Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Muğam Fəlsəfəsi
 
Musiqi barmaqla çalınan deyil,

Ölçü qalıbına salınan deyil,

O, Ruhun Göylərə qovuşmasıdır,

İlahi Məqamdır, adi an deyil.

Muğama Qayıdış

Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ana nəfəsiylə ömrümüzə.

Biz Muğama qayıdırıq.

Bahar çağı gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal gəlir qəlbimizə.

Biz Muğama qayıdırıq.

Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciylə, kədəriylə, yoxuşuyla, enişiylə, gəlişiylə, gedişiylə.

Biz Muğama qayıdırıq.

Ətaləti, cəhaləti, neçə-neçə qəbahəti, cinayəti rədd edirik, qərq edirik hiddət, qəzəb dənizində.

Biz Muğama qayıdırıq.

Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi.

Biz Muğama qayıdırıq.

Birinci Hissə
MAHİYYƏT
İlk Söz

Muğam Fəlsəfədir – Bədii, Şairanə, Atəşin.

Şərq – Fəlsəfanə Oxuyub, Şairanə Düşünüb – və bu onun Gücüdür, – Zəifliyi deyil, Üstünlüyüdür, – Əskikliyi deyil.

Şərq Fəlsəfəsi Vəhyə əsaslanır, Vəcdə əsaslanır, İlhama əsaslanır, Ehtizaza əsaslanır – Peyğəmbərliyə daxilən, üzvi surətdə Doğmadır – Peyğəmbərliyi yaradıb, Peyğəmbərlikdən Yaranıb.

Muğam Fəlsəfəsi haqqında Kitab – Şərq Filosofluğunun Özünəməxsusluğu haqqında Kitabdır – Zəkanın, Hissin, Əxlaqın, İradənin Vəhdəti haqqında Kitabdır.

İyun, 1990-cı il. Bakı.

Birinci Fəsil
Muğam – Fəlsəfi Hadisə kimi
I

Muğam Ülvi həyat konsepsiyasını təsdiq edir.

Muğam əsil ruhani mövcudiyyət haqqında dahiyanə musiqi hekayətidir. Onda Kamil Yaşamağın bütün zənginliyi, pillələri, keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb.

Həyat muğamda İnsanın Dünyaya, onun Kədərinə, Əzabına, müxtəlifliyinə, ziddiyyətlərinə, təzadlarına qovuşması kimi mənalandırılır.

Şəxsiyyətin miqyası burada taleyini ruhunda daşımaqla, əxlaqi qorxmazlıqla, idraki mütləqiliklə, Mahiyyətin, Əbədiliyin, İdealın dərkiylə ölçülür.

Həyatla qaynayıb-qarışan, həyata qovuşan, İdeala can atan Şəxsiyyəti təsdiq edir Muğam.

Həmin Şəxsiyyətin əsas xassəsi – Dünyanın mənasına qovuşmağa Güclü, Ülvi, Gərgin Ehtirasdır.

Muğamda İnsanilik – Möhtəşəm, Miqyaslı, Əhəmiyyətli hadisə kimi təqdim olunur.

Muğam – pillə sənətidir.

Muğamın hər bir pilləsi insan həyatının bir mərhələsidir.

Muğam İnsanı həyat pillələri vasitəsiylə İdeala qaldırır.

Bu hadisənin əsas xassəsi ehtizaz səviyyəsinə yetən Daxili İdraki hissi Gərginliyin ardıcıl şəkildə artmasıdır.

Muğama görə İnsani həyat ülvidir, çünki insan həyatın zərbələrinə tab gətirir və bununla da İdeala yüksəlir.

Muğama görə İnsani həyat ülvidir, çünki İnsan Zirvə səviyyəli Duyğulara – bəsit hisslərə yad olan həyəcanlara ucalır.

Muğama görə İnsani həyat ülvidir, çünki Ruhaniyyat bir səviyyədə qalmır, daim mürəkkəbliyə, kamilliyə, mahiyyətə doğru hərəkət eləyir.

Muğama görə İnsani həyat ülvidir, çünki İnsan son nəticədə həyatdan yuxarı, özündən yuxarı qalxa bilir, İdeala, Mütləqə qovuşa bilir.

2

İdeala Yüksəlmə hadisəsi Muğamda Qəmdən – Qəmin inkarına, Həyatdan – İdeala qovuşmaya Qanunauyğun, Zəruri, Təbii keçidlə səciyyələnir.

Qəm Muğamda hərtərəfli tədqiq olunur, dərindən dərk edilir və əsaslı şəkildə aradan qaldırılır; İdeal – Qəmdən kənara çıxmaq, Qəmin fəlsəfi inkarı kimi təqdim olunur.

İdeal Qəmin üzərində ucalır.

Muğam sübut eləyir ki, Həyat Kədərlə məhdudlaşmır; o, Kədərdən artıqdır; Kədəri aradan qaldırmaqla Həyat İdeala çatır.

İdeal – Həyatdan artıqdır; Həyat özündə qala bilmir, labüd şəkildə özündən kənara çıxır; – Kamilə, Mütləqə qovuşur – Muğamdakı İdeal konsepsiyasının mahiyyəti bundan ibarətdir.

İdealla görüş Muğamda xüsusi, qeyri-adi, sirli, sehrli, vəhyli, ehtizazlı hadisə kimi meydana çıxır.

Həyat – Ali Həyata keçir.

Qəhrəmani Şəxsiyyət Dünyanın Faciəvi Mənasını dərk edir, duyur, həmin Mənayla birgə yaşayır; ancaq son nəticədə onun üzərində Yüksəlir və Kamilliyə çatır.

Dünya bütün zənginliyiylə dərk olunur, ancaq İnsan Dünyayla kifayətlənmir, ondan kənara çıxır.

Həyatdan Ali Həyata – Qəhrəmani, Ülvi Şəxsiyyətin Ruhani Yolu budur.

Həyati iztirablara qarşı qorxmazlıq, Kamillik Ehtirasında Qorxmazlıq, Kamilliyə Qovuşma Qətiyyətində qorxmazlıq – əsil İnsani mövcudluğun başlıca keyfiyyətləri bunlardır!

Muğamda İnsan Ülvi Məqsədinə yetmək üçün Yetişir, o, həyatın bütün keşməkeşlərindən keçib müdriklik, ruhani güc qazanır.

Ruhani Yetkinliyə nail olan İnsan Ali, İdeal, Mütləq Kamilliyə can atır.

Həyatı dərk eləyib, İdeala ucalır.

Həyatı dərk etməklə İdeala ucalmaq arasında əsaslı fərq var: ikincidə Duyğular, Ehtiraslar tüğyan edir, Hadisənin Müqəddəsliyi, Bənzərsizliyi, Əlçatmazlığı təsdiq olunur.

3

Muğamda Həqiqi və Əxlaqi bərabərləşir.

Yalnız Kamil Şəxsiyyət həqiqəti dərk edə bilər.

Yalnız Həqiqət Kamil Şəxsiyyət yetirə bilər.

Əxlaqi Kamillik Tələbi Muğamda Həqiqəti dərk etmək Tələbiylə birləşir.

Həqiqəti dərk etmək burada Əxlaqi Kamilliyə çatmaq demək olur.

Əxlaqi Kamillik Həqiqəti dərk etmək demək olur.

Varlıq və İdrak Muğamda vəhdət təşkil eləyir: Xeyirin və Müdrikliyin, Əməlin və Biliyin üzvi birliyi yaranır.

«Yalnız Əxlaqi olan – Həqiqidir.

Yalnız bilən Əxlaqidir.

Yalnız Həqiqi – Kamildir!» – deyir Muğam.

Həm Kamillik, həm də Həqiqilik özünü İdealda, Mütləqdə hərtərəfli təsdiq eləyir.

«Yalnız İdeal olan (Mütləq olan) – Kamildir.

Yalnız İdeal olan (Mütləq olan) – Həqiqidir!» – deyir Muğam.

4

Muğamın dialektik məzmunu onun bədii biçimini (strukturasını) müəyyən eləyib.

Muğam ilk növbədə Vahidliyin və Müxtəlifliyin dialektikasına dahiyanə nümunə sayılmalıdır.

Musiqi konsepsiyası Vahid mövzudan doğur; dəyişir, inkişaf edir, variasiyalaşır, öz əksinə çevrilir və son nəticədə yenidən yeni şəkildə özünə qayıdır.

Dialektik inkişafın mahiyyətini ifadə eləyən hadisə baş verir:

Vahidlik dialektik şəkildə Özündən Özünə qayıdır.

Muğam əsas motivin (Leytmotivin) idraki-hissi zənginliyini, dinamizmini parlaq şəkildə, hərtərəfli göstərir…

Müxtəliflik Vahidliyin təzahürü kimi meydana çıxır.

Vahidlik Müxtəlifliyin Mahiyyəti kimi meydana çıxır.

Bu səbəbdən də Muğam həm Vahid Fəlsəfi İdeyadır, həm də müxtəlif Fəlsəfi İdeyalar Sistemidir.

Muğamda Musiqi ideyasının daxili inkişafı öz yüksək bədii ifadəsini tapıb.

Muğamın hər bir pilləsi labüd, təbii, üzvi şəkildə, ardıcıl surətdə digər pilləni hazırlayır, təzə mövzu rüşeym halında onun daxilində yetişməyə başlayır, yeni xassələrlə zənginləşir və son nəticədə İdeyanın təzə pilləsini yaradır.

Bütün pillələr bir yerdə Ali, xüsusi Pilləni hazırlayır – özlərinin Əksi, İnkarı kimi və həmin Pillə Əzələ Qayıtmaqla başa çatır.

Beləliklə də, Muğam 4 qanunauyğunluqla səciyyələnir:

1. Əsas mövzunun təsdiqiylə.

2. Onun inkişafı və yeni keyfiyyət kəsb eləməsiylə.

3. Yüksək pilləyə qalxmasıyla.

4. Yeni şəkildə özünə qayıtmasıyla.

Vahid Musiqi İdeyası aşkarlaşaraq, inkişaf eləyərək özünün əks varlığı kimi Yüksək Pilləyə çatır və öz Əzəli vəziyyətinə qayıdır.

İdeya öz əksinə çevrilir və yeni şəkildə özünə qayıdır – musiqidə dialektik dərk etmənin dahiyanə nümunəsiylə rastlaşırıq Muğamda.

5

Muğam – İnsanın ruhani mahiyyətinin Zirvə səviyyəsində ifadəsidir.

Sənət tarixində Muğam səviyyəli İnsanı dərk etmə qüdrətinə rast gəlmək çətindir.

Bənzərsiz idraki, hissi zənginliklə rastlaşırıq Muğamda: Kədər, Ülvilik Ehtirası, Heyrət, Özünütəsdiq harayı, Vəcd, Özünüdərketmə, Özünütəmizləmə, Vəhy kimi Ruhani keyfiyyətlər özünün bənzərsiz ifadəsini tapır Muğamda.

Aydınlıq və mürəkkəblik, Coşğunluq və Mehr – bütöv Ruhanilik, İdeallıq, Ülvilik – Muğamda Vahidləşir.

Hədsiz dərəcədə Hissi sənət olan Muğam, həm də hədsiz dərəcədə İdraki sənətdir – Həqiqəti, həqiqi Həyatı, həqiqi İnsanı dərk edən.

Hisslərin İdrak tərəfindən idarə olunmasına əlçatmaz nümunə, dahiyanə arxitektonika kamilliyinə, tamla hissənin vəhdətinə, üzvi keçidlər ahənginə çatmış Sənət.

Hisslə İdrakın, Müdrikliklə İlhamın birliyi.

Dahiyanə sintez zirvəsi!

Bir tərəfdən – Rica, Etiraf musiqisi.

Digər tərəfdən – Möhtəşəm Ehtizaz musiqisi.

Duyğu, Zəka və İradə vəhdəti.

«Həqiqət Ehtiraslı Zəkada dərk olunur» – deyir Muğam.

«Ali Ehtiras – Zəkalıdır» – deyir Muğam.

«İradə Ehtiraslı Zəkanı aşkara çıxarır» – deyir Muğam.

Muğam Fəlsəfə dilində danışır.

6

Muğam Sabitliyin və Dəyişkənliyin qarşılıqlı əlaqəsi əsasında qurulur. Əvvəldə əsas təqdim olunmuş musiqi İdeyası daim təkrar olunur.

Eyni zamanda hər şöbənin musiqi mövzusu təkrar olunur.

Həm əsərin bütöv ideyası, həm də hər şöbənin mövzusu daim dəyişir, variasiyalaşır, zənginləşir və son nəticədə yenidən özlərinə, öz əzəli Mahiyyətlərinə («Substratlarına») qayıdırlar…

Muğamda dəyişkənlik Mahiyyətin daxili imkanlarının, potensiyasının aşkarlanma biçimi kimi meydana çıxır, sabitlik – Üzə çıxanın, Zahirinin daxili Mənasını ifadə eləyir.

Mahiyyət Dəyişkənlik vasitəsiylə aşkara çıxır.

Dəyişkənlik Mahiyyət vasitəsiylə Mənalanır.

Həyat Muğamda Daxiliylə Aşkarın birliyi kimi qiymətləndirilir.

Mahiyyət – Aşkarlıq imkanıdır.

Aşkarlıq – Mahiyyətin ifadəsidir.

İnkişaf, dəyişkənlik, variasiyalar vasitəsiylə Mahiyyət aşkarlanır.

Əsas İdeyaya yenidən qayıtmaq – Mahiyyətə qayıtmaqdır…

İdeala, Kamilliyə, Mütləqiliyə yüksəlmək İnsani Mahiyyəti təsdiq etmək deməkdir.

İnsan Mütləqə çatanda özünə çatır.

Muğam İnsanın öz Mahiyyətinə çatmaq ehtirasını, həm də onun gerçək mövcudiyyatıyla İdeal Mahiyyəti arasında nəhəng səddi göstərir…

Muğam Mahiyyət Sabitliyi və Mövcudluq dəyişkənliyi haqqında hekayətdir.

Beləliklə də Muğamda Sabitliyin və Dəyişkənliyin qarşılıqlı əlaqəsi, dialektikası aşağıdakı məqsədlərə xidmət eləyir:

1. Musiqi İdeyasının çoxcəhətli imkanlarını aşkara çıxarır.

2. Həmin müxtəlifliyin Mahiyyətini açıb göstərir.

3. Mahiyyətlə Mövcudluq arasındakı Ümumi və Fərqli keyfiyyətləri mənalandırır.

4. İnsani həyatın musiqi rəmzini yaradır.

7

Muğam – həm Eposdur, həm Dramdır, həm də Lirikadır.

Eposdur, çünki İnsan Ruhunun hünərindən danışır.

Dramdır, çünki İnsanın gərgin, ardıcıl üzvi özüylə döyüşündən danışır.

Lirikadır, çünki Kamillik eşqinin riqqətindən danışır.

Muğam tək Leytmotiv, Baş mövzu vasitəsiylə yox, həm də Nəqledənin surətiylə vahidləşir.

Nəqledən mütəfəkkir və şairdir, dünyanın ağını-qarasını görmüş, Müdrikliyi Ehtirasla, Biliyi Təblə birləşdirən…

Muğamın əvvəlində o, hekayətdən ayrılır, hadisələrin obyektiv təsvirçisi səviyyəsindən kənara çıxmır.

Sonrakı pillələrdə o, hekayətlə birləşir, onun Qəhrəmanına çevrilir, Ruhani Kamillik dərəcəsinə qalxır; – Muğamın sonunda o, təzədən obyektiv təsvirçi roluna qayıdır.

Beləliklə də Nəqledənin Yolu Muğamın dialektik Quruluşuna uyğundur.

Obyektiv təsvirçi sonralar nəqletmə subyektinə çevrilir, öz əvvəlki rolunu inkar eləyir, ancaq nəticədə yenidən öz əvvəlki səciyyəsinə qayıdır…

Əsərin əvvəlində o, adi hekayətçidir, başqa pillələrdə hekayətin Qəhrəmanına çevrilir, sonra öz nəqledici xassəsinə.

Muğam Mütəfəkkir ağlıyla dərk olunmuş, Şair qəlbiylə duyulmuş İnsani dünyadır.

Muğam – səslə ifadə olunmuş Şairanə Fəlsəfədir.

8

«İztirabdan Sevincə!» – deyir Qərb klassik musiqisi Bethovenin diliylə.

«İztirabdan – Kamilliyə!» – deyir Muğam.

«İztirabın Qiyməti Sevincdir!» – deyir klassik Qərb musiqisi.

«İztirabın qiyməti – Kamillikdir!» – deyir Muğam.

İradənin Qələbəsiylə aradan qaldırılır Faciə Qərb klassik musiqisində.

İdeala yüksəlməklə aradan qaldırılır Faciə Muğamda…

İnsandan kənar güclə müəyyən olunurdu Faciəvi münaqişə Qərb klassik musiqisində.

Özüylə daxili Döyüşlə müəyyən olunur Faciəvi münaqişə Muğamda.

«Taledən Yüksəyə qalxmaq!» – Qərb klassik musiqisinin meyarı budur.

«Özündən Yüksəyə qalxmaq!» – Muğam meyarı budur.

Özünütəsdiq Qəhrəmanlığını tərənnüm eləyirdi Qərb klassik musiqisi.

Özündənkeçmə Qəhrəmanlığını tərənnüm eləyir Muğam.

«İztirab – özgələşmə Pilləsidir!» – deyir klassik Qərb musiqisi.

«İztirab – İdrak Pilləsidir!» – deyir Muğam.

«Faciə – antiinsanidir!» – deyir klassik Qərb musiqisi.

«Faciə – Ülvi Ruhun Təbii Vəziyyətidir!» – deyir Muğam.

«Faciə – qeyri-idrakidir!» – deyir klassik Qərb musiqisi.

«Faciə – Zəruridir!» – deyir Muğam.

Faciəviliyin iki biri-birinə zidd konsepsiyaları!..

Birincidə İradə Möhtəşəmliyi, ikincidə İradə Ruhaniliyi təsdiq olunur.

9

Muğam Ehtizazı bənzərsizdir.

Bu nə Bethovenin məşhur Kreşendosu (coşğun ahəngi), nə də Baxın Sonsuzluq Patetikasıdır.

Bu, müxtəlif hisslərin Vahid bir Tamda birləşməsidir.

Bu, Hisslərin, Fikirlərin Xüsusi, Yeni xassəsidir.

Bu, tədricilik həddini aşmaq, qeyri-adilik mərhələsinə yetişməkdir.

Bu, Ruhani Carın, Çağırışın ifadəsidir.

Ruhani Carda, Çağırışda İnsan özünə Sahib olur: Heyrət hissi, Vəhy hissi, Təmizlənmə hissi, Azadlıq hissi yaranır.

Ehtizazda Kədər öz Zirvəsinə çatır və Kədərdən böyük olur.

Ehtizazda Heyrət öz Zirvəsinə çatır və Heyrətdən böyük olur.

Ehtizazda Vəhy öz Zirvəsinə çatır və Vəhydən böyük olur.

İnsanın Duyğuları, Fikirləri, Əməlləri Ehtizazda Adilik həddini aşırlar.

«İnsan özündən böyükdür!» – deyir Muğam Ehtizazı.

«İnsanın Duyğuları həyata sığmayır!» – deyir Muğam Ehtizazı.

«Yalnız özündən kənara çıxanda İnsan özünə çatır!» – deyir Muğam Ehtizazı.

10

Bu səbəbdən də Muğamın Təmizlənmə, Katarsis gücü sonsuzdur.

Muğam İnsanı hərtərəfli təmizləyir.

Böyük iztirab vasitəsiylə onu kiçik iztirablardan təmizləyir.

Kamillik vasitəsiylə onu qeyri-kamillikdən təmizləyir.

Ruhanilik vasitəsiylə Ruhsuzluqdan təmizləyir.

İnam vasitəsiylə İnamsızlıqdan təmizləyir.

İdeal Duyğular vasitəsiylə Duyğusuzluqdan təmizləyir.

Həqiqət vasitəsiylə Naşılıqdan təmizləyir.

İradə vasitəsiylə İradəsizlikdən təmizləyir.

Ülvilik vasitəsiylə Bəsitlikdən təmizləyir.

Sintez səviyyəsində təmizləyir, Zəkanın, Duyğunun, İradənin birgə gücüylə.

11

Muğam və Simfonizm – biri-birinə yaxın və həm də biri-birindən uzaq hadisələrdir.

Yaxınlıq – həyatın fəlsəfi mənasına meyildə, biçimin dialektik quruluşunda vahidliyin və müxtəlifliyin, İdrakın və Hissin üzvi vəhdətində, ehtirasların miqyasında, musiqi konsepsiyalarının genişliyində aşkara çıxır.

Həm Muğam, həm də simfoniya bir vahid musiqi İdeyasından doğur; – həmin ideya dialektik surətdə təbii şəkildə inkişaf eləyir, dəyişilir və son nəticədə yenidən özünə qayıdır.

Həm Muğam, həm də simfonizm İdeala, Ülviliyə can atır.

Həm Muğam, həm də simfonizm dialektik təfəkkürə əsaslanır.

Həm Muğam, həm də simfonizm sənətin bütün növlərini özündə birləşdirir.

Bununla bərabər Muğam simfonizmdən ciddi surətdə fərqlənir.

Muğam simfonizmdən fərqli olaraq hər pillədə təzadlı mövzuların toqquşmasına meyil eləmir, əksinə, hissənin, mərhələnin tamlığına, bütövlüyünə doğru kamilləşir.

Simfonizm dünyanı əks qüvvələrin toqquşması kimi şərh edir, bu səbəbdən də təzadlıq – onun əsas xassələrindəndir.

Muğam Dünyanın Mənasını İdeala yüksəlmək, Kamilliyə çatmaq sayır.

Bu səbəbdən də Muğamda Yeganə – Bütöv, Ümumi, bütün hissələrə aid olan təzad var: Həyatla İdeal arasındakı Təzad; – hər hissəyə aid olan Təzadlıq Muğama xas deyil.

Muğamda Vahidlik Əsas Musiqi İdeyasının tam, hərtərəfli, ardıcıl, aramsız aşkarlaşması, gerçəkləşməsi vasitəsiylə təsdiq olunur.

Bu səbəbdən Əzələ Qayıtmaq hadisəsi Muğamda simfonizmdən fərqli şəkildə həll olunur.

Simfonizmdə Qayıtma təzadlı qüvvələrin döyüşü nəticəsində, Muğamda isə Vahid İdeyanın təsdiqi nəticəsində baş verir.

Muğamda Əzələ qayıtmaq – İnsanın öz mahiyyətinə yetməsi kimi mənalandırılır.

Muğamla simfonizmin arasında fərqin fəlsəfi mənası, bizcə, ondadır ki, simfonizm İnsanın Zamanla əlaqəsini, Muğam isə İnsanın öz Ruhani Mahiyyətiylə əlaqəsini tədqiq edir.

12

Muğamın fəlsəfi dərki təzə başlayır.

Muğam haqqında yazan filosoflar – filosofluqdan daha çox, musiqişünaslığa meyil ediblər.

Bizim məqsədimiz Muğamın fəlsəfi tədqiqini başlamaqdır.

Təzə tədqiqatçılar gələcək və əbədiliyimiz olan Muğam haqqında təzə söz söyləyəcəklər!
 
  Bugün 2 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol