Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Baş Səhifə
 

_____________________________________
Xəbər no:9  10-işıq ayı 33-cü il (10.05.2011)

Stokholmdakı Beynəlxalq Ədəbiyyat Festivalında Eluca Atalı ilə görüş

2011-ci ildə Botkyrka bələdiyyəsinin vasitəsi ilə Stokholmda Beynəlxalq Ədəbiyyat Festivalı və kitab nümayişi keçirmişdir. Bu beynəlxalq tədbir 5 mayda başlayıb 3 gün davam etmişdir. Tədbir Stokholmun Hallunda məntəqəsində yerləşən Xalq Evində düzənlənmişdir. Burda İsveçdə fəaliyyət göstərən nəşriyyatlar öz çap məhsullarını nümayiş etdirib satır, ayrı-ayrı yazıçıların təqdimatını keçirirdilər. Üç gün ərəfəsində keçirilən tədbirin üçüncü günündə əvvəcədən elan olunduğu kimi soydaşımız yazıçı Eluca Atalıya da türk dilli xalqların yazarı kimi xüsusi vaxt ayrılmışdır. 8 kitab müəllifi olan Eluca xanım öz əsərlərini oxuyub və oxuculara imzalı kitablarını payladı.

Qeyd edək ki, isveçlilər və başqa dillərdə yazan yazarların bəziləri və nəşriyyat məsulları onunla təkrarEluca20110507 görüşmək arzusunda olduqlarını bildirib, ondan əlaqə ünvanların almışdırlar. Bunu da artırmalıyıq ki, görüşdə azərbaycanlılarla yanaşı, Türkiyə türkləri, Kərkük türkləri, Güney Azərbaycan və Orta Asiya türklərinin görüşdə iştirak etmələri orda oalnları daha çox marağa salmışdır.


_____________________________________
Xəbər no:8  6-işıq ayı 33-cü il (06.05.2011)
Müəllif: Ulutay atalı

Ulutay Atalı: Bir qəflət küləyi əsəydi

İzhar

(Mənsur şer biçimində)

Hamı mənə münasibdir.

Çünki onlar mənə doğmadır.

Çünki onlar mənim dünyamın bir parçasıdır.

Hamı mənə münasibdirkiçikliyi-böyüklüyülə,əyər-əs kikliyilə,xeyiri-şəriylə, acısı-şiriniylə.

Bu mən o da siz.Sizlər mənim doğmalarım.Mən sizin doğmanızammı?

Mən Siz deyiləm axı. Mən Siz ola bilmərəm.

Bəs Siz mənim kimi ola bilərsiniz?

Siz mənə doğmasınız. Mən Sizə doma deyiləm. Nədən?

Sizlər bu dünyanın halına, ölçüsünə - biçisinə uyğunsunuz.

Mənsə öz dünyamın halına, ölçüsünə - biçisinə uyğunam.

Sizin dünyanızda mən Sizə qəribəm.

Siz mənim dünyamda mənə doğmasınız.

Sizin dünyanız çirkab, günah, qəbahət, rəzalət, qeyri – insani.

Mənim dünyam saf, təmiz, nurlu, günahsız, insani.

Sizin dünyada insan yaşamır.

Əzab çəkir, boğulur.

Mənim dünyamda insan fərəhli, nurlu azad yaşayır.


Atam Mütləqim


Ağlama işıq ver.

Ürəyimə qüvvət ver.

İradəmə qətiyyət ver.

Yalana uymayım.

Çirkaba bulaşmayım.

Gunaha batmayım.

Qəbahətə əyilməyim.

Rəzalətlə barışmayım.

Bu dünyadan özümü qoruya bilim,

Öz dünyamda rühani yaşamaq üçün.


Bir qəflət küləyi əsəydi,

Mənim dünyamı Sizin dünyaya çevirəydi.

_____________________________________
Xəbər no:7  5-işıq ayı 33-cü il (05.05.2011)
Müəllif:  Eluca atalı

Siyasət məhəbbət tanımır, mənfəət tanıyır!

“Paritet” qəzetinin əməkdaşı Günay Əsədlinin Azərbaycan və Türkiyə arasında bu günkü münasibətlər haqqında Eluca Atalıdan aldığı müsahibə

Sual: Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına ümumi münasibətiniz.

Cavab: Urəyinizdə Ata Günəşi olsun! Dünyanın qatı qaranlığa büründüyü və bu qaranlıq içindən nə axtardığını anlamaq mümkün olmadığı bir zamanda sizlərlə söhbətə mən də ehtiyac duyuram. İnsan ən dar məqamında özününkünə üz tutur və onunla dərdləşməyə özündə ehtiyac duyur. Bu baxımdan sizlərlə həmsöhbət olmağa hazıram.

Əvvəlcədən deyim ki, ola bilsin “Paritet” qəzeti mənim söhbətimi çap etməsin, mövqeyimiz üst-üstə düşmədiyi üçün. Bu məndən ötəri fəlakət deyil. Mənim üçün fəalkət odur ki, insanın düşündüyü ilə dediyi, dilinə gətirdiyi ayırı – ayırı olsun. Daha doğrusu, o ikiləşsin. Bəri başdan deyim ki, bu günkü üz-üzə qaldığımız çıxılmaz vəziyyət ikiləşməyimizlə bağlıdır. İndi keçək sizin suala.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına birmənalı şəkildə pis baxıram. Bu türkçülük mahiyyətinə zidd olan bir addımdır. İkinci bir tərəfdən, Türk Dünyasının bu günə düşməsinin bir səbəbi də türkün türkü tanımaması, bir – biirndən ayrı düşməsidir. Dünyada Türk dövlətləri yarandı, amma TÜRK BİRLİYİ yaranmadı. Türk türkü tanımadı, bu səbəbdən də bir – birinə qənim kəsildi, hətta!

Asif Ata deyir: “Azərbaycan — Türk Dünyasının beyni və ürəyi, Türkiyə — Türk Dünyasının qolu və kürəyi!” Beyin və qol əməli birləşməlidir, gerçəkləşməlidir. Amma bu günkü dünyada, bu günün gedişatında biz bunun tam əksini görürük. Təəssüf ki, bu belədir.

Keçək məsələnin digər bir tərəfinə. Yuxarıda dediyim türkçülüyün mahiyyəti ilə bağlı idi. Olmalı ola biləcəkdən dedim. Yəni gerçəkləşmək imkanını daxilində gəzdirən, amma mahiyyətinə çatmayan Türk Dünyasının üst -üstə düşməyən ikili halından dedim. Elə bu gün fəlakət səviyyəsində qarşıladığımız hadisə də məhz ondan yaranıb.

Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, siyasi aləmdə baş verənlər xalqın istəyi ilə üst – üstə düşmür. Xalq bəyan edir ki, dar gündə bir – birimizə dayaq durmalıyıq. Amma siyasətin çaldığı hava başqadır, ona xalq qol qaldırıb oynaya bilmir.

Siyasət məhəbbət tanımır, mərifət tanımır, siyasət mənafe tanıyır, mənfəət tanıyır. Siyasət aləmində imkan olan kimi kim zirək tərpənirsə rəqibini aldadıb, fürsətdən istifadə edib, öz mənafeyi üçün qazanır.

Yenə deyirəm, birmənalı şəkildə ermənilərə Türkiyənin kömək etməsi mənim də şərəfimə toxunur. Təkcə Qarabağ məsələsinə görə yox, həm də erməninin “türk” ifadəsinə qarşı olan daxili nifrətinə görə. Söhbət çox uzanmasın deyə, bu məsələləri xırdalığına qədər açmaq istəmirəm. Bir də əminəm ki, mən bilidiyim qədər də siz bu incəlikləri bilirsiniz. Təkcə bir faktı deməliyəm ki, erməni öz körpəsini yatıranda, o gözünü yumub, yuxuya getsin deyə:”Türk gəldi,dinmə, yat!” — deyir. Görün, bunlarda türkə qarşı nə qədər dərin nifrət var. Nifrət olan yerdə, necə “dostluq” yarana bilər. Axı dostluq o zaman olur ki, qarşındakını özün biləsən, ona “ikinci mən” deyə biləsən. Bu məsələnin bir tərəfi. Digər tərəfdən bizim qardaş Türkiyə də öz hərəkətinə haqq qazandıra bilər, siyasət meydanının tələb etdiyi formada. “Niyə mən öz mənfətimdən keçməliyəm?”

Burda şəxsən mənim fikirim baş verən hadisə ilə bağlı, necə deyərlər, “Mərd özündən görər, namərd özgədən”. Bu noqteyi-nəzərdən yanaşanda, gəlin görək, biz təkcə siyasətdəmi uduzmuşuq? Və ya bu hadisələrin baş verməsində nə qədər günahkarıq və ya bu növ hadisələri qarşılamağa hazırıqmı? Evvəla, onu deyim ki, çaşqınlığımızın birinci səbəbi Türkiyədən bunu gözləməməyimizdir! İkinci bir tərəfdən, kənardan baxanda adama elə gəlir ki, bizim evimizin işin kimsə nizamlamalıdır. Evimiz deyəndə, Vətənimizi nəzərdə tuturam. Vətən elə bizim evimizdir! Məyər adamın evində hansısa bir problem baş verəndə oturub gözləyir ki, qonşum, qardaşım gəlsin həll etsin? Yoxsa, özü çarəsin düşünür, həll edə bilməyəndə kənardakıların köməyə çağırır?

Siyasi aləmdə mövqeyimizin nə dərəcədə olduğunu Türkiyə gerçəkləşdirdi. Baxaq digər sahələrimizə — tibbimiz, ekologiyamız, təhsilimiz, ağır, yüngül sənayemiz, kənd təsərrüfatımız, mədəniyyətimiz, mənəviyyatımız… hansı yaxşı səviyyədədir? Avropa ilə ayaqlaşmaqdan danışırıq. Avropaya çatma, məgər hər şeyini itirmək deməkdir? Mənim zənnimcə, siyasi aləmdəki bu iflas, bizim bütün sahələrimiz üçün SOS siqnalı olmalıdır. Əgər ehtiyac duyarsınızsa, sual verərsiniz, açılmayan tərəfləri açaram. Mənim söhbətimdə sizə qaranlıq qalan nəsə varsa.

Sual: Sizin hazırda yaşadığınız ölkədə olan həmyerlilərimiz tərəfindən bu məsələ necə qarşılandı?

Cavab: Bu haqda çox söhbətimiz olub. Təbiidir, narahat edici məsələdir. Misal üçün, 17 oktyabrda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Stokholmda tədbir keçirildi. Bu haqda mətbuatda da məlumat verildi, tədbirin gedişatı internet sitələrdə də yerləşdirilib. Mənim mövqeyimlə və etdiyim söhbətlə demək olar ki, eyni səviyyədə. Həm narahatçılıq, həm də yaxşı mənada içindən çalxalanma! Nə vaxta qədər özümüzü aldadacağıq? — sualı ilə çıxış edənlər oldu. Kimi aldadırıq? Hamı artıq bilib ki, heç də göründüyümüz kimi deyilik. Qarabağı almaq üçün birinci xalqa demokratiya dərsi vermək lazımdır. O, maddi və mənəvi baxımdan əzilməməlidr. Bu günkü Müstəqilliyimiz kağız üzərində qalmamalıdır.Əsas məsələni də demək lazımdır, yadınzıdadır, 1994 – cü ildə neft müqaviləsi bağlananda, deyirdilər ki, Əsrin Müqaviləsidir. Bununla gör biz nə edəcəyik? Çox ümüdli idik ki, neftimizi dünyaya paylayacağıq, dünya da bizə Qarabaq məsələsində kömək edəcək. Əvəzində nə oldu? Xammalımız göyə sovrulur, camaatda bir qarın çörəkdən ötəri xarici məmləkətlərə üz tutur. İsveçdə olan həmyerlilərimiz güneyli soydaşlarımızı çıxmaq şərti ilə, yerdə qalanlar son illər Azərbaycanda baş verən qeyri – demokrat seçkilərdən sonra Avropaya siyasi mühacir kimi gələnlərdir. Bu yerdə bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm, sözsüz ki, “xaricdə bizi necə tanıyırlar?”– sualı ilə tez – tez mənə müraciət edənlərə cavabdır bu. Amma yeri gəldi deyə, bu yerdə onu deyəcəm. Bu gün oxuduğum məktəbdə cəmiyyət dərsi keçirdim. Müəllimim Per adında bir isveçlidir. Dərsimiz “demokratiya və diktatura” bölməsi idi. Başa salırdı ki, demokratik cəmiyyətdə mətbuat hakimiyyətə təsir edir, amma diktatura cəmiyyətində əksinə. Sonra susub, auditoriyaya göz gəzdirdi. İki Azərbaycanlı qadın dərsdə yanaşı otururuq, bizə baxıb, əlavə etdi: “Azərbaycanda olduğu kimi, hakimiyyətə təsir etmək istəyən jurnalistləri tuturlar.” Ona nə deyə bilərəm, demokratik cəmiyyətədə yaşayan bir insandır, daim də mətbuat oxuyur, hər şeyi bilir. Məsələ ondadır ki, biz bildiklərimizə göz yumuruq.



________________________________________
Xəbər no:6  4-işıq ayı 33-cü il (04.05.2011)
ASİF ATA ƏLYAZMASI









________________________________________
Xəbər no:5  4-işıq ayı 33-cü il (04.05.2011)

STOCKHOLMDE YABANCI YAZARLAR TOPLANTISINA DAVET!
tokholmdakı Botkyrka kommunun düzenlediği beynəlxalq kitap bayramında yabancı dilde yazan yazarlarla okuyucuların görüşlerinin ele alınacağı toplantı düzenlenecektir. Söz konusu toplantıda Türk dünyası adına Türk dünyasının cesur ve gözde yazarı Azərbaycanlı Türklerinden Eluca Atalıda Türk dili üzerine katılacaktır.. Tüm okuyucuları ve ilgilenen soydaşlarımızı bekleri

Tarih 7 mayıs 2011...
Saat; 11:30 -dan 12:00.
Yer: Hallunda kitabxanası
Stockholm



_________________________________________
 Xəbər no:4  3-işıq ayı 33-cü il (03.05.2011)



Eluca Atalı: “8 milyona Səhəri yayan İran, 35 milyonu düşünüb telestudiya açmalıdır!”
Müsahibim Asif Ata Ocağının Evladı, yazıçı Eluca Atalıdır.

Müxbir: Bu günkü söhbətimiz Güney Azərbaycan və İranda gedən son hadisələrlə bağlı olacaq. İlk növbədə istərdim bu haqda fikrinizi deyəsiniz.

Eluca: İran coğrafi baxımdan, mən xəritə kimi nəzərdə tuturam, bütöv bir ölkə kimi görünür. Bu onun görünən tərəfidir. Amma mahiyyət, yəni daxili gözlə, idrakın gözü ilə baxanda, İranda iki dünya yerləşir. Və həm də bir-birinə dabandabana zidd olan iki dünya. Bunun bir tərəfində fasr aləmidirsə, digər bir qütbdə isə

Türk Dünyasının böyük bir hissəsini təşkil edən, həm coğrafi baxımdan, həm də daşıdığı mahiyyət, məna baxımdan öz gücü və əzmi olan Güney Azərbaycan aləmidir. Aləm ona görə deyirəm ki, mən burda hər şeyi nəzərə alıram. Ona görə də təkcə ərazi demirəm.

Qaldı siz deyən, İrandakı hadisələr: İran daxilən çalxalanır. Yaxşı və pis mənada. Bu gün ölkə daxili və beynəlxalq aləmdə adı hallandırılan yaşıllar hərəkatı ki var, adi gözdə çox böyük əməl sahibi kimi görünür və guya İran üçün təzə era açacaqlar, nə bilim, millətlərin azadlığı–filan… Buna inananlar bunu deyirlər. Amma bunun Güneyə heç bir dəxli yoxdur. Çünki, o yaşılların davası hakimiyyət davasıdır, bizimki isə Milli Azadlıq, Birlik, Vahidlik, Ana dilinin qanuni şəkildə tədrisi, anadilli məktəb və s. insan haqları ilə bağlı olan hər şey. Yəni, başdan-başa yeni anayasa yazılması, orda Güneylilər öz haqlarını görsünlər. Yaşılların başında duran nə Musəvi, nə də Kərrubi bunlar heç biri anayasa dəyişikliyindən danışmırlar və danışa da bilməzlər. Çünki, onlar mahiyyət etibarı ilə Əhmədinijadın klonudurlar. Amerkanlar demişkən: Coca-Cola, Pepsi-Cola! Dadı eynidir. Belə olan halda, Əhmədnijat olmasın, Musəvi olsun. Bizim üçün hansı dəyişiklik olacaq ki, bunların hərəkatının da bizə dəxli olsun və ya bu mollaların hər hansı birin biz müdafiə edək? Əslində 1979 -cu il İran silam inqilabından sonra İranda eklektik bir üsul-idarə ayranıb. Bir tərəfdə səriət qanunları, bir tərəfdə də parlamentçili, əslində mahiyyət etibarı ilə Qərbsayağı idarəçilik. Hakimiyyət dini hakimdən asılıdır, baxmayaraq ki, prezident, parlament seçkisi olur. Amma dini hakim istədiyi vaxt prezidenti vəzifəsindən kənar edib, onun səlahiyyətlərini ləğv edə bilər. Başdan ayağa eklektika, qarışıqlıq. Molla beyni də Vİİ əsrdə necə qurulubsa, elə indi də elə idarə olunur. Baxmayaraq ki, cisimcə XXİ əsrdə yaşayırlar. On dörd əsrlik məsafənin mollalara isti-soyuqluğu yoxdur. Bu dəqiqə İranda rus imperiyasının SSRİ-nin dağılması kimi bir proses gedir. Demək olmaz, bu ayın neçəsi baş verəcək, amma baş verəcək. Yaxınlaşır, heç bir imperiyanına xırı yoxdur. İran da imperiya kimi qurulub, İran daxilində yaşayan millətlər tam mənimsənilir bir hakim millətin xeyrinə.

Qaldı yaşıllra, yaşıl rəng kimi özü-özlüyündə çox gözəl rəngdir. Yaşıl –təbiətin oyanması, canlanması, həyat və ən sonda əbədiyyət. Bu rəmz kimi islamdan əvvəl də insanlar arasında sevilib, amma din bunu sonradan mənimsəyib. İranda İran fars rejimi hansı rəng altında ayağa qalxmasından asılı olmayaraq, o rəngə biz boyanmayacağıq! Yetər daha, inqilabı türklər edib, farslar bəhrəsin yediyi!

Bu sənin sualına verəcəyim cavabın birinci tərəfi. Qaldı, ikinci tərəfdə duran böyük dünya, bizə doğma dünya — Güney Azərbaycan, o, kənar gözlə baxanda sakit görünür. Yuxarıda dediyim kimi, “susmasi” ilə. Amma bu gün elə əsl iş odur ki, o, susub. Fars hərəkatına qoşulmur. Elə ona görə də böyük iş görür, bu səbri ilə. Xalq ayılıb, məsələnin nə yerdə olduğunu əla bilir, oyuna qatılmır. Yaşılların və üstəgəl rejimin istədiyi budur ki, Güney qalxsın, nə yolla olursa-olsun, onu öz oyunlarına qata bilsinlər və əzsinlər. Onlar tarixi yaxşı bilirlər, bir millət bir dəfə əzildi, o bir də 25-30 ildən sonra, yeni bir nəsil yetişəndən sonra meydana çıxa bilir. Siz burda bir məsələyə diqqət edin, bir-birinə düşmən cəhbələrdə duran, daha doğrusu, özünü belə qələmə verən, fars molla rejimi və demokrat yaşıl rənglilər, hər ikisi istəyir Güney Azərbaycan ayağa qalxsın. Farsın hakimiyyəti də, ona müxalifi də, şahçısı, kommunisti — hansı rəng libas giyməsindən asılı olmayaraq, elə hamısı bizim azadlıq, yəni, insan haqları tələbimizə ziddi, düşməndi.

Düşünürəm ki, siz sulınıza cavab tapmış oldunuz. Özüm sizə bilərəkdən, bir az ətraflı cavab verdim ki, bu məsələlərlə bağlı mənim mövqeyimi bilməkdə sizə nəsə qaranlıq qalmasın. Mən açıq söhbət edirəm. Bir də ki, bu hadisələr bütün dünyanın gözünün qabağında gedir. Kimdən nəyi gizlətmək olur ki, bu günkü dünyada. Biz Güney Azərbaycan sevgimizi çoxdan və açıq elan etmişik. Farsın “qısqanclığını” nəzərə almadan.


________________________________________Xəbər no:3  3-işıq ayı 33-cü il (04.05.2011)
 

Ay ana, yel vurub sındırdı sünbülümüzü…
( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirem.)

Dəfələrlə həbs olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. Məni İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al!

Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin – çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdilər. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə – bazarlarda, xiyabanlarda, adamların gediş – gəlişinin çox olduğu ictimai yerlərdə dar ağacı qurub, ölkə gənclərini ana – bacılarının, doğmalarının gözünün qabağında vəhşi kimi asıb, sadiscəsinə ləzzət aldığı, insanın bədənini və ruhunu hər tərəfli təhqir etdiyi səhnəni yaşamadan, bir az da olsa, zirək tərpənib kəndiri boyunlarından çıxarıb qaçmışdılar. Günügündən işgəncənin sayını və növünü artıran hökumət dairəsi istəyirdi ki, əhali onların idarəçilik üsuluna tabe olub, səslərini çıxarmasınlar. Buna görə də ölkəni elə ölkənin özü boyda zindana çevirib əhalini isə onun içində əsir kimi saxlayırdılar. Belə demək mümkünsə, İran adlanan məmləkətdə adamlar qurbanlıq quzu taleyi yaşayırdılar. İstənilən halda qanlarının tökülməsi labud idi. Ölkədə ədalət məhkəməsi olmadığı üçün qan tökənin isə qəti mühakiməsi yox idi. Axı ədalət məhkəməsini kim qura bilərdi ki, əgər idarəçilik özü ədalətsizlik üzərində qurulubsa? Elə ona görə də haqqını sübut edə bilməyib, haqsızlığın qurbanı olan minlərlə Azərbaycan gənci ən yaxşı halda ölkəni tərk etməkdən başqa, real çıxış yolu tapa bilmirdilər.
Adlarını desəm, o, gedənlər içərsindən yəqin indi siz də çoxsunu tanıyarsız. Bizlə bir məhəllədə böyümüş Əli, xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Onluq olsaydı, yüz il qalsa da, getməzdi. Niyə də getməliydi ki? Axı o zavallının kiminlə nə işi var idi ki ? İş – gücü əkib – biçmək, axırda da biçdiklərini satıb, mədaxil – məxarici ödəyib, evin gündəlik təlabatları üçün çalışmaqdan başqa işinin adı yox idi. Məyəg onun əməllərində hökumət siyasətinə xələl gələsi nə isə var idimi ? Amma böyük qardaşı Məsud, universitetdə dərs otağında oturduğu yerdə tutulub, sorğu – sualsız, məhkəməsiz – filansız zindanda dörd divar arasında asılandan sonra, atası Həmid kişi dərddən yorğan – döşəyə düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində yerdə qalan bu bir tək oğlunun da qardaşına görə vaxtsız – vədəsiz xüsusi idarəyə aparılıb – gətirilməsi, evlərinin ələk – vələk edilib evdəki kitabların müsadirə olunması ailəyə növbəti xəbərdarlıq olduğu üçün onu xaricə ötürməyi məsləhət bildilər. Rəsulsa bacısının toyundan iki gün qabaq getməli oldu. Başqa neynəyə bilərdi? Əlirza isə üç dəfə zindana düşüb, ordan çıxandan sonra ağlının kəsdiyi bu oldu ki, ağ – qara, gecə – gündüz, həyəcan – sakitlik, həyat – ölüm, işıq – kölgə zolağının arasından özünə bir yol seçib, işıq gələn tərəfi tutub getməlidir.
Tay – tuşlarım seçimlərində yanılmadılar. Vətəni tərk etsələr də, onun məhəbbətini dərdi ilə birgə sevə – sevə özləri ilə qürbətə apardılar! Amma mən anamı buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız bir övladı vardı…
Məhəllədəki dost – tanışlarımdan hər dəfə kimsə evlərini tərk edib, çıxıb gedəndə anam deyərdi:
– Sən gözümdən getsən, ayrılıq dərdinə mən dözə bilmərəm.
Nəhayət, bir gün özümü məcbur etdim ki, anamla açıq danışım. Söhbətə belə başladım:
– Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə dəfələrlə tutulub işgəncəyə məruz qalmışam.
– Bilirəm! Hamısını bilirəm, – dedi. Sakitcə üzümə baxıb, başını bir neçə dəfə silkələdi.
Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi tamamlayım. Onun üçün də davam etdim:
– Amma indi ölümlə hədələnmişəm. Əgər xaricə getməsəm, gözlənilməz hadisə baş verə bilər…
Son sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim qısıldı. Anamın üzünün səyriməsi, rənginin avazıması imkan vermədi ki, fikirimi daha artıq açmaq üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma araya çökən sakitliyi bu dəfə o pozdu:
– Hər şeyi bilirəm, deməsən də bilirəm.
Anam o qədər təmkinlə dilləndi ki, sanki mənim başıma gələnləri məndən də yaxşı o bilir. Mənsə:
– Nəyi? — Sual etdim.
O isə :
– Ağzıma daş, — deyib, — iraq – iraq, bizdən uzaq. Kiş – kişlər olsun… — Deməklə, bu dəfə qəm – kədəri insan ömründən qovan el deyimlərini bir – bir sayıb qurtarandan sonra, son ayda şəhərdə edam olunanların, tutulub uzun müddət zindan alanların adını dilə gətirdi. Sonda isə:

– Nə qal deyə bilirəm, nə də get! Ay oğul, yel vurub sındırıb sünbülümüzü … — dedi anam.
Sözünü qurtaran anam, bir an dinməz – söyləməz mənə baxdı. Hiss etdim ki, ürəyi doludu, amma bəlkə də ürəyindəkilərini dilləndirməklə məni incidəcəyindən qorxdu. Bilmədim, susması nədən oldu, o boyda dolu ürəklə!
Sonra ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma gəlib, qarşımda durdu. Sağ əlini qabağa, mənə uzadıb ağlaya – ağlaya dedi:
– Bunları götür, canını qurtar. Çıx get!
Qulağımla eşitdiklərimə inana bilmirdim. Doğrudanmı, bunu anam deyirdi? Mat – mat üzünə baxdım. Yəqin elə çaş – baş qalıb, onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə etdi:
– Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün qabağında olasan. Səni daim şad və sağlam görüm.
Amma mən sənin məzarının göz qabağında olmağını istəmirəm…
“Sənin məzarın” kəlməsi anamı kövrəltdi, bu söz onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı üçün kövrəldi anam. Ona sarıldım, onu
möhkəm – möhkəm qucaqlayıb ana – bala hər ikimiz qara taleyimizə göz yaşı tökdük.
Yadıma gəlir o gecə məni yuxu aparmırdı. Birdən gördüm anam otağın qapısını yavaşca açıb, başını içəri uzatdı. Hərəkətsiz olub, qapının açılmasına heç bir reaksiya vermədiyimi görüb, yatdığımı güman etdi. Asta addımlarla irəli yeriyib yatdığım çarpayın yanına gəldi. Qurşağa qədər üstümə atdığım yorğanı kürəyimə çəkəndə qəfildən onun əlindən yapışdım.
– Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən. – Kəlməsini yavaş səslə, bir az da qınayıcı tərizdə dedim ki, mənlə bağlı narahatçılığını azaldım.
Anamsa üzünü mənə tutub dedi:
– Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ də o yaşdasan ki, beşikdə bələnmiş körpə tək. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb lay – lay oxunan çağlarındı…
Sübh tezdən Ərdəbildəki ata – baba evimizdən çıxdım. Hava hələ işıqlanmamışdı. O qədər erkən idi ki, səhərin ala – qaranlığında obaşdan oyanıb, öz nəğməsi ilə aləmə səs salan torağaylar belə bahar nəğmələrini gecədən boğazlarında dincə qoymuşdular. Gecənin bitməməsi onların da köklənib avazla oxumamasına səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa çox tələsmişəm ? Görəsən, bir də onları eşitmək mənə nəsib olacaqmı ?..
Anamdan ayrıldım! Burasını danışmağa gücüm yoxdur. Bir də mənə elə gəlir ki, bütün analar balalarından eyni cür, eyni halla ayrılırlar.
Son dəfə anamdan ayrılıb yola düşdüm və bir qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə getməyib, həyət qapısının kəndərində durub, hələ də arxamca baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım. Qabağa yox, bu dəfə arxaya addım atdım. Əlimdəki bağlamanı qaldığım yolun yarısında qoyub, qaçıb anamı qucaqladım.
– Ay ana, məgər dünyanın axırıdı?! — dedim.
– Ürəyimə damıb ki, səni son dəfə görürəm… — dedi.
Yolun ortasından yükümü götürəndə ürəyimdə öz – özümə dedim ki, bir də arxaya baxmayacam. Amma qonşumuz Həsən dayının evinin böyründəki cığırı dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya çevirdim. Anam təzə – təzə açılmaq istəyən sübh dumanının içində qranit heykəl kimi hərəkətsiz donub durmuşdu.
Anamdan, doğama evimizdən və elimizdən ayrılandan sonra, ağır məhrumiyyətlərə dözə – dözə nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün mübarizəmi davam etdirdim. Əslində mübarizənin bir başqa biçmini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi təqiblərimi yerbəyerdən hər vasitə ilə göz önünə çəkib, qorxudub mübarizədən sapındırmağa çalışırdılar. Burda da təqib olunur, yerli – yersiz hədələrə məruz qalırdım. Bir sözlə, rejimə başağrısı olmuşdum. Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri anamı hədələyib istəmişdilər ki, burdakı fəaliyyətimə son qoyum və mənim ölkəyə qayıtmağıma məni razı salsın. Amma həm mən və həm də anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım şəhər meydanında qurulub yiyəsini gözləyən dar ağacına baş əyməyimlə nəticələnəcək.
Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm, əksinə anamı yanıma gətirməklə bağlı ardıcıl yollar axtarırdım. Hətta turist kimi heç olmasa bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım. Bundan ötəri o

da çalışırdı. Bir neçə dəfə xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət də etmişdi.Sözsüz ki,mənə görə ona pasport verilməsi mümkün deyildi.
Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki:
– Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılıq qədər dərd olarmış?
Anam mənə dedi ki:
– Ay oğul, ağbirçək ana yerinə, ana vətənə fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz.
Hər dəfə onunla telefon söhbəti edəndə qoyub gəldiyim hər şey haqqında ona sual verərdim. Hər kəsdən, hər şeydən xəbər tutmaq istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının hamısının öz yerində qalıb – qalmaması, necə bar gətirməsi belə qürbətdə Vətənlə bağlı doğan suallarımın silsiləsinə daxil idi. Bu yerdə inanmıram məni hər kəs başa düşsün. Bunu yalnız Vətəndən qürbətə bir zənbillə çıxmaq məcburiyyətində qalanlar bilər.
Beləcə nə az, nə çox, düz on dörd il anamı görmədim. Bir gecə telefon zəng çaldı. Uzaqdan idi, amma
doğma səs idi. Məhəlləmizin ağsaqqalı Həsən dayıydı. Gözlənilmədən anamın vəfat etdiyini dedi. Mən ona zənginə görə təşəkkür etdim və sonda dedim ki, sabah bilet alıb anamın torpağa tapşırılma mərasimində iştirak edəcəm.
Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə idi, amma halı birdən – birə qarışdı. Biz güman etmirdik bu xəstəliklə getsin. O zaman sənə telefon vurub, xəbər vermək istədik. Lakin ananın son vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan sonra sənə xəbər verilə. Anan istəmirdi ki, ona görə sən çətinlik çəkəsən. O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma mərasimindən sonra da sən qayıdıb onun qəbrini ziyarət etməyəsən.
Sonda Həsən dayı dedi ki, anan öləndə sənin şəklini əlində saxlamışdı, bağrına basdı. Son dəqiqədə üç dəfə sənin adını dilinə gətirib, canını tapşırdı.
Bu yerdə danışmaq istədim, dilim topuq çaldı. Mənim səsimin kəsilməsini hiss edən Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu sənə deməyəydim.
O peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı söz öz ilk mənzilinə qayıdıb ki, onunku da həmçinin, yerinə qayıtsın, mən də sakitləşim. Anam son dəqiqələrində nə düşünüb, necə yaşamasını öz – özlüyümdə bir xeyli götür – qoy etdim.
Demək, anam ölümü ilə də mənim kədərlənməyimi istəmirdi!
Həsən dayı ilə söhbətimiz bitəndən sonra əllərim boşaldı, bədənim süst oldu. Əlimdəki telefon oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb anamın divardan asılmış çərçivədəki şəklinə sarı addımladım. Onunla üz – üzə durub bir xeyli sakitcə baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi. Anam cib yaylığını çıxarıb qara günümüzə yığdığı qara köpükləri mənə uzatdı. Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri əsdi. Ona görə də pullar yaylığın arasında qalmayıb cingilti ilə yerə səpələndi. Kağız pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada uçuşurdular.
– Götür, get! Çıx get! Get!.. Təki sən salamat qal!.. — dedi.
Mən ikimizin ayağının altına səpələnmiş pullara nəzər yetirib, hamısı bir yerdə yol xərcini ödəmədiyi üçün təəssüf etdim…
Uzun hekayətdir, elə deyilmi? Amma inanmıram, vətəni əsir övladlardan kiminsə qürbət hekayəti bundan fərqli olsun. Mənim keçdiyim yoldan qısa olsa da.
Qürbət hekayətlərinin hamısı bir biçimdə, bir rənglə yazılır…

9 Qismət Günü, İşıq Ayı, 30 – cu i




_______________________________________
   Xəbər no:2  3-işıq ayı 33-cü il (03.05.2011)


müəllif   ELUCA ATLI
Istəkli soydaşlarımız!

Stokholmdakı Botkyrka kommunun təşkil etdiyi beynəlxalq kitab bayramında xarici dildə yazan yazıçılarla oxucuların görüşü keçirliləcək. Bu tədbirdə Azərbaycanlı yazar Eluca Atalıya da türkdilli yazıçı kimi xüsusi vaxt ayrılmışdır. Sizi həmin görüşə dəvət edirik.

Tarix: 7-işıq ayı 

Zaman: 11:30 -dan 12:00 -adək.

 Məkan: Hallunda kitabxanası

 ____________________________________
   Xəbər no:1  3-işıq ayı 33-cü il (03.05.2011)

 TÜRK İDELOGİYASININ MÜƏLLİFLƏRİ

Asif Ata: - Pantürkizm-türkçülük. Türkçülük müsavatçılardan çox əvvəl başlayıb. Böyük türkçü Ziya Göyalp, Əli bəy Hüseynzadə və başqaları bu sahədə çox iş görüblər. Ancaq türkçülüyün partiyası Kamalın partiyası yox, Rəsulzadənin partiyasıdır.





 _______________________________________
 _______________________________________



 
  Bugün 1 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol