimizin harayıdır – kəsilməyən haray – Özü bir Ümiddir.

Ümid haraylanır «Dədəm Qorqud»da – həsrətli.

R.Elqızı: Müasirlik və Şərqilik.

Asif Ata: Müasir Siyasi Dünyada Qərb var – Şərq yoxdur. Müasir Siyasi Dünya bütöv bir Qərbdir əslində.

Müasir Mənəvi Dünyada Qərb hakimliyi var – çünki Maddiyyat Ruhaniyyatı üstələyir. Müasir İdrak Dünyasında Şərq Qərbi vüqarla təqlid edir – Təqliddən Məğrurluq yağır. Müasir Dünya iqtisadiyyatı əslində Qərb iqtisadiyyatıdır.

Vahid Qərb yaranır Dünyada – Şərq səylə özünü Qərbdə itirir.

R.Elqızı: Atanın oxuculara istəyi?

Asif Ata: Özümləşmək, özümləşdirmək!



Söhbəti apardı: «Dədəm Qorqud»

qəzetinin əməkdaşı Rüxsarə Elqızı.
 
  Bugün 10 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol