Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Xəyal gerçəkliyi
 

(Asif Ata)
Xəyal gerçəkliyi
(Fəlsəfi-bədii məqam)
1.Mənaya çatan


Xəyal gerçəkliyin mənasına çatır, mahiyyətinə varır; xəyal gerçəkliyi yaranır- həyatı əks edən, qabaqlayan.
2.Tilsim


Tilsimə düşür nağıllarda adamlar: daşlaşır- tərpənməz olur, heyvanlaşır - düşünməz olur, yerə dönür, yelə dönür, özündən ayrılır.
Var ola-ola yox olurlar, huşdan ayrılırlar, iqtidardan ayrılırlar, mənadan ayrılırlar, biçimdən ayrılırlar.
Kölgələşirlər, qoyunlaşırlar, quşlaşırlar.
Tilsimə bağlanırlar.
Bilinmirlər, ölən kimi də ölmürlər - diri bilinirlər.
Əl əvəzinə daş, ayaq əvəzinə daş, ürək əvəzinə daş, beyin əvəzinə daş, səssiz-səmirsiz, hərəkətsiz, ya da sürüyə qatılan, sürüdə mələyən…
Tilsim fəlakəti yaşayır nağıllarda, ölümdən betər.
3. Quyu


Quyuya düşür adamlar nağıllarda – dərin, qaranlıq quyuya, quş gəlsə qanad salan, qatır gəlsə, dırnaq salan quyuya.
İşıqsızlıq quyusuna düşürlər adamlar, sahibsizlik, yurdsuzluq, yadlıq yığılıq quyusuna.
Div quyusuna.
Quyu fəlakəti yaşayır nağıllarda - dərin çıxılmaz.
4. Div


Güclü, vahimləi, qorxunc; quyu sahibi, canlı qənimi, ancaq canı şüşədə olan, ürəyi özündən ayrılan - əslində cansız, ürəksiz…
Cismi yekə, pəncəsi yekə, dişləri yekə, zülmü yekə, ancaq canı özündə olmayan, ürəyi özündən uzaq… Bir şüşəlik can, bir şüşəlik ürək…
Ürəksiz olduğu üçün, ürəyini şüşədə qoyduğu üçün zalım, qanlı.
Ürəyi bir şüşəlik olduğu üçün, ürəyi şüşədə olduğu üçün zəlil…
Şüşə qırılan kimi aləmi əsdirən əzəmətiylə qırılan…
Zəlil zalımlıq!
Div möhtəşəmliyi yaşayır nağıllarda – miskinliyillə birgə…
5. Küpəgirən qarı


Evlər yıxan, fitnə-fəsad quran, cilidddən-cildə girən, əfsunlu, məharətli, bədəməl…
Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, şərliyinə dov gələ bilmir, küpəgirənliyinə dov gələ bilmr.
Küpəgirənlər məharəti yaşaır nağıllarda - iqtidarsızlığıyla birlikdə.
6. İşıqlı dünya - qaranlıq dünya


Ağ qoç-işıqlı dünyaya aparır.
Qara qoç – qaranlıq dünyaya.
Ağ qoçda – aqibət ağarır.
Qara qoçda – aqibət qaralır.
İşıqlı dünya – yaxşıların dünyasıdır, qaranlıq dünya – yamanların.
Ağ qoç – işıqlı dünyanın nişanəsidir, qara qoç–qaranlıq dünyanın.
Yol xeyri, yolsuzluq şəri yaşayır nağıllarda - işığıyla, qaranlığıyla.
7.Yollar


Üç yol açılır yolçunun qarşısında: gedər - gələr, gedər - qalar, gedər – gəlməz.
Asan, yarımasan, çətin.
Gedər –gəlməzə gedir yolçu və gedər - gəlməzliyi yox eləyir.
Doğru olur çətin yol, təhlükəli yol.
Təhlükəli yolu seçir yolçu və təhlükəni yox eləyir.
8.Yamanlar


Paxıl qardaşlar. Zalım padşahlar.
Quyuya salan, baş kəsən, göz çıxardan, böhtançı, dönük, həris, yalana tapınan, əzazil.
Yamanlar qəbahəti yaşayır nağıllarda – rəzalətiylə.
9. Yaxşılar


Yaxşılıq itirməyən, qədir bilən canlılar: adamlar, balıqlar, atlar, göyərçinlər, çətin günlərin sədaqətliləri, dayaqları, xilaskarları, bəladan qurtarırlar yaxşıları. Yaxşılar əlbirliyi yaranır yamanlara qarşı, yaxşılaşır dünya.
Yaxşılar şəfqəti yaranır nağıllarda – səxavətiylə.
10. Zümrüd quşu


Darda qoymur dara düşəni, dərddə qoymur dərdlini, qanadının üstünə qaldırır, yağıdan qoruyur, etibarlı, andına sadiq dost: həm yerli, həm göylü.
Dost ülfəti yaşayır nağıllarda – əzəmətiylə.
11. Çevrilmələr


Nağıllarda adam turac ola bilir, balıq ola bilir, at ola bilir; qeybdən əl uzanır yerə, yel qanadlı pəhləvanlar düşür göydən, bulaq suyundan gözəllik doğur, çubuq sütuna çevrilir - göylə yeri birləşdirən. Görünməyən, bilinməyən çevrilmələr baş verir nağıllarda, hədsizləşir, hüdudsuzlaşır çevrilmələr.
Hüdudsuz qüdrət yaşayır nağıllarda – sehriylə, möcüzəsiylə.
12. Yaraqlar


Sehrli üzük yarağı yaşayır nağıllarda, istəyinə çatır onunla yaraqlı, bacarmadığı əməl, yaratmadığı qüdrət olmur sehrli üzüyün- xeyir qapısı açanın, şər qapısı bağlayanın!
Uçan xalça yarağı yaşayır nağıllarda – göz açımında dünyanın o başına aparan, bu başına gətirən, göylərin dərinliyinə qaldıran, yerlərin ənginliyinə çatdıran!
Qaranlıq dünyadan işıqlı dünyaya aparan atlar var nağıllarda- yel qanadlı, qaranlıq sökən!..
Möcüzələrlə, sehrlərlə yaraqlanır nağıllarda adamlar, arzu, istək- möcüzə, sehr səviyyəsində gerçəkləşir.
İstək dərinliyi, ənginliyi yaşayır nağıllarda- yerə-göyə sığmayan.
13. Dərmanlar


Almalar var nağıllarda, onları yeyənlər əbədi cavanlıq kəsb edirlər, əbədi onbeşyaşlılara dönürlər, həmişə çiçəklənirlər, heç vaxt solmurlar.
Almalar var nağıllarda - dərdlər əlacı.
Divlərin pəncəsindən qoparırlar almaları adamlar, dərman tapırlar qocalığa qarşı, təbiətdən üstün olurlar.
Dirilik suyu var nağıllarda–Xızıra qismət olan, ölüm əlacı; həmişəlik yaşayır bu sudan içən - təbiətdən üstün olur.
Qocalıq dərdinə dərman tapırlar nağıllarda. Ölüm dərdinə dərman tapırlar nağıllarda.
Əlacsız dərdlərə dərman yaşayır nağıllarda - dərdlə barışmayan.
14. Sınaqlar


Sirr saxlaya bilməyən daşa dönür nağıllarda.
Səbri çatmayan daşa dönür nağıllarda.
Gözü qabağı görməyən daşa dönür nağıllarda.
Nəfsinə sahib olmayan daşa dönür nağıllarda.
Sınaq düşür adamların qismətinə.
Möcüzəli əməl düşür məhəbbətlilərin qismətinə.
Su altında, yer üstündə, göy ucalığında ağlasığmayan ləyaqət göstərirlər, sınaqdan çıxırlar, sınaqla nişanlanırlar.
Sınaq ülviyyəti yaşayır nağıllarda – şəri sarsıdan.
15.Ölçü


«Biri vardı, biri yoxdu!»
Biri var olanda, o biri yox olur.
Birinin varlığı o birinin yoxluğu demək olur.
Var olmaq yox olmaq demək olur.
Üç gün, üç gecə toy çalınır nağıllarda, şahın üç oğlu olur.
Yeddi gün, yeddi gecə yol gedir yolçular nağıllarda, qırx quldur bilinir, qırx incə belli qızla birgə, qırx otaqla.
Üç, yeddi, qırx rəqəmlərinə açılır qapıları nağılların.
Üç –birə qayıtmaqdır təzədən, yeniləşmək, yenidən başlamaqdır.
Yeddi-təzə birdir, altıdan sonra başlayan.
Qırx –təzələnən birdir, 39-dan sonra başlayan.
Doğulmaq, təzələnmək, başlanmaq ölçüsüylə mənalandırılır vaxt nağıllarda.
Hikmətli vaxt yaşayır nağıllarda - müdrik.
16. Qəhrəman


Qəhrəman gələndə–tilsim sınır, div öldürülür, quyular bağlanır, daşlar canlanır, insanlanır; küpəgirən qarılar məğlub olur, zümrüdlər qanadlanır, xəstələr dərmanlanır, yaxşılar yaxşılanır, yamanlıq yamanlanır.
Heç kəsin bacarmadığını qəhrəman bacarar: heç kəsin aça bilmədiyi qapını açır, heç kəsin gedə bilmədiyi yolu gedir, heç kəsin çata bilmədiyi yerə çatır, heç kəsin qıra bilmədiyi əfsunu qırır.
Yaraqlar yarar olur qəhrəmana, sınaqlar yarar olur.
Qəhrəman gəlir- zülmət çəkilir, zilət çəkilir.
Qəhrəman zəruriyyəti yaşayır nağıllarda- coşğun, inadlı.
Qəhrəman çağırır nağıllar…
 
  Bugün 15 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol