Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Təzadlar
 
TƏZADLAR (5-ci Müqəddəs Kitab) 1. SOSİALİST – HUMANİST Sosialist – Cəmiyyətçi – İnsanın Nicatını Cəmiyyətdə görən. Humanist – İnsançı – Cəmiyyətin Nicatını İnsanda görən. Birinci – Zahiri görüş – Mahiyyətə enməyən. İkinci – Daxili görüş – Mahiyyətə enən. (İnsan – Fərd, Şəxsiyyət, İnsani Mahiyyət). 2. ÜMUMİ – XÜSUSİ Ümumi – heç kəsə məxsus olmayan. Xüsusi – hər kəsə məxsus olan. 3. HƏQİQƏT – YALAN Həqiqət – həyata sığmayan. Yalan – həyatın sığındığı. 4. KAPİTALİZM – KOMMUNİZM Kapitalizm – tək-tək Ağalaşma. Kommunizm – hamılıqla Kölələşmə. 5. İDEALİZM – MATERİALİZM İdealizm – Zəkaya bərabər olmaq. Materializm – Cismə bərabər olmaq. 6. MARKSİZM Demaqoq Təfəkkür. 7. MÜLKİYYƏT – MÜLKİYYƏTSİZLİK Xüsusi Mülkiyyət İstismar yaratdı. Təzadda əlac aradılar. Ümumi mülkiyyətdən yapışdılar. Əlac isə Təzaddan kənardaydı: – Xüsusi Əməkçi Mülkiyyətində. 8. FƏHLƏ – PROLETAR Proletar – Mülkiyyətdən Məhrum olan muzdlu Əməkçi deməkdir. Fəhlə – sosializmdə kapitalist istismarından qurtardı, ancaq proletar məhrumiyyətindən qurtarmadı. 9. XÜSUSİ İSTİSMAR – İCTİMAİ İSTİSMAR İstismar – zəhmətkeş Əməyinin Mənimsənilməsidir. Kapitalizmdə – xüsusi İstismar mövcud idi: kapitalist fəhlə əməyinin bir hissəsini mənimsəyirdi. Sosializmdə İctimai İstismar mövcuddur: Dövlət Fəhlə Əməyini Mənimsəyir. Kommunizmdə – Dövlət İstismarı “Özünüidarə” Assosiasiyası (Birliyi) İstismarıyla əvəz olunmalıdır. İstismar aradan qalxmır – biçimini dəyişir. 10. PLANLAŞDIRILMIŞ HƏYAT Planlaşdırılmış həyat – həyatiliyini itirmiş həyatdır. 11. BAŞSIZLIQ Bir xalqın bir Başı olar. Yüz xalqın bir Başı olmaz. Bir xalqın bir Başı olar. Bir xalqın iki Başı olmaz. 12. YEKNƏSƏQLİK – YOXLUQ 1 Müxtəliflik – Zənginlikdir, Yeknəsəqlik – Yoxsulluq. Zənginlik azalanda – Yoxsulluq yaranır, Yoxsulluq artanda – Yoxluq. 2 Mahiyyət – Vahiddir, Təzahür – Müxtəlif. Mahiyyət bir Biçimə sığsa – Mahiyyət olmaz – Təzahür olar. 3 Hamı müxtəlif cür – Var olur, hamı eyni cür – Yox olur. 4 Bəşərin Ruhu Birdir, ancaq o, öz zənginliyiylə Bəşərə sığmır. 5 Eyni bitkilərdən ibarət olan Təbiət – Təbiət deyil – Bitkilərdir. Eyni adamlardan ibarət olan Bəşər – Bəşər deyil– Adamlardır. 13. İNSAN – CƏMİYYƏT İnsan – vaxtında ictimai naqisliyi görmür, onu aradan qaldırmağa səy göstərmir. İctimai naqislik cəmiyyəti bürüyür və cəmiyyəti naqislikdən qurtarmaq üçün – onu uçururlar. 14. ZAMAN LƏYAQƏTİ Bulanıq Məhəbbət. Bulanıq Həqiqət. Bulanıq Ədalət. Bulanıq Sədaqət. Bulanıq Şöhrət. Bulanıq Qeyrət. Bulanıq Hüzn. Bulanıq Fərəh. 15. ZƏMANƏ ADAMI İnsanlıqdan keçən. Maddi Ehtiyacı olan – mənəvi Ehtiyacı olmayan. 16. ÖLÜLƏR – DİRİLƏR Naqis adamı – canlı adam sayırlar. Kamil adamı – ölü adam sayırlar. Ölülər canlıları öldürürlər. 17. AĞILSIZ HƏYAT Ali Məna özünü həyatda İnkar vasitəsilə Təsdiq edir. Həyat ağılsızdır. Yaratdığını öldürmək – ağılsızlıqdır. Ya yaratma, ya da öldürmə. Birinin ömrünü başqasına vermək – ağılsızlıqdır. Ya vermə, ya da verdiyini geri götürmə. Hamını yaşatmaq üçün – hamını öldürmək – ağılsızlıqdır. Hamını yaşada bilmirsən – heç kəsi yaşatma. Həyat nə elədiyini bilmir. Həyatı sevən – ağılsızlıqla barışır. O, verilən naminə alınanla barışır. Var olmaq naminə Yox olmaqla barışır. Həyatı doğruldan yalnız Amaldır. Amalsız yaşamağa dəyməz. Həyatla kifayətlənmək – əslində yaşamamaqdır. Həyata bel bağlamaq – ağılsızlıqdır. Ağılsıza bel bağlamazlar. 18. NƏSİLLƏR KEÇİDİ Nəsillər bir-birini əvəz etmir, bir-birinin ölümünü əvəz edir. 19. FACİƏVİ MƏNTİQ Hamı ölürsə – heç kəs yaşamır. Çünki Yaşamaq – Ölümə ziddir. 20. ŞƏHVƏT – HƏYAT Şəhvət həyatın prototipidir. Çağırır, cəlb edir, cəzb edir və... Boşluq yaradır. 21. HƏYAT YALANI Həyat Yalanda yaşayır – Həqiqətdə ölür. 22. HƏYAT – MƏHƏBBƏT I Həyat – Məhəbbəti şəhvətləşdirir, yaxud nəsil artımına tabe edir. Hər ikisində sevgi heyvaniləşir. Ancaq sonralar Atalıq – Analıq – Övladlıq ülviyyətində Amal Həyatı üstələyir – İnsan heyvana qalib gəlir. II Həyat hər addımda İnsanla Heyvanı qarşılaşdırır və çox vaxt heyvanın tərəfində olur. III Məhəbbəti həyatdan qorumaq lazım gəlir... IV Don-Juanlıq – əslində heyvanilikdir, ona görə də həyatidir, cəlbedicidir, cəzbedicidir, ağız suyu axıdandır. V Məcnunluq – insanilikdir, ona görə də Əlçatmazdır, Ülvidir, Müqəddəsdir, Həyatdan uzaqdır, heyrətamizdir. VI Nadürüstlüyü həyat qəbul eləyir – Dürüstlüyü qəbul eləmir. VII Həyatdan uzaqlaşmaq çox vaxt heyvandan uzaqlaşmaq olur. VIII Şəhvət pəhləvanları həyatda qalib görünürlər, həsəd oyadırlar, çünki həyat əslində ən çox mütrüblük meydanıdır. IX Həyat Vaqiflərin tərəfindədir, Füzulilərin tərəfində deyil. X Sümsük kişilər ikrah yaratmır, çünki sümsüklük – həyatidir, heyvanidir. XI İnsanilik – əslində qeyri-həyatilik deməkdir. Həyatilik əslində qeyri-insanilik deməkdir. XII Mütləq qeyri-həyatilik Həyatda olmur, bu səbəbdən də Mütləq İnsanilik Həyatda olmur – Amalda olur. XIII Aşiqlər həyatla qarşılaşır, barışmır – Amallaşırlar. XIV Həyat adamı deyil – deməli, İnsandır. Həyat adamıdır – deməli, İnsan deyil... 23. HƏQİQƏT – TƏCRÜBƏ Təcrübə – Həqiqəti təsdiq etmir, Faydanı Təsdiq edir. Fayda Həqiqətə bərabər deyil. Bu səbəbdən Təcrübə Həqiqətin Meyarı ola bilməz. O, Faydanın Meyarıdır. Faydalı – qeyri-həqiqi də ola bilər. 24. HƏYAT – DÜŞMƏN Düşmən – İnsana zərbə endirir. Onu əlsiz-ayaqsız eləyir. Öldürməyə çalışır. Düşmənin bacarmadığını həyat bacarır. 25. HƏYAT YOXLUĞU Var olmaq – əslində Sabit olmaqdır. Həyatda Sabit heç nə yoxdur. Burada əvvəli olan Sona çatır. Təzə köhnəlir. Var olan – yox olur. Həyatdakılar yalnız Yoxluqda sabit olurlar. Həyat – əslində Yoxluqdur. 26. AMAL VARLIĞI Amalda Sabit olmayan heç nə yoxdur. Burada əvvəli olan sona çatmır. Təzə köhnəlmir. Var olan Yox olmur. Əslində Yalnız Amal – varlıqdır. 27. HƏYAT – AMAL Sən kimsən? Ana qucağında dünyaya göz açan körpə uşaqmı, çaylar kimi çağlayan coşğun bir gəncmi, beli bükülmüş zavallı qocamı, yoxsa məzara gömülmüş meyidmi? Həyatda – İnsan Qeyri-Müəyyəndir – çünki Dəyişkəndir, Yoxluğa Enəndir. Sən insansan! Həyatdan uca duran, onu Mütləqə yaxınlaşdıran və Mütləqləşən Ruhani xilqət! Amalda – İnsan Müəyyəndir – çünki Sabitdir, Varlığa yüksələndir. 28. REALİZM Yoxluq haqqında hekayət. 29. ROMANTİZM Yoxluqdan Varlığa çağırış. 30. SOSİALİZM REALİZMİ Yoxluğu Varlıq saymaq. 31. MƏZİYYƏTLƏR Həyati Məziyyət – İnsandan aşağı yaşamaq. İnsani Məziyyət – Həyatdan yüksək yaşamaq. 32. HƏYAT TƏCRÜBƏSİ Nisbiləşmək. 33. AMAL TƏCRÜBƏSİ Mütləqləşmək. 34. TƏBİƏT – HƏYAT Təbiətdə İnsan həyatdan Yüksək olanla – Mütləqin ifadəsiylə – görüşür. 35. MADDİYYATÇININ ANLAMADIĞI Ən yoxsul İnsan – ən Möhtəşəm İnsan ola bilər. Ən yoxsul Xalq – ən Möhtəşəm Xalq ola bilər. 36. ƏDALƏT – İNSANİLİK Fikirlər, Duyğular, Rəylər – Müxtəlifdir. Ancaq – Ədalət birdir. Ədalət – İnsaniliyin Mütləq Təsdiqidir. 37. HƏQİQƏT – MÜTLƏQ Fikirlər, Duyğular, Rəylər – Müxtəlifdir. Ancaq – Həqiqət birdir. Həqiqət – Mütləqin dərkidir. 38. İNSANİLİK Mütləq Antiheyvanilik. 39. MƏZMUN – BİÇİM Məzmun – Biçimdə sezilən. Biçim – Məzmunu nişan verən. 40. HƏYAT – GÖZƏLLİK – EYBƏCƏRLİK Həyat – gözəllik yağısıdır. Həyatın eybəcərləşdirmədiyi gözəl yoxdur. Gözəllikdən salır, çirkinləşdirir, sonra öldürür. 41. HƏQİQƏT – HƏYAT I Həyat – Mütləqə çatmır. Bu səbəbdən də Həqiqətə çatmır. Nisbi olan – Həqiqi deyil. Yalnız Mütləq olan – Həqiqidir. II İnsanı Həqiqət qədər heç nə ucaltmır. İnsanı həqiqət qədər heç nə Həyatın gözündən salmır. 42. DƏYİŞİLƏN – DƏYİŞMƏYƏN Dəyişilən hadisələr var – Dəyişməyən Mahiyyət var. Dəyişilən qanunlar var – Dəyişməyən Ədalət var. Dəyişilən Rəylər var – Dəyişməyən Həqiqət var. Əslində Dəyişilən yoxdur – Dəyişməyən var. 43. DİALEKTİKA YOXLUĞU Dialektika – dəyişkənlik və ziddiyyət haqqında təlimdir. Bu səbəbdən də o, əslində – Yoxluq haqqında təlimdir. Dialektika – Yoxluğu tədqiq edir, ancaq onu Varlıq kimi təqdim edir. 44. MÜTLƏQ – HƏYAT “Var olan – Yox olmamalıdır!” Həyat bu Mütləq Tələbə əməl etmir. “Yox olmayan – Yoxdur” – deyir. 45. DƏYİŞKƏNLİK – ƏTALƏT Dəyişkənlik – Mahiyyətə ziddir, Ətalət – Həyata. Mahiyyət – Ətalət tanımır, çünki Sabitdir. Həyat – Ətalət tanıyır, çünki Dəyişkəndir. 46. HƏYAT DƏRSİ Həyat dəyişkənlik Yoxluğunu qabarıq şəkildə nümayiş etdirir. Yaratdığı nə varsa – Yoxa çıxarır. 47. “ÖZÜNÜDƏYİŞMƏ” VARLIĞI “Özünüdəyişmədə” İnsan – özünə çatır, Yox olmur, Var olur. Ruhaniləşir, Dəyişkənlik Yoxluğundan xilas olur. 48. ALİ HƏYATA YÜKSƏLMƏ VARLIĞI Həyat Ali Həyata yüksələndə – özünə çatır, Yox olmur, var olur. Ruhaniləşir. Dəyişkənlik Yoxluğundan xilas olur. 49. RUHANİLİK – HƏYATİLİK Ruhani çevrilmədə – Varlıq Təsdiq olunur. Həyati çevrilmədə – Yoxluq Təsdiq olunur. Ruhani çevrilmə – dəyişkənlik yaratmır, Sabitlik yaradır. Həyati çevrilmə – Sabitlik yaratmır, dəyişkənlik yaradır. 50. CİSMANİ – RUHANİ Cismaniyə bərabər olmaq – heçə bərabər olmaqdır. Çünki cismaninin Sabit vəziyyəti – heçlikdir. Ruhaniyə bərabər olmaq – Vara bərabər olmaqdır. Çünki Ruhani daim Sabitdir. 51. AMAL EHTİYACI Həyat Ağacında İnam Meyvəsi bitmir. İdrak Meyvəsi bitmir. Mənəviyyat Meyvəsi bitmir. İradə Meyvəsi bitmir. Amal Ağacında İnam Meyvəsi bitir. İdrak Meyvəsi bitir. Mənəviyyat Meyvəsi bitir. İradə Meyvəsi bitir. Həyat Ağacında Amal Ehtiyacı bitir. 52. DÜŞMƏK – ÇIXMAQ Həyata atıldı – çirkaba düşdü. Amala yüksəldi – çirkabdan çıxdı. 53. KAİNAT – RUH Çayı yaradan Kainatdır. Çay Sehrini yaradan Ruhdur. Dağı yaradan Kainatdır. Dağ Sehrini yaradan Ruhdur. Günəşi yaradan Kainatdır. Günəş Sehrini yaradan Ruhdur. Səmanı yaradan Kainatdır. Səma Sehrini yaradan Ruhdur. Ruh Kainatı sadəcə əks etdirmir – onu İnsan üçün Təzədən yaradır. 54. ƏXLAQ – HƏYAT I Əxlaq Nisbiylə barışmır. Bu səbəbdən də Həyatla döyüşür. II Həqiqət əsasında yaşamaq – Qeyri-Həyati Tələbdir – yəni Qeyri-Nisbi Tələbdir, Mütləq Tələbdir. III Həyata tapınan – Əxlaqdan keçir. IV Həyat Əxlaqlını sevmir. V Əxlaqa Sadiq qalan – Həyata qarşı durur. VI Həyat adamları – Əxlaqlı olmur – Amal İnsanları Əxlaqlı olur. VII İnsan Həyatda – doğulur – Amalda Ruhani yaşa dolur. 55. ƏXLAQ – CƏMİYYƏT Cəmiyyət Əxlaqı İctimai Faydaya qurban verir. Bu səbəbdən də Əxlaqi Faydasızlıq qazanır. Cəmiyyət Əxlaqa gülür. Bu səbəbdən də Əxlaqı – Gülüş hədəfinə çevirir. 56. HƏYATLAŞAN ƏDALƏT Ədalətli Ticarətdən danışırlar. Ədalətli Rəqabətdən danışırlar. Ədaləti Həyatiləşdirirlər, nisbiləşdirirlər, ədalətdən məhrum edirlər. Əslində Ticarət – ədalətsizlikdir, çünki İnsaniliyin Təmənnaya qurban verilməsidir. Əslində Rəqabət – ədalətsizlikdir, çünki İnsaniliyin Təmənnaya qurban verilməsidir. Ədaləti – ədalətsizliyə endirirlər. Ədaləti məzmundan məhrum edirlər – biçimə pərçimləyirlər. 57. ƏXLAQ AZADLIĞI Əxlaqa tabe olmaq – Azadlıqdır: – Heyvandan azad olmaqdır. Əxlaqdan azad olmaq – Əsarətdir: – Heyvana tabe olmaqdır. 58. CƏMİYYƏT – HƏYAT Cəmiyyət Həyatı İnsaniləşdirmədi – Süniləşdirdi. 59. ƏDALƏT – FAYDA I Ədalət – Fayda tanımır. Fayda – Ədalətdən keçir. II Ədalət – Hadisəyə verilən həqiqi Qiymətdir. Faydalı Ədalət – Yoxdur. Çünki Faydalı Həqiqət – Yoxdur. III Əgər Hadisə Həqiqidirsə – o, Faydalıdan artıqdır. Bu baxımdan, Ədalətli Fayda yoxdur – Çünki Həqiqətə bərabər Fayda yoxdur. IV Faydanı seçən – Gerçəyi seçir. Ədaləti seçən – Mütləqi seçir. V Faydasız keçinmək olmur! Ədalətsiz yaşamaq olmur! VI Fayda Hadisənin xassəsidir, ancaq həqiqi qiyməti deyil. Bu səbəbdən ədalətli qiyməti deyil. VII Faydalı qəbahət – ədalətli sayılmaz. Faydasız ləyaqət – ədalətli sayılar. VIII Ədalətli Faydadan danışırlar. Faydalı Ədalətdən danışırlar. Nisbi mənada danışırlar. Nisbi Ədalət yoxdur. Deməli, Ədalətli Fayda da yoxdur! Faydalı Ədalət də Yoxdur! 60. ƏDALƏT “FAYDASI” “Qəbahətli oyunda ədalətli davran!” “Namussuz əməldə Sözünə namusla əməl et!” “Ədalətsiz Məqsədi Ədalətlə yerinə yetir!” “...Ədalətdən faydalan!” 61. ƏDALƏTLİ FAYDA Ədalətin həyata uyğunlaşması – Yoxa çıxması. 62. ƏDALƏT – CƏMİYYƏT Ədalətli ictimai quruluş – İnsaniliyi Mütləq Mənada Təsdiq edən quruluşdur. Belə quruluş Yoxdur. Ədalətli ictimai qanunlar – İnsaniliyi Mütləq Mənada Təsdiq edən qanunlardır. Belə qanunlar Yoxdur. Ədalətli ictimai müəssisələr – İnsaniliyi Mütləq Mənada Təsdiq edən müəssisələrdir. Belə müəssisələr Yoxdur. Deməli, ədalətli cəmiyyət yoxdur! 63. ƏDALƏTSİZ QƏLƏBƏ Ruhani Məğlubiyyət. Fayda naminə ədalətdən keçirlər. Ruhsuzluğu seçirlər. 64. HƏYAT – RUH I Həyat işıltıdır – işıq deyil! İşıq görməyən üçün işıltı elə işıqdır. Ruh İşığı görür. Buna görə də İşıltını İşıq saymır. II Ruh İnsana deyir: İşıltıya küsənmə –İşığa çat! Həyata küsənmə – Amala çat! 65. QANUN – QANUNSUZLUQ Qanun – Könüllü surətdə qəbul olunan – həmişəlik əməl olunan. Qanunsuzluq – Zorakı surətdə qəbul edilən – Müəyyən vaxtda əməl olunan. Qanun – Etiqada çevrilən. Qanunsuzluq – Etiqadla döyüşən. Borc – Ruhun tələbi. Tabeçilik – Zorun tələbi. Qanun – Müstəsna tanımayan. Qanunsuzluq – Müstəsnaya sığan. Bəşər indiyə qədər Qanundan çox Qanunsuzluğa arxalanıb. Çünki İnsan – İnsan olmayıb. 66. BARIŞMAZLIQ I Amal Həyatla barışsa – Amal olmaz – Həyat olar. Amal Həyatla barışmır – buna görə də Həyatı Amallaşdırır. II “Həyat nisbidən artıq heç nə vermir” – deyirlər – “Nisbiylə barış!” “Həyatla barışma!” – demirlər. III “Həyatda Mütləq yoxdur” – deyirlər – “Mütləqsizliklə barış!” “Həyatla barışma!” – demirlər. “Mütləqə Yüksəl!” – demirlər. 67. YOXLUQ ÖLÇÜSÜ I Nisbinin Varlığını nisbi ölçüylə əsaslandırırlar. Əslində isə Varlığın nisbi ölçüsü yoxdur, yalnız Mütləq ölçüsü var. Varlığı Yoxluqla əsaslandırırlar. II Əgər Sən nisbi Mənada Kamilsənsə – Kamil deyilsən, yəni sənin Kamilliyin Yoxdur. Əgər Sən nisbi Mənada Müdriksənsə – Müdrik deyilsən, yəni sənin Müdrikliyin Yoxdur. Əgər Sən nisbi Mənada Safsansa – Saf deyilsən, yəni sənin Saflığın Yoxdur. Nisbi Məziyyət Yoxdur. III Mütləq Mənada İnsan Yoxdursa, – deməli, əsil Mənada İnsan Yoxdur. 68. QANUNİ ƏMƏL I Qanuna zorla riayət edilirsə – o, Qanun deyil. Qanuna riayət edilmirsə – o, Qanun deyil. Qanuna könüllü riayət edilirsə – o, Qanundur. II Ədalətsiz Qanuna əməl etmək – Qanunsuzluqdur. Ədalətli Qanuna əməl etməmək – Qanunsuzluqdur. III Könüllü Qəbul etdiyin Qanuna borclusan. Borcuna Mütləq Mənada əməl etməlisən. Etmirsənsə – Qanunsuzluq törədirsən! 69. QANUN ŞƏRHİ Əsl Qanun – İnsanilikdir. Digər Qanunlar – onun şərhidir. 70. CƏMİYYƏT YERSİZLİYİ Cəmiyyətdə insana layiq Yer yoxdur! Adama layiq Yer var. Məxluqa layiq Yer var. Cəmiyyətdə Məxluqlar Yer qazanır. Adamlar Yer qazanır. İnsanlar Yer qazanmır. Cəmiyyətdə Yer Təsadüf nəticəsində qazanılır! Cəmiyyətdə heç kəs Yerinə düşmür! Cəmiyyətdəki Yer həmişəlik olmur, gec-tez Yoxa çıxır. İnsan cəmiyyətdə Yersizdir! 71. CƏMİYYƏT BACARIQSIZLIĞI Cəmiyyət İnsanilik ehtiyacından yaranmayıb, özünümühafizə ehtiyacından yaranıb. Cəmiyyət vasitəsilə İnsan özünü xarici düşməndən qoruya bildi, daxili düşməndən qoruya bilmədi. 72. QANUN LƏYAQƏTİ Qanun – ədalətli olduğu üçün – riayətə layiqdir. Ədalətsizlik – Qanunsuzluqdur. Qanunsuzluğa qarşı çıxmaq – Qanunidir... Ədalətsizliyi qoruyan Qanun – Yoxdur. Yoxa riayət etməzlər. Qanuni ədalətsizliyi ləğv etmək – Qanuni Borcdur. 73. ƏDALƏT – ZƏRURİYYƏT I Ədalətdən keçmək zəruriyyəti – Yoxdur. Çünki İnsandan keçmək Zəruriyyəti Yoxdur. II Əslində Ədalətsiz Qanun olmamalıdır. Ədalət özü Qanun olmalıdır. III Ədalətsizliyə alışmaq Borcu – Yoxdur. Ədalətsizliklə vuruşmaq Borcu – Var. 74. TƏCRÜBİ İDRAK Faydalaşan Həqiqət. 75. ƏXLAQ – HÜQUQ Hüquq – əxlaqın haqqı. 76. SİYASƏT İctimailəşmə. 77. QANUN – QANUNÇU Qanunu – İnsanlar yaratmalıydı. Qanunu – Adamlar yaratdılar. Bu səbəbdən də Mütləq Qanun yaranmadı, nisbi Qanun yarandı. İnsanilik – Qanun olanda, Mütləq Qanun yaranacaq. 78. QANUN – BƏRABƏRLİK – BƏRABƏRSİZLİK Qanun Bərabərliyi: Hamının Qanuna eyni dərəcədə riayət etməsi. Hamının Qanundan eyni dərəcədə faydalanması. Hamının Qanun qarşısında eyni dərəcədə məsuliyyəti. Ancaq Qanun – Mülkiyyət bərabərsizliyini, imtiyaz bərabərsizliyini aradan qaldırmır, ictimai bərabərsizliyi ləğv etmir. Bu baxımdan, o, ədalətsizliyi qoruyur. 79. İCTİMAİ – ƏXLAQİ İctimaidə – Fərd Cəmləşir. Əxlaqda – Fərd Başqalaşır. Cəmləşmək – Cəmdə itmək. Başqalaşmaq – Başqasında özünü ifadə etmək. 80. NORMATİV – ƏXLAQİ Normativ – Gerçəkliyi doğruldan. Əxlaqi – Gerçəkliyi üstələyən. 81. MÜQƏDDƏSLİK – FƏRDİLİK Müqəddəslikdə Fərdilik Ümumiləşmir – Mütləqləşir. 82. MÜQƏDDƏSLİK – HƏRCAYİLİK Müqəddəslikdə Heyvan ölür, Hərcayilikdə – İnsan. 83. MÜQƏDDƏSLƏŞMƏ – CƏMLƏŞMƏ Müqəddəsləşmədə – İnsan öz balaca “Mən”indən ayrılıb, böyük “Mən”inə yüksəlir. Cəmləşmədə – İnsan öz “Mən”indən ayrılıb, özgə “Mən”inə qovuşur. Cəmləşən “Mən” əslində özgələşən “Mən”dir. 84. BAŞQALAŞMA – CƏMLƏŞMƏ İnsan Başqalaşanda – cəmləşmir. Cəmləşmə zahiri Vəhdətdir, daxili Birlik deyil. 85. BİRLİK – İNSANİLİK Cəmiyyət Birliklə əvəz olunanda insanilik bərqərar olacaq. 86. GERÇƏKLİK – GERÇƏK Gerçəkliyə uyğun gələn Ədalət – Ədalət deyil! Gerçəkliyə uyğun gələn Həqiqət – Həqiqət deyil! Gerçəkliyə uyğun gələn ləyaqət – ləyaqət deyil! Gerçək olan gerçək deyil! Gerçəklikdən yüksək olan gerçəkdir! 87. ZAMAN – İDEAL Zamanın ideal tipi yoxdur – gerçək tipi var. İdeal tip gerçək olmaz. 88. ƏXLAQ – TƏMƏNNA Əslində Təmənnalı nə varsa – qeyri-Əxlaqidir, çünki qeyri-Ruhanidir. Təmənnasız adam yoxdur. Deməli, Əxlaqlı adam yoxdur. Həyat – Əxlaqsızdır. 89. HƏYATİ İDEAL İdealsızlıq. 90. CƏMLƏŞMƏ – BİRLƏŞMƏ Özündən əl çək – hamılıq qazan. Özündən yüksəyə qalx – Birlik qazan. 91. FƏRDİYYƏT – CƏMİYYƏT Fərdiyyətim – böyük “Mən”im. Balaca “Mən”dən keçirəm – Var oluram. Fərdiyyətimdən keçirəm – Yox oluram. İnsanlığa gərək olmuram. Cəmiyyətə gərək oluram. 92. QANUN GERÇƏKLİYİ Qanun gerçəkliyi qoruyursa – Qanunsuzluğu qoruyur. Çünki gerçəklikdə Ədalət Yoxdur. Qanun Amalı qorumalıdır, gerçəkliyi məhkum etməlidir. 93. MÜLKİYYƏTSİZLİK BƏRABƏRLİYİ Hamı Ümumi Mülkiyyətin alətinə çevrilir. Mülkiyyətsizlik – Mülkiyyətə Mütləq Ehtiyac yaradır. O, Mülkiyyəti qiymətə mindirir. 94. VARİDAT – MƏHRUMİYYƏT Kapitalizm hədsiz Varidat təzadı yaradır. Bununla da Cəmiyyətdə Yırtıcılıq təsdiq olunur. Sosializm hədsiz Mülkiyyətsizlik Məhrumiyyəti yaradır. Bununla da cəmiyyətdə Məzlumluq təsdiq olunur. Hər İkisi – İnsanlığa Ziddir. 95. DÖVLƏT AĞALIĞI Mülkədar Ağalığı ləğv olundu. Kapitalist Ağalığı ləğv olundu. Dövlət Ağalığı Bərqərar oldu. Dövlət Mülkədarlaşdı, Kapitalistləşdi. 96. YADLIQ – YAĞILIQ İnsanla yadlaşan cəmiyyət, ağalaşan cəmiyyət, azğınlaşan cəmiyyət – Yağılaşır. 97. MÜSTƏQİLLİK – ÜMUMİLİK I Mülkiyyət – Varidatdır. Bu baxımdan o, İnsaniliyi ifadə etmir. Ancaq Mülkiyyət – Şəxsi Müstəqillik yaradır. Bu baxımdan o, İnsaniliyə xidmət edir. II Mülki Müstəqilliyini itirən – Şəxsi Müstəqilliyini də itirmiş olur. III Ümumi Mülkiyyət – xüsusi istismarı aradan qaldırdı. Ancaq o, İnsanı mülki Müstəqillikdən məhrum etdi. Bununla da İnsaniliyə ziyan vurdu. IV İstismar – ən eybəcər, ən müdhiş antiinsanilikdir. Ancaq mülki müstəqillik bahasına İstismardan xilas olmaq – insanilik bahasına antiinsanilikdən xilas olmaq deməkdir. V Mülkiyyəti İstismardan azad etmək – ruhani zəruriyyətdir. Ancaq əməkçini mülkiyyətdən məhrum etmək – ədalətsizlikdir. VI İstismardan azad olmuş, müstəqil əməkçi mülkiyyəti! Ədalətin tələbi budur! VII Ümumi Mülkiyyətdə Şəxsi müstəqillik itir. Şəxsi müstəqillik olmayan yerdə – İnsani ləyaqət də Yoxdur. 98. AZADLIQ – BİRLİK Sən – başqası azad olduğu dərəcədə azadsan! 99. MADDİ BƏRABƏRLİK – MADDİ İNKİŞAF Hamı minimal varidatla bir-birinə bərabərdir. Hamı – bərabərsizlik bahasına – minimal varidatını artırır. Ədalət birinci vəziyyətin tərəfindədir, çünki Maddi Bərabərsizlik hər vəziyyətdə ədalətsizlikdir. 100. FƏRQ – FƏRQSİZLİK Qabiliyyət Fərqi – Fəaliyyət Fərqi yaradır, Maddi Sərvət Fərqi yaratmır. Maddi Sərvət Fərqini İnsani Naqislik yaradır.

1, 1 1:


 
  Bugün 14 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol