Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Mütləqə inam
 


(ASİF ATA)

ON KUTSAL BİTİQ

(Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı)

Birinci Bitiq:
MÜTLƏQƏ İNAM

Türkün İlk Ruhaniyyat Ocağı –
İnam Atanın (Asif Atanın)
Mütləqə İnam Ocağı
İNAM ATA

On Kutsal Bitiq (On Müqəddəs Kitab). Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı. Birinci Bitiq: Mütləqə İnam. Atakənd. İnam Evi 30-il.
Yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası”, ulus'al kimliyinə görə “Türk Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyası yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.
Birinci Bitiyə – “Mütləqə İnam” – Mütləqə İnam Müqəddəs Kitabı daxildir.

İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).


SABAHDAŞLARA

Dedim ki, filosofun Sözü olmalıdır.
Dedilər ki, Sözlü olmaq günahdır.
Dedim ki, İdeyasız filosof səssiz xanəndəyə bərabərdir.
Dedilər ki, İdeya ağıla yükdür.
Dedim ki, filosofluq – yaradıcılıqdır.
Dedilər ki, filosofluq – yaradıcılığın şərhidir.
Dedim – fəlsəfə inkişaf etdirilməlidir.
Dedilər ki, fəlsəfə araşdırılmalıdır.
Dedim – zaman yeni fəlsəfi fikir tələb edir.
Dedilər ki, gərəkli fikirlər deyilib.
Dedim – bu, fəlsəfənin ölümü deyilmi?
Dedilər ki, yox, yeni aqibətidir.
Dedim, Azərbaycan fəlsəfəsi yaradaq.
Dedilər – bu dəlilikdir.
Dedim – Şərq ənənələrinə üz tutaq.
Dedilər – bu gerilikdir.
Dedim – klassiklərə ayıq nəzərlə baxaq.
Dedilər – bu cinayətdir.
Dedim – əxlaq pozulur.
Dedilər – yeni əxlaq yaranır.
Dedim – özümüzdən ayrılırıq.
Dedilər – sabahımızı tapırıq.
Dedim – İnam azalır.
Dedilər – şübhəyə tapınırıq.
Dedim – qeyrət azalır.
Dedilər – qeyrət maddi deyil, qoy azalsın.
Dedim – Mütləqə inanmaq lazımdır.
Dedilər – nisbini Mütləq sayırıq.
Dedim – filosof zəmanəyə sığmaz.
Dedilər – zəmanə bizi görmür.
Dedim – fəlsəfədə düşüncə səviyyəsi əsasdır.
Dedilər – fəlsəfədə rütbə səviyyəsi əsasdır.
Dedim – Sokrat zəhər içdi.
Dedilər – biz meyi xoşlayırıq.
Dedim – Diogen İsgəndəri saymadı.
Dedilər – bizi sayan görünmədi.
Dedim – həqiqət hər şeydən qiymətlidir.
Dedilər – biz onu aramırıq.
Özümü eşitdim. “Mütləqə İnam” Beşliyini (“İnsan”, “İnam”, “Ruh”, “Həyat”, “İntibah” kitablarını) yazıb qurtardım. Borana düşdü Beşlik. Çap olunmadan qadağan olundu. Bəxtiyaram. Ömür sevdam baş tutdu, arzuma çatdım. Kitablarımın, Övladlarımın Atası oldum.
Kitabları ilk növbədə azərbaycanlılar üçün yazdım. Mənim üçün Azərbaycan azərbaycanlıların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz Müqəddəs mənasına layiq olsun.
Kitabları həm də bütün insanlar üçün yazdım. Mənim üçün bəşər insanların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun.
İstədim ki, insanlar yaşasınlar...
Yağış ayı, 5-il.
(Noyabr. 1983).
Bakı.


İ N S A N

1. İnsanilik

– Yenə də dövrdən, zəmanədən, sinfi mənsubiyyətdən təcrid olunmuş ümumi, əbədi, mütləq insan! Fəlsəfə onunla həmişəlik vidalaşmadımı, sübut etmədimi ki, insanı ictimai münasibətlərdən ayrı təsəvvür etmək olmaz?!
İnsan hansı bir mühitdəsə yetişir, hansı tarixi şəraitdəsə fəaliyyət göstərir, hansısa bir sinfi təmsil edir, onun konkret mövcudiyyəti var; o, fəhlədir, kapitalistdir, mülkədardır, kəndlidir – öz mənafeyini qoruyandır. İnsanlar əslində bir-birindən yerdən göyə qədər fərqlidir, bir-birini rədd edirlər, həyatda yaşamaq uğrunda amansız döyüş gedir. Siz isə ümumi insani cəhətlər, keyfiyyətlər axtarırsınız, dialektikanı, ictimai qanunları unudursunuz.
EHKAMÇI tez və qətiyyətlə danışırdı. Sözlər asanlıqla və ardıcıllıqla axırdı. Gözlər işıqsız idi.
– Hər ictimai quruluşun öz insanı var. Siz isə dəyişilməz insan arayırsınız, cəhdiniz əbəsdir, yanlışdır, zərərlidir.
HƏQİQƏTÇİ düşüncəsində, duyğularında Ehkamçıdan çox uzaqda idi. Ancaq onu dinləyirdi. Ehkamçının susduğunu görəndə o dilləndi:
– Sizin insan saydığınız varlıq – özünü itirmiş, yarımçıq, cansız, mexaniki insandır. O, əslində yaşamır, cəmiyyət tərəfindən müəyyən olunmuş vəzifəni, funksiyanı icra edir. Əgər insan kapitalistləşir, fəhlələşir, mülkədarlaşır, kəndliləşirsə, deməli, öz bütövlüyünü, tamlığını, insaniliyini itirir.
Sinifləşmək – özünü itirməkdir.
Əgər insanın rolu sinfi münasibətlərlə məhdudlaşırsa, deməli, o, özünü həyatda dolğun, əsil insani şəkildə realizə edə bilmir, özündən ayrılır.
Özündən ayrılmış insanı əsil insan hesab etmək – onun müflisləşməsini əbədiləşdirmək deməkdir... Əslində cəmiyyət insanı bütöv varlıq kimi tanımır, icraçı kimi tanıyır. Ehkam isə iddia edir ki, insanın mahiyyətini onu tanımayan, dərindən dərk etməyən, onun hərtərəfli təzahürünə mane olan ictimai münasibətlərdə axtarmaq lazımdır.
İnsanı cılızlaşdırmağın, bəsitləşdirməyin, əşyalaşdırmağın elməbənzər nümunəsi!
Ehkam insanı bütünlükdə cəmiyyətin sərəncamına verir və cəmiyyət Allahlaşır, o, şəxsiyyəti yaradan, yaşadan, öldürən, dirildən, taleyini müəyyən edən ilahi qüdrətə çevrilir. Ateistlər cəmiyyət adlanan yeni Allah yaradırlar və insanı onun bəndəsi edirlər.
Əgər insan ictimai münasibətlərin məcmusudursa, deməli, cəmiyyət onu istədiyi şəklə sala bilər, istədiyi kimi yaşada bilər – Allah öz bəndəsini yaşatdığı kimi.
Əslində yalnız sinfi çərçivəyə sığmayan, öz daxili məzmunuyla mühitdən, tarixi şəraitdən kənara çıxan insanı əsil insan saymaq olar.
Belə insan cəmiyyətdə itməz, mühitin oyuncağına çevrilməz, şəraitin arxasınca sürünməz, öz əvəzsizliyini, təkrarsızlığını, müstəqilliyini təsdiq edər.
İnsanın bütün canlılardan fərqi – özündə, dünyada, varlıqda – özündən, dünyadan, varlıqdan daha böyük məna tapmasındadır. İnsan üçün dünya heç vaxt təkcə görünən, ağılasığan, adi dünya olmayıb. İnsan üçün dünya həmişə təzahür edən, aşkara çıxan hadisələrdən qat-qat məzmunlu, ülvi, qeyri-adi varlıq olub.
İnsan dünyadan heç vaxt sadəcə istifadə etməyib, onun faydalı səciyyəsindən, maddi xeyirindən həmişə kənara çıxıb, ona sığmayıb. İnsan üçün göy heç vaxt yalnız göy, yer heç vaxt yalnız yer, çay yalnız çay, dağ yalnız dağ olmayıb. İnsan üçün onlar hamısı özlərindən, öz təzahürlərindən daha böyük olublar. İnsan təbiət üzərində hakimiyyətlə kifayətlənmədi. Bu, olsa-olsa onun fəaliyyətinin bir tərəfi idi və insani mahiyyət baxımından əsas tərəfi deyildi.
İnsaniliyin əsas mənası yerdə, göydə, dünyada, həyatda, bəşərdə zahirə, əlamətə, görünənə, ağıla sığmayan ülvi məna kəşf etməkdir.
İnsan dünyada dünyadan böyük məna görməsəydi, onun heyvandan fərqi olmazdı...
Dünyanın mənasını dünyadan yüksək saymaq, onu dünyadan kənarda axtarmaq insanı insan etdi.
İnsan anladı ki, dünya insanı bəsləmək, yedirtmək üçün yaranmayıb, o, insanı heyran etmək, vəcdə gətirmək üçün yaranıb. Beləliklə də insanın dünya ilə əsil insani münasibəti meydana gəldi.
Dünya insanı özünə, öz əsil mahiyyətinə qaytardı, qəlbini coşdurdu, düşüncəsini qanadlandırdı, idrak üfüqlərini sonsuzlaşdırdı.
İnsanı insan eləyən ağıl yox, ruh oldu.
Ağıl dünyanı ölçdü, biçdi, rəqiblərdən təmizlədi, öz niyyətinə uyğunlaşdırdı.
Ruh isə dünyaya sığmadı, dünyanın mənasını kəşf etdi. Ağıl dünyanı özünə ram etdi.
Ruh dünyaya qovuşdu.
Ruh – vəcdli zəka, narahat ehtiras, məhəbbət, ehtizaz oldu, ağıl – təhlil, fayda, mətləb.
Ruh insana dedi ki, onun öz mahiyyəti özündən alidir.
İnsanın xilqətində sığmazlıq var.
İnsan həmişə özündən böyükdür.
Onun daxili imkanlarıyla real imkanları arasında məsafə intəhasızdır. Ona görə də insan dünyada heç vaxt özü olmur, özünün cüzi hissəsi olur.
İnsan da dünya kimi özündən kənara çıxır, özünü özündən kənarda tapır.
Özündən kənara çıxmaq, özünə sığmamaq, özünü özündən kənarda tapmaq insanın başlıca əlamətidir.
İnsanın yeni dünyası – insandan və dünyadan daha gözəl, daha geniş, daha kamil dünyası yaranır.
İnsan özünü həmin dünyanın tələbləri əsasında kamilləşdirməyə başlayır. Daxilindəki eybəcərliyi öldürür, qəlbi çirkabdan təmizləyir, ardıcıl, intizarla, həsrətlə Mütləqə qovuşmağa can atır. Platonun fəlsəfəsində İdeyalar aləminə, Hegelin təlimində Mütləq Ruha qovuşur; İsanın, Məhəmmədin dinində özünü müqəddəs mövcudluğa hazırlayır, Buddanın atəşin çağırışında mənəvi kamilləşmə ülviyyətinə yüksəlir.
Yeni, ideal, ruhani dünyanın yaranması insanla gerçəklik arasında münasiəti dəyişir.
İnsan anlayır ki, ən ali gerçəklik belə, dünyanın əsil mənasından aşağıdır. Deməli, gerçəkliyi heç vaxt mükəmməl varlıq saymaq olmaz. Deməli, gerçəkliyi yaxşılaşdırmaq, dəyişdirmək, kamilləşdirmək lazımdır.
Əgər ən qüdrətli insanın fəaliyyəti onun həmin fəaliyyətə sığmayan mənasından aşağıdırsa, deməli, insan özünü daim ideala, insani mənaya yüksəltməlidir.
İnsan ona görə böyüdü, artdı ki, ikinci dünya – daha ali, daha gözəl, ideal, ruhani dünya yarada bildi.
Tarixin gedişatı da bunu sübut edir. Yan Qusların, Cordano Brunoların ruhunda ikinci dünya var idi. Onlar bu dünyanı gerçəkliklə müqayisə edirdilər və gerçəkliyə lənətlər yağdırırdılar, onu inkar edirdilər, əsil dünya naminə ölümə gedirdilər.
Musiqinin, şeirin mayasında ikinci dünya ideyası yaşayır.
Musiqi qeyri-adi, sirli, sehirli, qəlbi titrədən, insanı Ali Həyata çağıran ehtirasların, duyğuların, düşüncələrin ifadəsidir. Musiqi insanı ruhun yaratdığı dünyaya qovuşdurur.
Əsil şeirdə gerçəklik ikinci dünyanın təzahürü kimi qiymətləndirilir.
Çay mahnı oxuyur, dəniz insanla danışır, sevgili – ilahiləşir, səma – insaniləşir.
İnsan idrakının ülvi məqsədi dünyanı sadəcə dərk etmək yox, dünya əsasında yeni, kamil, sonsuz, mütləq dünya yaratmaqdır.
Bir sözlə, insanın həqiqi insani tarixi – ruhun qüdrətiylə ikinci dünyanın yaranması, insanın özünə və dünyaya sığmaması, özündən və dünyadan kənara çıxmasından başlayır.
Ehkam isə insanı nəinki dünyaya, hətta sinfə, mühitə, tarixi şəraitə pərçimləyir və anlamır ki, bununla onun mahiyyətini inkar edir, dünyada yerini, mövqeyini hədsiz dərəcədə məhdudlaşdırır, kiçildir.
İnsanın mahiyyətini ruhani qüdrətdə axtarmaq lazımdır.
Təbiidir ki, ruhanilik bir zəmanənin, əsrin, ictimai quruluşun məhsulu deyil, o, yaranan kimi yoxa çıxan hadisə də deyil. O, insanın ilkin, səciyyəvi, ölməz keyfiyyətidir.
– Bəs insanın azğınlığı, qəddarlığı, yırtıcılığı, harınlığı, qan hərisliyi, istismar, bərabərsizlik, ədalətsizlik? Bunların peyda olmasında insan təbiətinin rolu yoxdurmu? Sizin ruhani insanınız dəhşətli eybəcərlikləri öz daxili aləmində necə gəzdirmişdir?
– Siz yəqin elə bilirsiniz ki, bu dəlilinizlə mühakimələrimi alt-üst elədiniz? Əslində isə mənim dəyimanıma su tökürsünüz.
İnsan yalnız ruhdan ibarət deyil, təəssüf ki, onun daxilində müxtəlif heyvani instinktlər, insanı kiçildən, sinifləşdirən ehtiraslar var. Sinfi insan – əsil insan deyil, çünki onun sinifləşməsi natamlığın, naqisliyin ifadəsidir.
İnsan o zaman mülkədarlaşır, hampalaşır ki, ruhun çağırışını eşitmir, vicdanı, ədaləti, insaniliyi unudur. Deməli, biz onun insaniliyini hampalığında yox, hampalığından kənarda, sizin təbirinizlə desək, mücərrəd insanda tapmalıyıq.
İnsan sinifləşdikcə – mənən müflisləşir.
İnsan ümumiləşdikcə, mücərrədləşdikcə, ruhaniləşdikcə – zənginləşir, böyüyür, bütövləşir.
Sinfi insan olmaq – özündən ayrılmaqdır.
“Ümumi” insan olmaq özünə qayıtmaqdır.
İnsan həyatda yalnız ruhani fəaliyyətlə məşğul olmur. Onun xilqətində qaranlıq duyğular da var. Ancaq ruhani qüdrət kimi o, özü üzərində yüksələ bilir. Yalnız ruhanilik insanı kiçik “mənindən” ayırıb böyük “Məninə” qovuşdurur. Çünki yalnız ruhanilikdə insan bütöv, başqa canlılardan fərqli bir hadisə kimi təsdiq olunur.
– Belə çıxır ki, insanın əmək aləti yaratması onun başqa canlılardan əsas fərqi deyil?
– Bəli. Bu fərq formal fərqdir. Əmək alətlərinin hazırlanması insanın özünü qoruması, yaşayış uğrunda döyüşdə qələbə çalması üçündür. Burada məqsəd, niyyət, istiqamət baxımından digər canlılardan fərqlənmə yoxdur. Buradakı fərq özünümühafizənin forması baxımından əhəmiyyətlidir, insanın insani mahiyyəti baxımından yox dərəcəsindədir.
Yalnız ruh insana heç bir canlıda müşahidə edilməyən keyfiyyət bəxş edir: dünyaya sığmamaq, ikinci dünya yaratmaq, dünyanın mənasını dünyadan kənarda tapmaq!
– Bəs ruh özü nədir?
– Ruh insanı adi vəziyyətindən ayırıb, qeyri-adi duyğulara, düşüncələrə, ehtiraslara yüksəldən mənəvi qüdrətdir.
Ruh insanı balaca, dar, məhdud aləmdən böyük, geniş, möhtəşəm aləmə aparan daxili gücdür.
İnsan – onu əhatə edən mühitə heç vaxt sığmır, çünki ruhu var.
Ruh – insanda həyatın naqisliyinə qarşı sonsuz nifrət və gözəlliyinə qarşı sonsuz heyrət yaradır.
Gözəlliyi – ağıl yox, ruh kəşf edir. Çünki gözəllikdə maddi, real keyfiyyətlərə sığmayan ideal keyfiyyətlər dərk olunur.
Ruh vasitəsilə insan məhəbbətə qovuşur, özünün özündən böyük mənasını anlayır.
Ruh – ehtizaz, vəcd, yanar, narahat, qeyri-adi zəka əsasında ağlın görmədiyi, dərk etmədiyi həqiqətlərə yüksəlir.
Ali həqiqətlərin hamısını ruh kəşf edib.
Ruh insanda başqa canlılardan fərqli ehtiraslar, meyillər yaradır: fədakarlıq, ülviyyət, müqəddəslik duyğusu!
İnsanın ruhu ölümlə barışmır, əbədiyyətə, ölməzliyə can atır.
Ruh vasitəsiylə səs – musiqiləşir, söz – şeirləşir, daş – heykəlləşir.
İnsanın fəaliyyətini mənfəətlə bağlamaq barbarlıqdır. “Gözəl olan – lazımlı olandır” – fikrində dəhşətli bir naşılıq var.
Həyatdakı gözəlliyin kəşf edilməsi və sənətdəki gözəlliyin yaranması faydalıq prinsipinin təsdiqi deyil! Belə olsaydı, gözəlliyin cazibədarlığı, sehri, möcüzəsi olmazdı! Gözəllik tələbatı – ruhani tələbatdır.
Ruh vasitəsilə insan nisbidə, natamda dayanmır, Mütləqə can atır, ona səcdə qılır.
Ruh insana kədərli həqiqəti söyləyir: insanın imkanları, arzuları, niyyətləri, duyğuları, düşüncələri ömrə sığmır. İnsan həyatda özünü tam realizə edə bilmir. Onun daxilində yaşayan min keyfiyyətin, min imkanın yalnız biri aşkara çıxır. İnsan qəbrə özüylə özünün sonsuz imkanlarını aparır.
Ruh onu da deyir ki, göz vasitəsiylə qavranılan bilik heçdir.
Dünyanı gözlə düzgün görmək olmaz, ağılla isə dünyanı tənzim etmək olar. Dünyanı yalnız ruhun güzgüsündə görmək olar.
Ağıl vasitəsiylə sən başqasını öyrənirsən.
Ruh vasitəsiylə sən onu özündə görürsən.
Ruh vasitəsiylə sən zəmanədən, mühitdən kənara çıxırsan, pis adamların içində belə yaxşı adam olaraq qalırsan.
Ruh vasitəsiylə təbiət insaniləşir, insan təbiətləşir.
Ruh vasitəsiylə sən insanda – varlını, yoxsulu, zadəganı, rəiyyəti yox, İnsanı görürsən.
Ruh vasitəsiylə sən “dəlicəsinə” yaşamaqdan – Məcnunlaşmaqdan, Babəkləşməkdən, Nəsimiləşməkdən çəkinmirsən.
Ruh vasitəsiylə sən dünyayla, təbiətlə, dünənlə, sabahla bir olursan.
Ruh səndə hakimi olduğun təbiətə qarşı məhəbbət ehtirası yaradır.
Ruh səni ideala, Mütləqə çağırır və beləliklə də ən murdar şəraitdə belə təmiz saxlayır.
Ru insan qəlbini sözlə ifadəsi çətin olan incə, coşğun, ülvi hisslərlə, ehtiraslarla doldurur, təxəyyülün üfüqlərini sonsuzlaşdırır.
Ruh yıxılanı qaldırır, xəstəni sağaldır, qəmlini sevindirir, uzağı yaxınlaşdırır.
Bədən dözməyəndə – Ruh dözür, bədən məğlub olanda – ruh qalib gəlir.
Ruh möcüzəyə inanır, dünyanın mənasını möcüzə sayır və özü möcüzə yaradır.
Bir sözlə, Ruh – insanın özüdür.
İnsanı insan edən ruhdur.
Ağıl vasitəsiylə insan özünü qorudu, xilas etdi, ölmədi, yaşadı.
Ruh vasitəsiylə insan İnsan oldu, yəni hamıdan fərqləndi, dünyanın mənasını dünyadan böyük, insanın mahiyyətini insandan ali saydı.
Ruhsuz insan dünyanın adi bir zərrəsi olacaqdı. Ruhla insan dünyanın zirvəsi oldu.
– Sizin dedikləriniz fəlsəfə tarixində ruh haqqında bərqərar olmuş təsəvvürlərlə uyğun gəlmir.
– Düzdür, məsələn, Hegeldə ruh – fikrin, anlayışın sinonimidir. İrrasionalistlər – ruhu – zəkaya qarşı, həyat fəlsəfəsinin nümayəndələri isə həyata qarşı qoyurlar. Təbiidir ki, bu cür şərh olunan ruh insani mahiyyəti ifadə edə bilməz.
Ruh sadə fikir, anlayış deyil, zəkanın xüsusi səviyyəsi, vəcdli, heyrətli, ehtizazlı, yerə-göyə sığmayan məqamıdır.
Zəkadan kənarda ruh yoxdur. Ancaq ruh zəkanın adi vəziyyəti deyil, qeyri-adi vəziyyətidir. Ruhu zəkaya qarşı qoyanlar zəkanı ağılla eyniləşdirirlər. Ruhu zəkaya qarşı yox, soyuq, bəsit, qanadsız, nasiranə ağıla qarşı qoymaq lazımdır.
Ruh hardasa antiağıldır, onu eşitməyəndir, onun ziddinə gedəndir. Ancaq ruh zəkanın əleyhinə çıxış edən deyil.
Məcnunluq “ağılsızlıqdır”, ancaq zəkasızlıq deyil, əksinə yüksək zəkilikdir...
Zəka mahiyyətə enir, əlamətdə dayanmır, ona görə də dünyaya pərçimlənib qalmır, ondan kənara çıxır. Ancaq o, yalnız ruha çevriləndə öz niyyətinə nail olur, yəni dünyanı özündə görür.
Ruhun həyata zidd olması iddiasına gəldikdə, onu demək lazımdır ki, həyat həmişə ağıllı olmur, ancaq öz ruhaniliyini heç vaxt tam itirmir. Çünki ağılsız dünyada insan tapılır, ancaq ruhsuz dünyada tapılmır.
Həyatda məntiqsiz, mənasız, eybəcər hadisələr çoxdur. Lakin onlar heç vaxt tam ruhsuz dünya yaratmağa nail olmurlar. Çünki ruhsuz dünya ölü dünya olardı. Ona görə də ruh həyatın düşməni deyil – qanadıdır.
Ruh həyatı eybəcərlikdən qurtarır, onun insani məziyyətlərini qoruyur, ona ülvi məna verir. Bu baxımdan, ruhsuz dünya – eybəcərliyin tam təsdiqi olardı.
Ruhun həyat üzərində ağalığına gəldikdə, biz burada ruhu ağılla eyniləşdirməyin nümunəsiylə qarşılaşırıq. Ruhun mexaniki, cansız gözəlliyə, müxtəlifliyə, həyatiliyə zidd olan keyfiyyəti yoxdur.
Ruha qarşı XIX əsrin axırında başlayan və XX əsrdə öz zirvə nöqtəsinə çatan mübarizə – əslində ağılın mənfi tərəflərinə qarşı, ruhsuzluğa qarşı mübarizədir.
– Sizin söylədikləriniz qatı, ardıcıl idealizmdir – deyə Ehkamçı dilləndi. O, bərk əsəbiləşmişdi, Həqiqətçinin sözünü neçə dəfə kəsmək istəmişdi, ancaq bacarmamışdı.
O, həm də heyrətlənmişdi, qulaqlarına inana bilmirdi. İndi eşitdikləri – illərlə oxuduğu, əzbərlədiyi, beyninə həkk elədiyi kitablara, məqalələrə uyğun gəlmirdi, həm də tədris vəsaitlərində, fəlsəfə lüğətlərində lənətlənən, tənqid olunan, rədd edilən fikirlərə bənzəyirdi. Bu səbəbdən də Ehkamçının ürəyini təlaş hissi bürümüşdü. O, bir an qulaqlarını pambıqla tıxamağa hazır idi. Ancaq qəlbinin dərinliyində deyilənlərə bir rəğbət də yaranmışdı ki, o, bu hissi qovmağa çalışırdı.
Bütün bunlar Ehkamçının əhvalına gərginlik gətirdi:
– Danışdığınızın hamısı idealizmin təkrarıdır.
Bu sözlər qeyri-təbii bir qətiyyətlə deyildi və Ehkamçının narahatlığını nisbətən azaltdı. Ona elə gəldi ki, ürəyində yaranmağa başlayan şübhəni dəf etdi.
– Əgər söhbət dünyanın dünyadan böyük mənasını dərk etməyə çalışan, Platon və Hegel kimi simalarla səciyyələnən fəlsəfi istiqamətdən gedirsə, o, insanın dünyaya əsil, insani münasibətini çox dərin və parlaq şəkildə nümayiş etdirir. Bu istiqamətdə ruhanilik özünü hərtərəfli büruzə verir, insanın başqa canlılardan fərqi bariz şəkildə aşkara çıxır. İdealizm deyir ki, sənin gördüyün, daxilində yaşadığın dünya qeyri-adi mahiyyətə malikdir, onun mənası təzahüründən alidir, ülvidir, genişdir, möhtəşəmdir. O, adi görünür, əslində isə əsrarəngizliyin təzahürüdür. O, keçici görünür, əslində isə sonsuzluğun ifadəsidir. O, natam, nöqsanlı, ölümə məhkum görünür, əslində isə kamilliyin, ölümsüzlüyün timsalıdır. Sonlu görünür, ancaq sonsuzdur. Sadə görünür, mürəkkəbdir. Bil ki, səni əhatə edən çəmən, çöl, göy, yer, gördüyün gecələr, üz, göz, ümumən bütün varlıq – daha böyük, daha ali ülviyyətin ifadəsidir. Ona görə də adini adi sayma, onun arxasında duran mənaya qovuş.
İdealizm – dünyaya ruhani münasibətdir. Materializm – dünyaya ağıllı münasibətdir.
Materializm üçün dünya göründüyündən artıq deyil! Ona görə də ona uyğunlaşmaq gərəkdir! Başqa dünya yoxdur, bu səbəbdən də ondan kənara çıxma! İdrak atının qantarğasını çək. O, sərhədi pozmasın! Ağac yalnız ağacdır, çay yalnız çaydır, insan yalnız insandır. Dünyanın mənası özündə olduğu üçün o, adi mənadır. Ağac meyvə gətirəndir, çay – axandır, torpaq məhsul verəndir. Dünyanın ikinci mənası və dünyada ikinci dünya yoxdur. Ona görə də dünyanı heç nəylə müqayisə etmə, onun idealını özündə axtar, tapmayanda kədərlənmə. Dünyadan istifadə etməyə çalış.
İdealizm insan idrakının məqsədini dünyanı sadəcə əks etdirməkdə görmür. O, dünyanın əsil mənasına layiq ikinci dünya yaratmağı idrakın ali məqsədi sayır. Dünyada hər şey ölümə məhkumdur, ancaq dünyanın böyük mənasında ölümsüzlük hökm sürür. Deməli, idrak ölümsüz gözəllik yaratmalıdır və yaradır. Sənət ölümə məhkum olanları ölümsüzləşdirir.
Dünyada mütləq cismani və ruhani kamillik yox dərəcəsindədir. Həyatdakı ən kamil varlıq belə nöqsanlıdır. Deməli, idrak tam, nöqsansız, mütləq kamillik yaratmalıdır və yaradır.
İdealizmdə idrak – ruhani rol oynayır, materializmdə – praqmatik, faydalı, mənfəətli.
İnsan idrakının bənzərsizliyi idealizmdə parlaq şəkildə nümayiş etdirilir.
İdealizmin nöqsanı ondadır ki, o, dünyanın ali mənasını dünyadan qabaq yaranan qüdrət sayır. Belə çıxır ki, əvvəl dünyanın ali mənası yaranıb, sonra isə onun təzahürü kimi dünya özü.
Əslində vəziyyət belə deyil; dünyanın mənası dünyanın özündə yaranıb, ancaq dünyaya sığmayıb, dünyadan kənara çıxıb.
Materializm dünyanı dünyayla məhdudlaşdırır, idealizm dünyanı dünyadan kənara çıxarır, ancaq dünyanın mənasını dünyadan ayırır, onu dünyanı yaradan qüdrət hesab edir. Bu, idealizmin ciddi qüsurudur.
Əslində isə dünya özünə sığmır, özündən kənara çıxır, ancaq onun özündən kənara çıxan mənası dünyanı yaratmır. Əksinə, dünyadan doğur.
Həm materializm, həm də idealizm nöqsanlıdır. Ancaq idealizmin heyrətli, qanadlı, narahat ruhani qüdrəti yanında materializm çox sönükdür!
İdealizmdə dünya dərk olunduqca böyüyür, yüksəlir, genişlənir, ülviləşir. Materializmdə dünya dərk olunduqca – kiçilir, adiləşir, daralır. Son nəticədə, materializm – dünyanı bəsitləşdirir, idealizm isə dünyanı müqəddəsləşdirir.
Ehkamçı nəsə demək istədi, ancaq demədi. Materiyanın tərifini yada saldı, idealizmin mürtəce mahiyyəti haqqında oxuduqlarını xatırladı, amma nədənsə Həqiqətçinin əleyhinə tutarlı dəlil tapa bilmədi, ürəyində həm danışana, həm də özünə şiddətli hiddət yarandı və o, sərt bir ahənglə:
– Müqəddəslik dini cəfəngiyyatdır, – dedi. – Bəşəriyyət onunla əbədilik vidalaşdı.
– Bəşəriyyət Müqəddəsliklə vidalaşsaydı, özüylə vidalaşardı. İnsan heyvandan fərqli olaraq, dünyada, təbiətdə, insanda müqəddəs, yəni misilsiz dərəcədə yüksək, ali, qiymətli mənəvi sərvətlər görür. Torpaq insan üçün sadəcə təbiətin bir hissəsi deyil, pərəstişə, səcdəyə layiq olan bir qüdrətdir. Çünki onun ülvi mənası təbii xüsusiyyətlərindən, xassələrindən çox qiymətlidir.
Göy müqəddəsdir. Çünki o, insanın ruhani həyatında öz təbii keyfiyyətlərindən daha böyük rol oynayır.
Sevdiyin şəxs müqəddəsdir, çünki onda adi məziyyətlərdən kənara çıxan ləyaqətlər kəşf etmisən.
Bir sözlə, müqəddəslik – dünyanın və insanın özünə sığmayan mahiyyətinin insan tərəfindən qiymətləndirilməsidir.
Dünya, insan, yer, göy müqəddəsdir deyəndə, insan: – onlar mənim üçün sonsuz əhəmiyyətə malikdir, onlarsız mənim həyatım heçdir, onlara səcdə, pərəstiş etmək gərəkdir – deyir.
Beləliklə də, müqəddəslikdə – dünyaya sığmayan məna insana qayıdır və insan dünyaya həmin mənanın gözüylə baxır. Bu baxımdan ideallaşdırma, ilahiləşdirmə adlandırılan keyfiyyət əslində, ruhani dərketmədən başqa bir şey deyil. Mən kimisə, nəyisə ilahiləşdirirəm, deməli, kimdəsə, nədəsə göründüyündən, hiss olunduğundan daha böyük məziyyət kəşf edirəm. İnsanın heyvandan əsas fərqi elə bundan ibarətdir. İlahiləşdirməyən, ideallaşdırmayan idrak – əsil insani idrakın zəif kölgəsidir.
İnsan – dünyanı və insanı müqəddəsləşdirmədən yaşaya bilməz.
– Onda Allah ideyasına da bəraət qazandırmaq olar? – deyə Ehkamçı çılğınlıqla dilləndi.
– Özünü özündən və dünyanı dünyadan böyük görən insan Mütləqə can atır və onu Allah adlandırır. Allah mütləq qüdrətə malikdir – dünyanı və insanı yaradandır, ədalətli, möhtəşəm, ali varlıqdır. Allah vasitəsiylə insan özünün realizə edilməmiş imkanlarını təsdiq edir.
Allah arzuolunanın, istənilənin, Mütləqin təzahürüdür. Allah sonlu, keçici, natam, nisbi hadisələrin, keyfiyyətlərin, idealların üzərində yüksələn Mütləqdir. O, kamilliyin, qeyri-adiliyin, əbədiliyin ülvi təcəssümüdür.
Allaha münasibətdə insanın qarşısıalınmaz daxili tələbi aşkara çıxır; nisbidə, natamda, keçicidə, adidə dayanmamaq, sonsuza, əbədiyə, Mütləqə qovuşmaq.
Heyvanın Allahı yoxdur.
İnsan həyatda tam mənəvi və cismani qüdrətə malik olmur. Ancaq onda mütləq kamilliyə sonsuz ehtiras var. Həmin realizə edilməmiş ehtiras Allah ideyasında reallaşır. İnsan həyatda ən yaxşı halda nisbi ədalət görür. Ona görə də mütləq ədalət həsrətini Allahda təcəssüm etdirir.
Ətrafda yalnız nisbi məziyyətlər görən, ancaq onlarla kifayətlənməyən insan – arzularını Allahda həyata keçirir. O, Allahda özünün ali mahiyyətini tapır və bu mahiyyətə pərəstiş edir. Bu baxımdan allahsız İnsan yoxdur və ola da bilməz! çünki Mütləqsiz yaşamaq müşküldür! Təbiidir ki, yeri-göyü yaradan, insanı törədən, kainatı idarə edən Allah yoxdur! Bunu indi uşaq da bilir.
Ancaq Allah ideyası insanın ən ilkin, ən dərin, əbədi ruhani tələbindən doğub. Allahı izah etmək – əslində insanı izah etmək deməkdir. Yeri-göyü yaradan Allahdan əl çəkmək asandır. Ancaq Mütləqin rəmzi olan Allahdan insan heç vaxt əl çəkməyib. Hətta əl çəkdiyinə inananda belə. Çünki həmişə Mütləqə can atıb. Göydəki Allahı yerdə axtarıb, sərkərdələri, hökmdarları, şöhrətliləri, səlahiyyətliləri Allahlaşdırıb. Bu səbəbdən də Allah sözündən, Allah anlayışının ifrat tərəflərindən əl çəkmək olar, amma Allah tələbindən əl çəkmək olmaz. Mütləqə tələb qurtaran yerdə insanilik də qurtarır.
– Onda bəlkə dini də dirildəsiniz?
– Din müqəddəsliyin təsdiqidir, ancaq əfsanəvi, nağılvari, alleqorik, məcazi təsdiqidir. Dində o dünya, bu dünya ideyası, xurafat, şeytan, cin, çoxçeşidli aldanışlar, dumanlı, xülyavari təsəvvürlər çoxdur. Bu baxımdan – din ehtizazı, Mütləqə qovuşma ehtirasını yanlış istiqamətləndirir. Ona görə din – bir forma kimi ali məzmuna təzyiq göstərir, onun təzahürünə mane olur. Bu səbəbdən də dinə qayıtmaq lazım deyil.
Ancaq din tərəfindən təsdiq, vəsf və təbliğ edilən müqəddəslik ideyasına, Allah ideyasının ülvi mənasına, həmin mənanın yaratdığı vəcdə, heyrətə, səcdə ülviyyətinə qayıtmaq mütləq lazımdır. İnsanlar özlərini özlərindən böyük görəndə özlərinə qayıdacaqlar.
Bunun üçün Allahı öldürmək yox, insaniləşdirmək lazımdır.
– Bu cahanşümul vəzifəni necə yerinə yetirəcəksiniz? – deyə Ehkamçı istehza və hiddətlə soruşdu.
– Bu zəruri ideal – Mənəvi İntibah fəlsəfəsinin qüdrətiylə həyata keçiriləcək. Fəlsəfə müdrikliyə sevgi deməkdir. Ən böyük müdriklik insan ilə dünyanın münasibətini izah etməkdir. Fəlsəfənin əsas məqsədi insan ilə dünyanın əlaqəsini kəşf etməkdir. “İnsan dünyada kimdir, dünya insan üçün nədir?” Fəlsəfənin birinci sualı budur. “İnsanın Mütləqə, ideala münasibəti necədir?” Fəlsəfənin ikinci sualı budur. “İnsanı ideala yaxınlaşdırmaq üçün nə etmək gərəkdir?” Bu üçüncü sualda fəlsəfənin peyğəmbərlik siqləti aşkara çıxır. “İnsanın cəmiyyətdə yeri, vəziyyəti, taleyi necədir? Bu, fəlsəfənin dördüncü sualıdır. “İnsanın öz əsilliyinə qayıtması üçün nə lazımdır?” Bu, fəlsəfənin beşinci sualıdır.
Bir sözlə, fəlsəfə insan aqibətini şərh, təhlil və təyin edən müdriklikdir.
Bu baxımdan fəlsəfənin zəngin imkanları çox sönük realizə olunub. Fəlsəfəni cəmiyyət haqqında elm səviyyəsinə endiriblər, bu, fəlsəfənin ölümü deməkdir. Fəlsəfəni idealizmin ruhani qüdsiyyətindən, idraki ülviyyətindən məhrum ediblər, qadirsizləşdiriblər. Fəlsəfəni – dinin alleqorik şəkildə ifadə etdiyi müqəddəs əxlaqi ideyalardan, sonsuzluq, əbədilik, mütləq kamillik, müqəddəslik ehtiyacından – təcrid ediblər, müflisləşdiriblər. Fəlsəfənin peyğəmbərlik siqlətini – İnsanın mənəviyyatında İntibah yaratmaq qüdrətini məhv ediblər.
Bir zamanlar fəlsəfə insanı ardıcıl şəkildə İdeala yaxınlaşdırırdı. İndi insan cəmiyyətin öhdəsindədir. Ona görə də özünə bənzəmir.
Fəlsəfənin bədiiyyatla, hissiyyatla, ehtizazla əlaqələrini ləğv ediblər, onu elmin kölgəsinə çeviriblər, onun misilsiz idraki-emosional təsirini yox ediblər.
Fəlsəfə – şeiriyyətli, musiqili, vəcdli, əlvan biçimli bir möcüzə idi. İndi o möcüzədən əsər-əlamət qalmayıb. Fəlsəfəni siyasətin xidmətçisinə, özü də kölə, qorxaq, məzlum xidmətçisinə çevirdilər: onun məqsədini – siyasətə bəraət qazandırmaqda, onu hər vəchlə müdafiə etməkdə, təbliğ etməkdə gördülər. Beləliklə də fəlsəfənin və idrakın əsas cəhəti: yeni dünya yaratmaq və gerçək dünyaya tənqidi münasibət bəsləmək qabiliyyəti – aradan qaldırıldı. Fəlsəfi məzmun hədsiz dərəcədə bəsitləşdi: fəlsəfə tarixi haqqında söhbət – idealizmlə materializmin mübarizəsiylə, dünya haqqında söhbət – şüurun, yaxud materiyanın birinci olmasıyla, dialektika – üç qanunun və bir neçə kateqoriyanın şərhiylə, cəmiyyət problemi istehsal münasibətlərilə, idrak nəzəriyyəsi – inikasla məhdudlaşdı. Məzmun kasadlığı – fəlsəfəyə sırf sosioloji, tarixi, publisist, siyasi məlumatların dolmasıyla – “aradan qaldırıldı” və fəlsəfə görünməmiş dərəcədə bayağılaşdı.
İnsanilik haqqında idrak olan fəlsəfə təbiət elmlərinin heç kəsə lazım olmayan metodologiyası səviyyəsinə endi və gərəksizləşdi.
Bir sözlə, fəlsəfə fəlsəfəliyindən ayrıldı, özünün tam əksinə çevrildi. İndi məqsəd fəlsəfəni özünə qaytarmaqdır. Dövrün yeni fəlsəfəsi – fəlsəfə tarixinin yetirdiyi yüksək ideyaların ölməz mənasını özündə cəmləşdirən, onlara yüksək idraki səviyyədə qayıdan, onların əsasında ucalan fəlsəfə olacaqdır.
Keçmiş fəlsəfələrin çoxu biri digərini inkar etməkdə inkişaf nöqtəsi arayırdılar. Bizim fəlsəfəmiz isə – özündən əvvəlki fəlsəfi fikirdə gözəl, ali, ülvi nə varsa, özündə təcəssüm etdirəcək, ancaq onların heç birinə bənzəməyəcək, tam yeni fəlsəfə olacaq!
Zərdüştdən Platona, Platondan bu günə qədər olan idraki, mənəvi fikir, ideya, hissiyyat, ehtizaz fəlsəfəmizin qəlbində döyünəcək, ancaq qəlb özümüzün, bu günün, XX əsrin, mənəvi İntibahın, Şərqə üz çevirən bəşərin olacaq!
Fəlsəfə tarixi heyrətamiz idrak xəzinəsidir. Lakin onda insan demək olar ki, heç vaxt tam müstəqil varlıq kimi qiymətləndirilməyib. Zərdüştdə insanın taleyini Hürmüzd, Buddada İnsanın özündən təcrid olunması, Platonda ideyalar aləmi, İsada fədakar, özündən keçən Allah oğlu, Məhəmməddə – Allahın özü, Hegeldə mütləq ruh, Marksda – iqtisadi münasibətlər, Freyddə – şəhvani ehtiras həll edir. Yalnız Mənsur Həllacla başlayan və Nəimi-Nəsimi zirvəsiylə tamamlanan Hürufilikdə İnsan – Müstəqildir, Alidir. Allahın özüdür... Ancaq burada onun müstəqilliyi Allaha qovuşmaqla bağlıdır. Yəni insan yalnız Allaha qovuşanda, Allaha çevriləndə Allah (müstəqil) olur. (“Mən Onu sevdim və O oldum”. Mənsur Həllac).
Biz öz fəlsəfəmizdə insanı tam müstəqil, ali varlıq kimi tədqiq edirik, insaniliyin özünəməxsus, heç bir qüvvədən asılı olmayan mahiyyətini təsdiq edirik. Bu mahiyyətin əsası – ruhdur, müqəddəslikdir, Allah ideyasıdır, sığmazlıqdır. Onlar İnsanın dünyayla, təbiətlə, cəmiyyətlə, özüylə, İdealla, Mütləqlə və Ölümlə görüşlərində aşkara çıxır.
...HƏQİQƏTÇİ sözünü qurtardı. Ancaq EHKAMÇINI yerində görmədi. O, qeyb olmuşd
 
  Bugün 8 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol