Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Münasibətlər
 
I. RUHANİ – FƏRDİ – MADDİ

I
Maddi bərabərsizlik – Ruhaniyyatı Maddiyyatla bərabərləşdirir.
Maddi bərabərlik – Ruhaniyyatı Maddiyyatdan ayırır.
Bu baxımdan, Maddi bərabərlik Ruhani bərabərsizliyə xidmət edir.

II
Maddi bərabərsizlik – Fərdiyyəti Maddiyyatla bərabərləşdirir.
Maddi bərabərlik – Fərdiyyəti Maddiyyatdan ayırır.
Bu baxımdan, Maddi bərabərlik Fərdi bərabərsizliyə xidmət edir.

III
Maddi bərabərlikdə Ruhaniyyat Maddiyyatla ölçülmür. Fərdiyyət Maddiyyatla ölçülmür.
Ruhaniyyat özünü tam ifadə edir.
Fərdiyyət özünü tam ifadə edir.
2. FƏRDİYYƏT – CƏMİYYƏT

“Fərdiyyət hər şeydir – cəmiyyət heç şey!” – fikri cəfəngiyyatdır. Çünki Tək hər şey olanda – cəm heç şey olmaz.
“Fərdiyyət heç şeydir – cəmiyyət hər şey!” – fikri cəfəngiyyatdır.
Çünki Tək heç şey olanda cəm də heç şey olur.
Fərdiyyətçiliyi Xudbinliklə eyniləşdirirlər. Əslində xudbinlik fərdiyyətçiliyə ziddir, çünki fərdi ləyaqətə ziddir.
3. İNSAN – KOLLEKTİV – ŞƏRAİT

I
İnsan anadan kollektiv şəkildə doğulmur, Tək-tək, Fərdi şəkildə doğulur.
Kollektivi fərdlər yaradır.
Pis insanlar pis kollektiv yaradırlar.
Günah İnsandadır.

II
İnsandan kənarda şərait yoxdur.
Pis şəraiti pis insanlar yaradıblar.
Günah İnsandadır.

III
Russo deyirdi ki, “İnsan yaxşıdır, onu pozan pis ictimai şəraitdir”.
Bəs pis ictimai şəraiti kim yaradıb?
Günah İnsandadır.

IV
Russo deyirdi ki, “Yaxşı insanı pis eləyən xüsusi Mülkiyyətdir”.
Bəs “yaxşı insan” niyə xüsusi Mülkiyyət kimi pis bir hadisə törətdi, “təbiətə quldurcasına basqın etdi”?!
Günah İnsandadır.

V
İnsan özünü dəyişməsə, yaxşı insan olmasa, ictimai şərait də dəyişməyəcək, pis şərait olaraq qalacaq.
Nicat İnsandadır.

4. AZADLIQ – BƏRABƏRLİK

Hamı Azad yaşamaqda bir-birinə bərabərdir.
5. İNSANLAŞMAQ – FƏRDİLİK

Cəmiyyəti İnsanlaşdırmaq üçün hər Fərd özünü insanlaşdırmalıdır.
Cəmiyyətdən İnsanlaşma gözləyən – yanılır!
Çünki cəmiyyət – Fərdlərdə olandan artıq heç nə yaratmır.
6. İNSANİLİK – İCTİMAİLİK

“İnsan – ictimai varlıqdır” – sözündə həqiqət yoxdur.
İnsan – cəmdən törəmir.
İnsan – cəmi törədir.
7. FƏRDİ – İCTİMAİ

“Fərdi Mənafe ictimai Mənafeyə qurban verilir” – fikrində hikmət yoxdur.
“İctimai Mənafe fərdi Mənafeyə çevrilir” – fikrində hikmət var.
8. FƏRD – XALQ – DÖVLƏT

Fərd Xalqda İdeal Məqsədə yüksəlir, Ruhani Dövlət xalqı ifadə edir.
9. ATA – ANA – ÖVLAD

Ailə – Azad Şəxsiyyət becərən Bağçadır.
Bağbanı – Ata, Torpağı – Ana.
10. ÇOXLUQ – AZLIQ

Yüz adamı bir İnsan idarə edə bilər.
Bir İnsanı Yüz Adam idarə edə bilməz.
11. KOLLEKTİV – ŞƏXSİYYƏT – DÖVLƏT

I
Müasir kollektivi Şəxsiyyətin xilaskarı sayırlar. Əslində isə o, şəxsiyyət üzərində hakimlik alətidir. Yəni hakim – kollektiv vasitəsilə Şəxsiyyət üzərində Ağalıq edir.

II
Ümumi Mənafeyə xidmət edən əslində Rəhbərliyə xidmət edir. Çünki Rəhbərlik Ümumiliyin Timsalçısı hesab olunur.

III
Kollektiv – şəxsiyyəti Müstəqillik Yükündən xilas edir, onu Şəxsiyyətsizləşdirir.
Bu səbəbdən də kollektiv ən çox mütiləşdirilmiş adamlardan ibarət olur.

IV
Kollektiv – Tabeçilər birliyi yaradır. Həmin birlik ən çox müstəbidlik üçün yarayır.
Çünki müstəbidlik əslində kollektiv tabeçilik deməkdir.

V
Kollektiv əmək – zəhmətkeşi əmlaksız qoyur, onu nökər səviyyəsinə endirir.
Kollektiv Mülkiyyət əslində əməkçidən ayrılan, əməkçiyə yad olan, özgələşən Mülkiyyətdir.
Kollektiv Mülkiyyətə dövlət malik olur.
Dövlət Mülkiyyəti – Anonim Mülkiyyətdir, ancaq Ağa Mülkiyyətidir, Hakim Mülkiyyətidir. Çünki burada zəhmətkeş – Dövlət adlanan Ağanın nökəridir.

VI
“Dövlət Mülkiyyəti Ümumxalq Mülkiyyətidir” – deyirlər. Əslində isə o, xalqın Mülkiyyətdən məhrum olmasıdır. Çünki Şəxsiyyətdən kənarda Xalq yoxdur. Şəxsiyyət Mülkiyyətsizdirsə, deməli xalq da Mülkiyyətsizdir.

VII
Hamıya məxsus olan – heç kəsə məxsus deyildir. Ümumxalq Mülkiyyəti yoxdur, Dövlət Mülkiyyəti var və o, hamını Mülkiyyətsiz qoyur.

VIII
Kollektiv hökm yoxdur, Rəhbər hökmü var.
Kollektiv – Rəhbər hökmünə tabe olur. Köhnə rəhbər hakimliyini davam etdirir.
Kollektiv – rəhbər hökmünə tabe olmur, təzə Rəhbər peyda olur.
Hər ikisində hakim – Rəhbərdir.

IX
Rəhbər – şəxsiyyətlə döyüşdə əksər hallarda kollektivə arxalanır.
Kollektiv – Rəhbərə Sədaqət tabeçiliyi göstərir, rəhbərin gözünə girir, ona alçalır. Fərd kollektivdə özünün ən naqis cəhətlərini aşkara çıxarır.

X
Dövlətin gələcəkdə kollektiv assosiasiyayla əvəz olunacağından danışırlar, yəni Zorakı tabeçilik Könüllü tabeçiliklə əvəz olunacaq, İnzibatçılığa son qoyulacaq. Əslində isə heç nə dəyişilməyəcək.
Yenə cəmiyyətə Hakim Sahib olacaq, Total (hərtərəfli) kollektivçilik Total Ağalıq yaradacaq. Təzə Zorakılıq çeşidi – Könüllü Zorakılıq – peyda olacaq.


12. NÖKƏR – AĞA

Nökər: özgə əmlakına yaradığı üçün öz əməyindən pay alan.
Ağa: öz əmlakına yaramadığı üçün özgə əməyinə Sahib çıxan.


13. CƏMİYYƏT – İNSAN

İnsan anadan nöqsanlı doğulur. Cəmiyyət naqisliyi azaltmır – artırır və özünü İnsanın tərbiyəçisi kimi qələmə verir.
İnsan özüylə Məşğul olanda “Fərdiyyətçisən!” – deyib çığırır.

14. İCTİMAİLƏŞMƏK – RƏZİLLƏŞMƏK

Təşkilatlar insanı pozur: kölələşdirir, süniləşdirir, alçaldır.
İdarələr insanı pozur: kölələşdirir, süniləşdirir, alçaldır.
İctimailəşən – rəzilləşir.
15. FƏRDİ YOL

“Fərdi tək qoysan – yolunu azar” – deyirlər.
“Fərdi tək qoymasan – yolu olmaz” – deyirik.
16. FƏRD – ƏXLAQ

“Fərdi özbaşına buraxsan, fəlakət törədər” – deyirlər.
“Fərd – ailədən asılı olmalıdır”.
“Fərd – cəmiyyətdən asılı olmalıdır”.
“Fərd – dövlətdən asılı olmalıdır”.

“Fərd – Əxlaqdan asılı olmalıdır” – deyirik.
Onda İnamın üzünə ağ olmaz,
İdrakın üzünə ağ olmaz,
Mənəviyyatın üzünə ağ olmaz,
İradənin üzünə ağ olmaz,
17. FƏRD – CƏMİYYƏT – XALQ

Fərd cəmiyyətə tabe olur – Xalqda özünü tapır.
Cəmiyyət Fərdi Məhrumiyyətdən yaranır.
Xalq Fərdi Tələbatdan yaranır.
Cəmiyyətdə yadlaşan – Xalqda doğmalaşır.
Cəmiyyətdən ayrılan – özgədən ayrılır.
Xalqdan ayrılan – özündən ayrılır.
18. SİNFİLİK – İNSANİLİK

Sinfilikdə İnsan Maddi Münasibətə bərabər olur.
Sinfilikdə İnsanın Ruhani Mahiyyəti itir.
Bu baxımdan, Sinfilik İnsaniliyə Ziddir.
19. XALQ – KÜTLƏ

Kütlə – Xəlqi Mahiyyəti ifadə edəndə xəlqiləşir.
Kütlə – Xəlqi Mahiyyətdən uzaqlaşanda sürüləşir.
Birincidə Fərdiyyət Xəlqi Məna kəsb edir,
ikincidə yox olur.
Bu baxımdan, Kütlə – Xalq da ola bilir, sürü də.
Xəlqi kütlə də olur, qeyri-xəlqi kütlə də.
20. RUHANİ – MADDİ

I
Maddi Tələb – əslində ən ibtidai tələbdir.
Onu İdeallaşdırmaq – insan həyatını hədsiz dərəcədə bəsitləşdirmək deməkdir.
Bəsit həyat – ruhani Qəriblik törədir.

II
Bəşər Maddi firavanlıqdan məhrumdur. Bu səbəbdən də o, ruhani xəsarətin səbəbini maddi məhrumiyyətdə görür. Unudur ki, əxlaqi ləyaqətdən məhrum olan maddi firavanlıq daha dəhşətli ruhani xəsarət yarada bilər.

III
Maddiyyata həsr olunan ömürdə ruhaniyyata yer qalmır.
Çünki Maddiyyat uğrunda döyüşən özüylə döyüşmür. Çünki Maddiyyat uğrunda döyüşdə ruhani ləyaqət məğlub olur.
21. KÜTLƏVİLİK – XƏLQİLİK

Xəlqilikdə Əhali öz Adi səviyyəsindən yüksəyə qalxır.
Kütləxilikdə əhali öz Adi səviyyəsində qalır.
Xəlqilikdə İnam, İdrak, Mənəviyyat, İradə –
Ali səviyyədən enmir.
Kütləvilikdə İnam, İdrak, Mənəviyyat, İradə –
Adi səviyyəyə enir.
Xəlqilik kütləvilik səviyyəsinə enəndə bəsitləşir. Kütləvilik xəlqilik səviyyəsinə qalxanda zənginləşir.
Ruhani vəzifə – kütləni xalqlaşdırmaqdır.
22. QAÇQINLAR

Maddiyyat dalınca qaçaqaçda ruhaniyyatı itirdilər.
23. DİALEKTİK TƏLİM

Dünyada heç nəyi Sabit saymırlar və İnsanın dünyayla bağlılığını qırırlar.
24. MÜCƏRRƏD – KONKRET

Mücərrəd insanla ona görə döyüşürlər ki, konkret cəmiyyət – antiinsanidir.
Mücərrəd ədalətlə ona görə döyüşürlər ki, konkret cəmiyyət – ədalətsizdir.
Mücərrəd həqiqətlə ona görə döyüşürlər ki, konkret Ehkam – qeyri-həqiqidir.
Konkret İnsan – İnsana bənzəmir.
Konkret Həqiqət – Həqiqətə bənzəmir.
Konkret Ədalət – Ədalətə bənzəmir.
25. QABİLİYYƏT – LƏYAQƏT

I
Mən Ağıllıyam – ona görə Maddiyyatın çoxunu qarmalamalıyam.
Mən İstedadlıyam – ona görə Maddiyyatın çoxunu qarmalamalıyam.
Mən Savadlıyam – ona görə Maddiyyatın çoxunu qarmalamalıyam.
Mən Qoçağam – ona görə Maddiyyatın çoxunu qarmalamalıyam.

II
Ən böyük zənginliyin – Ağlın.
Quldurluğu ağlına necə layiq bilirsən?
Ən böyük zənginliyin – İstedadın.
Quldurluğu istedadına necə layiq bilirsən?
Ən böyük zənginliyin – Savadın.
Quldurluğu savadına necə layiq bilirsən?
Ən böyük zənginliyin – Qoçaqlığın.
Quldurluğu Qoçaqlığına necə layiq bilirsən?

III
Cəmiyyətə ən çox xeyir verirəm – bu səbəbdən də cəmiyyətdən ən çox qazanc alıram.
Qazancın – xeyirxahlığın.
Ruhaniyyatı niyə Maddiyyatla əvəz edirsən?
26. VARLI – YOXSUL

I
Ruhani üstünlüyünə əminsənsə, Maddi üstünlüyü neynirsən?
Əmin deyilsən. Buna görə də Varidatdan yapışırsan.

II
Varidat səni Maddi kasıbdan fərqləndirir,
Mənəvi kasıbdan fərqləndirmir.
Mənəvi zəngindən aşağısan, kasıbsan!

III
Mənən yoxsulsan, bu səbəbdən də Maddiyyat dalınca qaçırsan.

IV
Mənəviyyatdan qaçırsan!


27. İDARƏ HƏYATI

İdarələrdə İnsan yaşamır;
Rəis yaşayır,
Xidmətçi yaşayır,
İcraçı yaşayır,
İfaçı yaşayır.

28. CƏMİYYƏTƏBƏNZƏRLİK

“Cəmiyyət dəyişməsə, İnsan dəyişməz!” – deyirlər.
Cəmiyyət ədalətsizdir, hamı ədalətsizmi olmalıdır?
Cəmiyyət həqiqətsizdir, hamı həqiqətsizmi olmalıdır?
Cəmiyyət əxlaqsızdır, hamı əxlaqsızmı olmalıdır?
Cəmiyyətə bənzəyən İnsana bənzəmir.
29. BƏRABƏRLİK – BƏRABƏRSİZLİK

I
İnsaniliyi Maddiyyat təyin etmir, ruhaniyyat təyin edir.
Bu səbəbdən də Maddi Bərabərlik – ədalətsizlik yaratmır; naqisi kamilə bərabərləşdirmir.

II
Ruhaniyyatın maddiyyatla ölçülməsi – İnsani Ləyaqətə xələl gətirir.
Maddi bərabərlik həmin ləyaqətsizliyə son qoyur.

III
Heç kəs heç kəsə tam bərabər deyildir.
Ancaq hamı dünyadan eyni dərəcədə Maddi bəhrələnməlidir.
Çünki Maddi bəhrə – ruhani üstünlüyün dəyəri ola bilməz.
30. ÜMUMİ MÜLKİYYƏT BƏRABƏRLİYİ

Ümumi Mülkiyyət hamını bir-birinə bərabər eləyə bilər.
Ancaq bu, Məhrumlar bərabərliyi olar.
31. ŞƏXSİYYƏT – DÖVLƏT

Şəxsiyyət Maddi ehtiyaclarını özü ödəməlidir.
O, dövlətin əlinə baxmamalıdır.
Dövlətin əlinə baxanda Şəxsiyyət kölələşir.
32. XİDMƏT – MADDİ MƏNFƏƏT

I
Şəxsiyyət Xalqa Maddi mənfəət xatirinə xidmət edəndə, xidmət xudbinləşir.

II
Cəmiyyət xidməti Maddi qazancla dəyərləndirir.
Maddi qazanc xatirinə xidmət İnsana yaraşmır.

III
“İşlə – əvəzində Maddi ehtiyaclarını ödəyəcəksən” “haqqında” dəhşətli ruhsuzluq gizlənib: “Güzəran üçün işlə! Güzəran üçün yaşa!”

IV
“Sən mənim üçün işləyirsən, mən səni yedizdirirəm, geyindirirəm, yaşadıram!”
Quldarın köləsinə bəxş etdiyi həyat.
33. RUHANİ İMKAN

Maddi Bərabərlik Maddi üstünlük uğrunda döyüşə son qoyur.
İnsanın özünü bütünlüklə Ruhaniyyat uğrunda Döyüşə sərf etmək İmkanı yaranır.
34. ƏDALƏT – MƏNFƏƏT

Ədalət Mənfəəti Ləyaqətə qurban verir,
Mənfəət Ədalətdən keçir.
35. HƏQİQƏT – MƏNFƏƏT

Həqiqət Mənfəəti nəzərə almır,
Mənfəət Həqiqətdən keçir.
36. İNSANİYYƏT – MƏNFƏƏT

Mənfəətdə İnam iştirak etmir, Mənəviyyat iştirak etmir, İdrak adi ağıl səviyyəsində qalır. İradə – adi fəallıq səviyyəsində qalır.
Mənfəətdə insan kiçilir.
37. QİYMƏT – QİYMƏTSİZLİK

Ruhaniliyin Qiyməti yoxdur, çünki Maddiyyatdan artıqdır, nisbidən artıqdır.
Ruhani Qiymətsizdir!
38. ƏDALƏT – ŞƏRAİT

Ədalət şərait tanımır. O, bütün şəraitlərdə özü olaraq qalır.
“Bir şəraitdə ədalət sayılan başqa şəraitdə ədalətsiz sayılır” – fikri Dialektik İblislikdir.
39. DİALEKTİKA – METAFİZİKA

Təzahür dəyişir, mahiyyət dəyişmir.
Təzahür dialektikdir, mahiyyət – Metafizikdir.
40. ÇEVRİLMƏ

Xüsusinin Ləğvi vasitəsilə Ümumi Bəxtiyarlıq yaratmaq istədilər. Əslində Ümumilik Müstəbidliyi yaratdılar və o, son nəticədə Fərdi müstəbidliyə çevrildi.
41. HAMI VƏ TƏK

Hamı – Ümumi Birlik deməkdir. Hamı – həm də Müxtəlif Şəxsiyyətlər deməkdir.
Müxtəlif Şəxsiyyətlər ayrı-ayrılıqda İnsanlaşmasa – Ümumi İnsani birlik yaranmayacaq.
42. DİNAMİK HƏYAT TƏRZİ

Elə bağlanırlar ki, açılmaq asan olsun.
Elə bağlanmırlar ki, açılmaq mümkün olmasın.
Ona görə də Vətənsizdirlər,
Ona görə də Ailəsizdirlər,
Ona görə də Amalsızdırlar,
Ona görə də Əməlsizdirlər.
43. ZƏRURİYYƏT – ZİDDİYYƏT

Tək bir zəruriyyət Var:
İnsanın öz Mahiyyətinə çatması.
Tək bir Ziddiyyət Var:
Gerçəkliyin mahiyyətə bərabər olmaması.
44. BİRLİK – SÜRÜLÜK

Azad şəxsiyyətlər – Birlik yaradır.
Kölə şəxslər – sürü yaradır.
45. AZADLIQ – ƏSARƏT

Mülkədardan azad olmaq – Azadlıq deyildir.
Kapitalistdən azad olmaq – Azadlıq deyildir.
Dövlət Feodalizmi yarandı.
Dövlət Kapitalizmi yarandı.
Mülkədardan azad olduq – əsarətdən azad olmadıq.
Kapitalistdən azad olduq – əsarətdən azad olmadıq.
46. MÜSTƏQİLLİK – FƏDAKARLIQ

Ömrümə Sahibəm.
Onu Amalıma Sərf edirəm.
Fədakarlığımda Müstəqiləm.
47. XÜSUSİYYƏTÇİLİK TƏZAHÜRÜ

Xüsusi Mülkiyyətin ləğvi xüsusiyyətçiliyi öldürmədi. Yeni Xüsusiyyətçilər növü peyda oldu: total (hərtərəfli) oğruluq yarandı.
Mülkiyyət oğurlandı, talandı. Oğurluq – normalaşdı, ümumiləşdi.
Qanun oğurluğu lənətlədi, həyat oğurluğu bəslədi.
Oğurluq cəzalandı, həm də bitdi, artdı, həyatiləşdi.
48. İQTİSADİYYAT – MƏNƏVİYYAT

I
İqtisadiyyat planlaşdı.
Ləyaqət planlaşmadı.
Ləyaqətsizlik planlı iqtisadiyyatı sarsıtdı.

II
Əməkçiylə İqtisadiyyat Yadlaşdı.
Əməkçi əməyini Yad iqtisadiyyatdan əsirgədi, ona ürək qızdırmadı, can yandırmadı.
Yad iqtisadiyyat susuz torpaq kimi qurudu.

III
Əməkçiyə Doğma İqtisadiyyat gərəkdir,
Xüsusi Zəhmətkeş Mülkiyyəti gərəkdir.
Onda iqtisadiyyat köklü ağac kimi boy atacaq, şaxələnəcək.
49. MADDİYYATSIZLIQ BƏDNAMLIĞI

Əgər Maddi Başdırsa, əsasdırsa – niyə rüşvət almayasan?
Vicdandan çəkinəsən, Vüqardan çəkinəsən.
Cəza Təhlükəsini Təcrübi Məharət vasitəsilə aradan qaldırmaq olar.
Maddiyyatçının rüşvətçiliyi təbiidir.
Maddiyyatçılıq rüşvətçiliyi doğruldur.
50. OĞRULUQ – DOĞRULUQ

I
Kapitalizm Maddi Sərvəti Sitayiş Taxtına çıxartdı.
Sosializm Maddi Sərvəti Sitayiş Taxtından salmadı.
Əgər Maddi Tərəqqi Başdırsa – Maddi Sərvət də Başdır.

II
Yeni cəmiyyətdə də Varlı sevildi, təqdir olundu, fərqləndi, yüksək dəyərləndi.
Yeni cəmiyyətdə də kasıb (yaxud az varlı) sevilmədi, təqdir olunmadı, dəyərlənmədi.
Maddi Sərvətə Malik olan yenə də İctimai Ləyaqətə sahib oldu.
Maddi Sərvətə Malik olmayan yenə də İctimai Ləyaqətdən Məhrum oldu.

III
Oğru varlı sevilir, çünki sərvətin nə vasitəylə ələ gətirilməsi əhəmiyyətli məsələ sayılmır, yazılmamış “Maddiyyat kodeksində” ruhanilik zəruriyyəti yoxdur.
Doğru kasıb (yaxud az varlı) sevilmir, çünki kasıblığın mənəvi səbəbləri əhəmiyyətli məsələ sayılmır, yazılmamış “Maddiyyat kodeksində” ruhanilik zəruriyyəti yoxdur.

IV
Oğru oğruluğun bəhrəsini görür.
Doğru doğruluğun ziyanını çəkir.
Doğruluq təhqir olunur, bədnam olur, alçalır.
Yüksək olduğun üçün – alçaq sayılırsan.
Düz olduğun üçün – Yanlış sayılırsan.
İrəlidə olduğun üçün – geri qalırsan.
Xalis olduğun üçün – naqis bilinirsən.

V
Oğru Varlı tutulur, dustaqxanaya salınır – ancaq zəlil sayılmır, aciz sayılmır, gərəksiz sayılmır.
Doğru kasıb tutulmur, dustaqxanaya salınmır, ancaq zəlil sayılır, aciz sayılır, gərəksiz sayılır.

VI
Doğru kitablarda, qəzetlərdə, qanunlarda, tədbirlərdə sevilir, alqışlanır, həyatda döyülür, söyülür.
Oğru kitablarda, qəzetlərdə, qanunlarda, tədbirlərdə söyülür, döyülür, həyatda sevilir, seçilir.

VII
İdealda Doğrular üçün yaranan cəmiyyətə gerçəklikdə oğrular Sahib oldu.
Bu təbiidir.
Çünki Maddiyyatçılıq - əslində Oğrunun tərəfindədir, Doğrunun tərəfində deyil.
 
 
  Bugün 13 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol